Vətənpərvərlik tərbiyəsinin
əsası
ailədə uşaq
yaşlarından formalaşdırılır
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən,
intellektual səviyyəsindən, milli-ruhdan və digər amillərdən
asılıdır. Azərbaycan gəncliyi bütün
dövrlərdə ölkənin taleyüklü
məsələlərinə münasibətdə, həlledici
məqamlarda öz sözünü
deyib. Müstəqilliyin əldə edilməsində
olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu
danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər
boyu yaradıb yaşatdığı ənənələri,
milli-mədəniyyəti yaşadır və gələcək
nəsillərə ötürür. Məlumdur
ki, vətənpərvərlik dəyişkən
fenomendir və bunsuz nə
dövlət, nə də cəmiyyət inkişaf
edə bilər. Vətənpərvərlik emosiyalarla,
hisslərlə bağlıdır. Emosiya
və hisslərin tərbiyə edilməsi müsbət və
tərbiyəvi əhəmiyyət kəsb edir.
Araşdırmaçı Günay Zeynallı hesab edir ki, vətənpərvərlik anlayışını bu qədər məhdudlaşdırmaq olmaz. Onun sözlərinə görə, bu anlayış nəinki hissləri, eyni zamanda bütün insani keyfiyyətləri özündə ehtiva edir: “İnsanın davranış qaydası, biliyi, intellekti, vətəninə göstərdiyi etimad, bütün bunlar vətənpərvər insan modelini yaradır. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərək olan fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Pedaqoji araşdırmalara istinadən demək olar ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Bunun üçün ailədə uşaqlara yaxşını pisdən ayırmağı, hər kəsə və ən əsası özünə hörmətlə yanaşmağı aşılamaq gərəkdir. Eyni zamanda, səhvlərindən nəticə çıxarmağı öyrətmək, tərbiyə prosesinin ən mühüm komponentlərindəndir. İnsan səhv edə bilər, bəli, bu normaldır. Lakin bu səhvi, əgər bir də təkrar edirsə, artıq bu normal deyil. Deməli, o, səhvindən dərs çıxarmamışdır. Eyni zamanda, gənclərin mənəvi tərbiyəsində özünütərbiyə və yenidəntərbiyə anlayışları əsas yer tutur. Özünütərbiyə dedikdə, insanın özünə hesabat verməsi, özünə müəyyən qadağalar qoyması kimi nəzərdə tutulur. Özünütərbiyə bir qabiliyyətdir. Hər bir gənc özündə bu gedişatı tənzimləməli və etdiklərindən, hətta başqalarının etdiklərindən nəticə çıxarmaqla həyatına tətbiq etməyi bacarmalıdır. Yenidəntərbiyə anlayışı isə, insan hər hansı bir hərəkət edir, lakin nəticəsi yaxşı olmur, müəyyən səhvlərə yol verir. Artıq böyüklər bunu nəzərə alaraq, gəncdə etdiyi hərəkətin nələrə gətirib çıxaracağını göstərməli və bəzi xüsusiyyətləri düzəltməlidirlər. Mirzə Fətəli Axundzadənin tərbiyə prosesində söylədiyi fikirlər həmişə göz önündə olub”. Günay Zeynallı hesab edir ki, vətənpərvərlik tərbiyəsinin əsası ailədə uşaq yaşlarından formalaşdırılır: “Azərbaycan ailəsində tərbiyənin özünəməxsus qaydası var. Bunu da əlavə etmək istərdim ki, Azərbaycan ailəsində tərbiyə prosesinin müsbət və mənfi cəhətləri mövcuddur. Məsələn, ailədə gənclərə kifayət qədər sərbəstliyin verilməməsi, onların gələcəkdə öz ayaqları üzərində dayana bilməməsinə, kimdənsə asılı olmasına gətirib çıxarır. Lakin bu, o demək deyildir ki, azadlıq, sərbəstlik həddini aşmalıdır, sadəcə olaraq müəyyən sərhəd daxilində sərbəstliyin verilməsi zəruridir. Ən azından seçimlərini öz öhdələrinə buraxsaq, kifayət edər. Valideynlərin üzərinə düşən, sadəcə yol göstərmə və öz təcrübəsi ilə, seçimin nə dərəcədə düzgün və ya yalnış olduğunu övladına çatdırmaqdır. Məşhur Çin atalar sözündə belə deyilir: “Əlindəki kiçicik sərçəni çox sıxsan ölər, çox boş buraxsan uçub gedər”. Düşünürəm ki, bu misal tərbiyə prosesinə ən gözəl nümunədir. Avam, savadsız, dünyagörüşü məhdud olan ailə üzvlərindən yüksək səviyyədə nəsə gözləmək olmaz. Yəni uşağın formalaşmağını bugünkü dövrün tələbləri çərçivəsində qura bilməz. İstər-istəməz bu kimi amillər ailə tərbiyəsində uşağın formalaşmağına sirayət edir. Bu mənada ailə tərbiyəsi, cavanların vətənpərvər ruhda, insan, şəxsiyyət kimi böyüməsi valideynlərdən asılıdır. Körpə vaxtından tərbiyənin özülü necə qoyulubsa, o cür də olacaq. Ona görə də ailə tərbiyəsinin oynadığı rolu dəyərləndirərkən, ilk növbədə, valideynlərin özünün səviyyəsinə, tərbiyəsinə fikir verməliyik”. O, bildirib ki, gənclərdə vətənpərvərlik ideyalarının düzgün qurulması üçün Dövlət Gənclər Siyasəti Azərbaycanda kifayət qədər yüksək səviyyədə aparılır: “Dövlət Gənclər Siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.Yeni nəslin inkişafının əsas vasitəsi – gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. 2005-ci ildə Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla həyata keçirildi. Bunun nəticəsində gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün geniş şərait yaradıldı. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirildi. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərildi. Gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər həyata keçirildi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişafı böyük uğurlar gətirdi. Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət öncə vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, tarixi qəhrəmanların döyüş yolunu öyrənmək, onların vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır”. Günay Zeynallı bildirib ki, bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır: “M.İ.Kalinin bu mövzuda dərin bir fikirini qeyd etmək istərdim. “Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhvedəcək bir qüvvə yoxdur”. Hər bir xalqın gücü onun azadlığında və milli-mənəvi tərbiyəsindədir. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrindədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa digər peşə sahibi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması, ilk növbədə, onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli-mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sahələrinə nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərilərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 26-28 dekabr.- S.15.