“Əqidəli və vətənpərvər
gənclər
dövlətin təməlidir”
Xəzri Abdullayev: “Gənclərimizdə
vətənpərvərlik hissinin aşılanmasında daha
çox işlər görmək lazımdır”
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində
görülən işlər və əldə olunan nəticələrlə
bağlı Azərbaycan Slavyan Gəncləri
Assosiasiyasının Ukrayna nümayəndəliyinin rəhbəri
Xəzri Abdullayevin “OLAYLAR”-a müsahibəsi.
-Xəzri bəy, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işləri qaneedici saymaq olarmı və bu tədbirlər gənclərin vətənpərvər ruhda böyüməsinə nə dərəcədə təsir göstərir?
- Əvvəlcə bir şeyi qavramaq və dərk etmək lazımdır. Biz gənclər milli mənlik, milli sərvət, milli mentalitet və s dediyimiz bu sözlərdəki milli sözünün həqiqi mənasını ciddi şəkildə dərk edirikmi? Çox təəsüf ki, müəyyən gənclər bu sözü sıradan bir söz kimi deyirlər. Əslində milli sözünün arxasında böyük bir məna var. Bu söz Azərbaycana nə aiddirsə o sözün qarşısında gəlir. Hər hansı bir gəncdə milli mənlik şüurunun və vətənpərvərlik hissinin aşılanması ailədən, inkişafı isə cəmiyyətdən aslıdır. Məktəb və ali təhsil müəssisələri ailə və cəmiyyət arasında körpü rolunu oynamalıdır. Təhsil aldığım Ukrayna MAU Beynəlxalq Əlaqələr İnstitutunda ilk dərs günü müəllimlərimdən biri qrupa daxil oldu və tələbələrlə tanış olduqdan sonra çox gözəl bir fikir bildirdi. O bizə üzünü tutaraq, gənc həmkarlarım, siz burada təkcə ixtisas seçmirsiniz, diplom almağa, elm öyrənmək üçün gəlməmisiniz. Siz həm də, həyat dərsi almaq üçün gəlmisiniz. Cəmiyyətdə elmi və əqli inqilab etmək üçün böyük hərəkatın gənc üzvlərisiniz. Cəmiyyəti və müasir, nümunəvi dünyanı verəcəyiniz qərarlarla quracaq və ali cəmiyyət formalaşdıracaqsınız, bunu unutmayın dedi. O, birdə qeyd etdi ki, siz qanunları bilən və əməl edən bir vətəndaş olsanız, öz peşənizi bilərək düzgün və dövlətə, dövlətin hüquqlarına sədaqətli şəkildə işləsəniz bilin ki, ən böyük vətənpərvər sizlərsiniz. Yəqin ki, nə demək istədiyim aydın oldu. Hər bir gənc birinci savadlı, mehriban olmalı, özünün huquqlarını bilməli və müdafiə etməyi bacarmalı, başqalarının hüquqlarını pozmamalıdır. Ailədə valideyinlərinə göstərdiyi münasibəti hər kəsə qarşı nümayiş etdirməlidir. Hər kəs bilməlidir evdə necəsənsə cəmiyyət arasında da elə olmalısan ki, cəmiyyətin inkişafına yardımın toxunsun. Təbii ki, müsbət yöndə əməllərini göstərməklə. Dövlətin yazılmış və yazılmamış cəmiyyət qanunlarına sayğı göstərməlisən. Bu lazım olduğu qədər vacibdir. Bax onda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması asan olacaq. Bir dövlətin inkişafı onun xalqının inkişafından aslıdır. Çox sevindirici haldır ki, Azərbaycanda tarixin istənilən dövründə mədəniyyət, vətənpərvərlik və s anlayışlar yüksək səviyyədə olub. Gənclərimizin də inkişafı daha da müsbətə doğru dəyişəcək.
-Bu gün tam əminliklə deyə bilərikmi, Azərbaycan gənci vətənpərvərdir və hər an torpaqlarını azad etməyə qadirdir?
