“Bu gün bizim bir
problemimiz var, o da Qarabağ problemidir”
Keçmiş peşəkar döyüşçülər,
Əfqanıstan müharibəsi veteranlarının cəbhə
bölgəsinə səfəri əsgərlərin ruh
yüksəkliyinə hələ də təsir göstərməkdədir. Beynəlmiləl
döyüşçülərin əsgər və zabitlərlə
keçirdikləri görüşlər, müzakirə edilən
məsələlər onların yaddaşından hələ
uzun müddət silinməyəcək. Belə
görüşlərdən biri də Gədəbəy
rayonundakı “İsgəndər qalası”nda baş verib.
Məlumat üçün qeyd edək ki, Gədəbəy
rayonunda, düşmənlə təmas xəttində “İsgəndər
qalası” deyilən yenilməz və möhtəşəm
bir qala var. Bu qala neçə illərdir ki, düşmənə
göz dağı olmaqla yanaşı, həm də igid
oğullarımızın keşiyində ayıq-sayıq
dayandığı quşkeçməz bir səngərə
çevrilib. Bu qalanın daşına,
qayasına neçə-neçə nər cüssəli Vətən
oğlunun müqəddəs qanı çilənib. Bu qalanın müdafiəsi uğrunda neçə-neçə
igidimiz şəhidlik zirvəsinə ucalıb. Onlardan biri də adı bu qalada əbədiləşən
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər
Söhrab oğlu Aznaurovdur. Həlak olduğu vaxtdan 22 il keçsə də, Ahıska türkü
İ.Aznaurovu nə gədəbəylilər, nə də hərbi
qulluqçularımız heç vaxt unutmurlar. Avqust
ayının 16-da ad günündə yenə də igid
topçunun xatirəsi hörmət və ehtiramla yad ediblər.
Əvvəlcə anım mərasimində iştirak etmək
üçün bölgəyə gələn Müdafiə
Nazirliyinin rəsmiləri, veteran döyüşçülər
hərbi hissənin qərargahı qarşısında
ucaldılmış qəhrəmanın büstü
önünə qırmızı qərənfillər düzərək
xatirəsini yad ediblər, sonra maşın karvanı “İsgəndər
qalası”na doğru istiqamət götürüb. “İsgəndər
qalası”nda xatirə lövhəsi önündə
keçirilən anım mərasimində polkovnik Abdulla Qurbani
çıxış edərək bildirib ki, Azərbaycan
Respublikasının ərazi bütövlüyü, müstəqilliyi
və torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda şəhid olan Vətən oğullarının
xatirəsi dövlətimiz və xalqımız tərəfindən
həmişə əziz tutulur, onların adları əbədiləşdirilir,
həyat və döyüş yolları yetişməkdə
olan gənc nəsil üçün örnəkdir. Qeyd olunub ki, İsgəndər Aznaurov Özbəkistan
Respublikasının Buxara Vilayətinin Qala-Asiya kəndində
anadan olub, Ukraynanın Çerkessk şəhərində hərbi
xidmətini başa vurduqdan sonra Daşkənd İrriqasiya
İnstitutunda təhsil alıb. Sonra bir
müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda
çalışıb. 1990-cı ildə
Özbəkistanda milli zəmində toqquşmalar baş verəndə
ailəsi ilə birlikdə Azərbaycana pənah gətirib.
Şəmkir rayonunun Kür qəsəbəsində
məskunlaşıblar. Erməni
işğalçılarının torpaqlarımıza
basqını İsgəndərin də qəlbini qəzəb
və intiqam hissi ilə coşdurub və o, 1992-ci ilin
baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan
ordusunun sıralarına daxil olub. İsgəndər
Aznaurov peşəkar hərbçi kimi düşmənin
mühüm hərbi bazalarının məhv edilməsində,
düşmənə texnika və canlı qüvvə
sarıdan xeyli itki verilməsində şəxsi rəşadət
və şücaət nümunələri göstərib.
