Türküstan yelleri öpüb alnını...

 

Bu günlərdə TÜRKSOYun dəvəti ilə Qazaxıstan və Qırğızıstanda səfərdə oldum. Səfər, bu iki qardaş ölkədə, Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibəti ilə təntənəli tədbirlərdə, habelə TÜRKSOY tərəfindən nəşr edilmişTürk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın (eləcə də, başqa bir TÜRKSOY nəşri – “Teatr almanaxı”nın) təqdimat törənlərində iştirakla bağlı idi.

Gəlin öncə bu səfərlə bağlı Dövlət Teleqraf Agentliyimizin rəsmi bilgisini paylaşaq, sonra mən öz şəxsi düşüncələrimi, səfər təəsüratlarımı bölüşməyə çalışaram.

 

***

 

Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Xalq Şairi, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub. Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuşTürk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Qazaxıstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar tədbirdə iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə uyğunlaşdırılaraq, çap edilməsindən danışıb.

Almatıda Azərbaycan diasporu nəzdində fəaliyyət göstərən “Bahar” rəqs ansamblının ifaları tədbir iştirakçılarına xoş anlar bəxş edib.

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olan hər kəsə TÜRKSOY adından mükafatlar təqdim olunub.

 

***

 

TÜRKSOY, Azərbaycanın Qırğızıstandakı səfirliyi, bu ölkənin milli kitabxanası və Qırğızıstan Xalqları Assambleyasının təşəbbüsü ilə Bişkek şəhərində Xalq şairi, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi keçirilib.

Tədbirdə Qırğızıstan hökumətinin üzvləri, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, Bişkekdə yaşayan soydaşlarımız, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstandan dəvət olunan qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuşTürk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimatı ilə əlaqədar sərgi də keçirilib.

Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova böyük şairin yubileyinin bu kitabxanada keçirilməsindən məmnun olduğunu bildirib.

Qırğızıstanın mədəniyyət, turizminformasiya naziri Altınbek Maksutov deyib ki, Bəxtiyar Vahabzadənin yubileyinin Bişkekdə keçirilməsi bir daha sübut edir ki, böyük şairi bütün türk dünyasında sevirlər. Nazir vurğulayıb ki, B.Vahabzadənin şeirləri gənclərə bir örnəkdir.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onu zəmanəmizin böyük şairi adlandırıb və bildirib ki, o Azərbaycan poeziyasının zirvələrindən biridir.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin də Bəxtiyar Vahabzadənin yaradıcılığına yüksək qiymət verdiyini qeyd edib. Səfir xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev şairin 90 illiyi yubileyinin keçirilməsi, Şəki şəhərində Bəxtiyar Vahabzadənin Ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncamlar imzalayıb.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı belə böyük tədbirin Bişkekdə keçirilməsini təşkili etdiyi üçün səfirə təşəkkürünü bildirib, Hidayət Orucova, Jıldız Bakaşovaya, böyük şairin şerlərini qırğız dilinə uyğunlaşdıran Baxtıqul Çoturovaya TÜRKSOY-un xatirə hədiyyələrini verib.

Sonra Azərbaycandan dəvət olunan şair Əkbər Qoşalı, Qırğız-Türk “ManasUniversitetinin rektoru Səbahattin Balçı, Baxtıqul Çoturova, Bişkekdəki “Azər” İctimai Birliyinin sədri Əziz Əliyev şairin ölməz poeziyasından danışıb, belə tədbilərin keçirilməsinin bir-birimizi daha yaxından tanımağımıza xidmət etdiyini bildiriblər.

Sonda “Azəri Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının iştirakı ilə böyük konsert proqramı keçirilib.

