“Mən heç vaxt ruhlarla alver etməmişəm!...”
Müsahibimiz Azərbaycan, Gürcüstan və
Rusiya Yazıçılar və Jurnalistlər Birliklərinin
üzvü, şair-tərcüməçi Giya Paçxataşvilidir.
* Giya, artıq
neçənci dəfədir sizin barənizdə yazı
yazıram, lakin yazmaqla tükənməyən, bəhs etməklə
sonuclanmayan həyat hekayətlərinin müəllifi kimi yenidən
sizə üz tuturam: yeni yaş dönəmi ərəfəsində
necəsiniz? Nə var, nə yox?
* Ən öncəsi bundan başlayaq ki, sizli-mənli hamımız bilirik ki, 54 yaşıma Lamarasız girirəm. Təbii ki, 29 yanvar ad günüm kimi ancaq sənədlərdə qalacaq... Bununla belə, onun ruhunu şad etmək üçün ötən ildə xeyli sayda tərcümə və müəllif kitablarım çıxdı.
* İşiniz
öz qaydasında, tərcüməçilik və poeziya sahəsindəki
fəaliyyətiniz də öz yerində. Bilirəm, bu
baxımdan Tanrı sizi bəxtli yaradıb. Bəs xəyal
qırıqlığınıza səbəb nədir?
* Lamaramın və mənzilin yoxluğu. Özünüz də görmüşdünüz ki, o, yeni ev üçün hər şey almışdı. Lakin...
* Bəs necə
oldu ki, hökumətimiz jurnalistlərə, yaradıcı
insanlara bu qədər ev payladı, həyat şəraitini
yaxşılaşdırdı, sizə çatanda
qarşınızdan qara pişikmi keçdi?...
* Məlum həqiqətdir ki, hələ ötən ilin mayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, o cümlədən də Mətbuat Şurasının sədri Əflatun Amaşov siz dediklərinizi və ədəbiyyatdakı az-çox xidmətlərimi nəzərə alaraq, Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova “daşdan keçən” məktub göndərmişdilər. Görünür, “daşdan keçən” məktub başdan keçmədi. Düzdür, millət vəkilləri Aqil Abbas və Qənirə Paşayeva məsələni yoluna qoyacaqlarına əminliklə söz versələr də, onların vədləri sabun köpüyü kimi elə havadaca buxarlanıb getdi. Odur ki, elə əvvəlki durumdayam.
* Durumunuz da ki, göz qabağındadı...
* Mənim məsələm yağışdan çıxıb yağmura düşən adamın məsələsinə bənzəyir. Belə ki, şəhərin mərkəzində - “İnqilab” küçəsindəki evimizi kürüyən Asan Xidmətin birinci və baş ofisi bizi oradan Keşləyə gözdən iraq bir yerə tezbazar quraşdırılan çölü bəzək-içi təzək bir yerə köçürtdü. Həmin mənzildə kitablarım da, paltarlarım da kif atır. Görün onda mənim səhhətim nə gündə olar... Mənə deyirlər ki, şükür elə ki, kirəpulu vermirsən. Odur ki, qalmışam Bakı-Qax arasında.
*
Giya, sizcə üç ölkənin - Azərbaycan,
Gürcüstan və Rusiya Yazarlar Birliklərinin üzvü,
bir neçə beynəlxalq mükafatlar laureatı, 36-dan
artıq tərcümə və müəllif kitabının
sahibi (və... daha başqa yüksək keyfiyyətlərinizi
sadalamıram...) olan bir ziyalıya nədən bu qədər
biganəlik göstərilir?
Bunun günhkarı kimdir, sizcə? Sizmi, ətrafınızdakılarmı,
yoxsa bu işlə birbaşa əlaqəsi olanlar?
* Vallah, Qiymət xanım, ətrafımdakılardan gileyim yox! Onlar olmasaydı, yəqin ki, indi bu müsahibəni məndən almazdınız... Qohumluqdan da yüksəkdə duran dostlarıma eşq olsun. Sualın birinci hissəsinə gəldikdə, deyə bilərəm ki, nə yaradıcılığımda, nə də həyatımda məddah olmuşam.... Yararlanmaq mənlik deyil! Odur ki, problemin kökünü zamanı bu kökə salan məmurlarda axtarın!
