Erkən nikah faciəsi
və 15 yaşlı ana
Bütün dünyada müşahidə
olunan erkən nikah məsələsi Azərbaycanda da aktual
problemlərdən hesab olunur. BMT-nin qiymətləndirmələrinə
əsasən, dünyada hər il 14,2 milyon nəfər 18
yaşına çatmamış qız nikaha daxil olur.
Başqa sözlə, hər gün 39 mindən çox erkən
nikah baş verir.
Belə vəziyyət
davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər
18 yaşına çatmamış qız erkən nikaha girəcək.
Hesablamalara görə, onların 13,2 %-ini və ya 9,2 milyon nəfərini
15 yaşına çatmamış qızlar təşkil
edir. Sirr deyil ki, respublikanın şimal, cənub bölgələrində,
xüsusən də Bakıətrafı qəsəbələrdə,
konkret olaraq Nardaran kəndində qızların erkən
yaşda ərə verilməsi faktları baş verməkdədir.
Məsələ orasındadır ki, erkən nikahlar gizlin
saxlandığından və rəsmi qeydiyyata
alınmadığından onların dəqiq
statistikasını aparmaq mümkün deyil. Buna baxmayaraq,
ortada statistik məlumat var. Statistika Komitəsinin məlumatına
görə, 2014-cü ildə qeydə alınmış 84912
nikahdan 479-u 18 yaşına çatmamış qızlarla,
2-si isə 18 yaşına çatmamış oğlanlarla
olub. Digər tərəfdən, diri doğulan uşaqların
sayında rəsmi qeydə alınmamış nikahda olan
qadınlar tərəfindən doğulan uşaqların
xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların
61,6 %-i kənd yerlərində yaşayanlardır. Əgər
1990-cı illərdə rəsmi qeydə alınmamış
nikahda olan qadınlar tərəfindən doğulan
uşaqların sayı şəhər yerlərində
üstünlük təşkil edirdisə, 2003-cü ildən
etibarən bu göstərici kənd yerlərində daha
çox olub.
Erkən nikah qızları təhsildən
yayındırır
Ekspertlərin
qənaətinə görə, erkən nikah sosial məsələ
olduğundan onun tamamilə aradan qaldırılması
mümkün deyil. Nəticədə bu sosial bəlanın
vurduğu ziyanın təsirini cəmiyyət
daşımalı olur. İlk növbədə qeyd edək
ki, erkən nikah şagirdlərin, xüsusilə də
qızların təhsildən yayınması ilə
yekunlaşır ki, nəticədə gənclər
arasında savadsızlıq sindromu genişlənir.
Sabadsız gənclərin iradəsi zəif olduğundan
onları təsir altına salmaq daha asan olur. Biz bunun nümunəsini
Nardaran hadisələrində gördük. Təhsildən
yayınan məktəblilər ekstremist qüvvələrin
diktəsilə siyasi şüarlar səsləndirirdilər. Məlumata
görə, 2004-2005-ci tədris ilində dövlət və
qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində
1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər
təşkil edib. 2014-2015-ci tədris ilində isə 11-ci
sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər
olub. 2004-2005-ci tədris ilindən təhsil alan şagirdlərin
10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil
müəssisələrinə qəbul olunduğunu nəzərə
alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi
qənaətinə gəlmək olar. Bu şagirdlərin
61,8%-i kənd yerlərinin payına düşür.
Araşdırmalar göstərib ki, məktəbdən
yayınan bu şagirdlərin əksər hissəsi erkən
nikah qurmuş qızların payına düşür.
Göründüyü kimi, yeniyetmə qızların erkən
nikaha daxil olması təhsildən yayınma hallarını
da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi
göstərib ki, həmin il ərzində respublikanın cənub
bölgəsindən ali məktəblərə sənəd
verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil
edir. Təbii ki, bu, bizim qızların erkən
yaşlarından təhsil hüququndan məhrum edildiyini
göstəricisidir. Təkcə respublikanın cənub
bölgəsindən ali məktəblərə sənəd
verənlərin cəmi 10 faizinin qızlar olması,
onların erkən yaşlarından təhsil hüququndan məhrum
edildiyini təsdiqləyir.
