Vətənpərvərlyin tərbiyyəsində
milli şüurun rolu
Milli mənlik
şüurunun inkişaf etdirilməsində əxlaqi meyarlar
Heç
şübhəsiz ki, milli şüur uzun bir tarixi inkişaf
prosesinin məhsuludur. Belə ki, milli şüurun
inkişafında bütün ictimai-siyasi hadisələr – sosial
sarsıntılar, milli mübarizə motivləri öz izini
qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının
torpaqlarımızı işğal etməsi nəticəsində
təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun
inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik
şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik
milli şüurun bir komponentidir.
Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir. Azərbaycan Respublikasının Beynəlxalq aləmə çıxması, onun nüfuzlu Beynəlxalq məclislərdə təmsil olunması xalqımızda soy kökünə qayıdış, milli qürur və milli şüurun formalaşmasına, milli ləyaqətin tərbiyə edilməsinə ciddi zəmin və şərait yaratmışdır. Azərbaycan xalqı, onun ziyalısı, fəhləsi, kəndlisi, məktəblisi milli kökü, tarixi, ədəbiyyatı haqqında, özünün tarixi köklərini dərindən dərk etməyə çalışır. Hər bir vətəndaşda milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi hər bir şəxs də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində kitabxanaçılarımızın, xüsusilə uşaq kitabxanaçılarının qarşısında mühüm vəzifələr dayanır. Bu məqsədlə kitabxanaçılar məktəbli oxucuları dərsliklərdən kənara çıxararaq digər bədii nümunələrlə tanış etməli və onları həmin əsərləri oxuyub nəticə çıxarmağa istiqamətləndirməlidirlər. Məlum olduğu kimi millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.
Məlumdur ki, zəngin tarixi, mədəniyyəti olan hər bir xalqın özünəməxsus ənənə və dəyərləri var. Milli ənənələr və dəyərlər dövlətin milli ideologiyasını təşkil edir. Milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensialının real siyasi məqsədlər naminə səfərbər edilməsidir ki, dövlət də bu əsasa söykənərsə, onun varlığı daha da dayanıqlı olar. Məhz bu zaman dövlət ən çətin situasiyalardan asanlıqla çıxaraq istənilən uğurlara imza ata bilər. Məlum olduğu kimi bizim milli ideologiyamızın əsas tərkib hissəsində azərbaycançılıq dayanır. Azərbaycançılıq ideologiyası isə dildə, dində, əxlaqda, mənəviyyatda, bir sözlə mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Keçmişimizdən bu günə miras qalmış mənəvi dəyərlər də xalqımızın milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Məhz bu amili götürsək, hər bir Azərbaycan vətəndaşı öz vətəni, torpağı, xalqı, milli-mənəvi dəyərlərilə qürur duymalı, hər zaman harada olmasından asılı olmayaraq, onu yaşatmalıdır. Bu səbəbdən də gənclərimizi milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək əsas vəzifəmiz olmalıdır. Psixoloq Hilal Bəkirli qeyd edib ki, azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi olduğunu qeyd edir: “Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçib. Bütün millətlərin milli mədəniyyəti onu təmsil edən xalqın milli dəyərləri üzərində inkişaf edir. Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa, əmanətə sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq hər xalqda bizdəki qədər zəngin və çoxşaxəli xüsusiyyətlərə malik deyil. Məsələn, Aleksandr Düma Qafqaza səfərindən sonra yazmışdı ki, Azərbaycanda verilən sözün qüvvəsi vurulan möhür qədər etibarlıdır. Digər tərəfdən, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri dərin və sarsılmaz köklərə malikdir”. Mənəvi təmizlik, əxlaq gözəlliyi, milli adət-ənənələrə hörmət, gəncliyin həyatını rövnəqləndirən, onların xalqa, dövlətə vicdanla xidmət etməsinə vasitə olan bir keyfiyyətdir. Ölkəmizin hazırkı vəziyyətində respublikamıza daha çox vətənpərvər gənclər lazımdır. Milli şüura sahib olan gəncin vətənpərvər olması isə şübhəsizdir. Psixoloq Vəfa Əkbərin fikrincə, milli şüurun formalaşması ailə institutundan başlayır: “Milli şüur, öz millətini tanımaq, sevmək, onun bayrağına, gerbinə, himninə hörmətlə yanaşmaq hissləri ailədən formalaşır. Ailədə valideyn bu yöndə düzgün mövqedə olarsa, təbii ki, həmin ailədə böyüyən uşaq da bir o qədər vətənpərvər olar”. Onun sözlərinə görə, insan həm də öz üzərində çalışmalıdır. Sağlam bilgilərə malik olmalıdır: “Ailə ilə yanaşı, özünün də məsuliyyətli olmağı mütləqdir. İndiki gənclər elə bir kütlədir ki, onlara təzyiq etmək, yaxud da nəyisə başa salmaq çox çətin məsələdir. Bu səbəbdən də gəncləri uşaqlıq dövründən başa salaraq tərbiyələrini düzgün istiqamətə yönəltmək lazımdır. Uşaq yaşlarında sərbəst düşüncə tərzində yanlışlıqlar olmasın deyə, təbii ki, tərbiyədə diqqətli olmaq mütləqdir. Çalışıb uşaqlara çox qadağalar qoymamaq daha yaxşı olar. Çünki nəyi daha çox qadağan edərsənsə, uşaqda ona meyl daha artıq olacaq. Xüsusən yeniyetmələrə sərbəstlik verilməlidir. Yeniyetmələr elə bir kateqoriyadır ki onlar özlərini dünyanın mərkəzi hesab edir. Onların sağlam formalaşması bizim sağlamlığımız, ölkənin sağlamlığı deməkdir”. Mütəxəssisin bildirdiyinə görə, bu gün gənclərimizdə Avropaya meyllik daha çoxdur. Çünki onlar düşünür ki, Avropada azadlıq, sərbəstlik üstünlük təşkil edir: “Çox təəssüflər ki, Avropanın bizə qibtə etdiyi halda, gənclərdə onlara meyllik halları çoxdur. Bu da özümüzü bəyənməməkdən irəli gəlir. Əlbəttə ki, bu halda yenə də ailələrin rolu böyükdür. Ailədə verilən tərbiyə bu mənada mühüm əhəmiyyət kəsb edir. Valideynlər öz rahatlıqlarından çox, övladlarını düşünməlidir. İlk növbədə, övladına adət-ənənələrimizə, mənəvi dəyərlərimizə hörmət hissini aşılamalıdır. Əgər övladında Avropa ölkələrinə maraq varsa, onu da düzgün istiqamətləndirməyi bacarmalıdır. Gənclər özünə əmin olduqda, iradəsi düzgün formalaşdıqda nə istədiyini, harda yaşadığını bilir və nə üçün çalışdığını çox gözəl anlayır”.
Olaylar.- 2015.- 11 dekabr.- S.15.