Milli qəhrəmanların təbliği gənclərin

vətənpərvər ruhda tərbiyəsinə stimul verir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması günümüzdə ən vacib və aktual məsələlərdən biri olduğu üçün ölkədə fəaliyyət göstərən əksəriyyət gənclər və qeyri-hökumət təşkilatları bu sahəni xüsusi diqqətdə saxlayırlar. Onların müntəzəm olaraq bu istiqamətdə həyata keçirdiyi layihələr gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması məqsədilə müntəzəm olaraq layihələr həyata keçirən qeyri-hökumət təşkilatlarından biri də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsidir.

Daha çox milli qəhrəmanların təbliği, onlar barədə yetişməkdə olan gənc nəsildə məlumat formalaşdırılması istiqamətində layihələr həyata keçirən “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi bu məqsədlə müxtəlif nazirliklər, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və s. qurumlarla yaxından əməkdaşlıq edir. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi sözügedən sahədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daha geniş formatda əməkdaşlıq edir, nazirliyin dəstəyi ilə layihələr həyata keçirir. Belə layihələrdən biri nazirliyin dəstəyi ilə reallaşdırılan “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili”dir.  Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edib.  Layihə çərçivəsində Gəncədə keçirilən “Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda dəyirmi masada çıxış edən “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsinin rəhbəri Əvəz Rüstəmov  bildirib ki, çoxəsrlik qəhrəmanlıq ənənələrinə malik Azərbaycan xalqının əldə etdiyi ən böyük nemət dövlətçilikdir: “İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də yeni və ən yeni tarix mərhələsində məhz qəhrəmanlıq keyfiyyətlərinə sadiqlik nəticəsində dövlət qurmağı və onu qorumağı bacarmışıq. Hesab edirik ki, Vətən torpaqları uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini yaşatmaq təkcə mənəvi borc deyil, eyni zamanda Azərbaycanın gələcəkdə də müstəqil dövlət kimi öz varlığını sürdürməsi baxımından son dərəcə önəmlidir. Mövcud layihə həmin önəmi dəyərləndirmək, cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, milli qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılması ilə bağlı ölkə miqyasında gedən proseslərə dəstək göstərilməsini nəzərdə tutur”. Əvəz Rüstəmov milli qəhrəmanların sistemli dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək bu prosesdə, ümumən şəhid ailələrinə, müharibə veteranlarına həssas yanaşılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm rol oynadığını bildirib. Layihəni Nazirliyin sosial yönümlü tədbirlərinə əlavə ictimai dəstək kimi dəyərləndirib.

Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov isə Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsinin, onların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan layihənin əhəmiyyətini yüksək qiymətləndirən H.Budaqov xüsusən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib. Dəyirmi masada çıxış edənlər cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildiriblər ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. Bu baxımdan media peşəkarlığının aspektlərinə nəzər salınıb, müxtəlif situasiyalar təhlil olunub.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin milli qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda anoloji tədbiri Tərtər rayonunda baş tutub.  Dəyirmi masanı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov açaraq bildirib ki, Tərtər həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olan diyarlarımızdandır. Tərtər əhalisi Qarabağ uğrunda gedən döyüşlərdə mətinlik göstərib. Cəbhəyə yaxın yerləşməsi bölgənin daim diqqət mərkəzində olmasını şərtləndirən amillərdəndir. Buna görə də rayonda milli vətənpərvərlik təbliğatının aparılması davamlı vəzifələrdəndir. Tərtər rayon rəhbərliyi də fəaliyyətində bunu rəhbər tutur. O, “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində baş tutan tədbirin bu baxımdan əhəmiyyətli olduğuna diqqət çəkib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildirib ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. O bu baxımdan media peşəkarlığının müxtəlif aspektlərinə nəzər salıb, konkret situasiyaların təhlilini aparıb.

Qarabağ müharibəsinin iştirakçısı, Respublika Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsi işinə həssas yanaşılmasının zəruriliyini önə çəkib.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində növbəti görüş bu günlərdə Yevlax şəhərində baş tutub.

Dəyirmi masanı giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatın aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, Yevlaxda milli vətənpərvərlik təbliğatının aparılması davamlı vəzifələrdəndir. Şəhər rəhbərliyi də fəaliyyətində bunu rəhbər tutur. O, mövcud xüsusda “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsinin önəminə diqqət çəkib. Layihə çərçivəsində “Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı dəyirmi masanın vətənpərvərlik təbliğatına ictimai dəstək baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında sözügedən layihə barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2015-ci ilin əvvəlindən başlayaraq reallaşdırılmaqdadır. “Layihə çərçivəsində indiyədək bu mövzuda dəyirmi masalar keçirilib. Eyni zamanda hər ay jurnalist Milli Qəhrəmanlardan birinin həyat və fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Əlbəttə, vətənpərvərlik təbliğatında media başlıca vasitədir. Medianın fəaliyyəti təbliğatın tələblərinə adekvatdırmı?”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək mövcud prosesdə medianın xarakterik fəaliyyət formalarından söz açıb. O bildirib ki, əksər hallarda media orqanları cəmiyyətin bu mövzuda onlardan olan gözləntilərini doğrultmurlar. Konkret misallar üzərində dayanan S. Verdizadə toplantı iştirakçılarının suallarını da cavablandırıb.

Yevlax Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, kapitan Rövşən Məmmədov Milli Qəhrəmanların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. Ümumən hərbi vətənpərvərlik təbliğatının gənclərə və yeniyetmələrə məktəblərdə aşılanmalı olduğunu diqqətə çatdıran R.Məmmədov mövcud istiqamətdəki praktik tədris imkanlarının zəifliyindən söz açıb. O, şagirdlərin silahla davranmalarının öyrədilməsi üçün əyani şəraitin yaradılmasının vacibliyini əsaslandırıb.

Çıxış edənlərdən Yevlax Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Fəxrəddin Zeynalov, Yevlax şəhər 5 saylı orta məktəbin direktor müavini Elman Əlibəyli və başqaları Milli Qəhrəmanların, eləcə də müharibədə şücaət göstərmiş digər şəxslərin cəmiyyətə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıblar. Bu işdə xüsusən də telekanalların üzərinə böyük missiyanın düşdüyünü bildirən natiqlər televiziya ekranlarında vətənpərvərlik mövzusundakı filmlərin, serialların nəzərə çarpacaq dərəcədə azlığından narahatlıqlarını ifadə ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 16 dekabr.- S.15.