Erkən nikahlar aztəminatlı ailələrdə
geniş yayılıb
O da bəllidir
ki, erkən nikah ailələrdə bir sıra əlavə
problemlərə gətirib çıxarır. Belə ailələrdə
nikahın tez bir zamanda pozulması, xəstə
uşaqların dünyaya gətirilməsi, məişət
zorakılığı, fiziki-psixoloji çətinliklər
kimi hallar daha çox müşahidə olunur. DSK-nin məlumatına
əsasən, 2014-cü ildə respublika üzrə 170503 diri
doğulan uşağın 3296 nəfəri, o cümlədən
şəhər yerlərində 1054, kənd yerlərində
2242 nəfəri 15-17 yaşlı anaların payına
düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına
qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü
uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə
158 nəfəri 3-cü uşaq dünyaya gətirib. Əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini
İdris İsayev bildirib ki, araşdırmalar erkən
nikahların əsasən aztəminatlı ailələrdə
geniş yayıldığını göstərir: “Lakin aztəminatlı
olmaq erkən nikaha heç vaxt əsas yarada bilməz.
Çünki bu gün Azərbaycan kifayət qədər
geniş əhali kateqoriyalarını əhatə edən
sosial təminat sisteminə malik bir ölkədir.
Araşdırmalar kənd qızlarının işlə təmin
olunmalarındakı müəyyən çətinliklərin,
bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin
erkən nikahların səbəblərindən biri olduğunu
göstərir”. İ.İsayev araşdırmaların nəticələrinə
əsasən, erkən nikahların səbəblərindən
birinin də kənd yerlərində yaşayan kişilərin
əmək miqrasiyası ilə bağlı olaraq qızlar
arasında ailə qura bilməmək qorxusundan irəli gəldiyini
qeyd edib. Nazir müavininin səsləndirdiyi fikirlər əsaslı
hesab oluna bilər. Məsələn, Şəffaflıq Azərbaycan
təşkilatının araşdırmalarına görə,
respublikanın cənub bölgəsində-Lənkəran, Cəlilabad,
Masallı, Yardımlıda erkən nikah problemi baş alıb
gedir. Belə ki, 14-15 yaşında qızlar kəbinlə ərə
verilir. Bir neçə ildən sonra isə bu ailələrin
bir qismi dağılır, Əksər hallarda isə kişi
Rusiyaya işləməyə gedir və qayıtmır.
Qadın iki-üç uşaqla tək qalır. Rəsmi
nikahı olmadığına görə məhkəmə
yolu ilə aliment də ala bilmir. Bu qadınlar ünvanlı
sosial yardım üçün Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər ki,
bu da ciddi bir problemdir. Bu vəziyyət bir tərəfdən
ünvanlı sosial yardım vasitəsinin yükünü
ağırlaşdırır, digər tərəfdən isə
bu cür ailələrdə olan uşaqların ataları
heç bir məsuliyyət daşımırlar.
Erkən nikahlarda valideynlərin rolu
Xatırladaq
ki, dünyada erkən nikahların səbəbləri müxtəlifdir.
Onların bəziləri ümumi xarakterli, əksəriyyəti
ölkələr və regionlar üzrə fərqlidir. Bu
baxımdan erkən nikahların qarşısının
alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi
və sərtləşdirilməsi hesabına mümkün
deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və
ictimaiyyətin bütün təbəqələrinin, o
cümlədən dövlət orqanlarının birgə
aktiv səylərini tələb edir. Erkən
nikahlarının sayının artmasında elə valideyinlərin
də suçu kifayət qədərdir. Şəffaflıq
Azərbaycan Təşkilatının direktoru Rəna Səfərəliyevanın
sözlərinə görə, erkən nikah problemini yaradan
valideynlər övladlarının gələcəyini fikirləşməlidirlər.