-Azərbaycanda vətənpərvər gənclərin sayı xeyli çoxdur. Buna Mübariz İbrahimov, Ramil Səfərov və yüzlərlə milli qəhrəmanımızı misal göstərə bilərəm. Mən əminliklə deyə bilərəm ki, Ali Baş Komandan, cənab prezident İlham Əliyev əmr verəcəyi təqdirdə, gənclərimiz işğal altında olan ərazilərimizi azad edəcək qədər mərd və qorxmazdır. Ancaq bir şeyi də unutmayaq ki, Azərbaycan qədim tarixə malikdir. Bu günkü müstəqil dövlətimizin ərazisində və Cənubi Azərbaycanda neçə - neçə türk dövlətləri yaradılıb. Azərbaycan bizim əbədi və əzəli torpağımız olub. Biz vətənimizi sevməli və onun uğrunda ölməyə hazır olmalıyıq.
-Sizcə, gənclərin
vətənpərvərlik hisslərinin daha
da artırılması istiqamətində
əlavə hansı addımları atmaq,
tədbirlər həyata keçirmək lazımdır?
-Mən hər zaman deyirəm ki, dövlətin inkişafı üçün iqtisadiyyat nə qədər lazımlıdırsa, sağlam gənclik də o qədər lazımdır. Körpə ailənin, gənclik isə dövlətin gələcəyidir. Gənclərimizin sağlam düşüncəli olması üçün ilk növbədə dövlət proqramı hazırlanmalıdır. İkinci, xaricdə təhsil alan gənclər dövlət nəzarətinə götürülməlidir. Fəaliyyətləri, nə işlə məşğul olmaları və s. nəzarət olunmalıdır.
Hazırlanmış dövlət proqramına uyğun olaraq onların fəaliyyətləri istiqamətləndirilməlidir. Bir də mütləq təhsil sisteminə nəzarət gücləndirilməli və savadsız, vətənpərvərlikdən uzaq müəllimlər tədris müəssisələrindən kənarlaşdırılmalıdır. Müəllimləri imtahan edən zaman öz fənlərindən əlavə dünya görüşü və vətənpərvərliklə bağlı suallar da verilməlidir. Bildiyimiz kimi Azərbaycanda və digər azərbaycanlı tələbələrin təhsil aldığı ölkələrdə çoxlu sayda gənclər təşkilatları və digər QHT –lər fəaliyyət göstərir. Bu təşkilatların əksəriyyəti sadəcə kommersiya məqsədli fəaliyyət göstərir və yaxud da sadəcə hər hansı sponsor qurumlarla əlbir olaraq büdcədən pul silməklə məşğul olurlar. Dövlət orqanları başda hüquq mühafizə orqanları, təhlükəzlik orqanları və digər dövlət qurumları bu təşkilatlarla bağlı araşdırma aparmalıdır. Bundan sonra sağlam təşkilatlarla dövlət orqanları əməkdaşlıq etməlidir. Ancaq onda sağlam düşüncəli və dövlətçi gənclik yetişəcək. Bu gün Azərbaycana şoumen və komersant gənclərdən daha çox dövlətçiliyimiz üçün çalışmağı bacaran, əqidəli və işinin ustası olan gənclər lazımdır.
Əqidəli və vətənpərvər gənclər dövlətin təməlidir. Təməli güclü olan dövlətlərin də dövlət sistemi daha uzunömürlü olur.
-Bu
gün gənclər təşkilatlarının
bu istiqamətdəki fəaliyyəti gənclərin
vətənpərvər ruhda böyüməsinə
hansı müsbət təsiri göstərir?