Polkovnik
Oruc Abdullayev isə çıxışında qeyd edib ki,
İsgəndər bu zirvədən düşmən üzərinə
od ələyərək bir gündə onların 4 topunu
sıradan çıxarıb, onlarla erməni
yaraqlısını məhv edib, düşmən mövqelərinə
ciddi zərbələr vuraraq bir neçə silah-sursat
anbarını dağıdıb. Döyüşçülərimiz
İsgəndərin qəhrəmanlıq ənənələrini
bu gün də yaşadırlar. Baş
leytenant Xələfi Mübariz Nazdıxanyal uğrunda gedən
döyüşlərdə İsgəndərin göstərdiyi
qəhrəmanlıqlar haqqında aşıqların dastan
qoşduğunu dilə gətirib. Azərbaycan
Əfqanıstan Veteranları İctimai Birliyinin sədri,
Qarabağ müharibəsinin veteranı Məhəmməd Vəliyev
İsgəndər Aznaurovun 1993-cü ilin 18 aprelində həlak
olduğunu xatırladaraq qeyd etdi ki, qəhrəman
qardaşımıza yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə yenidən
qayıdışından sonra layiq olduğu “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilib, xatirəsi əbədiləşdirilib.
“İsgəndər qalası”nın müdafiəçilərindən
Rövşən İsmayılov, Səxavət Eldarov, Darvin
Seyidov, Samir Abduləzimov və başqaları
çıxış edərək bildirdilər ki, İsgəndər
öz qanı bahasına bu qalanı qoruyub. Biz də “İsgəndər
qalası”nın keşiyində
ayıq-sayıq dayanmışıq. Vətən
qarşısında əsgəri borcumuzu şərəf və
vicdanla yerinə yetirir, Ali Baş Komandanın hər bir əmrinə
hər an hazırıq. “İsgəndər
qalası” düşmənə göz dağıdır.
Hər gün atəşkəs rejimi bir
neçə dəfə pozulsa da, biz onları vaxtında
susdurur, göz açmağa qoymuruq. Xalqımız
və qəhrəman İsgəndərin övladları əmin
olsunlar ki, biz Milli Qəhrəmanımızın
qisasını qat-qat artıqlaması ilə
almışıq və igid İsgəndərin
davamçıları tezliklə işğal altında olan əzəli
və əbədi torpaqlarımızı azad edərək
xalqımızı qələbə müjdəsi ilə
sevindirəcəklər.
***
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani qeyd edib ki, belə görüşlərin və anım mərasimlərinin əsgərlərin döyüş ruhunun yüksəlməsinə böyük təsiri var: “Döyüş bölgəsində olarkən zabitlərdən biri belə bir söz dedi. “İndiyə qədər biz elə bilirdik ki, əsgərin döyüş fuhunu yalnız zurna-balabanla, konsertlə, çalıb-oynamaqla qaldırmaq olar. Amma Əfqan veteranlarının cəbhəyə gəişindən sonra bu qənaətə gəldik ki, belə canlı əfasanələr, döyüşlərdən keçmiş insanların şəxsi heyətlə görüşün özü onlarda döyüş ruhunun, mənəvi-psixoloji asılılığın dirçəlməsində əsas rol oynayır. Bu səfər zamanı bir gündə təkcə Tovuz rayionunda yeddi görüş oldu. Bu görüşlər zamanı əsgərlər və yerli əhali ilə təmaslar quruldu. Bunun özü əsgər və zabitlərə əlavə ruh verir. Məsələn, nümayəndə heyətinə daxil olan "Qırmızı Bayraq" ordenli ehtiyatda olan polkovnik-leytenant Şakir Əhmədovun əsgərlər qarşısında heç bir ah-ufu yox idi. Amma əsgərlərdən ayrılan kimi özünü ya maşınların, ya da bir ağacın arxasına verərək ayağından protezi çıxarıb masaj edir, sarğısını dəyişdirirdi. Əvvəlcə istədik ki, onun döyüşdə bir ayağını itirdiyini nəzərə alaraq yüksəkliklərə qaldırmayaq. Lakin Şakir müəllim bizim bu fikrimizi eşidərək bir üsyan qaldlrdl ki... Qətiyyətlə bildirdi ki, “əlil evində olar, şikəst xarabasında oturar, şikəstin bu dağlarda nə işi var? Mən bura gəlmişəmsə deməli əsgərlərlə bir yerdə olmalıyam”. Belə bir vəziyyətdə dəniz səviyyəsindən 3 min