Vətənpərvərlik: Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq

 

Heydər Əliyev: “Hər bir gənc öz kökünə sadiq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik”

 

Gənclərin milli mənlik şüuru vətənpərvərlik hisslərinin fövqündə dayanan başlıca faktordur. Gənclərdə milli mənlik şüuru sağlam əsaslara söykənərək inkişaf edirsə, dövləti hansısa mümkün potensial təhlükələrdən qorumaq imkanları da birə beş artır. Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində rayon məktəblərində də lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunlarının, “Azərbaycan doğma diyarımdır” vətənpərvərlik yay istirahət düşərgələrinin keçirilməsi alqışalayiqdir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Milli özünüdərk deyəndə, ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclik var. Vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilməli, onun təbii sərvətlərini qorumalı və mühafizə etməlidir. Milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində milllət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. O, ictimai şüurun bir hissəsi kimi çıxış edir və hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Xalq şairi Bəxtiyar Vahabzadə "Vicdan, namus və ləyaqət” adlı məqaləsində yazırdı ki, milli mənlik şüuru azadlıq və demokratiya şəraitində daha yaxşı inkişaf edir və formalaşır. Unudulmaz söz ustası deyirdi: "İnsanlığa xas olan üç sifət - vicdan, namus və ləyaqət, ilk növbədə, cəmiyyət tərəfindən qorunmalı, yalnız bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır”. Ümummilli lider Heydər Əliyev deyirdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlar və inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır”. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur. Doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsil insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz. Ümummilli lider Heydər Əliyev istedadlı, vətənpərvər gənclərə böyük qayğı göstərirdi. Dahi siyasətçi belə gənclərin vətənin, xalqın müqəddəratında önəmli rol oynadığını daim vurğulayırdı. Heydər Əliyev gənclərlə görüşlərinin birində dedi: “Gənclərimiz bizim tarixmizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın rolu böyükdür. Gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və möhtəşəm işlər aparılır. Heydər Əliyev, gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”. Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə, gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Çünki dövlətin gənclər siyasəti var. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Sevindirici haldır ki, Avropada və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik azərbaycanlı gənclər var ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, iş fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Bu cür insanlar həqiqətən də böyük alqışa layiqdir. Mövcud olan bir sıra gənclər təşkilatları milli dəyərlərə hörmətlə yanaşanlar üçün bir məktəbdir. Faktiki olaraq milli yöndə fəaliyyət göstərən bu kimi təşkilatların sayı liberal yönümlü gənclər təşkilatlardan çoxdur. Bu da sevindirici haldır. Unutmaq olmaz ki, sözügedən gənclər milli-mənəvi dəyərlərin daşıyıcılarıdır və onların üzərinə böyük məsuliyyət düşür. Bu nöqteyi-nəzərdən müasir gəncliyin milli mənlik şüurunu dərk etmə həddinin qaneedici, yəni orta səviyyədə olduğunu demək mümkündür. Gənclərin timsalında milli-mənlik şüurunun yaşadılması təbliğatdan keçir. Gənclərin görkəmli ictimai, elm, incəsənət xadimləri ilə, yazıçılarla milli-mənəvi dəyərlərlə bağlı görüşləri təşkil olunmalıdır. Keçirilən bu kimi görüşlərdə xüsusi mövzuların müzakirəyə çıxarılmasına çox böyük ehtiyac var. Bu yöndə olan ideyaların reallaşdırılması istiqamətində işlər davam etdirilsə və KİV-lər buna dəstək versə, o zaman daha real nəticələr əldə etmək mümkün olar. Beləliklə, milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir.

 

Olaylar. - 2015.- 21 avqust.- S.7.