Ümid sənədir, Azərbaycan əsgəri!

 

Məlumdur ki, ziyaların, millət vəkillərinin, veteranların, xüsusən də Müdafiə Nazirliyinin rəhbər şəxslərinin cəbhə bölgələrinə səfərləri hərbçilərin döyüş əhval-ruhiyyəsinin artmasında müstəsna rol oynayır. Qeyd edək ki, son illərdə belə səfərlər intensiv xarakter alıb. Elə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunub. Z. Həsənov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib. Müasir avadanlıqlarla təmin edilən Ön İdarəetmə Mərkəzində olan Müdafiə naziri onun fəaliyyəti, qoşunların daimi idarə olunması, birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, rabitə və elektron vasitələrin dayanıqlığı və əhatə dairəsi, eləcə də döyüşya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb. Xatırladaq ki, bir neçə gün öncə də nazirliyin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışında iştirak etmişdi. Səfər çərçivəsində nazirliyin rəhbərliyi inşa edilən qərargah, əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub. Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: “Bu gün ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Ali Baş Komandanın göstərişinə əsasən cari ildə artıq yeni tikilmiş onuncu hərbi şəhərciyin açılışını həyata keçiririk. Ən müasir, bütün avadanlıqlarla təchiz olunan hərbi hissə şəxsi heyətin istifadəsinə verilir. Xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm cənab Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Dövlətin və xalqın etimadını doğrultmaq üçün biz gərək gecə-gündüz çalışaq və xidməti-döyüş hazırlığımızı yüksək səviyyədə təşkil edək. Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi əsas və müqəddəs vəzifə dayanır. Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu sayda itkilər verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq. Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik. Onda düşmən Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcək. Məqsədimiz düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır. Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”. Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi ərazi ilə tanış olub, müvafiq göstəriş və tövsiyələrini verib, hərbi qulluqçularla birlikdə nahar ediblər. Ekspertlər hesab edirlər bu cür cəfərlər heç şübhəsiz ki, hərbu quuluqçuların döyüş ruhunu yüksəltməklə yanaşı gənclərin orduya inamını da artırır. Bu isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasımda əsas amil kimi çıxış edir. Digər tərəfdən, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Dağlıq Qarabağ probleminin sülh yolla həllinə nail olmaq imkanlarını da artırır. Elə bir sıra xarici ölkələrin yüksək rütbəli nümayəndələri və ATƏT-in Minsk arupunun üzvləri də münaqişənin dinc yolla həllinin mümkünlüyünü etiraf edirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır: “Bura Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Qeyd edilməlidir ki, ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır. Buraya Helsinki Yekun Aktı və güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə, ərazi bütövlüyüöz müqəddəratını təyin etmə prinsipləri daxildir. Nə biz, nə də Ermənistan da daxil olmaqla, başqa bir ölkə Dağlıq Qarabağdakı rejimi tanımır”. Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir Belqradda keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında deyib ki, Fransa ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin davam etdirilməsinə sadiqdir. Moldova Xarici İşlər Nazirliyinin İkitərəfli əlaqələr üzrə idarə rəisi Aleksandr Qodreanun qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: “Biz beynəlxalq səviyyədə də Azərbaycanla əməkdaşlıq edirik. Ölkələrimizin rəsmən bir-birinin müstəqilliyini tanıması ölkənin ərazi bütövlüyünü tanınması deməkdir. Moldova Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyır. Təbii ki, bu əraziyə aid olduğu üçün birmənalı olaraq Dağlıq Qarabağı da Azərbaycanın ərazisi kimi tanıyırıq”. Lakin bunlardan fəqli olaraq ölkələr var ki, Dağiıq Qarabağ münaqişəsinə ikinci dərəcəli bir məsələ kimi baxırlar. Məsələn, Avropalı ekspert Mattias Dornfeldt hesab edir ki, Almaniya ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinə prioritet diqqət ayırmayacaq. Hərçənd postsovet məkanında dondurulmuş münaqişələr problemi təşkilatda Berlinin gündəliyinə daxil olacaq. Göründüyü kimi ümid yalnız Azərbaycan əsgərinə qalır. Torpaqlarımızı hər an düşmət taodağından azad etməyə hazır olan əsgərlərimiz təbii ki, vətənpərvər, döyüş əzimli olmalıdırlar. Hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan əsgəri hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. Hərbi-siyasi mütəxəssislərin böyük əksəriyyəti Azərbaycanın işğaldakı ərazilərini hərbi əməliyyatlar yolu ilə azad etməsini tamamilə mümkün hesab edir. Bu qəbildən olan ekspertlərin qənaətincə, hər il müntəzəm surətdə artan maliyyə vəsaitləri hesabına daha da güclənən Azərbaycan ordusu qısa, ildırımsürətli müharibə hesabına qarşısına qoyulan istənilən tapşırığı uğurla yerinə yetirməyə qadirdirsiyasi hakimiyyət ordunun bu gücündən istifadə edəcək. “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov müharibə ehtimalını istisna etmədiyini bildirib: “Artıq yeni təqvim ilimiz yavaş-yavaş sürət götürür. Bütün cari işlərlə yanaşı, hamını bir vacib sual düşündürür: görəsən növbəti ildə Qarabağ savaşı başlaya bilərmi? Mən hər zaman demişəm ki, bu savaş istənilən an alovlana bilər. Çünki 23 ildən artıqdır ki, beynəlxalq qurumlar bizə yalnız vədlər verməklə məşğuldurlar. Vaxt isə gedir. ATƏT-in Minsk qrupu öz kefində, işində-gücündə. İşğalçı da həmçinin. Ona görə də, yeganə ümid Azərbaycan əsgərinə qalır. Son vaxtlar həm Ali Baş Komandanın, həm də müdafiə nazirinin çılxışlarına diqqət etsək, döyüşlərin başlamaq ehtimalı ilə bağlı bəzi işartıları görə bilərik. Amma yenə mən hesab edirəm ki, döyüşlər başlasa da, bu uzun müddətli deyil, qısa, lokal xarakterli doyuşlər ola bilər. Mən şəxsən istəyirəm ki, hərtərəfli hazır vəziyyətdə olan Silahlı Qüvvələrimiz belə bir əməliyyata başlasalar, uğur bizim olacaq. İnşallah, hesab edirəm ki, o gün də çox uzaqda deyil”. Politoloq Qabil Hüseynli isə müharibə ehtimalının real görünmədiyini vurğulayıb. Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yeni bir savaşın başlanmasına mane olan olduqca çox amil mövcuddur: “Müharibə təhlükəsi ola bilər. Amma müharibənin baş verməsinə əngəl törədən amillər də həddindən artıq çoxdur. Qərb ölkələri, hətta Rusiyanın özü də bölgədə müharibənin olmasını istəməz. Çünki Rusiyanın vəziyyəti ağırdır. Müharibə Qərbin regiondakı nüfuzuna da ciddi xələl gətirə bilər. Bir sözlə, regionda maraqları olan ölkələr müharibənin baş verməsini istəmir. Bu baxımdan, məncə, 2015-ci ildə sülh istiqamətində danışıqlar aparıla, müxtəlif təşəbbüslər irəli sürülə bilər”. Millət vəkili Aydən Mirzəzadə qeyd edib ki, erməni liderlərinin apardıqları siyasət Ermənistanın maddi vəziyyətini pisləşdirib. Nəticədə Ermənistan hakimiyyəti və ordusuna bir inamsızlıq sindromu yaranıb, eyni zamanda cəbhə xəttində erməni provokasiyasına Azərbaycan ordusunun layiqli cavabı Azərbaycanın artıq bir güc olduğunu göstərir. Artıq bunu Ermənistanın özü də etiraf etməyə məcburdur: “Hələlik isə nəticə ondan ibarətdir ki, uzun müddət danışıqlar masasından yayınan Ermənistan cəbhə xəttində Azərbaycan ordusundan layiqli cavablar alandan sonra yeni görüşlərə təşəbbüs göstərir. Ekspertlərin fikrincə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən son görüş danşıqların yeni mərhələsinin başlanğıcıdır. Bu danışıqlar prezidentlərin növbəti görüşü üçün zəmin yaradıb. Bəllidir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Həmin görüşdə yaranmış vəziyyət, danışıqların ölü nöqtədən tərpədilməsi və digər məsələlərin müzakirə ediləcəyi istisna deyil”. Onun sözlərinə görə, Azərbaycan Ordusu indi əvvəlkindən daha güclüdür. Hər bir Azərbaycan vətəndaşı da əsgər paltarını geyinib ermənilər tərəfindən işğal edilən torpaqlarımızı azad etməyə hazırdır. İndi hər şey Ermənistanın tutacağı mövqedən, yəni sülh və ya müharibə yolundan asılıdır. Azərbaycan isə istənilən halda işğal altındakı torpaqlarını azad etməkdə qərarlıdır və buna qadirdir!

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 17 dekabr.- S.15.