* Bəs sizin
milliyyətcə bir gürcü olaraq Azərbaycan xalqı
üçün elədikləriniz?! Axı sizi dəyərli
insanlarımız gürcü olmaqdan əfzəl, əsil
müsəlman, əsil türk, eyni zamanda bəşəri bir
şəxsiyyət hesab edirlər!
* Əmanətə xəyanət məsələsini eşitmisiniz, yəqin... Mən nə Vətənə, nə də dostlara xəyanət edib başqa ölkələrin gəlişigözəl təkliflərinə uyub Azərbaycandan gedə bilməzdim. Çünki mənə görə, hələ məmurlar və dövlət strukturları Azərbaycan demək deyil... Ədəbiyyat, zəngin mənəviyyat və dostlara bağlılıqdır mənimçün Azərbaycan! Əks halda...
* Givi, axı vaxt
gedir, ömür tükənir. Həm də bu cür şəraitdə
itirən biz oluruq. Azərbaycan xalqı, Azərbaycan
poeziyası, Azərbaycan tərcümə ədəbiyyatı,
Azərbaycan jurnalistikası... – bir sözlə, Azərbaycan
ziyalılığı! Və s. və il. Bu hal nə vaxtacan belə davam
edəcək?
* Qoyun bu
suala mənimlə gəncliyimdən - tələbəlikdən
gələcəyə birlikdə
addımladığımız, indi isə Milli Məclis
kreslolarında əyləşən məmurlar cavab versinlər...
“Görmürlər məni” şeirim bu suala tutarlı
cavabdı, məncə!
* Biz sizinlə dəfələrlə
könül söhbətləri etmişik. Bugünkü
söhbətimiz isə şəhidlərimizin müqəddəs
ruhlarını ziyarətdən qayıtdığımız
günə - Qara yanvar faciəsinin 25-ci ili
gününə təsadüf etdi. Bu bir təsadüfdümü,
ya hər nədisə, deyə bilmərəm. Lakin bunu
bilirəm ki, Azərbaycan xalqının müstəqillik
mücadiləsinə Giya Paçxataşvilinin – Yetim
Gürcünün qatqısı çox olub. Bir qədər
də bu barədə...
*
Yuxarıda bəhs etdiyim şeirdə “Dərd daşımaqla
məşğulam” misrası var. Əslində bu, dərd yox,
dərdlərdir - Fikrət Mursaqulov dərdi, Qarabağ dərdi
və Qara Yanvar dərdi. Hələ Lamara dərdimi demirəm...
O günlərə qayıtmaq həqiqətən də
ağırdır. Lakin 9 aprel 1989-cu il hadisələrini
görüb analiz edən insan kimi deyə bilərəm ki, 20
yanvar faciəsindən daha əvvəl bu hadisənin
qaçılmazlığını duyub olduqca narahat günlər
yaşayırdım. O vaxt Bakıya “təşrif buyurmuş”
Primakovla Bakatinə də (Y.M.Primakov Moskvada mənə dərs
demişdi) narahatlığımı bildirmişdim... Lakin Sovet İmperiyasının soyqırım
maşını artıq işə salınmışdı.
Ona görə də, əlimdən gələn barrikadada
dayananlara 9 aprel hadisələrindən ibrət
götürüb, bir az ehtiyatlı
davranmalarını xahiş etməyim idi. Hadisələrin
qarşısının alınmasına cüzi də olsa
köməyim dəysin deyə, hətta şəhərin mərkəzində
qaldım o günləri.
* Hadisənin səhərisi
günü beynəlxalq aləmə müraciət
hazırlanmalıydı. Bu barədə ətraflı
danışsanız, yaxşı olardı...
