Azərbaycan üçün vətənpərvər
olaq
"Vətənpərvərəm"
deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyi
əməlləri, gördüyü işlərlə
sübut etməlidir
Azərbaycanın
hiss olunan inkişafı və Dağlıq Qarabağ
münaqişəsində sərgilədiyi mövqeni
gördükcə, ermənilərin özləri də
başa düşürlər ki, “Böyük Ermənistan”
xülyası boş və mənasızdır. Ermənistanın
üzləşdiyi problemlər xaricdəki erməni
diasporasının planlarını da alt-üst elədi.
Diaspora qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə
əlaqədar heç bir iş görə bilmədi.
Çünki erməni diasporasının qarşısında
Azərbaycan dövlətinin xarici siyasəti və
diasporası dayanır. Ermənistan cəmiyyətində bu
fikir yaranıb ki, o Dağlıq Qarabağda qala bilməyəcək.
Ermənilərin gəldikləri qənaətə görə,
qısa müddətdən sonra Ermənistanın dövlət
kimi varlığı sual altına düşəcək.
1993-cü illə müqayisədə indi Azərbaycan cəmiyyətində
bir fikir hakimdir ki, torpaqlarımızı geri
qaytarmalıyıq. Cəmiyyətdə müharibə əhval-ruhiyyəsi
var, vətənpərvərlik hissləri yüksək səviyyədədir.
Bu dövlətin apardığı sistemli işin nəticəsidir.
Ordu quruculuğu yönündə aparılan işlər,
şəhid və müharibə əlillərinin mənzillərlə
təmin edilməsi, veteranlara diqqətin ayrılması cəmiyyəti
daha da ruhlandırır. Azərbaycan atəşkəsi bir dəfə
pozacaq, onda da torpaqlarını işğaldan azad edəcək.
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin
Silahlı Qüvvələrə, onun şəxsi heyətinə
göstərdiyi diqqət və qayğı gənclərdə
vətənpərvərlik hissinin artmasına öz müsbət
təsirini göstərir. Gənclərin vətənpərvərlik
səyləri xalqımızın qüdrətli, yenilməz hərəkatı
ilə birləşir və tariximizin əzəmətli,
unudulmaz və misilsiz qəhrəmanlıq səhifələrinin
yaranmasına və yazılmasına səbəb olur. Bu isə,
öz növbəsində, insanlarda milli borc, torpağa
bağlılıq, milli şüur və iftixar, vətəndaşlıq
hissinin yaranmasına gətirib çıxarır. Milli mənlik
şüuru, milli özünüdərk vətənlə,
torpaqla, mədəniyyətlə, incəsənətlə
bağlı gerçəkliyin təzahürü olub,
sosial-iqtisadi, mədəni və mənəvi mühitin
qavranılması, dərk edilməsi və təsdiqidir. Milli
mənlik şüuru formalaşmış və tərbiyə
olunmuş hər bir insan, vətəndaş, öz
xalqının mənəvi sərvətlərinin tarixi
inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini
bütün dolğunluğu ilə dərk edir, ona
düzgün qiymət verir. Əslində Ali Baş Komandan, cənab
prezident İlham Əliyevin orduya ayırdığı diqqət
dünya tərəfindən qibtə və qısqanclıqla
qəbul edilir. Çünki ordumuz qidasından,
yaşayış şəraitindən tutmuş ailə-məişət
şəraitinə qədər tam təmin olunub. Bu da təbii
ki, milli mənlik şüurunun inkişaf etdirilməsi və
vətənpərvərlik hisslərinin tərbiyəsinə
öz töhfəsini verir. Bu
gün Azərbaycan ordusunun bir problemi var ki, o da
Qarabağın işğal altında olmasıdır.
