Gənclərin milli
şüurunun
formalaşması vacib
şərtdir
Bu, onların vətənpərvər
kimi yetişməsində müstəsna rol oynaya bilər
Son zamanlar vətəndaş
cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti,
tolerantlıq anlayışlarının qloballaşma prosesinin
tərkib hissəsi kimi təbliği çox
düşündürücüdür. Qloballaşma prosesi anlamında aldadıcı və
zahirən müsbət görünən ideyaların
içində şüurlarımıza yeridilən, ancaq milli
və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə
son dərəcə diqqətli olmalıyıq. Ona görə
də, Azərbaycanda qloballaşmanın geniş
yayıldığı, modern və vətəndaş cəmiyyətinin
qurulmasına çağırışlar edildiyi bir dövrdə,
islamçılıq və türkçülüyün də
nə qədər vacibliyi məsələsinin xüsusi maraq
doğurması təbiidir.
Belə bir şəraitdə gənclərin milli
şüurunun formalaşması onların vətənpərvər
kimi yetişməsində müstəsna rol oynamalıdır. Ancaq etiraf
edilməlidir ki, hazırki qloballaşma şəraitində
milli şüurun formalaşmasına təsir edən yad
elementlərin sayı kifayət qədərdir. Hazırda Azərbaycan xalqının milli
şüuruna ciddi təsir göstərən faktorlar
arasında qloballaşma prosesi xüsusi yer tutur. Bir çoxları hesab edirlər ki,
qloballaşmanın əsas ideyaları modernləşmə,
postmodernləşmə, demokratiya, liberalizm və vətəndaş
cəmiyyətidir. Lakin bütün bunlar
Azərbaycan gəncinin təfəkküründə
yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit
şüur formalaşdara bilər. Bu
ideyaların tətbiqi zamanı irqindən, dinindən
asılı olmayaraq bütün insanların hüquq və
azadlıqları önə çəkildiyi üçün
millilik arxa plana keçirilir. AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun böyük elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə
doktoru Faiq Ələkbərov hesab edir ki, qloballaşma prosesində
“üçlüyə” (türkləşmək,
islamlaşmaq və müasirləşmək) münasibətdə
iki əsas baxış var: Qərbyönlü vətəndaş
cəmiyyəti, modernləşmə “üçlüy”ə
nisbətən daha vacibdir; Qərbyönlü vətəndaş
cəmiyyəti quruculuğu, modernləşmə nə qədər
zəruri olursa-olsun, “üçlük” onun kölgəsində
qalmamalıdır. Deməli, bu gün gənclərin
milli şüurun formalaşmasında ən azı iki tərəfli
mübarizə gedir. Bu mübarizədən
hansının qalib çıxması ilə milli
şüurun formalaşması prosesi yeni bir çalar
daşıya bilər. Daha doğrusu, əgər
vətəndaş cəmiyyətinin, modernləşmənin
“üçlük”dən daha vacib olması qənaətinə
gəlinərsə, yaxud da gəlinirsə bu zaman milli
şüurun öz mahiyyətindən xeyli dərəcədə
kənara çıxması baş verə bilər. Çünki vətəndaş cəmiyyəti
üzərində formalaşan şüur daha çox beynəlmiləl,
müəyyən mənada kosmopolit şüurdur. Digər tərəfdən, vətəndaş cəmiyyətinin
özünə olan münasibət və onun tətbiqi
forması birmənalı deyildir. Belə
ki, sözün həqiqi mənasında vətəndaş cəmiyyəti
modeli uyğulanarsa, müəyyən mənada o, milli
şüurla uzlaşdırıla bilər. Ancaq bu formal şəkildə baş verərsə məsələ
tamamilə başqa rəng alar. Bu baxımdan hazırda
“üçlüyü”ün kölgədə qalması
deyil, əksinə önə çəkilməsi qəbuledilən
variant olardı: “Fikrimcə, 20-ci əsrin əvvəllərində
qloballaşma nümunəsi olan sosial-demokratizmlə
“üçlük” arasında gedən mübarizədə
sonuncunun qalib çıxması bunun bariz nümunəsidir.
Doğrudur, “üçlüy”ün “rus marksizmi” üzərində
qələbəsi çox çəkmədi, bir az sonra rus və rusyönlü sosial-demokratlar
Azərbaycanda hökmran oldular. Onlar da beynəlmiləlçilik
adı altında “rus kommunizmi”ni təbliğ
edirdilər. Ancaq “üçlük”dən fərqli
olaraq rus sosial-demokrtalarının qalibiyyəti
zorakılığa və saxta beynəlmiləlçiliyə
əsaslandığı üçün onun perspektivi yox idi.
