Mənəvi tərbiyyə vətənpərvərlik
hissini yüksəldir
Azərbaycan xalqının yaratdığı əxlaqi dəyərlər tarixən dəyişmiş, onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və milli-mənəvi dəyərlər yaratmışlar. İnsanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək, ta qədim dövrlərdən indiyə kimi gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın özünə məxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranmışdır.
Gənc nəsildə milli
mənlik şüurunun inkişaf
etdirilməsi bu gün
ən aktual məsələlərdən biri hesab olunur.
Çünki dövlətin, dilin, adət-ənənələrin
yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin
milli mənlik şüurunu
dərk etməsindən keçir. Düzdür, burada digər
faktorlar da var, amma öndə gələni
milli mənlik şüurudur.
Bu faktor həqiqətən
də mühüm əhəmiyyət kəsb
edən məsələlərdən biridir.
Gənclərin buna sahib
olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması
baxımından müstəsna rola və əhəmiyyətə
malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının
qarşısını alır. Ümumilikdə sözügedən
dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda
ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki
bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun
vəd etdiyi fayda yetərincə
müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial
əsaslarını qoruyub saxlaya,
böyüməkdə olan gənc nəslə
aşılaya, çatdıra, təməl prinsiplərini
öyrədə biləsən. Ona görə
də sözügedən məsələnin cəmiyyətə
çatdırılmasında bütün
vasitələrdən istifadə etmək lazımdır.
Müşahidələr göstərir ki,
sözügedən məfhumun qavranılması gənclərin
milli dəyərlərə nə dərəcədə
bağlı olması ilə ölçülür.
Aydın məsələdir ki, bunun üçün də
birinci növbədə ailədə, məktəbdə,
ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki
milli mənlik şüuru
özünüdərk deməkdir. Milli
özünüdərk deyəndə ilk
növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini,
Vətəninin tarixini bilməli və dərindən
təhlil etməyi bacarmalıdır. Hər bir
gənc, vətəndaş dərk etməlidir ki,
hansı Vətəni, milləti, milli
xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli
dəyərlərin tarixin hansı mərhələlərindən
keçdiyini bilməlidir. Bunula
paralel vətənpərvərlik məfhumu
var ki, onun
mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən
yolunda qurban verməyə
əsaslanan emosional bağlılıqdan
ibarətdir. Bu bağlılıq həm də
mənsub olduğu millətin etik, mədəni, siyasi və
tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi hallanır. Burada Vətənin xarakteri,
mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə
aiddir. Bu hissin tarixi kökündə
min illər boyu
yaşamış, möhkəmlənmiş, öz
ana torpağına, dininə və adət-ənənələrinə
bağlanmış dövlətçilik durur.
Etiraf edilməlidir ki,
ulu öndərin vətənpərvərlik
təlimi çox mühüm
dəyərə malikdir. Dahi
rəhbər müxtəlif məruzə,
çıxış və nitqlərində bu
məsələyə xüsusi diqqət yetirmiş, vətənpərvərliyin mahiyyəti,
prinsipləri barədə qiymətli fikirlər söyləmiş,
eyni zamanda bütün fəaliyyəti boyunca
bu təlimin hərtərəfli şəkildə
gerçəkləşdirilməsi üçün
ardıcıl, konseptual tədbirlər həyata
keçirmişdir. Vətənpərvərliyin
mahiyyətindən danışarkən ümummilli
lider bunun mənəviyyatla
bilavasitə bağlılığını vurğulayaraq
qeyd edirdi:“Vətənpərvərlik
insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
Ulu öndər Heydər Əliyev onu da nəzərə
çatdırırdı ki, vətənpərvərlik
hissinin formalaşdırılması milli mənlik şüurunun
inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik
şüuru milli
özünəməxsusluğun bütün
əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı
hesab edən hər bir
şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli
xidmət istiqamətində qurmalıdır. Dahi
