KİV vətənpərvərliyin təbliğində

fəallıq nümayiş etdirməlidir

 

Son vaxtlar dünyada ciddi siyasi proseslər baş verməkdədir. Belə demək mümkündürsə, dünyanın yeni xəritəsinin cızılması istiqamətində baş sındırılır. Eyni zamanda, dünyanın güc mərkəzləri ayrı-ayrı regionlarda təsir dairələrini genişləndirməyə cəhd edirlər. Belə bir şəraitdə Azərbaycanın ümumilli problemi olan Dağlıq Qarabağ məsələsi ətrafında da gəzişmələr müşahidə olunmaqdadır. Belə ki, sözügedən münqaişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər Qaradağ problemindən öz məqsədləri üçün istifadədə israrlı görünürlər. Belə vəziyyət isə münaqişənin yalnız hərbi yolla həllini vacib edir. Bunu üçün ölkə vətəndaşları arasında hərbi vətənpərvərliyin artırılması əsas elementlərdəndir. Şübhəsiz ki, bu ideologiyanın təbliğində kütləvi informasiya vasitələri əsas rol oynayır. Lakin maraqlıdır, KİV bi sahədə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilirmi?

 

Etiraf edilməlidir ki, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsində kütləvi informasiya vasitələrinin rolu əvəzsiz olsa da, nədənsə bu sahəyə kifayət qədər diqqət yetirilmir. Azərbaycan mətbuatının kifayət qədər potensialı mövcuddur ki, vətənpərvərlik mövzusunu mütəmadi işıqlandırsın. Məsələ orasındadır ki, mətbuat orqanlarının bolluğu fonunda sözügedən məsələ arxa plana keçirilib. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və mənfur düşmənlə informasiya müharibəsi aparılır. O da faktdır ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Bu gün dünyada hərbi əməliyyatlarla birgə informasiya müharibəsi də aparılır. Bu baxımdan da informasiya müharibəsinin aparılmasına məsuliyyət KİV-in, televiziya kanallarının, informasiya agentliklərinin və qəzetlərin üzərinə düşür. Vətəndaş, hərbiçi öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, onun üçün savaşmaq çətin olacaq. Bu baxımdan, Azərbaycanın hərb tarixinin təbliği gənclərdə vətənpərvərlik hissinin formalaşmasında müstəsna rol oynaya bilər. Məlumdur ki, keçmiş Sovetlər dövründə bizə elə təlqin edirdilər ki, guya bizim hərb tariximiz yoxdur. O zaman cəmi iki generalımızı - Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskini tanıyırdıq. Halbuki çar Rusiyası və müstəqillik dövründə 69 generalımız olub. Onlar barədə də ziddiyyətli məlumatlara sahib idik. Biz hərb tariximizin bu məqamlarını öyrənməli, tədqiq edib KİV vasitəsi ilə cəmiyyətə çatdırmalıyıq. İndiki gənclərdə hərb sahəsinə kifayət qədər maraq var. Mətbuatda da müəyyən dərəcədə bu mövzular işıqlandırılsa, istənilən nəticəni əldə etmək mümkün olar. Qarabağ müharibəsi döyüşçüsü Şamil Məcidovun sözərinə görə, hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər görmək kütləvi informasiya vasitələrinin birbaşa vəzifəsidir. Təəssüflər olsun ki, bəzən hərb tarixi ilə bağlı yazılar yazılarkən, həmin illərdə olan hərbi proseslər təhrif olunur, yaxşıların üstündən keçilir. Bəzi hallarda hərbçilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər barədə mənfi məqamlar önə çəkilir. Onun bildirdiyinə görə, bu gün NATO kimi nüfuzlu beynəlxalq hərbi təşkilatlar tərəfindən mükafatlandırılan xeyli sayda hərbiçilərimiz var. Hesab edirəm ki, mətbuat Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlarla paralel həmin hərbçilər barədə də məlumatlar verməlidir. Bununla hərbçilərimiz gənclərimiz üçün örnəyə çevrilər: “Məlumdur ki, Azərbaycan ordusunda kifayət qədər intelektual, istüdadlı gənclərimiz xidmət edir. Bu gün Azərbaycan Ordusunda özünü düşmənin gülləsinin qarşısına atan, komandirini öz həyatı bahasına xilas edən döyüşçülərimiz var. Onların hər biri gənclərə nümunə ola biləcək səviyyədədir. Təəssüf ki, mətbuatda belə hərbçilərin təbliğinə bir o qədər də yer verilmir. Mətbuat ancaq döyüşdə qəhrəmanlıq göstərən hərbçilərin təbliğinə üstünlük vürir. Qəzetlərin hər sayında hərb tariximizdən, eləcə də bir qəhrəman əsgər barədə yazı verilməlidir. Ən azı bir zabitin portreti verilməlidir ki, cəmiyyət onun necə qulluq etdiyini görsün”. Ş.Məcidov hesab edir ki, orduda fərqlənən gənclərin təkcə mətbuatda təbliği kifayət deyil. Bu qəhrəmanlar haqqında oçerklər yazılmalı, broşur şəklinə salınmalı və paylanmalıdır. Bu millət, xalq orduda qulluq edən nümunəvi əsgərini tanımalıdır. Böyük Vətən Müharibəsi illərindəki təcrübədən istifadə edilməlidir. Sosioloq Mahir Məmmədovun sözlərinə görə, kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifə məlumatlandırma, maarifləndirmə və əyləndirmədir. Amma, nədənsə mediada maarifləndirmə