"Suraxanı rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər"

 

Qədim mədəni və tarixi abidələri ilə şöhrət qazanmış Suraxanı rayonu cari ildə daha bir möhtəşəm yeniliyə imza atdı. 2015-ci ilin aprelin 26-da Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq qoruğunda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etdilər. Azərbaycanın dünyaya tanıdılmasında mənbə rolunu oynayan Suraxanı rayonu sosial-iqtisadi inkişaf baxımından da xeyli irəliləmişdir. Belə ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanıda abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına əlverişli şərait yaratmışdır. Sirr deyil ki, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Ölkəmizin iqtisadi, sosial və mədəni sahələrdə yeni uğurlar qazanılmasında Suraxanı rayonunun da xüsusi payı var. Bu uğurlar Suraxanı rayonunda əldə edilən göstəricilərdə də özünü qabarıq büruzə verir. Belə ki, cari ildə rayonda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2 milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əmək haqqı 546,4 manat təşkil etmiş, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 2355 yeni iş yeri açılmışdır. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuşdur ki, onların 4-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil etmişdir. Etiraf edilməlidir ki, sözügedən “Dövlət Proqramı”nın uğurlu icrası rayonun simasının dəyişməsinə və tərəqqisinə öz müsbət təsirini göstərmişdir.

 

Suraxanı rayonunun Birinci

Avropa Oyunlarına töhfəsi

 

Rayonda həyata keçirilən quruculuq abadlıq işləri çərçivəsində Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrin köməkliyi ilə abadlıq-quruculuq işləri görülmüş, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulmuş, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənmiş, ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənmişdir. Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar RİH-in təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmışdır. Qısa dövr ərzində Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulmuş, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni park salınmış, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12,0 min kv.m yaşıllıq salınmışdır. Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kv.m. sahəyə asfalt vurulmuş, 5042 p.m. bordur düzülmüş, 3252 kv.m səki asfaltlanmış, 2826 p.m. səki borduru düzülmüş, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilmiş, işıq dirəkləri və çilçıraqlar quraşdırılmışdır. Bundan əlavə 5,1 min kv.m. aqlay daşından üzlük işləri, 3,4 min kv.m. hörgü və 10,7 min kv.m. suvaq işləri görülmüş, 2,3 min kv.m. tamet döşənmiş, 42,1 min kv.m-lik sahə rənglənmiş, 629 kv.m. yeni dam örtükləri quraşdırılmış və digər abadlıq işləri görülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, Birinci Avropa Oyunları Suraxanı idmançıları üçün çox uğurlu olmuş, karate idman növü üzrə Ayxan Mamayev qızıl, sambo üzrə Vasif Səfərbəyov gümüş medal, qılıncoynatma idman növü üzrə Sevil və Sevinc Bunyatova bacıları 1 gümüş və 1 bürünc medal qazanmışlar.

 

Təhsil və ekoloji durum yaxşılaşır

 

Ümumiyyətlə bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilmiş, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilmişdir. Suraxanı rayonunda ekoloji məsələlərin həllinə diqqət artırılmışdır. Dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılmışdır. Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulmuş, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilmiş, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilmişdir.

 

Əhalinin sosial müdafiəsi

diqqət mərkəzindədir

 

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmışdır. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilmiş, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilmiş, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilmiş, 58 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzində və sanatoriyalarda istirahət etmişlər. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 27748 təqaüdçüyə xidmət göstərilmiş,bir nəfərə düşən orta aylıq təqaüdün məbləği rayon üzrə 194,5 manat təşkil etmişdir. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət etmiş 992 nəfərdən 476 nəfəri işlə təmin olunmuş, 71 nəfərə işsiz statusu verilmiş, 71 nəfərə işsizlik müavinəti verilmiş, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunmuş, rayonun ümumtəhsil məktəblərində 906 nəfər peşəyönümünə cəlb edilmişdir. Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilmiş, rayon əhalisinin 67,4 %-i və 124 kollektiv tibbi müayinədən keçmiş, aşkarlanmış xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunmuş, 704 nəfərin sağlamlığı bərpa edilmişdir. Ötən dövr ərzində RİH-in təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmişdir. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları tətbiq edilmiş kitabxana, konfrans salonu, təlim kursları 7 ildən artıqdır ki, rayon əhalisinə xidmət göstərir. Rayon rəhbərliyi daim çalışır ki, bu möhtəşəm Mərkəzin imkanlarından sakinlər daha geniş istifadə etsinlər. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 56 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanmış, Mərkəzdə 2015-ci ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, ümumtəhsil məktəblərində Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə açıq dərslər, yeni ailə quran 5 gənc ailənin nikah mərasimi keçirilmişdir. Rayonda gənc nəslin sağlam böyüməsinə xidmət edən narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində “Gələcəyimizi qoruyaq” adlı və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirilmişdir.

 

Qəzalı evlərin sakinlərinə

xüsusi qayğı göstərilir

 

Bütün sadalananlarla yanaşı, Suraxanı rayonu həllini gözləyən problemlərdən də xali deyil. Bu problemlərdən ən ciddisi - rayon ərazisində qəzalı evlərdə yaşayan sakinlərə, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilməsidir. Ərazidə yaranmış vəziyyətin ciddiliyi və hər an insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalının yüksək olduğu nəzərə alınaraq sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 26 qəzalı evin boşaldılmasına dair Suraxanı RİH tərəfindən rayon məhkəməsində qaldırılmış iddialar təmin edilmiş, 22 ailə RİH-in daxili imkanları hesabına kirayə evlərə köçürülmüşdür. Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Hazırda rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq Qərargah yaradılmış, həyata keçiriləcək tədbirlər planı təsdiq edilmiş, payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur. İnamla demək olar ki, görüləcək işlər nəticəsində Suraxana rayonunun siması dəyişməklə yanaşı, onun respublikanın iqtisadi inkişafında xüsusi çəkisi artacaq.

 

Alim Hüseynli

 

Məqalə Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır

 

Olaylar.- 2015.- 15 dekabr.- S.10.