rəhbər demişdir: “Milli
mənlik hər bir adamın özünün milli mənsubiyyətini
ətraflı dərk etməsinə imkan
yaradır. Milli mənliyi olan
şəxs milli həyatın heç bir hadisəsinə
laqeyd qala bilməz. Vətən,
torpaq məhəbbəti, millətin və
xalqın qayğıları onun şəxsi
istək və arzularını üstələyir, onu xalq üçün
müəyyən fəaliyyət göstərməyə sövq edir”. Göründüyü kimi,
ulu öndərimiz daim
Vətən və xalq mənafeyinin şəxsi
maraqlardan üstün
tutulmasını vacib şərt
saymışdır. O da bəllidir ki, millətin və dövlətçiliyin
formalaşması şəraitində vətənpərvərlik
onun inkişafının ümummilli
anlarını əks etdirən ictimai
düşüncənin tərkib hissəsinə çevrilir. Milli dövlətin
qarşısında duran ən
başlıca işlərdən biri əhaliyə
düzgün, sağlam
vətəndaşlıq və vətənpərvərlik
hisslərini aşılamaqdır. Məlum olduğu
kimi qloballaşan dünyada sağlam milli-mənəvi
dəyərləri qorumaq çox
çətindir. Hazırkı dövrün
sürətli informasiya, yeni
kommunikasiyalar əsri olduğunu
nəzərə alsaq, o
zaman gənclərin beyninin
zərərli ideologiyalarla zəhərlənməsinin
qarşısı da düşünülmüş
metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik
əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə
aparılan təbliğatın miqyasından
asılıdır. Odur ki,
insanların mənəvi kamillik,
özünüdərk dərəcəsinin yüksəldilməsi
istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti
olmalıdır. Təbii ki, söhbət
zorakı metodlardan getmir.
Gənclərin maraq göstərdiyi
texnologiyaların tərkibində dövlətin gənclərlə
bağlı siyasətinə cavab verən
alternativ təbliğat sistemi
qurulmalı və bu təbliğatın
aparılmasına dövlətin bütün
mümkün resursları cəm
olunmalıdır. Müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm
yer tutan və ulu öndərin böyük
dühasının bəhrəsi olan vətənpərvərlik
təlimi müstəqil dövlətimizin hərtərəfli
inkişafının etibarlı təməlidir. Vətənpərvərliyi
tarixilik və müasirlik
kontekstində dəyərləndirən, ölkəmizin
dünəni, bu günü
və gələcəyi üçün
əsas istiqamətverici təlim, bütün
xalq üçün
başlıca qayə sayan ulu
öndərin nəzəri irsində soy-kökə
qayıdış, milli tarixi
yaddaşın bərpası kimi mənəvi
keyfiyyətlər də mühüm yer tutur. Bu
da təsadüfi deyil,
çünki xalqımızın
özünəməxsus zəngin tarixi keçmişini dərindən bilmək və
ona hörmətlə yanaşmaq
hər bir şəxsdə vətənpərvərlik
hissini daha da qüvvətləndirir. Ümummilli
lider deyirdi:
“Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük
mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi,
onun qədimliyini, dünya
miqyasında böyük şöhrətə
malik olduğunu
xalqımıza nə qədər dərindən anlatdıra
bilsək, bir o qədər
də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini
yüksəldərik”. Ulu öndər onu da
vurğulayırdı ki, vətənpərvərlik
birtərəfli, məhdud anlayış deyil,
çoxşaxəli mahiyyət daşıyır,
özündə siyasi, ideoloji,
mənəvi, əməli və sair
keyfiyyətləri birləşdirir. Ona
görə də əsl vətənpərvərlik üçün bir çox vacib məsələlərə
əməl etmək gərəkdir. Görkəmli siyasi xadim deyirdi:
“Gənclərimiz bizim tariximizi
yaxşı bilməlidir, keçmişi
yaxşı bilməlidir, dilimizi
yaxşı bilməlidir, milli dəyərlərimizi
də yaxşı bilməlidir. Milli dəyərlərimizi,
milli ənənələrimizi
yaxşı bilməyən, tarixi
yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc
vətənpərvər olmalıdır. Vətənpərvərlik,
sadəcə, orduda xidmət deyil, Vətənə sadiq
olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq
– budur vətənpərvərlik!” Ümummilli liderin vətənpərvərlik
təlimində ölkəni, doğma
torpağı qorumaq, müstəqilliyi daha da möhkəmləndirmək
amalı ən mühüm vəzifələr
sırasındadır. Müstəqil dövlətimizin bu günü də,
sabahı da xalqın hər bir nümayəndəsindən möhkəm vətəndaş
əqidəsinə yiyələnməyi və bu
yolda fədakarlıqla
çalışmağı tələb edir.