Məhz marksizmin rus variantı olan bolşevizmin
zorakılığa arxalan-masının nəticəsi idi ki,
sonunda məhv oldu. Bununla da, 20-ci əsrin
sonlarında yenidən milli ideyalara üz tutuldu. Milli
ideyalar olmadan bir millətin var ola bilməyəcəyi
qənəatinə gəlindi. Sadəcə,
burada yeni problemlər ortaya çıxdı. Bu da ondan ibarət idi ki, millətin milli şüuru
formalaşmadan populist və məntiqdənkənar
şüarlarla nəyisə əldə etmək çətindir.
Müstəqilliyimizin bərpasının ilk dövrlərində
populist və məntiqdənkənar şüuarlardan uzağa
gedə, yəni milli şüuru formalaşdıracaq
“üçlüy”ü doğru şəkildə cəmiyyətə
çatdıra bilmədiyimiz üçün, yenidən milli
ideyaların, yoxsa beynəlmiləl ideyaların vacibliyi məsələsi
gündəmə gəldi. Bu günə qədər
də həmin mübahisələr və disskusiyalar davam etməkdədir.
Bu gün beynəlmiləlçilik
özünü Azərbaycanda Qərbin, yaxud da Avropanın
demokratik ideyaları şəklində büruzə verir.
Eyni zamanda bizə qonşu dövlətlər də,
bu və ya digər dərəcədə beynəlmiləlçiliyin
müxtəlif variantlarını əldə bayraq edərək
millətin şüuruna müəyyən mənada təsiri
göstərirlər. Odur ki, ziyalılar və
ideoloqlar gənclərin milli şüurunun formalaşması
prosesində ehtiyatı əldən verməməlidirlər”.
Onun bildiridiyinə görə, bu gün də bəzi tədqiqatçılar,
ideoloqlar hesab edirlər ki, “üçlük”dən
çıxış etmək hazırkı şəraitdə
mümkün deyildir. Bunu, ötən əsrin əvvəllərində
eynilə sosial-demokratlar və ittihadçılar deyirdilər.
Bu gün isə özlərini demokratlar,
liberallar, bir sözlə vətəndaş cəmiyyəti,
modernləşmə tərəfdarları kimi təqdim edənlər
həmin müddəanı önə çəkirlər.
Bu cür düşünənlərin fikrincə,
20-ci əsrin əvvəllərində islamlaşmaq və
türkləşmək lazım və zəruri idi, indi isə
artıq onlara bir o qədər ehtiyac yoxdur. Maraqlıdır ki, həmin dövrdə bu fikri
müdafiə edənlər ən çox marksistlər
olmuşlar. Onlar hesab edirdilər ki,
sosializm quruculuğunda millət və dinə yer yoxdur. İndi də bəzi ideoloqlara görə, vətəndaş
cəmiyyəti quruculuğunda millətə və dinə əhəmiyyətli
pay düşmür. Çünki vətəndaş
cəmiyyətində dini, milli, hətta sinfi ideeologiyalar deyil,
sağlam düşüncə, şüurlu azadlıq və
məsuliyyət əsasdır. Bir sözlə, vətəndaş
cəmiyyətində ən ali dəyər
milli kimlik (millət), dini kimlik (müsəlman, xristian), siyasi
kimlik (sağçı, solçu, mərkəzçi) deyil
insandır. Belə halda, əgər gənclər milli, dini və
siyasi kimliyini dərk etsələr onların yad təsir
altına düşmək ehtimalı heçə enmiş
olur: “Bizcə, hər hansı toplumda gəncin
azadlığı millət və dövlətin
azadlığından üstün tutularsa, həmin cəmiyyətin
milli və siyasi varlığı gec-tez təhlükə
altına düşmüş olar. Çünki gənz
özünü daha çox azad hiss etdikcə, mənsub
olduğu millət və dövlətə
bağlılığı azalacaqdır. Bu mənada,
insanın azadlığının millət və dövlətin
azadlığı ilə müqayisə edilməsi, onların
qarşı-qarşıya qoyulması doğru deyildir. Gənclər həmişə özünü millətin
və dövlətin bir üzvü hesab etməli, müəyyən
mənada öz maraqlarından millət və dövlət
üçün güzəştə getməyə hazır
olmalıdır. Yəni bütün
hallarda millət və dövlət naminə güzəştə
gedən bir tərəf varsa, o da həmin gənclər
olmalıdır. Yalnız bu halda həmin
millət və dövlət milli və siyasi
varlığını qoruyub yaşada bilər. Çünki millətin varlığı fərdin
varlığından daha dəyərlidir. Odur
ki, gənclər özünü millət və dövlət
naminə qurban verməyə hazır olmalıdır. Yalnız bu şüura malik cəmiyyətlərdə
millət və dövlət həmişə var olur. Ancaq hansı cəmiyyətdə ayrı-ayrı fərdlər
öz maraqlarını millət və dövlət
maraqlarından üstün tutub bunu sınırsız insan
azadlığı ilə izah edirlərsə onların gələcək
varlıqları şübhə altındadır”.
