Multikulturalizm Mərkəzi
2015-ci ili
uğurla başa vurdu
Əsası Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulan müasir Azərbaycan bu
gün dünyanın ən mötəbər beynəlxalq təşkilatları,
ictimai birlikləri tərəfindən hüquqi, demokratik dəyərlərə
sahib, dinamik inkişaf edən və regionun ən güclü
iqtisadiyyatına sahib olan ölkə kimi tanınır.
Azərbaycançılıq
məfkurəsinə uyğun olaraq tolerantlığın və
mədəni, dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin etmək, habelə Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud
multikultural modelləri tədqiq və təşviq etmək məqsədi
ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
ölkəmizin ictimai-siyasi həyatında əlamətdar
hadisələrdən biridir. Mərkəz Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud
multikultural dəyərlərin tədqiqi və təşviqi
ilə əlaqədar layihələrin gerçəkləşdirilməsini
2015-ci il ərzində prioritet sahələr
kimi qəbul edib. Xarici ölkə universitetlərində “Azərbaycan
Multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata
keçirilməsi məqsədi ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Avropanın və regionun bir
sıra qabaqcıl ali məktəbləri
ilə ikitərəfli danışıqlar aparıb,
qarşılıqlı əməkdaşlıq protokolları
imzalayıb. Görülən uğurlu işlərin nəticəsində
hələ 2015-ci ilin birinci yarısında 7 nüfuzlu ali məktəbdə,
o cümlədən, İtaliyanın Sapienza Universitetində,
Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına
Sofiya Universitetində, Rusiyanın I Prezidenti Boris Yeltsın
adına Ural Federal Universitetində, Çexiyanın Praqa
Karlov Universitetində, Litvanın Litva Pedaqojı Universitetində
təsdiq olunmuş proqramlarla “Azərbaycan Multikulturalizmi” fənni
tədris olunmağa başlayıb. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi 2015-ci ilin ikinci yarısında bu
layihənin daha da genişləndirilməsi üçün gərgin
iş aparıb və nəticədə daha 4 universitetdə, o
cümlədən, İsveçrənin Frayburq Universiteti,
Ukraynanın Poltava İqtisadiyyat və Ticarət universiteti,
Türkiyənin Erciyes Universiteti və Portuqaliyanın Lusofona
Humanitar və Texnologiya Universitetində “Azərbaycan
Multikulturalizmi” fənni tədris olunmağa başlayıb.
Azərbaycan
universitetlərində “Multikulturalizmə giriş” və “Azərbaycan
Multikulturalizmi” fənlərinin tədrisinin həyata
keçirilməsi layihəsi ilə əlaqədar Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və müvafiq ali məktəblərlə
əməkdaşlıq müqavilələri imzalayaraq 2015-ci
ilin birinci yarısında respublikamızın 7 ali məktəbində,
Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki
Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə
Dövlət Universiteti və Naxçıvan Dövlət
Universitetində tədris prosesi başlayıb. Bundan
əlavə Bakı Slavyan Universitetində Multikulturalizm
kafedrası açılıb. Mərkəz layihəni
genişləndirərək 2015-ci ilin payız semestri ərzində
daha 12 universitetdə, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçiliyi
Akademiyası, Memarlıq və İnşaat Universiteti, Azərbaycan
Dillər Universiteti, Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Qərb Universiteti, Kooperasiya
Universiteti, Azərbaycanın Dövlət Dənizçilik
Akademiyası, Fövqəladə Hallar Nazirliyinin
Akademiyası, Dövlət Sərhəd Xidməti
Akademiyası, Sumqayıt Dövlət Universiteti, Mingəçevir
Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar
Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan
Multikulturalizmi” fənlərinin bakalavr və magistr səviyyəsində
tədrisinə nail olub. Beləliklə, hazırda “Azərbaycan
Multikulturalizmi” fənni dünyanın 11 və Azərbaycanın
19 nüfuzlu ali məktəbində
uğurla tədris olunur.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi istər xarici ölkə
universitetlərində, istərsə də ölkədaxili
universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan
Multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin
hazırlanmasına xüsusi önəm verərək
onların zəruri material və məlumatlarla təmin edilməsini
diqqətdə saxlayıb. Xarici ölkə
universitetlərində təşkil olunan monitorinqlər
çərçivəsində Mərkəz tərəfindən
müəyyənləşdirilən monitorinqi aparan şəxslər
həmin universitetlərdə həm də birdəfəlik
mühazirələr təşkil edib. İsveçrənin
Frayburg Universitetində “Linqvistik müxtəliflik və Azərbaycan
Multikulturalizmi”, İtaliyanın La Sapienza Universitetində
“Müasir Azərbaycan və multikulturalizm”, Türkiyənin
Erciyes Universitetində “Azərbaycan ədəbiyyatında
multikulturalizm”, Portuqaliyanın Lusofona universitetində
“Linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin
komponenti kimi”, Bolqarıstanın Müqəddəs Kliment
Oxridski adına Bitola Universitetində “Multikulturalizm və
sosial-iqtisadi inkişaf – Azərbaycan təcrübəsi”,
Indoneziyanın Coqyakarta şəhərində “Muhammadiyyah”
dini-sosial təşkilatında “Azərbaycan multikultural ölkə
modeli kimi” mövzularında oxunan birdəfəlik mühazirələr
dinləyici alim və tələbələr tərəfindən
maraqla qarşılanıb.
Xarici
ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi”
fənninin tədrisinin intellektual infrastrukturunun
formalaşdırılması layihəsinin davamı olaraq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı
Slavyan Universitetinin birgə təşkilatçılığı
ilə 21 iyul - 01 avqust tarixlərində keçirilən
“Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: oyrən,
araşdır, paylaş. Beynəlxalq Yay məktəbi”
təşkil edilib. Himayəçilik
Şurasının sədri, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri Kamal Abdullayevin
ideyası əsasında həyata keçirilən bu layihənin
başlıca məqsədi “Azərbaycan Multikulturalizmi” və
“Multikulturalizmə giriş” fənnlərinin tədris
olunduğu tələbələrə Azərbaycanı əyani
şəkildə göstərmək, onların nəzəri
biliklərini real həyatda möhkəmləndirmək və
Azərbaycanın əsl dostlarına çevirməkdən
ibarət olub.
Bu layihənin
davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və
Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı
ilə 08-17 fevral 2016-cı il tarixində
baş tutacaq “Multikulturalizm Azərbaycanın həyat tərzi
kimi: “öyrən, araşdır, paylaş” Beynəlxalq
Qış məktəbinin hazırlıqlarına
başlayıb.
Multikulturalizmin
və tolerantlığın həyat tərzinə
çevrildiyi Azərbaycan qerçəkliyinin mədəni,
sosial, siyasi mahiyyətini öyrənmək və təbliği
mexanizmini hazırlamaq vəzifəsini reallaşdırma istiqamətində
müxtəlif vaxtlarda “Holokost və Xocalı müasirlərin
gözü ilə” və “Ermənilərin Qarabağa
köçürülməsi, Marağa -150: tarix və
faktlar” mövzusunda dəyirmi masalar təşkil edilib. Tarixçi alimlərin, müxtəlif dini qurum və
icma rəhbərlərinin, ictimai xadimlərin iştirakı
ilə keçən bu tədbirlərdə elmi həqiqətlərin
aşkarlanmasına xidmət edən araşdırma nəticələri,
müzakirələr, fikir mübadilələri xüsusi
maraqla qarşılanmış, yeni-yeni mövzulara yol
açıb.
Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin
beynəlxalq müstəviyə
çıxarılmasını təmin etmək, mütəxəssislərimizin
fəaliyyətini bu istiqamətə yönəltmək
üçün Mərkəz bir sıra mühüm layihələr
həyata keçirib. 2015-ci ilin aprelində Mərkəzin bilavasitə təşəbbüsü
ilə İtaliyada Romanın Pontifika Selisiani Universitetində
keçirilən “Qafqaz Albaniyası “Beynəlxalq konfransda Mərkəzin
Himayəçilər Şurasının sədri, akademik
Kamal Abdullayevin və Mərkəzin şöbə müdiri Nəriman
Qasımzadənin təqdim etdiyi məruzələr
böyük marağa səbəb olub. 2015-ci il
martın 30-da Mərkəzin təşkilatçılığı
ilə Almaniyanın Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda
multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə
və gələcəyin cəmiyyət modeli” mövzusunda
beynəxalq elmi konfrans keçirilib. Beynəlxalq
konfransda müxtəlif ölkələrin 50-dən çox
alimi, dini konfessiya rəhbərlərinin Azərbaycan
multikulturalizminin tarixi qaynaqları və müasir mərhələdə
onun dövlət siyasəti səviyyəsinə
qaldırılması mövzusunda ciddi diskussiyalar
aparılıb. 2015-ci il mayın 27-də İsveçrənin
Frayburq universitetinin Federalizm institutunda “Azərbaycanda və
İsveçrədə multikulturalizmin və dünyəviliyin
ortaq dəyərləri” mövzusunda seminar, Almaniyanın
Drezden şəhərində “Kitabi- Dədə Qorqud”
dastanında tolerantlıq Azərbaycan multikulturalizminin bədii
qaynaqlarından biri kimi” mövzusunda keçirilən dəyirmi
masa alimlər tərəfindən yüksək qiymətləndirilib
və bu haqda həmin ölkələrin mətbuat səhifələrində
geniş məlumatlar verilib.
“Kitabi Dədə
Qorqud” dastanının alman dilindən ilk tərcüməsi və
nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında ölkə
Prezidenti tərəfindən imzalanan 20 fevral 2015-ci il tarixli Sərəncam bir sıra qurumlarla
yanaşı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
qarşısında da konkret vəzifələr qoymuşdu. Tədbirlər
Planına və Himayyəçilər Şurasının
tövsiyyələrinə uyğun olaraq milli-mədəni
irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq
ruhunda tərbiyə olunmasında “Dədə Qorqud”
dastanının böyük əhəmiyyəti nəzərə
alınmaqla “Kitabi Dədə-Qorqud və Fridrix fon
Dits -200” adlı Birinci və İkinci Beynəlxalq kollokviumlar
keçirilib. Bu kollokviumlarda Türkiyə, Almaniya, İtaliya,
Rusiya, Qazaxstan, Yunanıstan, Gürcüstan, Latviya kimi ölkələrin
Qorqudşünasları tərəfindən edilən
çıxışlar və söylənilən fikirlər
bütünlükdə “Qorqudşünaslıq” elminin
inkişafına dəyərli töhfədir. Dünya alimlərinin
böyük əksəriyyəti “Kitabi Dədə-Qorqud”u
dünya ədəbiyyatının nadir incilərindən hesab
edilən “İliada” və “Odiseyya” əsərləri,
“Nibelunqlar haqqında nəğmə” , “Manas” dastanı ilə
qarşılıqlı təhlil edərək dünya
dastanşünaslığının təməli,
bünövrəsi kimi dəyərləndirib. Mərkəzin
bilavasitə təşkilatçılığı ilə
alman alimi və diplomatı Fridrix fon Ditsin “Kitabi Dədə-Qorqud”
dastanı haqqında yazdığı müqəddiməsi və
“Basatın Təpəgözü öldürdüyü”
boyunun 25 dildə - azərbyacan, ingilis, rus, türk, ərəb,
macar, italyan, fransız, yunan, çin, ukrayna, fars, hind,
gürcü, erməni, yapon, ivri, talış, ləzgi,
kürd, udin, tat, avar, xınalıq dillərinə tərcümə
edilərək ayrıca kitablar şəklində nəfis tərtibatla
nəşr olunub. Kitabların ilk təqdimatı 11 dekabr
2015-ci il tarixində Ulu öndər Heydər Əliyevin
anım günü ərəfəsində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində Mədəniyyət və
Turizm nazirliyinin, Təhsil nazirliyinin, AMEA-nın, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı
Slavyan Universitetinin və bir sıra müvafiq qurumların
nümayəndələrinin iştirakı ilə keçirilən
dəyirmi masada reallaşıb.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci il dekabrın
17-də Almaniyanın Drezden şəhərində Saksoniya
Dövlət kitabxanası, Humboldt Universitetinin Azərbaycan
tarixi kafedrası, Auqsburq Universiteti və Osvald Volkenşteyn Cəmiyyətinin
birgə təşkilatçılığı ilə
“Kitabi-Dədə Qorqud” dastanlarında tolerantlıq Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqlarından biri kimi”
adlı elmi konfrans keçirilb. Azərbaycan və
alman alimlərinin, yerli ictimaiyyətin nümayəndələrinin
iştirak etdikləri bu tədbirdə
qorqudşünaslığın Berlindən Bakıya gələn
200 illik uzun bir yolu haqqında geniş məruzə və
çıxışlar dinlənilmişdir. Sonda Dövlət
müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi tərəfindən hazırlanaraq 25 dildə nəşr
edilən Henrix Fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanı
üçün yazmış olduğu ön söz və
dastanın bir boyundan ibarət kitabları Drezden
kitabxanasına hədiyyə edib.