-Bu gün mən bir neçə gənclər təşkilatını çıxmaq şərti ilə əksər təşkilatlar üçün xoş nəsə deyə bilmirəm. Tərif eşitmək üçün hər hansı məmura və ya millət vəkilinə diplom, fəxri fərman və s vermək lazım deyil. Onsuz da millət vəklini xalq seçib və ən böyük mükafatı xalq özü verib. QHT cəmiyyəti canlandırmaq, dəyişmək və əqli, elmi inqilab etmək üçün yaradılmış qeyri hökumət təşkilatıdır. Mən və bizimlə bərabər ictimai fəaliyyətlə məşğul olan digər ölkələrdəki dostlarımız təşkilati fəaliyyətimizin ilk günlərdən körpələr evi, qocalar evi, məktəblər, ali təhsil müəssisələrində tədbirlər keçirtmişik. Cəmiyyəti dəyişmək, cahilliyi yox etmək üçün gedib dövlət orqanlarında ziyalılarla hər hansı bir konfrans keçirtmək yox məktəb və uşaq bağçaları, körpələr evində təbliğat xarakterli tədbirlər etmək vacibdir. Mən güman edirəm gənclər təşkilatlarımız göstəriş məqsədi ilə yox, nəticə üçün fəaliyyət göstərəcəklər ki, Nardaranda baş verənlər yaxın və ya uzaq gələcəkdə bir daha təkrar edilməsin. Bu hadisə dövlətçilyimizə və orada şəhid olan polislərimizin ailələrinə böyük zərbə vurdu. Allah şəhidlərimizi rəhmət eləsin.
-Azərbaycandan kənarda yaşayan və təhsil alan gənclərimiz dövlətə nə dərəcədə bağlıdırlar və vətənpərvərdirlərmi?
-Mən şəxsən özüm Azərbaycandan kənarda yaşadığım illər ərzində vətən sevgisinin nə olduğunu anlamışam. Gənclərin böyük əksəriyyəti ictimai fəaliyyətindən aslı olmayaraq vətənimizə bağlıdır. Mən azərbaycanlı tələbələrlə birlikdə çox oluram. Şahidi oluram ki, tələbələr smestr imtahanlarını verər – verməz Azərbaycana getməyə tələsirlər. Amma vətənpərvərlik hissi təbii ki, hər kəsdə olmaz. Vətənə olan sevgini hər yaşamında gərək göstərəsən. Xaricdəki gənclərdə vətənpərvərlik hissinin inkişaf etdirilməsində əsas məsuliyyəti həmin ölkədə fəaliyyət göstərən diaspor təşkilatları, səfirlik və gənclər təşkilatları daşıyır. Mənə elə gəlir istər UABD istərsə də, ÜAGT və mənim nəzarətimdə olan ASGA Ukrayna Nümayəndəliyi az da olsa bunun öhdəsindən gəlməyə çalışır. Amma təbii ki, gənclərimizdə vətənpərvərlik hissinin aşılanmasında daha çox işlər görmək lazımdır.
-Ali
Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və
qayğı gənclərdə vətənpərvərlik
hisslərinin artmasında nə dərəcədə müsbət
təsir göstərir?
-Azərbaycan ordusunun böyük əksəriyyəti, zabitlər də daxil olmaqla demək olar ki, gənclərdən ibarətdir. Ümummili lider Heydər Əliyev Azərbaycanda güclü və məğlubedilməz milli ordunun yaradılması prosesinə start vermişdi. Ancaq məlumdur ki, 100 illərlə müstəqillik tarixi olan ölkələrdə ordu bu gün hələ də yüksək səviyyədə deyil. Güclü Milli Ordunun qurulması prosesi uzun zaman ala bilir. Ali Baş Komandan İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən orduda islahatlara başladı. Nəhayət yeni müdafiə nazirinin təyinatı ordumuzdakı müəyyən qüsurları da demək olar ki, aradan qaldırmış oldu. Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın milli ordusu nəinki Qafqazda, eyni zamanda keçmiş Possovet ölkələri arasında da, ən güclü ordulardan biridir. Sonda bir şeyi də əlavə edim ki, ordunun güclü və mübariz olması təkcə ordudakı islahatlardan və hərbi texnikanın gücündən, eyni ilə orduya ayrılan hərbi büdcədən aslı deyil. Türk ordusunun liderliyi və gücü həmişə əsgərlərinin vətənpərvərlik hissinin aşırı səviyyədə yüksək olması ilə ölçülüb. Bizim qəlbimizdə vətən sevgisi olduğu müddətcə ordumuz güclü, qəhrəmanlarımız saysız olacaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 2 dekabr.- S.15.