Xalqın qəlbində yaşayan sevgi

 

ONUN ölümündən, daha dəqiq desək ölümsüzlüyündən 12 il keçir. Düz 12 il əvvəl dünyasını dəyişməsi ilə bütün Azərbaycanı matəmə qərq edən ümummilli lider Heydər Əliyev tarixin bütün dövrlərində olduğu kimi bu gün də xalqın yaddaşında xoş xatirələrlə anılır, Ona böyük ehtiram, ruhuna sayğı duyulur.

Hər kəs razılaşar ki, xalq, cəmiyyət tərəfindən bu cür münasibət heç də bütün tarixi şəxsiyyətlərə, dövlət başçılarına nəsib olmur. Yalnız ürəyi xalqla döyünən, onun xoş, firəvan gələcəyi üçün çalışan tarixi şəxsiyyətlər, dövlət başçıları bu sevgi və ehtirama layiq görülür. Necə ki, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən idi. Bu gün Mustafa Kamal Atatürkün adı qardaş Türkiyədə nə qədər qürurla, sevgi ilə çəkilirsə eynilə Azərbaycanda da xalq, cəmiyyət tərəfindən Heydər Əliyevə anoloji münasibət yer alır.

Hər kəs onunla da razılaşar ki, tarixi şəxsiyyətə qarşı olan sevgi, ehtiram əbəs yerə yaranmır. Əgər istənilən bir tarixi şəxsiyyət, dövlət başçısı xalqın deyil, yalnız öz maraqlarını düşünür, hakimiyyətdə qalmaq naminə xalqı ayaqlar altına atırsa, təbii ki, həmin şəxsə qarşı heç bir xalq sevgisindən söhbət gedə bilməz. Necə ki, yaxın tariximizdə Səddam Hüseyn, Müəmmar Qəddafi, Hüsnü Mübarək və s. timsalında bunu aydın gördük. Ancaq Heydər Əliyev kimi şəxsiyyətlərdə isə hər zaman dövlət, xalq maraqları şəxsi maraqlardan öndə dayanıb. Vətən, millət sevgisi Onu həyatını təhlükəyə atmaq riskindən belə uzaqlaşdırmayıb. Elə 90-cı illərin əvvəllərində ölkədə yaşanan proseslər, ümummilli liderin Azərbaycanı gözlənilən təhlükələrdən qurtaqmaq üçün atdığı cəsarətli, riskli addımlar fonunda bunu aydın görmək mümkündür.

Hələ 1990-cı ilin qanlı 20 Yanvar faciəsi zamanı Heydər Əliyev özünəməxsus cəsarət, vətəndaşlıq mövqeyi nümayiş etdirərək bu faciəni törədən ölkənin mərkəzində ona meydan oxudu. Ümummilli lider Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gələrək rusların Bakıda qətliam törətdiklərini dünyaya bəyanladı. Halbuki həmin ərəfədə belə bir risk etmək olduqca təhlükəli idi. Xüsusilə, Bakıda qətliam törətmiş bir ölkənin paytaxtında bunları söyləmək böyük cəsarət tələb edirdi. Eyni zamanda bu hər bir kəsin həyatı bahasına başa gələ bilərdi. Ancaq Heydər Əliyev bütün bunları nəzərə almadan öz həyatı bahasına da olsa dar gündə xalqın yanında olmağa, onun səsini dünyaya çatdırmağa üstünlük verdi. Bu məqamda bir xüsusu da qeyd etmək yerinə düşər ki, həmin ərəfədə Rusiyada kifayət qədər tanınmış simalar, ziyalılarımız da vardı. Lakin Heydər Əliyevdən fərqli olaraq heç kim belə bir risk edə bilmədi. Və Rusiyanın özündə rusların gözünün içinə baxa-baxa onu qatil adlandırmadı.

Ümummilli lider tərəfindən daha bir cəsarətli addım 1993-cü ilin iyununda atıldı. Ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğu, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir ərəfədə xalq özünün xilaskarına, Heydər Əliyevə üz tutdu. Etiraf etmək lazımdır ki, həmin dövrdə ölkənin siyasi rəhbərliyi, eləcə də Azərbaycanı parçalamaq niyyəti ilə yaşayan ekstremistçi qüvvələr Heydər Əliyevin qətiyyən Bakıya gəlməsi, onun prosesləri nizama salmasını istəmirdi. Hətta bunu önləmək, Heydər Əliyevin yaranmış vəziyyəti nizama salmaq cəhdinin qarşısını almaq üçün ümummilli liderin həyatına sui-qəsd törətmək kimi mümkün variantlar üzərində də düşünülürdü. Lakin yenə də Heydər Əliyev cəsarət nümayiş etdirərək xalqın səsinə səs verdi, Bakıya qayıtdı. Bununla kifayətlənməyərək həyatını böyük təhlükə qarşısında qoyaraq o zaman kriminal qruplaşmaların beşiyi hesab edilən Gəncəyə gedib qısa müddətdə mövcud kriminoloji durumu yoluna qoydu Və uğurlu siyasi və taktiki gedişləri ilə ölkədə siyasi sabitliyi bərpa etdi, Azərbaycanı parçalanmaqdan qurtardı.

Heydər Əliyevin digər bir cəsarətli addımının xalq 1994-cü ilin sentyabrında, “Əsrin müqaviləsi”nin imzalanması ilə şahidi oldu. Heç kəsə sirr deyil ki, “Əsrin müqaviləsi”nin imzalanması həmin dövrdə Rusiyanın maraqlarına qətiyyən uyğun deyildi. Belə bir sazişin qarşısının alınması üçün Kreml Azərbaycan hakimiyyətinə, xüsusilə ümummilli lider Heydər Əliyevə qarşı bütün mümkün təzyiq və təsir vasitələrindən istifadə edir, Heydər Əliyevi bu prosesdən çəkindirməyə çalışırdı. Lakin hər zaman olduğu kimi ümummilli lider həmin dövrdə də cəsarətlilik, əzmlilik nümayiş etdirirək Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.

Ümumiyyətlə, Heydər Əliyev istər Sovet hakimiyyəti illəri, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər zaman xalqın rifahı, xoş gələcəyi naminə cəsarətli, hətta həyatı üçün riskli olan addımlar atıb. Bir şərtlə ki, atılan bu addımdan qazanan Azərbaycan xalqı olsun. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər, mövcud imkanları, malik olduğu potensial məhz ümummilli lider Heydər Əliyevin zamanında atdığı cəsarətli addımlarının nəticəsidir ki, məhz bu səbəbdən xalq Heydər Əliyevi daim sevgi, ehtiramla yad edir, onu qəlbində yaşadır. 12 il keçməsinə baxmayaraq xalqın Heydər Əliyevə olan sevgisi zərrə qədər də azalmayıb. Əksinə daha da artıb.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2015.- 12-14 dekabr.- S.5.