Türküstan yelləri
öpüb alnını....
Əvvəli ötən sayımızda
Beləcə, yol aldıq Bişkəkə
doğru – ta Bişkəkədək tamaşadan əsintilənən
xoşməramlı “atmaca”larla... Yolüstü
dayandığımız moteli Türkiyənin
güneydoğu bölgəsindən olan
işadamlarının işlətdiyini gördük.
Səliqə-səhmanı,
müştəri məmnuniyyəti üçün
mümkün olan hər şeyi etmə çabası diqqətəşayan
idi. Anadoluların öz sözü ilə desəm, işdə
Anadolu insanı, işdə Türküstan... Şəhərdə,
yolda, moteldə, oteldə, muzeydə... – harada desən, Azərbaycanlı
olduğumuzu bilincə də, “bavurlarımız”,
“başımız, gözümüz üstə...” kimi sözlər
eşitmək, bu sözlərə uyğun yüksək qonaqpərvərlik
görmək... özlüyündə bir aləmdir, bir aləm...
Qazax sənə yalnız süfrəsini açmır,
könlünü açır, könül süfərsini
açır... Qırğız da eləcə,
büsbütün Türküstan eləcə... Bu yerdə, Səməd
Vurğunun sözlərini xatırlayıram “Sən bizim ellərin
ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...” Mən “bizim ellər”i
bütün Türküstan bilirəm, ulu Turan bilirəm...
Bilirsiz, Səməd Vurğun bizim qonaqpərvərliyimizi elə
bir yerə bağlayıb ki, onu, necə deyərlər,
müzakirə etmək, dəyişdirmək, dərəcəsini
aşağı salmaq... mümkün deyil, bir yol var: qəbul
etmək, yaşamaq, yaşatmaq, sayğı duymaq..! Ruh! Ruh
bağlılığı! – Tanrının öz sonuncu
elçisinə belə bu mövzuda hər şeyi demədiyi
bir mənəvi ünvandır, varlıq içində
varlıqdır, necə deyim, qədər üstündə qədərdir...
Səməd Vurğun bizim qonaqpərvərliyimizi adətə,
qaydaya, hansısa rejimin, quruluşun
tapşırığına, nə bilim daha nəyə, haraya
deyil, məhz ən ulu ünvana, ən uca yerə aid edib... Edərkən
də, öz sözləri ilə düstur cızıb, formul
yaradıb: məhz əziz qonaq inciməz! – Kimdir əziz qonaq?
– özünü, sözünü bilən,
qonaq getdiyi evin qızına-gəlninə pis gözlə
baxmayan, süfrəsində kəm-kəsir axtarmayan,
yaxşısını görməzdən gəlib də, əskiklərini
aləmə carçəkməyən, bir sözlə, adam
kimi adamdır əziz qonaq... Bax, Türküstan
insanının, qazax, qırğız, uyğur
dostlarımızın adam kimi adamlıq
havası, ovqatı, qonağının ürəyini
düzgün oxumaq və dəyərləndirmək ürəyi...
qonağı Türküstanca qarşılamaları, əziz
sayması məni bu sözlərə vadar etdi! Ruhun öləziməsin,
TÜRKÜSTAN!
Qazaxı-Qırğız
sınır qapısında, illər öncə Özbək-Qazax
sınır qapısında keçirdiyim duyğuları təkraryaşadım...
İki qardaşımızın arasındakı qapıdan
keçirdim... Qardaşlığımız
sınırsız olsun!
Bişkəkə
gecə çatdıq, düşdüyümüz otelin
adı da uyğundu: “Dostlık”. “Qardaşlıq” adı bir
otel üçün rast gəlinən ad olmadığı
üçün qırğızın, qazax
sınırından uzaq olmayan bu otelə verdiyi adı
“Qardaşlıq” kimi alqılayalım barı,
dedim...
Almatıdakı B.Vahabzadə tədbirində konsulumuz
iştirak edirdi, diaspor fəallarımız ordaydı,
bacardıqlarını edirdilər; Qırğız
Respublikasında isə səfirimiz, görkəmli ədib
HİDAYƏT Orucov şəxsən özü işin
başındaydı. Yəqin elə bu səbəbdən də
iştirakçı sayı da, tədbirə nazir, səfirlər
səviyyəsində qatılım olması mümkün
olmuşdu. Bişkəkdəki diasporumuzun
töhfələrini də vurğulamaq şərti ilə,
gözəl bir poeziya gecəsi, ədəbiyyat şöləni
yaşadığımızı deməliyəm. Tədbir
sonrası səfirimizin qonaqların şərəfinə
verdiyi ziyafət əsanasında edilən söhbətlər
də, oxunan şeirlər, suallar-cavablar... şölən
içində şölən oldu sanki...
Səfirliyimizin gənc əməkdaşlarının
çevik, ağıllı davranışları da diqqətimizdən
qaçmadı, təbii. Bişkəkdə də, Almatıda
da diplomatlarımızın bizlərə bəslədiyi
xoş, işgüzar münasibəti bir cümlə ilə də
olsa, təkrar qeyd edərkən, belə münasibətin vətəndaşın,
respublikadan uzaqda dövlət nəzakətini hiss etməsi
baxımından, yaddaşla yanaşı, könlə
yazılan hadisə olduğunu yazmağı özümə
borc bilirəm... Dilimə Cabir Novruzun sözləri gəlir:
“Azərbaycanı
sevin, sevin Azərbaycanı...
