Fərdlərin vətənpərvər bir şəxs kimi yetişməsində

vətəndaş mühitinin rolu az deyil

 

Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətən və yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on kilometrlərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.

Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Bunun üçünsə insanın ilk növbədə vətənpərvər olması başlıca şərtdir. Əgər insan vətənpərvər olmazsa onu sevə, qoruya bilməz.

Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını  təmin etməyə çalışmaqdır.

Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən, hər nə bahasına olursa olsun müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə, mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.

Vətən qarşısında vəzifələrimiz isə yaşadığımız dövlətin qanunlarına və rəhbərlərinə itaət etmək, hərbi xidmət borcunu yerinə yetirmək, vergi vermək və s.dir. Vətənin müdafiə və mühafizəsində səfərbər olmaq, Vətənin inkişaf etməsi, vətəndaşların xoşbəxt və firavan həyat yaşamaları üçün səy göstərmək, Vətənin inkişaf etməsi üçün əxlaqlı, keyfiyyətli, bilikli, təhsilli, mədəni və problemsiz insan olmaq da başlıca şərtlərdəndir

Vətəni qorumaq millət və dövləti qorumaqdır. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan ictimai vicdandır. Millət dinini, imanını, tarixini, mədəniyyətini, doğrunu-əyrini vətənində tanıyır. Vətən insanlığımızı müqəddəsləşdirən bir məsələdir. Biz onun bağrında yetişir, boya-başa çatırıq.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.

Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.  Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.  Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir  kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.

Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.” İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.

Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır.

Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.

Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.

Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır.

Quran-i Kərimdə Allah Təala buyurur ki: “Müsəlman müsəlmanın qardaşıdır.” İnsan qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır.

Vətənimizin atributları bizim üçün müqəddəsdir.

Bayrağı sevmək, onu uca tutmaq da bir vətən övladı kimi borcumuzdur. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.

Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.

Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də  himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir. Fərdlərin vətəndaş, vətənpərvərlik hisslərinə sahib bir şəxs kimi yetişməsində vətəndaş mühitinin rolu az deyil. Bu mühitin ilk nümayəndələri isə ixtisas sahəsindən asılı olmayaraq, müəllimlərdir. Vətənpərvərlik bir hiss kimi Tanrı tərəfindən bütün insanların xislətində kodlaşdırılmışdır. Lakin bu hissin, duyğunun da gələcəkdə həyat amalına, həyat mübarizəsinə çevrilməsi üçün tərbiyəyə ehtiyacı var. Məhz bu tərbiyədə müəllim əməyi xüsusilə qeyd olunmalıdır. Müəllim ömrünün son anına qədər Vətən məfhumunun ən ali ideyalarla daşıyıcısı olmağı bacarmalıdır. Beləliklə, həmin müəllim Vətən məhəbbəti ilə yoğrulmuş əsl vətəndaşlıq nümunəsinə çevrilər. Cəmiyyətdə belə insanların çoxluq təşkil etməsi isə vətəndaş cəmiyyəti, vətəndaş mühitinin yaranması deməkdir. Yeniyetmələrin və gənc nəslin belə bir mühitdə böyüməsi, heç şübhəsiz ki, insan amilinə xidmət edən hər bir dövlətin ən ümdə arzularındandır. Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin. Vətənin sərvətinin, vətəndaşın sahib olduğu milli və mənəvi dəyərlərin qorunması, hətta yaşadığımız şəhərdə, qəsəbədə, kənddə yaradılmış yeniliklərin hörmət və ehtiramla mühafizə edilməsi də vətənpərvərlik hissinin elementləridir. Bu gün ölkəmizdə bütün sahələrdə özünü göstərən dinamik inkişaf və onun bəhrələri, unudulmamalıdır ki, məhz vətəndaşlar üçündür. Bizim borcumuz isə bu bəhrələri qorumaq, “mənimdir” deyib əsl vətəndaş kimi bu tərəqqiyə sahib çıxmaqdır. “Mənə nə” deməklə nəinki vətənpərvərliyimizi, vətəndaşlığımızı, Tanrının bizə bəxş etdiyi adı belə itirmiş olarıq. Bu isə insanlığın sonu deməkdir.

Başqa sözlə, qorumaq təkcə dövlətin yox, həm də vətəndaşların vəzifəsidir. Bizim olanı bizə əmanət qoyulduğu kimi gələcək nəsillərə çatdırmaq üçün dövlətin bu niyyətlə həyata keçirdiyi tədbirlərin bilavasitə, özü də fəal iştirakçıları olmağı bacarmalıyıq. Bu zaman vətəndaşlıq nümayişindən, vətənpərvərlik duyğusunun mövcudluğundan söhbət gedə bilər. Şübhəsiz ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda belə insanların sayı çoxdur. Amma sayca çox yox, kifayət qədər olmalıyıq – xüsusilə yaşadığımız zamanda. O zaman ki, Yer üzü binə olandan bizim olana kimlərsə son iki əsrə yaxın bir müddət ərzində sahib çıxmağa çalışırlar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 18 dekabr.- S.15.