Çünki qızlarının ailəsi
dağıldıqdan sonra onlar nə ev, nə də aliment əldə
edə bilmirlər. R.Səfərəliyevanın fikrincə,
QHT-lər yerlərdə valideynlərin, gənc
qızların maarifləndirilməsi istiqamətində
işlər görür: “Hesab edirəm ki, Əmək və
Əhalininn Sosial Müdafiəsi Nazirliyi və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi bu problemi aradan qaldırmaq üçün birgə
cəhd göstərməlidirlər. Görülən maarifləndirici
tədbirlər əsasən qızlar üçün nəzərdə
tutulur. Amma istərdim ki, valideynlər üçün də
bu cür tədbirlər görülsün. Telekanallarda
hüqüqşünasların, qadınların
hüquqlarını müdafiə edən QHT-lərin
iştirakı ilə davamlı verilişlər olsun ki,
valideynlər bu problemin gətirdiyi bəlaları dərk edə
bilsinlər”. Vitse-spiker Bahar Muradova isə hesab edir ki, Azərbaycanda
ailədaxili məsələlərə xüsusi diqqət
yetirmək və mənfi stereotipləri sındırmaq
lazımdır: “Bütün ölkələrdə erkən
nikahların baş verməsinin iki əsas səbəbi - mənəvi-psixoloji,
sosial-iqtisadi məsələlər ola bilər. Lakin
uşaqları erkən nikaha cəlb etməklə onlara alətə
çevirmək olmaz. Azərbaycan ailələrində bir
çox hallarda qadın və qızların tərbiyyəsi
düzgün aparılmır. Azərabaycanda qızlar
başqalarının iradəsindən asılı,
oğlanlar isə qadınlar üzərində idarəedicilik
hüququ olan bir formada tərbiyə edilir. Əgər
uşaqları tərbiyə edərkən onlara bərabər
hüquqlarının olduğunu təlqin etsək, onda normal cəmiyyət
qurmuş olarıq”.
Çıxış yolu niyə tapa
bilmirik?
Onu da qeyd
edək ki, erkən nikahların sayının artması
ölkədə demoqrafik böhrana gətirib çıxara
bilər. Bir tərəfdən aulələrin
dağılması, digər tərəfdən isə dünyaya
xəstə uşaqğın gətirilməsi təbii ki,
demoqrafik prosesə təsirsiz ötüşə bilməz.
Uşaq Hüquqları Konvensiyasında 18 yaşına
çatmamış şəxslərin uşaq
sayıldığı müəyyən olunduğundan,
onların nikaha daxil olması əslində uşaq nikahı
sayılmalıdır. Paralel olaraq Azərbaycan qanunvericiliy
qızlara 17 yaşında nikah qurmağa icazə verir. Buna
baxmayaraq dini və mədəni adətlər, eləcə də
yoxsulluq üzündən bəzi regionlarda azyaşlı
qız uşaqlarının nikah qurması geniş qəbul
edilmiş bir haldır. Bu nikahlar qanunsuz olduğundan, onlar
dövlət orqanlarında qeydiyyata alınmır və beləliklə
də, bu problemin miqyasını asanlıqla müəyyən
etmək də mümkün deyil. Odur ki, erkən nikahların
qarşısının alınması məqsədilə
maarifləndirmə və inzibati tədbirlər gücləndirilməlidir.
Cəmiyyətə aşılanmalıdır ki, erkən nikah
halı baş verdikdə ailə quran həmin qızlar təhsildən
kənarda qalır, onların sağlamlığına ziyan dəyir,
gələcəkdə öz maddi müstəqilliyini təmin
edə bilmirlər, bir çox hallarda isə bu, həm özlərinin
və körpələrinin hüquqlarının pozulmasına
gətirib çıxarır.
Zəka
Olaylar.- 2015.- 18 dekabr.- S.6.