Ordu quruculuğu
istiqamətində
həyata keçirilən tədbirlər
Hərbçilərin
döyüş ruhunu
artırır
Bu gün gənc nəslin vətənpərvər
yetişdirilməsi ölkə siyasətində önəmli
yer tutur. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər
siyasətinin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün
Azərbaycan gəncləri bütün
sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. İndi bütün gənclər dərk etməlidir ki, cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulması halları davam edir. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan ordusu təxribatlardan əl çəkmir. Bunun qarşılığında isə Azərbaycan tərəfdən layiqli cavab alır. Lakin bu gün Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifə düşmənin həmlələrini dəf etməklə yanaşı, həm də lazım gələcəyi təqdirdə, işğal altında olan ərazilərimizi geri qaytarmaqdır. Bəs, görəsən, Azərbaycan əsgəri buna nə dərəcədə hazırdır? Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan gənclərinin döyüş ruhu yüksək səviyyədədir. Üstəlik döblət tərəfindən bu istiqamətdə lazımi işlər görülməkdədir. Xüsusən, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər əsgərlər arasında qələbəyə inam yaradıb. Elə bunun nəticəsidir ki, cəbhə xəttində davam edən gərginlik fonunda Azərbaycan ordusu düşmənə layiqli cavab verir. Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimiz çoxli sayda erməni hərbçilərni və texnikasını məhv edib. Düşmən Azərbaycan tərəfi ilə müqayisədə çoxlu sayda itki verib. Şəhid olan Azərbaycan oğulları isə layiqli şəkildə torpağa tapşırılıb, Şəhid olan hərbçilərimizin valideynləri və yaxınları bunu “Təki Vətən sağ olsun!” deyərək qarşılayıblar. Artıq hərbi xidmətini başa vurub, evə qayıtmalı olan əsgərlər də Vətənə xidmətlərini davam etdirmək istəyirlər. Bu isə o deməkdir ki, çiynində silah Vətənin keşiyini çəkən Azərbaycan əsgəri isə tək deyil. Ali baş komandanın bir əmri ilə bütün Azərbaycan xalqı işğal altındakı torpaqların azadlığı uğrunda döyüşə atılmağa hazırdır. Bu yaxınlarda Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədi ilə keçirilən Komanda Qərargah Hərbi Oyunları zamanı bir sıra rayonlarda təşkil olunan tədbirlər də bunu sübut etdi. Xalqımızın orduya, qələbəyə olan inam hissini göstərdi. Həmin tədbirlərdə bir daha vurğulandı ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqlarımızı istənilən vaxt azad etməyə hazırdır. Lakin ölkə rəhbərliyi Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllini üstün tutur. Əgər düşmən məkrli niyyətindən əl çəkməzsə, o zaman ordu ilə xalqın birliyi öz sözünü deyəcək. Çünki indi hər bir Azərbaycan vətəndaşı erməni tapdağındakı ərazilərimizin azad olunacağına ümid bəsləyir. İndi Azərbaycan əsgərinin qarşısında duran əsas məsələ də lazım gələcəyi təqdirdə döyüşə atılmaq, doğma yurdlarından didərgin düşən yüzminlərlə insanın dədə-baba torpağına qayıtmasını təmin etməkdir. Bu məqsədlərə adekvat ordu da formalaşdırılır. Xarici ölkələrdən ən yeni texnologiyalarla təchiz olunan hərbi texnikalar alınır. Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, Azərbaycan son illər ərzində düşmənlə təmas xəttinə xüsusi hərbi texnikalarını, çox müasir texniloji avadanlıqlarını yerləşdirib. Onların böyük əksəriyyəti elektron qurğulardır. Yüksək NANO texnologiyalarla olan silahlardır. Bunlar düşmənə istənilən anda zərbə vurmağa imkan verir. Atılan addımlar hərbi və siyasi müstəvidə bəhrəsini də verir. Ermənistan getdikcə qüvvətlənən Azərbaycan və Cənubi Qafqazın ən güclüsü olan Azərbaycan Ordusu qarşısında dayanmağın mümükünsüzlüyünü anlayır”.
Onu da qeyd edək ki, Azərbaycan xarici dövlətlərlə də hərbi sahədə əməkdaşlığı genişləndirir. Bu faktın özü ölkəmizin hərbi qüdrətinin göstəricisidir ki, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanla hərbi sahədə əməkdaşlıqda maraqlıdırlar və qarşılıqlı səfərlərə üstünlük verirlər. Yeri gəlmişkən xatırladaq ki, bu yaxınlarda İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında görüş keçirilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər. Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını da xüsusi qeyd edərək Silahlı Qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar. Həmin ərəfədə İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib. Görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Xüsusi vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır. Danışıqlardan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib. Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar. Dekabrın 22-də isə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Şübhəsiz ki, bu səfərin də Azərbaycanın müdafiə sahəsinə töhvəsi qaçılmaz olacaq. Məlumdur ki, mənfur qonşularımız olan ermənilər öz himayədarlarının köməyi ilə torpaqlarımızı işğal ediblər. Lakin bunlar qətiyyən Azərbaycan gəncini qorxutmamalıdır. Əksinə, onlarda qisas, Vətənə məhəbbət hissini artırmalıdır. Gənclər bilməlidir ki, torpaqlarımızın işğaldan azad edilməsi məsuliyyəti məhz onların üzərinə düşür. Gənclərimiz bu məsələnin həllinə öz intelektləri, savad və bacarıqları, hərbi bilikləri ilə nail ola bilərlər. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda gənclərin zərərli ideologiyalardan çəkinərək müasir həyata uyğunlaşmaları vacib hesab olunmalıdır. Odur ki, gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalıdır. Ölkə əhalisinin mühüm bir hissəsini əhatə edən bu sosial təbəqənin vətənpərvərlik tərbiyəsi ailədə, orta və ali məktəbdə yüksək səviyyədə aparılmalıdır. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Buna nail olmaq üçün isə ailədə uşaqların vətənpərvərlik tərbiyəsi ilə məşğul olması üçün valideynin, məktəbdə isə müəllimin özü buna hazır olmalıdır. Əks halda, gənclərin zərərli ideologiyaların qurbanı olduğunun şahidi ola bilərik. Bir sözlə, Vətənə məhəbbət xalqa, torpağa məhəbbətin təməlində durur. Bu təməli qoryuyb saxlamaq və inkişaf etdirmək üçün gənclərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün gənclərimiz xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 23 dekabr.- S.15.