Hərbçilərin döyüş ruhu artırılır

 

Son vaxtlar ölkənin müdafiə nazirliyi tərəfindn həyata keçirilən tədbirlər hərbçilərin döyüş ruhunnu yüksəlməsi istiqaməətində ciddi dönüşə səbb olub. Müdafiə Nazirliyi rəhbərliyinin döyüş bölgəsinə səfərləri və görülmüş tədbirlər nəticəsində düşmənlə təmas xətti boyu yerləşən hərbi hissələrin ehtiyat imkanları artırılaraq döyüş qabiliyyəti möhkəmləndirilib. Nazirliyin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilib ki, bu proses indidavam etməkdədir.

Cəbhə bölgəsində yerləşən birləşmələrin müasir döyüş texnikası ilə silahlandırılması hərbi hissələrin atəş gücünü və manevr qabiliyyətini artırıb. Silahların yenilənməsi məqsədilə qoşunlara daha müasir minaatan, tank əleyhinə idarə olunan raket, daşınan zenit-raket kompleksləri və müxtəlif markalı qumbaraatanlar verilib. Müdafiə naziri Zakir Həsənov mətbuata açıqlamasında qeyd edib ki, Hərbi Hava Qüvvələrinin aviasiya parkının və hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Hərbi Dəniz Qüvvələri gəmilərinin döyüş hazırlığının artırılması ilə əlaqədar tapşırıqlar yerinə yetirilib. Təyyarəçilərin uçuş hazırlığının təkmilləşdirilməsi məqsədilə uçuşların və praktiki atışların sayı artırılıb. Naxçıvan Muxtar Respublikasının hava hücumundan müdafiəsini təkmilləşdirmək, qoşunların nəqliyyat və tibbi evakuasiya ehtiyaclarını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordusuna aviasiya texnikası çatdırılıb. Döyüş mövqelərində yerləşən tibbi məntəqələrdə hərbi qulluqçuların müayinələrinin aparılmasını təmin etmək üçün səyyar diaqnostik laboratoriya, dağlıq şəraitdə hərbi qulluqçulara tibbi yardımın göstərilməsi üçün tırtıllı zirehli reanimobillər alınıb. Ağır yaralı və xəstələrə təcili tibbi yardım göstərilməsini təmin etmək üçün iki sanitar helikopter tam komplektləşdirilmiş və iki komplekt mobil hərbi hospital açılıb. Müdafiə nazirinin tələbinə əsasən müasir ümumqoşun döyüşünün aparılması şəraiti nəzərə alınmaqla xidmətlərə dair müvafiq rəhbəredici sənədlərin işlənilməsi və təkmilləşdirilməsi prosesinə başlanılıb. Aparıcı dövlətlərin Silahlı Qüvvələrinin, xüsusilə NATO ölkələrinin bu sahədə təcrübəsindən istifadə olunaraq Silahlı Qüvvələrdə yeni tələblər və standartlar müəyyən edilib, qoşunların döyüş tapşırıqları dəqiqləşdirilmiş və korrektə edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşlarımız hərbi hissələrin komandanlıqlarına müraciət etmək imkanı yaradılıb. Şəxsi heyətin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirakı təmin edilir. Bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və gələcəkdə də bu məsələlərin mərhələlərlə həlli planlaşdırılır. Qısa müddətdə xeyli sayda mülki şəxs Silahlı Qüvvələrə qulluğa qəbul olunub: “Bu məsələləri həll etməklə biz şəxsi heyətin diqqətini sırf döyüş hazırlığı məsələlərinə yönəldirik. Bununla da biz hərbi intizamın yüksəlməsinə, qarşılıqlı münasibətlərin saflaşmasına, sosial ədalət prinsipinin təmin olunmasına, eyni zamanda, davranışların nizamnamələr çərçivəsində həyata keçirilməsinə nail oluruq”. Nazir əlavə edib ki, Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi Xarici İşlər Nazirliyinə, Silahlı Qüvvələrin İnkişafı üzrə Dövlət Proqramının layihəsi isə Nazirlər Kabinetinə təqdim olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində Silahlı Qüvvələrin İnkişaf Strategiyasının ilkin layihəsi də hazırlanmış və bu sənədin də Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulub. Hərbi qulluqçuların, əsasən də əsgər, çavuş heyətinin əşya təminatının yaxşılaşdırılması üçün təchizat normalarında, geyim formalarının daşınması qaydalarında və təsvirlərində bəzi əlavələr və dəyişikliklər edilərək Nazirlər Kabinetinə təqdim olunub: “Silahlı Qüvvələrin silah-sursatla təminatı, hərbi nizam-intizamın yüksəldilməsi, döyüş qabiliyyətinin artırılması və digər tədbirlər də prioritet istiqamət kimi qarşımızda duran məsələlər sırasındadır. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışı daha ciddi şəkildə həyata keçirilir. Xidməti zərurətdən irəli gələn bu addımın atılmasında məqsəd, ilk növbədə, hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir. Bu səbəbdən də ordu sıralarına gələn gənclərin sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Hərbi xidmətə yararlı hesab edilən çağırışçılar üç ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçməyə başlayır. Kursu bitirdikdən sonra yaradılan komissiyalar tərəfindən xüsusi kompyuter proqramı vasitəsilə bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq xidmət yerlərinə göndərilirlər. Gənc əsgərlərin döyüş hazırlığı prosesində səhra şəraitində nümunəvi dərslərin və döyüş atışları ilə təlimlərin keçirilməsi üzrə yeni proqram hazırlanmış və qoşunlarda tətbiq edilməyə başlanılıb”. Onun sözlərinə görə, döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin cəbhə bölgəsində yerləşən birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunda genişmiqyaslı hərbi təlimlər keçirilib. Təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrənilib, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib. Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyi hərbçilərin döyüş ruhunun artırılması istiqamətində mədəni- kütləvi tədbirlərə də üstünlük verir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq. Qeyd edək ki, “Açıq qapı” gününün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını təcəssüm edən 31 dekabr tarixi xalqımızın böyük bayramına çevrilib. Hər bir azərbaycanlı bu milli birliyə, bu həmrəyliyə öz töhfəsini verir.“Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Onu da əlavə edək ki, bu kimi tədbirlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə Müdafiə Nazirliyində akkreditə olunan jurnalistlərə akkreditə vəsiqələri təqdim olunub. Tədbirdə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev iştirak edib. Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin yeni inzibati binasında keçirilən tədbirdə çıxış edən nazir müavini, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada və Silahlı Qüvvələrlə çalışacaq jurnalistlərin akkreditə olunması barədə müvafiq qərarın 2014-cü ilin sonlarında qəbul edildiyini, vəsiqələr verilən jurnalist və yaradıcı heyətin müvafiq prosedurlardan keçdiyini bildirib. Azərbaycan Silahlı Qüvvələrində son illər həyata keçirilən tədbirlər, cəbhə xəttindəki vəziyyət barədə danışan nazir müavini bu istiqamətdə nailiyyətlərin əldə edildiyini, qarşı tərəfin cəbhədə çox sayda itkilər verdiyini deyib. Nazir müavini müasir dövrdə fiziki müharibələrlə yanaşı psixoloji müharibələrə böyük önəm verildiyini, sonuncunun aparılmasında KİV-lərin mühüm rol oynadığına diqqət yönəldib: “Bu gün bizim psixoloji müharibədə jurnalistlərin üzərinə böyük vəzifə düşür. Ona görə də hamımız bir olmalıyıq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 29 dekabr.- S.15.