Hazırda vətəndaş cəmiyyətinin mövcud olduğu bir çox Aropa ölkələrində, o cümlədən ABŞ-da milli və dini dəyərlərin yenidən dirçəldilməsinə cəhd başa düşüləndir. Çünki onlar anlayırlar ki, insan nə qədər dəyərli olursa olsun, fərd nə qədər azadlıqlara sahib olursa olsun milli və dini dəyərlərdən uzaqlaşdıqca özgələşir. Özü də bu özgələşmə, yəni gənclərin milli mənsubiyyətdən və dini dəyərlərdən uzaqlaşması, onun beynəlmiləl-kosmopolit (dünya vətəndaşı) bir şəkilə girməsin-dən çox ən adi insani keyfiyyətlərdən mərhum olunması ilə nəticələnir. Vaxtilə eyni hadisələr uydurma kommunizm dövründə yaşandı. Ruslar kommunizm məfkurəsi adı altında qeyri-rusları, xüsusilə türk-müsəlman xalqları milli və dini kimliklərdən uzaqlaşdırmağa çalışdılar və müəyyən qədər də bunu bacardılar. Bunula da, türk-müsəlman xalqları daha çox özgələşməyə məruz qaldılar. Buna əks reaksiyanın nəticəsi kimi Çingiz Aytmatov “Gün var əsrə bərabər”, Oljes Süleymonov “Az-ya”, Bəxtiyar Vahabzadə “Latın dili”, “Gülüstan” əsərlərini yazdılar. İndi də vətəndaş cəmiyyəti adı altında insan amili milli və dini dəyərlərdən üstün tutulur. Bir sözlə, gənclər millət və dinə qarşı qoyulur. Guya, gəncin azadlığının əsasında yalnız hüquq və azadlıqları dayanır. Bu zaman millət və dinə münasibət SSRİ dövründə olduğu kimi, arxa plana keçilir. Burada əsas üstünlük şəxsiyyətin hüquq və azadlılarına verilir, dövlətin xaricində insanların ictimai münasibətlərin qurulmasının önəmliliyindən bəhs olunur və sair. Bu cür vətəndaş cəmiyyəti modeli bir tərəfdən insan hüquq və azadlıqlarının təmin olunması baxımından müsbət görünsə də, ancaq ümumilikdə ailə dəyərlərinin aradan qalxmasına, bununla da dövlətin əsasını təşkil edən sosial institutların dağılmasına səbəb olur. Bu isə, əslində gələcəkdə dövlətin özünün varlığı üçün təhlükə mənbəyidir. Belə olduğu təqdirdə, milli və dini dəyərlərdən uzaq olan insanın-gənclərin dünya vətəndaşına çevrilməsi öz mənasını itirir. Çünki fərd öz mahiyyətini itirir və qeyri-müəyyən vəziyyətə düşür, başqa sözlə özgələşir. Bu baxımdan hazırda da beynəlmiləl ideyalara, qloballaşma proseslərinə milli ideoloqların getdiyi yoldan yanaşmaq, ancaq zamanın tələblərinə də uyğun şəkildə hərəkət etmək lazımdır. Başqa sözlə, beynəlmiləl, qlobal ideyaların qarşısında təslim olmağı qloballaşma prosesi, vətəndaş cəmiyyətinin zəruriliyi kimi başa düşülməş çox yanlışdır. Çünki milli ideyalar olmadan istənilən beynəlmiləl, yaxud da qlobal ideyaların heç bir əhəmiyyəti yoxdur. Üstəlik, beynəlmiləl ideyaların ideyaların aparıcılığı və milli ideyaların kölgədə qalması istənilən millət üçün çox təhlükəlidir. Odur ki, gənclərin milli şüurunun formalaşdırılması prosesində bu kimi amillər mütləq nəzərə alınmalıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 25 dekabr.- S.15.