İbtidai Hərbi Hazırlıq fənninin gənclərin

hərbi vətənpərvər ruhda böyüməsinə təsiri

 

Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması günümüzdə ən aktual məsələlərdən biridir. Xüsusilə Azərbaycan müharibə şəraitində olduğu üçün bu sahəyə ciddi diqqətin ayrılması zərurət tələb edir. Haqlı olaraq bir fikir vurğulanır ki, gənclərin hərbi vətənpərvər ruhda böyüməsi üçün onlara bu təbiyəni məktəb yaşlarından, hətta bağçadan vermək lazımdır. Məktəblərdə şagirdlərin hərbi vətənpərvər ruhda böyüməsində heç şübhəsiz ki, onlara keçirilən dərslərin xüsusi önəmi var. Xüsusilə bu sırada ibtidai hərbi hazırlıq dərsini qeyd etmək yerinə düşər. İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırış qabağı hazırlığının tərkib hissəsidir.

Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir. İbtidai Hərbi Hazırlıq tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün orta ümumtəhsil məktəblərində, gimnaziyalarda, liseylərdə, texniki peşə məktəblərində, peşə liseylərində, orta ixtisas məktəblərində (texnikum, kollec) dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən tədris olunur. Gənclərin ibtidai hərbi hazırlığının əsasnaməsində qeyd olunur ki, gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikasında «Hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir. İbtidai Hərbi Hazırlığa  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən rəhbərlik və nəzarət edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən gənclərin İHH və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkilinə rəhbərliyin təmin edilməsi baxımından mərkəzi aparatın strukturuna İHH üzrə mütəxəssislər daxil edilir. Rayon (şəhər) təhsil şöbələri strukturunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydada təsdiq etdiyi təhsil sistemində olan rayon və şəhər (rayon bölgüsü olmayan şəhər) metodkabinetlərinin nümunəvi ştatlarına uyğun olaraq norma üzrə müəyyən olunmuş metodist ştatları dairəsində metodist ştatı ayrıla bilər. Təhsil Nazirliyi və Müdafiə Nazirliyi İHH fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənir və tədris müəssisələri arasında yayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni təyin olunmuşya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edir, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edir.

Təhsil müəssisələrində şagird və tələbələrin hərbi vətənpərvərlik tərbiyəsi, bu istiqamətdə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili və aparılması xüsusi əhəmiyyət kəsb edir. Gənclərə Azərbaycan Respublikasının Konstitusiyası, himni, bayrağı, gerbi, vətənin və milli ordunun tarixi öyrədilir, xalqın adət-ənənələrinə hörmət, ölkənin müdafiəsində iştirak etmək və hərbi psixoloji hazırlıqlar aşılanır. Təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunur.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İHH fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələrini tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları ilə cədvəl üzrə təmin edir. Təhsil müəssisələrinə kiçik çaplı tüfənglər, tədris avtomatları, fərdi vasitələr, radiasiya və kimyəvi cihazlar rayon (şəhər) Hərbi Komissarlıqları tərəfindən, kiçik çaplı tüfənglər üçün patronlar isə Könüllü Hərbu Vətənpərvərlik və Texniki İdman Cəmiyyəti (KHVTİC) rayon (şəhər) şurası tərəfindən verilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, KHVTİC Respublika Şurası yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait və avadanlıqlarla təchiz edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, KHVTİC Respublika Şurası atıcılıq tirlərindən, poliqonlardan İHH məşğələlərinin səmərəli keçirilməsi məqsədilə təhsil müəssisələrinin pulsuz istifadə etməsinə icazə verilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrini tibbi hazırlıq üzrə tələb olunan bütün ləvazimatlarla, sanitar çantaları, xərəkləri və s. ilə təchiz edir.

Yerli icra hakimiyyətləri şəhər və rayonlarda atıcılıq öyrənən gənclərin təhlükəsizliyinə təminat verən tirlərin tikilməsini də təmin edir.

Təhsil müəssisələrində İHH fənninin və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin düzgün və keyfiyyətli tədrisi və təşkili üçün İHH maddi-tədris bazası yaradılır və təkmilləşdirilir.

Şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarını rayon (şəhər) hərbi komissarlıqları hərbi hissələrin komandirləri və ali hərbi məktəblərin rəisləri ilə yerini və vaxtını razılaşdıraraq təşkil edir. Hərbi hissələrin komandirləri, ali hərbi məktəblərin rəisləri şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarının təşkili üçün hərbi qulluqçular ayırır və döyüş patronları ilə təmin edirlər. Təhsil müəssisələrində dərsdənkənar vaxtlarda hərbi işin öyrənilməsinə xüsusi maraq göstərən şagirdlər (tələbələr) üçün maraq üzrə kurslar təşkil edilir.

İbtidai hərbi hazırlıq müəllimi hazırlayan ali tədris müəssisələrinə müddətli xidməti başa vurmuş hərbi mükəlləfiyətlilər qəbul edilməlidirlər. Gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edə bilməsi və onları hərbi xidmətə düzgün hazırlaması üçün hərbi rəhbərlərin özləri silahlı qüvvələrdə əsgərin həyatını, hüquq və vəzifələrini yaxından bilməlidir. Ali təhsil müəssisələrini ibtidai hərbi hazırlıq ixtisası üzrə bitirənlər Təhsil Nazirliyinin göndərişi ilə həmin il təhsil müəssisələrində hərbi rəhbər vəzifəsinə təyin olmalı və bu vəzifədə ən azı üç il işləməlidirlər. Gənclərin ibtidai hərbi hazırlığının maddi-texniki təchizatına hərbi kabinet, tədris silahlarının (avtomat, kiçik çaplı və pnevmatik tüfənglər), patron və hərbi sursatların saxlanması otağı, atıcılıq tiri (25,50 m. az olmayan), sıra təlimi meydançası, nişan almanı praktiki öyrənmək üçün yer, saatların və növbətçinin vəzifələrini praktiki öyrənmək, silahları təmizləmək və yağlamaq üçün yer, dərs avadanlıqlarını və ləvazimatlarını, tibbi-sanitariya avadanlıqlarını və tədrisin texniki vasitələrini saxlamaq üçün yer daxildir Hərbi kabinetlərdə İHH fənnindən başqa digər fənlərin tədrisinə icazə verilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, «Azərkinovideo» İstehsalat Birliyi ilə birlikdə təhsil müəssisələri üçün İHH aid tədris filmlərinin çəkilməsini və yayılmasını tə`min edirlər. «Azərbaycan TeleviziyaRadio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti, yaradıcılıq ittifaqları hərbi vətənpərvərlik mövzusunda bədii əsərlərin, televiziya filmlərinin yaradılmasını və göstərilməsini, mətbuat səhifələrində bu mövzuda ardıcıl olaraq materialların dərc edilməsini təmin edirlər.

Respublikanın rayon və şəhərlərində İHH rəhbərlik rayon (şəhər) təhsil şö`bələrinə və hərbi komissarlıqlara həvalə edilir. Rayon (şəhər) hərbi komissarlığı təhsil şöbələri ilə birlikdə tədris ili ərzində plan əsasında təhsil müəssisələrində ibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır. Rayon (şəhər) hərbi komissarlıqları təhsil şö`bələri ilə birlikdə İHH fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil edir, atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla onları təchiz edir. İHH üzrə metodistlə, təhsil müəssisələrini isə hərbi rəhbərlərlə təmin edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 10 dekabr.- S.15.