Milli Qəhrəmanlarımız

gənclər üçün örnəkdir

 

Vətənpərvərlik ruhunun formalaşmasında onların təbliği vacibdir

 

Gənclərin vətənpərvər ruhda böyüməsi üçün Milli Qəhrəmanların təbliği mühüm rol oynayır. Hələ körpə yaşlarından bu ruhda köklənən gənc nəsildə vətənpərvərlik hissinin formalaşması şübhəsizdir.

Gənc nəslin vətənpərvərlik tərbiyəsinə Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük təsiri var. Gənclər üçün örnəyə çevrilən milli qəhrəmanlarımızdan biri də Əlif Hacıyevdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Ancaq bu bir danılmaz faktdır ki, qəhrəmanlar ölmür. Dünyadan köçməsindən 22 il vaxt keçsə də Əlif Hacıyev əfsanəsi hələ də ürəklərdə yaşayır. Başına erməni separatçıları tərəfindən 1 milyon dollar qoyulan Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən həmişə anasına Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanı olacağından bəhs edir. Amma bilmir ki, Sovet vətəndaşları olan rus və erməni hərbi birləşmələri tərəfindən atılan güllə onun həyatına son qoyacaq və Azərbaycanın Milli Qəhəramanı olacaq. Əlif Hacıyev 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnir. 1971-ci ildə isə ordu sıralarına çağırılır. Hərbi xidmətini Minsk şəhərində çəkir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyir. Əlif SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbini bitirərək təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışır. Gələcək həyat yoldaşı Qalina xanımla da Belorusiyada tanış olur. 1984-cü ildə Belorusiyadan yenidən Xoclıya qayıdır, sahə müvəkkili kimi çalışır. Qısa zaman ərzində o, Xocalı camaatının rəğbətini qazanır. Xocalı sakinləri onu qanunsevər bir insan kimi tanıyır. O vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin uzun müddətdən bəri gizli millətçi mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Ə.Hacıyev bu millətçi mərkəzin fəaliyyətini qorxub çəkinmədən ifşa edir. Bu isə ermənilərə xoş gəlmir, onları narahat edir. Çünki get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Buna görə də Əlifi hansı vasitəylə olursa-olsun aradan götürmə planlarını cızmağa və bunu həyata keçirməyə çalışırlar. Nəhayət saxta ittihamlarla onu şərləyərək günahlandırırlar. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi qaldırılır. Saxta faktlar əsasında qaldırılmış cinayət işi üzrə aparılan istintaq 9 ay çəkir və qəhrəmanımız 10 il həbs cəzasına məhkum edilir. Yaxınlarının sözlərinə görə, Əlifi tutmaq üçün onun arxasınca 5-10 adam gəlmir. Bütün binanı mühasirəyə alırlar və Əlifin arxasınca BMP, pulemyotla, tankla, topla gəlirlər. Hakimin verdiyi ədalətsiz hökm onu Şuşa həbsxanasından tutmuş, uzaq Sibir həbsxanalarına qədər aparıb çıxarır. 1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılır və 10 il həbs cəzası 6 ilə endirilir. Sibirdə 4 il həbs cəzası çəkir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır. Ə.Hacıyev bəraət alandan sonra 1990-cı ildə yenidən Xocalıya qayıdır və ermənilərə qarşı mübarizəsini daha da sərtləşdirir. Yaxınları ona nə qədər Xocalıya getməməsi üçün yalvar-yaxar etsələr də, ermənilərin ondan "yanıqlı" olduğunu desələr də, qəhrəmanımız dediyindən dönmür. Xocalıda böyüdüyünübu torpaqlar üçün vuruşacağını bildirir. Beləliklə, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha böyük faciələrə səbəb olmuşdu. O, 1990-cı ilin dekabrında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aeroportunun komendantı idi. Yaxşı işinə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi verilir. Məhz Ə.Hacıyevin əzmkarlığı, təşkilatçılığı nəticəsində 1991-ci ilin martın sonlarında Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxaraq Azərbaycan hüquq-mühafizə orqanlarının tabeçiliyinə keçir. Ermənilər üçün bu, faciə sayılırdı. Qeyd edək ki, o vaxta kimi Xocalı aeraportunda heç bir azərbaycanlı işləmədiyindən ermənilər istədikləri qədər silah-sursatı gətirib Dağlıq Qarabağın ərazisinə yığırdılar. Xocalı Aeroportunun strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman aeroportda növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Aeroportu əldən verməmək üçün Ə.Hacıyev siyasət işlədir. Aeraport binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, "filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin". Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də aeroportu tərk etmək məcburiyyətində qalırlar. Əlif erməniləri çox gözəl tanıyırdı. Həm də Sovet millisi sıralarında çalışdığından ermənilərin silah bazalarının hansı səmtdə yerləşdiyini bilirdi. Həmin dövrdə silah anbarlarının dağıdılması, uzaq mənzilə vuran topların yerlərinin təyin edilib götürülməsi məhz Ə.Hacıyevin təşkilatçılığı sayəsində həyata keçirilirdi. Ermənilərlə mübarizə Əlifi onların gözündə güclü və yenilməz düşmənə çevirir. Vəziyyət o həddə çatır ki, ermənilər onun başına 1 milyon dollar pul qoyub ölümünü sifariş verirlər. Dəfələrlə Ə.Hacıyevə qarşı sui-qəsd təşkil edilir. Əlifin maşınına Xankəndində mina quraşdırırsalar da, qrantamyot, snayperdən istifadə edərək onu öldürmək istəsələr də, istədiklərinə nail ola bilmirlər. Buna görə də düşmən çox çalışırdı ki, onu Xocalı aeroportunun komendantlığından çıxarıb başqa vəzifəyə aparsın. Amma buna da müvəffəq olmurlar. Ona Moskva şəhəri üzrə komendantın 1-ci müavini təklif etsələr də, Əlif getmir. Döyüş yoldaşlarının dediyinə görə, Əlif girov götürülən ermənilərə qarşı heç vaxt qəddar davranışa icazə verməz, bizim əsir və girovlarla dəyişdirildiyi günə qədər onlara zamin durarmış. O, insanlığa sığmayan hərəkətləri qəbul etmirdi. Azərbaycana qanıyla, canıyla bağlı olan Əlif həmişə döyüş yoldaşlarına deyərmiş ki, "Xankəndinə Azərbaycan bayrağını taxsam, ölsəm də, dərdim olmaz". Onun komandanlığı altında vuruşan döyüş yoldaşlarına isə Əlif həmişə bir nümunə olur. Tabeçiliyində olan əsgərlər heç vaxt onun bir sözünü iki etmir. Qəhrəmanımız döyüşə gedərkən silah yoldaşlarına məsləhət görürmüş ki, "döyüşə gedəndə heç vaxt fikirləşməyin ki, öləcəm, fikirləşin ki, öldürəcəm". Bir dəfə hadisələrin qızğın vaxtında qəhrəmanımız 366-cı alayın rəhbərliyi ilə danışığa gedir. Döyüş yoldaşlarına da tapşırıq verir ki, kənardan "görsəniz ki, onlar məni girov götürürlər, məni güllələyin, qoymayın ermənilərə girov düşüm". Xocalı faciəsi baş verməmişdən əvvəl o, ermənilərin dinc əhaliyə hücum edəcəyini bilirdi. Bu barədə tədbir görülməsi üçün hər gün, hər saat Bakıya xəbər ötürsə də, paytaxtdan heç bir kömək almır. Xocalının blokadaya düşdüyü vaxtda dəfələrlə blokadanı yararaq əhaliyə yemək gətirir, mümkün olduqca milis işçilərinin silahlanmasına çalışırdı. Faciə baş verəndə Əlif və dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşur. Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsə də, qəhrəmanımız qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərir. Dəstəsiylə birgə tanka, BTR-ə qarşı avtomatla vuruşur. Bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır və bir daha geriyə dönərək, yenidən döyüşə atılır. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancılır. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn edirlər. Milli qəhrəmanın özündən sonra iki qız övladı - Zərinə və İradə, bir də ürəklərə həkk edilən adı, şərəfli ömür yolu qalır.

Digər Milli Qəhrəmanımız Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrlinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular. Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ailəli idi, iki oğlubir qızı var. Bu böyük qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il fərmanı ilə Əliyar Yusif oğlu Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 3 dekabr.- S.15.