işi bir qədər zəif gedir. Bunun nəticəsidir ki, hərbi xidmətə gedən əsgərə hərbi vətənpərvərlik ruhunu lazımi səviyyədə aşılaya bilmirik. Əslində isə internetteleviziya vasitəsilə hərbi vətənpərvərlik ruhunu daha çox təlqin etmək olar: “Məsələn, Türkiyədə bir şəhidə olan diqqət insanda fərqli hiss yaradır. Televiziyalar bu prosesə necə yanaşırlar? Sanki millət bu hadisə ilə nəfəs alır. Bizdə isə KİV-də şəhidlərə olan münasibət anlaşılan deyil. Əsgərimizin şəhid olmasını aşağılayıcı şəkildə təqdim etmək düzgün deyil. Mətbuat bu məsələdə kifayət qədər diqqətli olmalıdır”. Onun sözlərinə görə, KİV-lər özləri də təkmilləşdirilmiş informasiya siyasəti həyata keçirməlidir. Konkret olaraq elə metodlar seçilməlidir ki, bu informasiya yeniləşən Azərbaycanda insanlara təsir etsin. Televiziyalarda hərbi vətənpərvərlik mövzusunda verilişlərə baxan gənclər oradan nə isə götürə bilsin. Telekanalların bir çoxunda əsgər verilişləri var. Silahı təqdim edirlər, onun texniki xarakteristikası barədə danışırlar. Axı bu hərbi vətənpərvərlik ruhunu təbliğ etmir. Əsgərimiz olub ki, düşmənin üzərinə qorxmadan hücum edib. Olmazmı ki, KİV həmin qəhrəman şəhid əsgərimiz haqqında yazılar hazırlasın, onun evində olsun? Təəssüf ki, bizim bəzi KİV bu məqama diqqətsiz yanaşır. Odur ki, bu məsələdə təkcə KİV-in deyil, hamının üzərinə məsuliyyət düşür. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev qeyd edib ki, Son vaxtlar Azərbaycanda vətənpərvərliyin yüksəldilməsi məsələsi diqqət mərkəzinə gəlib. Müzakirələr zamanı ortaya qoyulan əsas sual bundan ibarətdir: Azərbaycanda vətənpərvərliklə bağlı təbliğatı niyə lazımi səviyyədə aparılmır? Söz yox ki, indi bütün bu müzakirələr zamanı hədəfə kütləvi və elektron informasiya vasitələri çıxarılır. Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır. Lakin, təəssüflər olsun ki, torpaqlarının 20%-ə qədəri işğal altında olan Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər gözlənilən effekti vermir. Bunu ilk növbədə analoji konsepsiyaların, layihələrin, proqramların tələb olunan keyfiyyətdə olmaması ilə izah etmək olar: “Milli vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dini və dinə zidd olan birliklərə qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixioloji təsirin nəticəsidir. İslam dini insanlarda vətənə, dövlətə məhəbbət hissi aşıladığı halda, bu qrupların Azərbaycanı siyasi paraçalanmaya, gəncləri öz xalqına, vətəninə və dövlətinə qarşı yönəltməsi günümüzün acı reallığıdır. Bu cür qruplarla ən yaxşı mübarizə isə heçonlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı – dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Azərbaycan xalqının böyük Qarabağ dərdi hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması vacib şərtdir. Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hər an hazır olmalısan.Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövürdə örnək və fəxr yerimiz olan Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır. Buna görə də, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, Millət, Torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq. Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Və biz bunu inkar etmirik. Amma, bunu da qeyd etməliyik ki, vətənpərvərlik tərbiyəsində ailənin rolu danılmazdır. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Biz ailədə dili yenicə söz tutan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün vuruşduğunu, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın nə üçün ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxarmasınlar. Jurnalistin vətənpərvərlik borcu cəmiyyətdə nəyin pis, nəyin yaxşı olduğunu ictimaiyyətə çatdırmaqdır. Həyatda, cəmiyyətdə və yaxud, hər hansı sahəsdə baş verən çatışmazlıqları, neqativ halları tənqid etmək, araşdırmaq, bu barədə televiziyaradio məkanından faktlar əsasında informasiyanı yaymaqdır. Çünki bunları "dördüncü hakimiyyət”dən başqa, heç kəs edə bilməz. Bu, adi vətəndaşın görəcəyi deyil. Əslində jurnalist mövcud olan nöqsanları, çatışmazlıqları dəyişmək iqtidarında deyil, amma "dördüncü hakimiyyət” kimi ictimaiyyəti məlumatlandırmaq və cəmiyyətin, vətəndaşların diqqətini buna cəlb etmək iqtidarına malikdir. Bir sözlə, jurnalist cəmiyyətin görən gözü, eşidən qulağıdır. O, yerindən, zamanından asılı olmayaraq ətrafda baş verən hadisələrə münasibət bildirirbu hadisələrin içində olur. Odur ki, Vətənpərvərlik ruhlu yazılara böyük tələbat duyulur”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 19-21 dekabr.- S.15.