 

***

 

Böyük ürəkli böyük Qazaxıstan

Mənim Qazaxıstana daha öncə 3 dəfə yolum düşsə də, Türküstan gözəli Almatıda olmamışdım. Almatı!.. – Bu adı ilk dəfə, 1982-ci ildə, (dənizdən 1500 m. yükəsklərdə,) Tovuzun dağlar qoynunda yerləşən doğma Qoşa kəndində, “Kantata 104” radiosunun şüşəsi üzərindən, ALMA-ATA şəklində oxumuşdum... Radionun şüşəsi üzərindəki şəhər adları içərisində məhz ALMA-ATA uşaq marağıma səbəb olmuşdu: demək ki, BAKIdan savayı da... BAKIdan uzaqlardaharadasa bir doğma şəhər var, doğma ad var..! – ALMA-ATA..! – bu adı anlamağa nə vardı?.. İllər keçdi, kəndimizdən qonşu kəndlərə, rayon mərkəzinə, başqa rayonlara, başqa şəhərlərə, başqa respublikalara yolum düşdü... şair demiş, dünya kənd-kənd, şəhər-şəhər böyüdü... ancaq o böyümənin xəritəsinə ALMA-ATA heç cür düşmürdü ki... düşmürdü. Mən qardaş ölkənin bu şəhərini sevirdim, nə vaxtsa, onu görəcəyimə inamım vardı, ancaq ALMA-ATAnın məni öz doğması kimi qucağına alacağı gün üfüqlərdən bəridə deyildi sanki... Üstəlik, müstəqillik dönəmində bu qazax şəhərinin adı da “yuvarlaqlaşdırılıb” (dəyişdirilib) ALMATI şəklinə salınmışdı... Hətta, bu adı “yuvarlaqlaşdırılmış” şəhər, paytaxt (qazaxlar demiş, astana) statsunu da itirmişsanki üfüqötəsinə çəkilmişdi... Ancaq elə bil bir hiss mənə deyirdi, sən bu şəhəri görməlisən, ona yetməlisən... Mən ora uçmalıydım! Üfüqötəsindəki şəhərə gedişin məhz uçuşla mümkün olması məntiqliydi, əlbəttə...

Budur, “AİR-ASTANA” uçağı BAKIdan havalanır... İstiqamət: Almatı... Mövzu: Şeir-sənət... Dəvət edən: TÜRKSOY... – Belə bir uçuşa mübarək uçuş deyərlər...

gizlədim, bu dəfəki qarşılanma, bu dəfəki ortam Qazaxıstana daha öncəki (fərqli illərdəki, fərqli heyətlərdəki) səfərlərdəki qarşılanmadan, ortamdan daha sıcaq, daha hərarətli kimi gəldi mənə. Almatının, eləcə səfər etdiyimiz digər qazax şəhəri Tarazın qardaş məhəbbəti, qardaş eşqi sarmışdı məni... Necə deyərlər, qazax elinin (– ustad Mikayıl Azaflının sözü ilə desək – )məhəbbəti soyuq, eşqi baharsızdeyildi...

Oğlunu bavurum, qızını qız qardaşım bildiyim, böyük ürəkli böyük Qazaxıstan!

Qazaxıstan, mən səni köhnə yeni paytaxtınlaAlmatınla, Astananla, ala dağınla, qara dağınla, dərənlə, təpənlə, əngin göy üzünlə, bərəkətli torpağınla, göydə uçarınla, yerdə qaçarınla, gur çayınla, sızqa bulağınlahər yönünlə - həncəri varsansa, elə sevirəm... Sən TURANın qazancısan, Qazaxıstan! Mən səni Dinmühəmməd Kunayevinlə, Nursultan Nazarbayevinlə... Muxtar Auezovunla, Sabit Muxanovunla, əlbəttə, Abayınla, ələlbət, Mağjan

Jumabayınla... Nurlan Orazalinlə, Muxtar Şaxanovunla sevirəm! Sənin rəsmən 550 illiyini qutladığın qazax dövlətçilik tarixini gənəl türk tarixinin bir parçası olaraq, qəbul edib, dünəninlə, bugününlə... gələcəyinlə sevirəm, əziz Qazaxıstan!

Bu səfərdə bir daha gördüm ki, TÜRKSOYun Azərbaycanın mərhum Xalq şairinin yubileyi ilə bağlı keçirdiyi silsilə tədbirləri, eləcə , yeni nəşrlərini yalnız keçmişə ehtiram əlaməti deyil, bugünki ədəbi-ictimai fikrimizə yeni çalarlar qazandırmağın, sabaha boylanmağın ta özüdür..!

