Gənclərin intellekt
səviyəsi
artdıqca vətənpərvərlik hissi yüksəlir
Gələcəyinə
qiymət verən millətlər gənclərin yetişməsinə
böyük diqqət göstərməli
və bunun üçün
əlindən gələni əsirgəməməlidir. Gənclərin
xarakterini bir zərgər
dəqiqliyi ilə formalaşdırmağa
çalışmaq lazımdır. Gənclərin yetişməsində
bədən-ruh, maddi-mənəvi, dünya-axirət
tarazlığının qorunması çox
əhəmiyyətlidir. Gənc sevgi və
dinamizm dolu,
qayğısız, təmiz qəlbli, səbrli, özü ilə və yaşadığı
cəmiyyətlə təmkinli olmalıdır. Bu gün gənclərin
qarşısında bir çox
maneələr və problemlər durur.
Bunların bir çoxu
da müasir
dünyanın və qloballaşmanın doğurduğu
problemlərdən qaynaqlanır. Ancaq
reallıq onu göstərir ki, Azərbaycan gəncliyi bu
problemləri aşmağa qadirdir.
Çünki ölkə gəncliyi dinamizmi, kreativliyi və
hadisələrə adekvat yanaşması
ilə seçilir. Azərbaycanda gənclərin
inkişafı, onların gələcəyi baxımından məqsədyönlü
siyasət həyata keçirilir. Aydın
məsələdir ki, bütün
bunların qarşılığında gənclik də öz potensialından istifadə edərək doğulduğu torpaq,
yaşadığı ölkə, Vətəni üçün əlindən gələni əsirgəməməlidir.
Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Xüsusən də Azərbaycan gəncinin vətənpərvər olması vacibdir. Hər bir Azərbaycan gənci bilməlidir ki, torpaqlarımızın 20 faizi işğal altındadır, qaçqın və məcburi köçkünlərimiz var. Belə olan halda, heç şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən yüksələcək. Necə ki, biz bunu müşahidə edirik. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Ona görə də ailə başçılarından tutmuş, müəllimə qədər hamı bunun fərqində olmalı, uşaqları bu ruhda tərbiyə etməlidirlər. Bu istiqamətdə görülən işlər sistemli xarakter almalıdır. Təsadüfi deyil ki, torpağa, Vətənə sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Çünki Vətəni yaxşı tanımadan onu sevmək, ona dərindən məhəbbət bəsləmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara davamlı və əsaslı şəkildə aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda Vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur. «Təhsil haqqında» Qanun da, məktəbin daxili qayda-qanunları da, pedaqoqun öz işinə məsuliyyəti də müasir məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb edir. Yəni bu gün formalaşan şagird yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda, vətənpərvər, dövlətçiliyimizə sədaqətli olmalıdır. Gənclərin həqiqi vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrilməlidir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki yuxarıda qeyd olunan bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır. Soaioloqların qənaətinə görə, gənc nəslin milli mənlik şüurunun formalaşmağında vətənpərvərlik başlıca faktordur. Onların düşüncəsinə əsasən vətənpərvərlik deyəndə ilkin olaraq Vətəni sevmək, ona olan ülvi hisslər başa düşülməlidir. Vətənə olan sevgi onun var olması, inkişafı uğrunda çalışmaq deməkdir. Bunun üçün canından, malından keçmək deməkdir. Hansı ki, biz hər zaman bunun fərqinə varmalı və bu istiqamətdə çalışmalıyıq. Gənc nəsli məhz bu ruhda, bu amalda tərbiyə etməliyik. Bir çox ölkələr çox uğurla bu mərhələni keçib. Qardaş Türkiyədə bunun çox gözəl örnəkləri var. Gənclərimiz hər zaman bir şeyin fərqində olmalıdır ki, savaş hələ bitməyib. Bu gün Avropanın heç bir ölkəsinin ərazisi işğal altında deyil. Son 50 ildə həmin qitədə belə problem yaşanmayıb. Bu baxımdan da Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsi digərlərindən çox fərqli bir anlam daşımalıdır. Çünki bizim torpaqlarımız işğal olunub, Qarabağ kimi ümummilli problemimiz var. İşğala son qoymaq üçün Prezidentin ətrafında sıx birləşməli və gənclərin potensialından istifadə etməliyik. Vətənpərvər gənclər bütün sahələrdə ölkənin inkişafını təmin etmək iqtidarındadır. Gənc nəslin unutqanlığı, lazımi şəkildə tərbiyə olunmaması dövlətin qarşısında olan problemin daimi qalmasına gətirib çıxara bilər. Ona görə də vətənpərvər və təhsilli gənc nəslin formalaşmasına çalışmalıyıq. Bu istiqamətdə hər kəs üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir.
Gənclərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün gənclərimiz xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşır. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Təxmini hesablamalara görə, bəşəriyyətin 32,3 faizini gənclər təşkil edir. Gənclər yaşlı nəslin əvəzediciləri, bəşəriyyətin dayağıdır. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məsələ ondadır ki, milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir, bu və ya digər hadisələrə öz münasibətini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil və insanın özünün fikir və hisslərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, formalaşır, inkişaf edir və insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir, bunun fərqinə varır. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. Proseslərə daha dərindən yanaşır. Mühakimə qabiliyyəti daha mükəmməl təsir bağışlayır.Ümumilikdə, vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bu hiss uşaqlarda tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bütövlükdə, sözügedən hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır. Ona görə də nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Belə ki, burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Gənclik çağı kimi ifadə edilən 15-30 yaşarası ömrün ən dinamik mövsümü hesab olunur. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, Vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır.
Olaylar.- 2015.- 9 dekabr.-
S.15.