Adını uca tutun hər arzudan, diləkdən.
...O bizim
hamımızın həyəcanı, harayı..!”
Taraz...
Bişkəkdən sonra yolumuz yenidən Qazaxıstana
doğruydu. Dünən axşamüstü qırğız
sürücünün idarə etdiyi araba ilə
Almatı-Bişkək yolçuluğuna
çıxmışdıqsa, bugünün
axşamüstüsündə atası uyğur, anası
qırğız olan sürücünün idarə etdiyi
araba ilə Bişkək-Taraz yolçuluğuna
çıxmışdıq. Taraz
Qazaxıstanın dövlətçilik tarixində önəmli
olaylara məskən olmuş, pirləri, övliyaları,
ocaqları olan bir yerdir. 550 il öncə
Qazax xanlıqlarını birləşdirən kişilərin
əzəmətli heykəlləri də buradadır, TəkTurmaz,
QaraXan, Ayişə Bibi türbələri də Tarazın mərkəzli
Cambul vilayətindədir...
Taraz anladıldıqca anladılası bir yerdir. Qısa deyim, Qazaxıstan
tarixinin ruhunu yaşamaq üçün yalnız bir şəhər
semək durumunda qalasan, o seçim, məncə, Tarazdan
başqası olmasın gərək...
QaraXan
türbəsini ziyarət edərkən, dedilər, bu azman
kişinin hekayətini Ayişə Bibini də ziyarət etdikdən
sonra danışacağıq...
QaraXan 25
yaşlarında bir dəli-dolu qazax baturudur, AyişBibi də
xan qızı... Bir-birlərini sevirlər, ancaq
qızın ata-anası razı deyil bu evliliyə.
Könül istəyincə, ürək vurunca, vurulunca, iki
aşiq yanıb-qovrulunca, “razılıq sınırı”
atlanır, QaraXan 19 yaşlı sevgilisini atının tərkinə
alıb, qaçırır... Ancaq çatdıqları yerdə,
macal tapıb da, ata-ana razılığı üçün
yenidən üz tutmağa varmamış... Ayparçası
Ayişəni ilan sancır... Vüsal yaşamamış iki
ürək, Ayişənin sozalan gözləri, titrəyən
dodaqları, QarXanın gərilən əzələləri,
hədəqəsindən çıxan gözləri... Kim... nə nəyə yarar?! – zəhər
sürətlə Ayparçasının vücudunu
sarmadadır... Qaraxanın şişmək kimi çaxan
buyrğu ilə anındaca olay yerində bulunan övliya cavan
ömrünün son dəqiqələrini yaşayan Ayişə
Bibi ilə hələ uzun illər yaşayacaq QarXanın kəbinini
kəsir, nigahını qıyır... Ayişənin
eşitdiyi son söz, “Ayişəm, məni o dünyada
gözləyərsən, bu dünyada əlim bir qız əli
tanımayacaq, gözüm bir qadın gözü görməyəcək..!
Burda qismət olmadı, barı orda vüsala yetərik!”
sözləri olur... Qaraxanın gözlərinin ta içinə
baxdığı, gözünə axdığı son qadın
baxışı Ayişənin olur... QarXan düz 75 il yaşayır, kimsə ilə evlənmir,
andına sadiq qalır..!
Ruhları
şad olsun!
Bax, belə
sevgidir, belə sevdadır Türküstanı Türküstan
yapan...
Ulu övliya TəkTurmazın türbəsindən
açılan möhtəşəm panorama baxarkən malik
Otorbayev Talas döyüşündən söz açır,
deyirəm, ərəb və Çin qoşunları niyə məhz
Türküstanda üz-üzə qalıbmışlar? Bilməyinə bilirəm də,
ancaq könül qəbul etmir: davanızı öz
torpağınızda edin! (Bir baxıma, bugün Suriyada
ABŞ-Rusiya qarşıdurmasının Türkiyə
sınırlarına, Bayır-Bucaq türkmanlarına təhdid
olduğu kimi...)
Malik sonra
uzaqlardakı ağ buludlu dağları
göstərib, Çingiz Aytmatovun Şəkər
köyü o dağların qoynunda yerləşir deyir...
Ustadın “Ağ gəmi”sini, o möhtəşəm əsərin
obrazlarını, olaylarını canlandırıram gözlərimdə,
xəyalımda...
