Suraxanı rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər

 

Dünyada hökm sürən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycanda inkişaf tempi davam edir. İldən-ilə ölkədə reallaşdırılan sosial-iqtisadi islahatlar, yeni infrastruktur layihələri ölkənin simasını nəzərə çarpacaq dərəcədə dəyişir. Xüsusilə, 2003-cü ildən etibarən həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının icrası bu prosesə əsaslı dərəcədə təkan verib. Mərhələli şəkildə həyata keçirilən bu proqramların uğurlu icrasının nəticəsi ölkənin hər bir şəhərində, rayonunda, qəsəbəsində, kəndində özünün müsbət nəticələrini göstərməkdədir. Bu cür sosial-iqtisadi proqramların icrası paytaxt Bakı və onun rayonlarının inkişafında önəmli rol oynayır.

 

Suraxanı-dövlət proqramlarının

uğurla icra edildiyi rayon

 

Ötən illər ərzində həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar nəticəsində paytaxtın bütün rayonları inkişaf edib, özünün yeni dövrünə qədəm qoyub. Paytaxt rayonlarının sosial-iqtisadi inkişafına xüsusilə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları əsaslı dərəcədə təsir göstərib. Bu proqramların uğurla icra edildiyi paytaxt rayonlarından biri də Suraxanı rayonudur. Məlumat üçün qeyd edək ki, 122 kvadrat kilometr ərazisi olan Suraxanı rayonu 1920–ci ilin may ayında yaranıb. Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı və Zığ qəsəbələrindən ibarət rayonda 60-a yaxın iri sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da təkcə rayonun deyil, həmçinin paytaxtın, ümumilikdə respublikanın zəruri sənaye məhsulları ilə təmin olunması, işsizlik probleminin aradan qaldırılmasına təkan verir. Təsadüfi deyil ki, cari ilin 9 ayı ərzində Suraxanı rayonunda 198,1 milyon manat həcmində sənaye məhsulu istehsal edilib, 2355 yeni yeri açılıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, artıq rayon ərzisində istehsal edilən mal və məhsullar təkcə daxili bazar üçün nəzərdə tutulmayıb, eyni zamanda xarici ölkələrə də ixrac edilir. Belə ki, rayonun Qaraçuxur qəsəbəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti əsasında inşa edilmiş transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun istehsal etdiyi malların Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, İraq, Bəhreyn və Cənubi Afrika Respublikasına ixracı nəzərdə tutulur. Qeyd etdiyimiz kimi Suraxanı rayonunda yeni sosial-iqtisadi, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər əsasən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda əksini tapır. Proqramın 2014-2016-cı illəri əhatə edən dövründə Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub ki, həmin tədbirlərin 4-ü artıq icra olunub, 20-nin isə icrasına başlanılıb. Ümumiyyətlə, respublikanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib. Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb. Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilib, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım verilib, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib, 58 nəfər imtiyazlı vətəndaşın reabilitasiya mərkəzi və sanatoriyalarda istirahəti təmin edilib. Ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda da müvəffəqiyyətlə icra edilib, rayon əhalisinin 70 faizi tibbi müayinədən keçib.

 

Vətəndaş məmnunluğu

başlıca prinsipdir

 

Vətəndaş məmnunluğunu təmin olunması, sakinlərin şikayət və müraciətlərinin dinlənilməsi də rayonda hər zaman əsas diqqət yetirilən məsələlər sırasında olub. Bu məqsədlə internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefon xidmətlərinin fəaliyyəti ildən-ilə təkmilləşdirilir, ərizə və şikayətlərin qısa müddətdə araşdırılıb onların həll edilməsi istiqamətində zəruri tədbirlər görülür. Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da müntəzəm olaraq qəbul günləri təşkil edir, səyyar görüşlər keçirərək sakinlərlə görüşüb onların qayğı və problemləri ilə maraqlanır. Belə ki, cari ilin 9 ayı ərzində icra başçısı tərəfindən 759 nəfər vətəndaş qəbul edilib. Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 1715 nəfər sakinin iştirakı ilə 27 səyyar görüşü təşkil olunub. Həmin görüşlərdə qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Suraxanı rayonunda da ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması əsas diqqət mərkəzində olan məsələlərdəndir. Bu istiqamətində müntəzəm olaraq tədbirlər həyata keçirilir, ekoloji mühitin qorunması məqsədilə aksiyalar təşkil olunur. Dövlət başçısının bu istiqamətdə imzaladığı müvafiq sərəncamlar və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılması prosesi həyata keçirilir. Görülən tədbirlər nəticəsində lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinciÜmumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib, rayonun idarə və müəssisələrinin iştirakı ilə keçirilən ümumrayon iməciliyi çərçivəsində minlərlə ağac əkilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları Suraxanı rayonundan da yan keçməyib. Belə ki, münaqişə başlayandan öz yurd-yuvalarından didərgin düşmüş 8386 qaçqın və 21368 məcburi köçkün bu rayon ərazisində məskunlaşıb. Ona görə də rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bayram günlərində bir qayda olaraq Rayon İcra Hakimiyyəti tərəfindən onlara yardım göstərilir.