Əminliklə qeyd etməlitik ki, sülh
danışıqları nəticə verməyəcəyi təqdirdə
Azərbaycan Silahlı Qüvvələri işğal
altında olan torpaqlarımızı azad edəcək və o
gün uzaqda deyil. Burada bir məqama diqqət çəkmək
lazımdır. Belə ki, bu siyasət və həyata
keçirilən məqsədyönlü tədbirlərin əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Belə ki, 2002-ci ildə qəbul olunmuş “Gənclər
siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə
olunmuş 5.5-ci bəndinə uyğun olaraq “Gənclər
arasında vətənpərvərlik işinin gücləndirilməsi,
onların ahəngdar inkişafı və asudə
vaxtının təşkili, gənclərə psixoloji
reabilitasiya, hüquqi və informasiya yardımlarının
göstərilməsi məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri
şəbəkəsi yaradıldı. 2005-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış “Azərbaycan Gəncliyi Dövlət
Proqramı”nın (2005-2009-cu illər) məqsədinə
uyğun olaraq isə gənc nəslin
Vətənə məhəbbət, Azərbaycan
xalqının tarixinə. mədəni irsinə, dövlət
dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə
hörmət ruhunda tərbiyə olunması kimi vəzifələr
nəzərdə tutulurdu. Həmçinin gənclərin hərbi
vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi,
onların hərbi xidmətə hazırlanması; gənclər
arasında hüquq pozuntularının, narkomaniyanın və
digər zərərli vərdişlərin profilaktikası sahəsində
tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin
aşkar edilməsi, onların öz qabiliyyətlərini
inkişaf etdirə bilmələri üçün şəraitin
yaradılması kimi proqramda əksini tapırdı. Ölkənin
ictimai-siyasi həyatında gənclərin fəal
iştirakı, uşaq və gənclər üzrə təşkilatların
formalaşması və inkişafı üçün şəraitin
yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı
sahəsində layihələrin həyata keçirilməsinə,
gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin
qurulmasına, onların nümayəndələrinin beynəlxalq
tədbirlərdə iştirakına köməklik göstərilməsi
əsas prioritetlərdən hesab edilirdi. 1994-cü ilin iyul
ayında ümummilli liderin imzaladığı sərəncamla
Gənclər və İdman Nazirliyinin yaradılması, hər
il müntəzəm olaraq Gənclər Forumunun keçirilməsi,
Gənclər Gününün təsis edilməsi və s.
buna əyani sübutdur. Bunlar çox vacib məqamlardır.
Bu islahatların hər birində milli mənlik şüurunun
inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
tərbiyəsi məsələsi hər zaman prioritet olub. Bu
siyasətin davamı olaraq cənab Prezident İlham Əliyev tərəfindən
kifayət qədər, mən deyərdim ki, dünya
üçün bir model ola biləcək islahatlar həyata
keçirildi. Belə ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası yaradıldı, Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm
Fondu, Bilik Fondu təsis edildi. Bütün yaradılan bu
imkanların qayəsində milli mənlik şüurunun
inkişaf etdirilməsi dayanırdı. Bu istiqamətdə
verilən layihələr birmənalı şəkildə dəstəklənir.
Məhz bu amilləri götürsək, hər bir Azərbaycan
vətəndaşı öz vətəni, torpağı,
xalqı, milli-mənəvi dəyərlərilə qürur
duymalı, hər zaman harada olmasından asılı olmayaraq,
onu yaşatmalıdır. Bu səbəbdən də gənclərimizi
milli-mənəvi dəyərlərimizə hörmət
ruhunda tərbiyə etmək əsas vəzifəmiz
olmalıdır. Məsələ barədə jurnalistlərin
fikirlərini də öyrəndik. Təhsil işçilərinə,
jurnalistlərə bu məsələdə böyük
yük və məsuliyyət düşür. Hər iki təbəqənin
nümayəndələrinin əlində kütləni
yönləndirmək və formalaşdırmaq
üçün böyük imkanlar var. Vaxt ötürmədən
bu imkanlardan düzgün və səmərəli istifadə
olunmalıdır. Xüsusilə orta məktəblərdə
İslam dininin tədris olunması qloballaşmanın gətirdiyi
mənfi tendensiya olan kütləvi mədəniyyətin
yayılmasına qarşı böyük dirəniş ola bilər.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan
xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik
ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl
adamları, mütəfəkkir şəxsiyyətləri,
ziyalıları, milli şüura malik insanları Azərbaycanın
öz müstəqilliyini əldə edəcəyi, milli
azadlığa nail olacağı ümidilə
yaşamışlar”. Beləliklə, milli şüur hər
bir insanın mənsub olduğu millətə və vətənə
bağlılıq hisslərini əks etdirən, öz hərəkət
və davranışına, düşüncə tərzinə,
baxışlarına olan münasibətlərin məcmusudur.