metr hündürlüyə qalxmaq elə də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, vaxtilə bu yüksəkliyə yalnız at cığırı ilə getmək mümkün idi. İndi isə ora bir neçı strateji yol çəkilib. Dağların ən yüksk zirvəsinə belə qayalar çapılaraq yollar çıkilib. Həmin dağlara maşınla qalxmaq olduqca çətin idi. Amma Şakir müəllim bizdən geri qalmadı. Onun əsgərləri bağrına basmağı, onlara ruh verməyi olduqca heyrətamiz idi. Əsgərlər biləndə ki, Şakir müəllim döyüşdə bir ayağını itirməsinə baxmayaraq onlarla görüşə gəlib, heyrətlərini gizlətmirdilər. Bu məqam sözün tükəndiyi yer idi, sözə ehtiyac yox idi”. O,əlavə edib ki, cəbhə bölgəsinə səfər şəxsən onun özümdə çox gözəl təəssüratlar oyadıb: “Səfərin sonuncu günü millət vəkili Aqil Abbas da Ağdamda idi. Biz yekun fikirlərimizi söylədiyimiz məqamda Aqil Abbas da əsgərlərin yanında idi. Demək istəyirəm ki, əsgəri güllə öldürmür, əsgəri biganəlik öldürür. Əsgəri unutqanlıq öldürür. Əgər əsgər hiss etsə ki, onun arxasında dayanan var, onu yada salan var, bu zaman heç nədən çəkinəcəyi olmayacaq. Əsgərin bu gün ərzağa, geyimə, silah-sursata ehtiyacı yoxdur, bircə məsələ ondan ibarətdir ki, əsgəri yada salan olsun”. Polkovnik qeyd edib ki, elə bu məqsədlə də
yaxın günlərdən
başlayırıq bölgələrdə mülki vətəndaşlarla
əsgərlərin görüşü təşkil ediləcək.
Bu zaman ən nümunəvi əsgərlər valideynləri
ilə görüşdürüləcək. Qoy valideynlər
də bilsinlər ki, onların övladlarının mənəvi
dəstəkdən başqa heç nəyə ehtiyacları
yoxdur. Eləcə də ictimaiyyətin müxtəlif təbəqələri
fərdi qaydada öz gözləri ilə görməlidirlər
ki, əsgərlərin döyüş ruhu yüksək səviyyədədir:
“Bu gün bizim bir problemimiz var, o da Qarabağ problemidir. Bu
problemi də həll etmək üçün ordu ilə
xalqın birliyi lazımdır. Bunun üçün isə
izahat, maarifləndirmə işlərinə ehtiyac duyulur. Belə
maarifləndirmə işi həm mülki əhali arasında,
həm də əsgərlər arasında
aparılmalıdır. Elə mülki vətəndaşlar
var ki, daim əsgərlərlə bir yerdə olmağa
çalışır. Səfər zamanı mülki geyimli
aşıq Hüseyn Əzizoğlu da əlində saz bizə
qoşulmuşdu. Səhər tezdən zəng etmişdi ki, əldə
etdiyi məlumata görə, Əfqan veteranları
döyüş bölgəsindədirlər, mən də
onlara qoşulmaq istəyirəm. Ona bildirdim ki, biz konsert verməyə
gəlməmişik. O, isə təkid etdi ki, aşıqdan
başqa həm də şəhid atasıdır. Onun oğlu
1994-cü ildə Ağdərə uğrunda döyüşdə
şəhid olub. Bildirdi ki, “oğlum topla-tüfənglə
vuruşub, mən də sazla vuruşmaq istəyirəm. Nəhayət
o da bizə qoşuldu və sazını cəng havalarına
köklədi. Təsəvvür edin ki, əsgərlər o
kişidən xeyir-dua alıb döyüşə yollanmaq istədilər.
Bu misalı ona gərə çəkdim ki, həqiqətən
də əsgərlərin mənəvi dəstəyə
ehtiyacı var”. A.Qurbani hesab edir ki, bu işdə Kütləvi
İformasiya Vasitələrinin də xüsusi yeri var. Onlar
keçmiş döyüşçülər Şəhidlər
Xiyabanından yola düşəndən axıra qədər
səfəri izlədilər. Daimi də ictimaiyyətə
görüşlər barədə məlumat verdilər:
“Qapılarımız hamının üzünə
açıqdır. İstərdim ki, bütün təşkilatlarımız
cəbhə bölgəsinə getsinlər. Ancaq gedib səngərdə
əsgərlərə yük olmayaq, problem yaratmayaq. Əksinə,
orada hansısa bir problemin həllinə nail olaq”.
Olaylar. - 2015.- 28 avqust.- S.7.