(Yeri gəlmişkən, artıq yeni kitablar (örnəyi, “Gənc Qazax şeiri antoljisi”), yeni layihələr, yeni şölənlər üzərində işə başlayırıq, sağlıq olsun, işlər ovsanata keçdikcə, oxuculara bilgi verəcəyik...)

Almatıda TÜRKSOYa, TÜRKSOY nəşrlərinə, TÜRKSOYun düzənlədiyi tədbirlərə səliqə-səhmanlı, deyərdim qürurlu münasibəti yalnız bu quruma qazax aydını, keçmiş nazir, ünlü ictimai xadim sayın Düseyn Kaseinovun başçılıq etməsi, Qazaxıstanı bu qurumda intel-lektuallığı çevik qərar qəbuletmə yetənəyi ilə seçilən Malik Otorbayevin təmsil etməsi ilə bağlamıram... – işin içində sevda, eşq, qan yaddaşının, yovşan qoxusunun, böyük çölün... duyğulandırmaları da var... Qazaxıstan Türk Dünyası ünvanlı qurum quruluşlara sayğısı ilə yanaşı, onlara yer ayıran, ev verən, imkan tanıyan bir böyük ölkə, habelə belə qurum quruluşları yaradan bir qardaş cümhuriyyətdir. – Eynən Azərbaycan kimi, Türkiyə kimi...

Almatıda ilk dəfə olmağın feyzi içində muzeyləri ziyarət etdim, kitab dükanlarına baş çəkdim, əlbəttə, jeltoksan (dekabr-1986) olaylarının yaşandığı meydanda, “Kayrat”ın stadionunda, Qazax-filmdə oldum; Tanrı Dağları ətəklərinə çıxdıq; əlbəttə, Qazaxıstan Yazıçılar Birliyində şairlər, yazıçılarla söhbətləşdim, ayrıca, Türk Dünyasının ünlü ədibi, tanınmış fikir adamı Muxtar Şaxanovla, 17 ildir üzünü görmədiyim uyğur balası, şair Vilyam Molutla, habeləAzərbaycanın gənc dostufəxri ünvanı ilə tanıda biləcəyimiz yazarlar Nurğali Jusufbay, Erkinbek Serikbayla buluşdum; neçə yeni dost qazandım, neçə təzə bilgi əldə etdim... Dostlarımın ən gənclərindən olan Erkin Serikbayı 2 il öncəTürk Dünyası gənc yazarlarını birləşdirən ədəbi qurumlararasında məsləhət mühitinin yaradılmasıadlı Layihə çərçivəsində Azərbaycana dəvət etmişdik, o da söz vermişdi ki, Azərbaycan dilini öyrənəcək, bir görüşüncə, üçüncü dilə ehtiyac olmayacaq. Bu gənc dostumuz sözünün üstə durub, üstəlik, artıq Azərbaycan dilindən qazaxcaya uyğunlaşdırmalar edir...

Almatıdan Bişkəkə...

Almatıdan Bişkəkə axşamüstü çıxdıq. Almatıdan ayrılmadan öncə, dəyərli TÜRKSOY təmsilçimiz Elçin Qafarlının ayarlaması ilə, bir baxdım, m.Auezov adına Qazax Akademik Dram Teatrındayıq. – Səbəb: sən demə, qazax sənətçilər bugünArşın mal alan”ı oynayacaqlar... Bir gözəl şəhərdən belə bir gözəl ayrılışı qaçırmaqmı olardı?Öyrəndik ki, ölməz Üzeyir bəyin bu əsəri qazax teatrının repertuarında uzun illərdir əsas yerlərdən birini tutur... Gözəl oynadılar, tamaşaçılar da, maşallah: sayı say, sayğısı sayğı...

 

Ardı var

 

Əkbər Qoşalı

 

Olaylar.- 2015.- 1 dekabr.- S.10.