İndi, üstündən bir neçə gün
keçdikdən sonra Tarazda getdiyimiz gördüyümüz
yerləri, görüşlərimizi, söhbətlərimizi
bir-bir xatırlamağa çalışıram, görürəm
yaddaş mən istəyən dərəcədə hayıma
gəlmir, sanki. Bilirsiz, niyə? – Çünki
göz yaddaşa daha artıq nəsnələr ötürmək
istəyirdi, göz yalnız özü bacarmırdı bunu,
könlü haraya çağırırdı, könül
gözü isə “yaddaşı”nı belə tezliklə
kağızlara “daşıya” bilməyəcək, qaliba. Elə
bil zərrə-zərrə, çalar-çalar, yarpaq-yarpaq,
yol-yol, ürək-ürək paylanacaq könül
gözünün gördükləri... – Elə bilirəm,
neçə yeni duyğuda, düşüncədə, fikirdə,
sözdə, yazıda, hərəkətdə, xarakterdə
şəkillənəcək TÜRKÜSTAN
GÖZƏLLİKLƏRİ...
Bu yerdə
Məmməd İsmayılın “Çatacağım bir arzu
var” şeirini xatırlayıram:
“...o
böyüyüb əfsanələr,
nağıllar qədər.
Keçmiş
ilə gələcəyin vaxt ekranında
şimşək kimi çaxıb getmiş oğullar qədər,
Qarış-qarış
gəzdiyimçün fəxr eləməyim,
qoy
saxlayım əl altında ehtiyat yeri,
Görəcəyim
gözəlliklər tükənir bir az,
hələ qalsın istəyimin qol-qanad yeri...
...Uzaq yerə
yetəcəyim bir arzu qalsın,
xəyallarla öz-özümü yandırım, yaxım,
gözüm hələ gözəlliyə tamarzı qalsın.
Gözləri tox böyüməsin uşaq
marağım.
əl-qolum da yetişməsin qucaqlamağa,
torpağımı birdən-birə dərk eləməyim.
Görəcəyim
yerlər qalıb,
günlər qalınca
Narahatlıq duyğusunu tərk eyləməyim!”
Taraz-Almatı
qatarı...
Şükür
Tanrıya, qismətimizdə Türküstanın, qazaxın
bir şəhərindən o biri şəhərinə qatarla
gecə yolçulu da yazılıbmış... Elə bil,
Çingiz Aytmatovun “Əsrə bərabər uzun
gün”ündən keçən qatardı... Üstəlik,
yol yoldaşın qazax şairləri Nurqali Orazla Töreqali
Taşen ola... Almatı, Bişkək, Taraz
qonaqpərvərliklərindən sonra, mənə qatarda da
qonaqpərvərliyin mümkün olan ən yuxarı həddini
yaşatdı əziz qazax şairləri...
Qatar
Almatıya o başdan çatdı... Şair
dostlarımın dostu artıq bizi qarşılamaqçün
Dəmir Yol vağzalındaydı. Bir az
sonra isə, artıq Nurğali bəyin evində idik. Səhərin
o çağında sanki nahar süfrəsiymiş kimi zəngin
süfrə hazırlamış Almas abla
gülərüzlə qarşıladı bizi. Evi şen
olmuş Nurğali bəy özü də, xanımı da,
evlərini öz evin sanmağın üçün elə səmimi
ortam yaradır ki, minnətdarlıq duyğusu içində
azıb qalırsan... var olun, gözəl insanlar!
Nurğali
bəyin zəngin süfrəsi
yığışdılımamış könül
süfrəsi açıldı, könül süfrəsi
açılmışkən, kitab rəfinə göz gəzdirdik,
dərləşdik, vədələşdik,
kitablaşdıq, qardaşlaşdıq, uğurlaşdıq...
Sonra Erkinbek gəldi, Almatıda bir xeyli dolaşdıq. Almatıdan almasız getmək
lmaz dedi, alma aldı, “Kayrat”ın şərfini
aparmasaz, evdə uşaqlar inciyər dedi, sonra, Almatıdan
“Turan dəftəri” aparmasaz daha nooldu? deyə
sual qarşısında qoydu məni... ha bucağız, ha
ocağız deyə-deyə, bir də badıq vaxt hava
limanınının yolunu döyəcləyir...
Hələlik,
bu qədər...
Bilirəm,
Qazaxıstandan, Qırğızıstandan,
Türküstandan... oradakı ziyarətlərdən, söhbətlərdən
çox danışmaq, çox yazmaq olar... Olacaq da, inşallah!
Bu bir başlanğıc olsun!
***
Mən bu
sətirləri yazıb, qurtararkən, KİV-lər
TÜRKSOYun Türkmənistanın Mari (Mərv) şəhərində
düzənlədiyi festival barədə bilgi verirdi...
Festival
noyabrın 30-dək davam edəcək...
Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari (Mərv)
şəhərini 2015-ci ildə “Türk Dünyasının
mədəni paytaxtı” elan edib. Bu münasibətlə il ərzində Mari (Mərv) şəhərində
müxtəlif mədəni-kütləvi tədbirlər
keçirilib.
Yazıya nöqtə qoymaq istərkən bizim Şəkinin
2016-cı ildə TÜRKSOY tərəfindən “Türk Dünyasının
mədəni paytaxtı” elan edildiyini oxudum.
Təbriklər, ŞƏKİ!
Təşəkkürlər,
TÜRKSOY!
Əkbər Qoşalı
Olaylar.- 2015.- 2 dekabr.- S.10.