Milli şüur mənəvi dəyərləri, milli adət-ənənələri
özündə ehtiva edir. Milli şüurun
formalaşmasında soy-kökə qayıdış, milli əxlaq,
vətənə məhəbbət, milli vətənpərvərlik
və qürur hissləri kimi mühüm göstəricilərlə
yanaşı, özünüdərketmə, öz layiqli
yerini müəyyənləşdirmə kimi hisslər də əsas
rol oynayır. Ulu öndər milli şüurla Vətən,
torpaq arasında üzvi bir bağlılıq olduğunu
görür, milli şüuru milli-mənəvi
bütövlüyümüz hesab edirdi.
Göründüyü kimi, milli mənlik şüuru hər
bir millətin varlığının, milli
özünüidarə və özünütəsdiqləməsi,
milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərinin
təzahür formasıdır. Milli mənlik şüurunda
millətin adı, varlığı, dili, dini, xarakteri, adət
və ənənələri, psixologiyası, mənəviyyatı,
mədəniyyəti və s. yaşayır. Məhz milli ləyaqət,
torpağa bağlılıq, vətəndaşlıq dəyanəti
bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli
azadlığa, müstəqilliyə, vətəni qorumağa
çağırır. Hər bir insanda milli mənlik
şüuru belə bir zəmin üzərində təşəkkül
tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin,
elmin, ədəbiyyatın inkişafı xalqın
böyüklüyü və kiçikliyindən deyil, həmin
xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən,
torpağa, elə bağlılığından
asılıdır. Tarix təsdiq edir ki, heç bir
inkişaf, heç bir təkamül, heç bir hadisə
zaman və məkan təsirindən kənarda baş vermir.
Milli-mənəvi mühitin təşəkkülü, sosial
mühit bütün xalqımızın, o cümlədən,
gənclərin cəmiyyətdəki sosial vəziyyətinə,
öncə, onların hiss və duyğularına, ictimai, həyatın
hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək
qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər
mənsub olduğu millətə aid bütün artibutlara:
milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal
münasibət bəsləyir, qiymət verir, özlərinin əməli
fəaliyyəti üçün nəticə
çıxarmaq imkanı əldə edirlər. Torpaq, vətən
insanın yaşayış və əbədiyyət məskəni,
ulularımızın müqəddəs məbədidir. Beləliklə,
vətənpərvərlik vətənə olan ülvi məhəbbətdi.
Vətənpərvərlik insanın daxilində olan bir
hiss-di. Bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini,
nə torpağını, nə də valideynlərini sevə
bilərsən. "Vətənpərvərəm" deməklə
iş bitmir. Hər bir insan vətənpərvərliyi əməlləri,
gördüyü işlər ilə sübut etməlidir. Vətənpərvərlik
daxildən gələn bir hissdir ki, onu da müəyyən
vasitələrlə tərbiyələndirmək,
düzgün istiqamətə, milli mənlik şüurunun
möhkəmlənmə-sinə yönəltmək
lazımdı.
Olaylar. - 2015.- 27 avqust.- S.7.