Respublikamızın
müxtəlif bölgələrinə aid mədəni irsi
öyrənmək, onların müasir dövrdə ahəngdar
inkişafının təmin edilməsinə, vətəndaş
cəmiyyətinin potensialından səmərəli istifadə
etməklə tarix, mədəniyyət və dini abidələrin
qorunub saxlanmasına dəstək vermək vəzifəsini
yerinə yetirmək üçün etnik qruplarla əlaqələrin
genişləndirilməsini qarşısına məqsəd
qoyan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu
qrupları bir araya gətirərək ölkənin bir
sıra yerlərində keçirilmiş festivallarda
onların birgə iştiraklarını təmin etmişdir.
Mərkəzin dəstəyi ilə 2015-ci il
3 və 4 iyul tarixlərində Şəki şəhərində
keçirilən “İpək yolu musiqi folklor festival”ı məhz
belə tədbirlərdən idi.
Ölkəmizin
multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər
tərəfindən öyrənilərək xarici ölkələrdə
təbliğini təmin etmək məqsədi ilə 2015-ci il ərzində Mərkəzin təşəbbüsü
ilə 6 beynəlxalq “Virtual dəyirmi masa” təşkil edilib.
Toplanan materiallar ümumiləşdirilərək
rus və ingilis dillərinə tərcümə olunub və
kitabçalar formasında nəşr edilib. Azərbaycan
Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın
inkişafına xidmət göstərməsi yollarını
müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan
gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətinin təbliği
mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi
məqsədilə Mərkəz tərəfindən “Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı azərbaycan
dilində çap olunub, növbəti ildə isə həmin
kitabın tərcümə edilərək rus və ingilis dillərində
nəşr edilməsi planlaşdırılır.
Ötən
il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə
fəaliyyət göstərən dini qurumların və
konfessiyaların, icmaların rəhbərləri ilə
bütünlükdə 21 görüş və
müşavirə, 11 dəyirmi masa, 8 seminar, xarici ölkələrdə
isə 6 beynəlxalq konfrans, 14 seminar və görüş
keçirib, bu tədbirlərdə Azərbaycan
multikulturalizminin xüsusiyyətləri, ölkə rəhbərliyinin
bu sahəyə olan diqqət və qayğısı barədə
geniş diskussiyaların aparılmasına nail olub.
Bu gün
özlərini demokratiyanın beşiyi adlandıran Qərbi
Avropa ölkələrinin əksəriyyətində müxtəlif
dini qurum rəhbərləri əhalinin sıx
yaşadıqları məkanlarda mühafizəsiz və sərbəst
olaraq insanlarla bilavasitə azad təmasda ola
bilmədikləri halda, ölkəmizdə hər bir dini qurum
rəhbəri belə imkanlardan sərbəst istifadə edir. Bütün qeyd olunanlar bir daha təsdiq edir ki, Azərbaycan
müxtəlif xalqların və etnik qrupların dinc, dostluq,
qardaşlıq şəraitində yaşadığı,
sevinci və kədəri birgə bölüşdüyü
bir məkandır. Burada yaşayan
bütün xalqlar və etnik qruplar Azərbaycanı öz
ortaq vətənlərinə çeviriblər.
Olaylar.- 2015.- 30 dekabr.- S.10.