 

Birinci Avropa Oyunları:

Suraxanını dünyaya tanıdan yarış

 

Bu ilin iyununda ölkəmizdə keçirilən Birinci Avropa Oyunları Suraxanı rayonu üçün xüsusi əhəmiyyət daşıdı desək yanılmarıq. Belə ki, I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün od məhz Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan götürüldü ki, bu da Suraxanı rayonunun, onun zəngin “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun adının Avropada, dünyada çəkilməsi, tanınması baxımından əhəmiyyətli idi. Məlumat üçün qeyd edək ki, Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar hesabat dövründə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulub, təmir olunaraq rənglənib, aqlay daşları ilə üzlənib. Qısa dövr ərzində Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulub, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni park salınıb, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12,0 min kvadrat metr yaşıllıq salınıb. Bundan başqaBakubus" MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzi də məhz Suraxanı rayonunun Zığ qəsəbəsində salınıb.

Suraxanı Rayonu İcra Hakimiyyəti quruculuq-abaddlıq işləri, sakinlərin sosial problemlərinin həlli ilə yanaşı beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə də diqqət ayrırır. Bu baxımdan ötən illər ərzində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Xüsusilə Suraxanı rayonu ilə Latviyanın bəzi qurumları arasında əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Belə ki, 2013-cü il, may ayının 14-də Suraxanı Rayon İcra Hakimiyyəti ilə Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Əməkdaşlıq sazişinə uyğun olaraq təcrübə mübadiləsi və yeni layihələrin müzakirəsi məqsədilə Latviyanın Riqa şəhər Şurası sədrinin müavini Andris Ameriksonu müşayiət edən nümayəndə heyəti Bakıda səfərdə olub. Bundan əvvəl, 2012-ci ilin avqustunda isə Latviyanın Yekabpils Bələdiyyəsi ilə Qaraçuxur bələdiyyəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. Protokola əsasən Latviyanın Zemqale regionunun, o cümlədən Yekabpils şəhərinin yerli özünüidarəetmə orqanları rəhbərlərindən ibarət nümayəndə heyəti Suraxanı rayonunda səfərdə olublar.

Suraxanı rayonunun gün doğan ölkə ilə də əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin bariz nümunəsi kimi Suraxanı rayonunda Yapon bağının salınmasını göstərə bilərik. Bu məqsədlə Azərbaycana səfər etmiş “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla görüş keçiribbununla bağlı ümumi razılıq əldə olunub. Məlumat üçün qeyd edək ki, bundan əvvəl isə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyada səfərə gedib, salınan yaşıllıqların miqyası, rəngarəngliyi, o cümlədən “Kosuqi” şirkətinin təcrübəsi ilə tanış olub.

Qarşıdakı vəzifələr isə rayonda payız-qış mövsümünə hazırlığı yüksək səviyyədə təmin etməkdir. Artıq bu məqsədlə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq Qərargah yaradılıb, həyata keçiriləcək tədbirlər planı təsdiq edilib. Tədbirlər planında istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın törədə biləcək amillərin qarşısının alınması kimi işlər nəzərdə tutulur. Yerlərdə işin səmərəli təşkili məqsədi ilə idarə və müəssisələrdə də qərargahlar təşkil edilib. Bütün bunlar onu deməyə əsas verir ki, İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində payız-qış mövsümündə rayon ərazisindəki yaşayış binaları, idarə və müəssisələr, təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə təmin ediləcək.

 

Süleyman İsmayılbəyli

 

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

 Olaylar.- 2015.- 8 dekabr.- S.10.