Bu məsələdən danışarkən
ulu öndər tövsiyə edirdi ki: “Hər bir vətənpərvər adam,
millətini, xalqını sevən hər bir
azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün
səy göstərməlidir!.. Xalqımızın, Vətənimizin,
respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!” Ümummilli lider dəfələrlə
nəzərə çatdırmışdır ki, vətənpərvərlik respublikanın hər
bir vətəndaşı, xalqın hər
bir nümayəndəsi üçün
başlıca amala, əsas qayəyə
çevrilməli, hamı bu ülvi, müqəddəs ideya
ətrafında birləşərək ölkənin və
millətin tərəqqisi naminə ardıcıl fəaliyyət
göstərməlidir. Dahi rəhbərimizin
aşağıdakı fikri də bu vacib məqamı nəzərə
çatdırır: “Hər bir vətəndaş
Vətənimizin, xalqımızın taleyi
ilə yaşamalıdır!.. Vətən birdir
və hamı bu Vətən uğrunda çalışmalıdır”. Çağdaş dünya
reallıqları elədir ki, bəşəri,
dünyəvi dəyərlərə yiyələnmədən
inkişafa nail olmaq mümkün deyil. Təbii olaraq bu zaman sual
ortaya çıxır ki,
bu iki faktoru
necə bir arada
tutmağı bacarasan. Yəni gənclər
bunu nacə uzlaşdıra bilsin? Ona görə də
sözügedən məsələdə dövrün
tələblərinə uyğun bir mexanizm, yanaşma
tərzi ortaya qoyulmalıdır. Necə ki, Avropa cəmiyyəti bu sahədə uğurlu vəhdətin
tapılmasına sahib ola
bilib. Bunun nəticəsidir
ki, Avropa gəncləri
keçmişlə müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət
bu vəhdətdən ziyan
görmür. İş
ondadır ki, bu gün Avropa ölkələrinin
inkişaf etməsinə baxmayaraq,
bütün bunlar onun mədəniyyətini, keçmişini,
adət-ənənələrini silib
atmır. Hər bir avropalı
keçmişinə hörmətlə yanaşmaqla,
həm də milliliyinə hörmət edir,
onu yaşadır. O üzdən, biz də sözügedən uğurlu
inkişaf modelindən düzgün
nəticə çıxarmalı, lazım gələrsə ondan da
faydalanmalıyıq. Tədqiqatçıların qənaətin
görə, gənclərin mənəviyyatının
formalaşması, milli-mənlik şüurunun
unkişafında dinin də müstəsna
rolu var. Çünki, mənəvi instinktlər, hələ
açılmamış, aydınlaşmamış mənəvi
anlayışlar hesab olunur.
Zaman keçdikcə belə mənəvi
anlayışlar insanda onun
şəxsiyyəti, daxili aləmi, individual seçiminə uyğun
olaraq tam
formalaşır. Formalaşmış mənəviyyat
insanın daxili mənəvi
nizamlayıcısının Allah-Taalanın təyin etdiyi mənəviyyat qanunları ilə uyğunluğuna səbəb olur.
Lakin əgər insanın daxili
aləmi öz fitri mənəvi
ehtiyaclarına rəğmən, gerçəkləşdiyi zaman ilahi mənəviyyat
qanunları ilə ziddiyyət təşkil edərsə, onda belə bir insanın qəlbində
mənəviyyatsızlıq hökm
sürəcək. Təsadüfi deyil ki, İslam dini də bizə insanın dünya
həyatının sınaq, fədakarlıq dövrü,
gələcək əbədi həyata hazırlıq dönəmi
olduğunu öyrədir. Məhz bu baxımdan gənclərin milli-mənlik şüurunun formalaşmasında dini dəyərlərdən istifadə faydalı
olardı. Nəzərə almaq
lazımdır ki, İslam
aydın və qəti olaraq bəyan edir ki, xeyirxah
bir insan olmaq üçün o, nöqsan və
qüsurları ilə mübarizə apararaq,
öz üzərində işləməli
və özündə xeyirxah və İlahi keyfiyyətləri inkişaf
etdirməlidir.
Olaylar. - 2015.- 20 avqust.- S.7.