* Siz deyən
müraciət Qafqaz Şeyxülislamı Allahşükür
Paşazadənin müraciətidir. O zaman şeyx həzrətləri
mərhum şairimiz Bəxtiyar Vahabzadəyə həmin
müraciətin qaralamasını təqdim etsə də, o vətənpərvər
şəxsiyyətin işi həddindən çox
olduğundan “onu başqasına verin”, demişdi. Yanvarın
20-si səhər 10:20-də biz Azərbaycan Korlar Cəmiyyətinin
mətbəəsində (Fabritsius küçəsi, 40 –
indiki Ceyhun Hacıbəyli küçəsi)
yığışmışdıq ki, Sovet
İmperiyasının partiya biletlərini yığıb
onları məhv eləyək. Hamımız – mətbəənin
direktoru Ələsgər Səmədov, partiya komitəsinin sədri
Nadir Şirinov, mən və bir neçə fəhlə
direktorun kabinetindəydik. Çox narahat
anlar idi. Axı, komendant saatı Bakını iflic
etmişdi... Qəfildən darvazanın bərk
döyülməsi səsinə mən və baş mühəndis
Gennadi Vasilyeviç aşağı düşdük. İki qara maşından din xadimləri
düşüb bizə tərəf gəldilər. Onlar bizə sözügedən qaralamanı verdilər
ki, 3 saat ərzində Azərbaycan və rus dillərində tərcümə
olunub çap edilsin. Biz onlara dedik ki, bu
işə bir saat da kifayətdir. Əlyazmanı
götürən kimi, Əhmədlidə yaşayan Xristenko
Valya adlı çapçımızı təcili olaraq
işə çağırdıq. Təbii
ki, nəqliyyat pis işlədiyindən onun tez gələcəyinə
heç də ümid yox idi. Fürsətdən
istifadə edib heç nəyə yaramayan qaralamanın yenidən
beynəlxalq normalara uyğunlaşdıraraq, Azərbaycan
variantını işlədik və mən onun yarımca
saatın içində rus variantını da mükəmməl
şəkildə hazırladım. Nəhayət,
Valya xanım da gəldi və poliqrafçıların
yaxşı bələd olduqları rameyra maşınında
hər dildə 3 min tiraj olmaqla müraciəti
hazırladıq. Təbii ki,
sifarişçilər gözləmədikləri qədər
tez bir zamanda və yüksək keyfiyyətlə
hazırladığımız həmin müraciəti
götürüb dünya ölkələrinə yaydılar.
Sözsüz ki, komendantın təhlükəsini
göz altına almış Ələsgər Səmədova
da, Nadir Şirinova da təşəkkürün böyük
payı düşür. Hamı bilir ki, o günü
bircə “Səhər” qəzeti və Azərbaycan
Korlar Cəmiyyəti əsil igidlik göstərib
informasiya blokadasını yarmışdılar. İnanın
ki, Qiymət xanım, bu müraciətlə bağlı həqiqət,
25 ildən sonra olsa da, bu şəkildə ilk dəfə
olaraq sizin qəzetiniz vasitəsilə ictimaiyyətə
çatdırılır. Çünki mən
heç vaxt ruhlarla “alver edib” bunu nə televiziya, nə də
digər informasiya vasitələrində demişəm. Bu mənim vətəndaşlıq məramıma
ziddir.
* Givi, bu gün məhz həmin şəhidlərin,
hansı ki, doğrudan da, siz onları heç vaxt hərraca
çıxarmadınız, məzarlarını ziyarətə
getmişdik birlikdə. Və artıq 25 ildi
gedib-gəlirik ora. Nə dəyişib o gündən-bu
günə... Şəhidlərimizin qanını ala
bilmişikmi, sizcə?
* Təəssüf
hissiylə vurğulaya bilərəm ki, bu dəfə
onların ziyarətinə acizanə bir ovqatla getmişdim.
Axı, azadlıq uğrunda canını fəda etmiş bu
nakamların hansı arzusu yerinə yetib ki?...
Qarabağımı qaytarmışıq?
Xocalı şəhidlərininmi qisasını almışıq?...
Qiymət
xanım, yəqin mənim “Atəşkəs var, sülhün
niyə gec oldu?” misram yadınızdadır. O zaman da, indi də
ürək ağrısı ilə deyirəm və bunu
çox müsahibələrdə demişəm: heç istəməzdim
ki, Qarabağı Zəngəzurun aqibəti gözləsin və
siyasi ah-vayların mövzusuna çevrilsin. Yetər
“balanslaşdırılmış siyasət” deyə-deyə
xalqı aldadaq! Axı, prezidentdən tutmuş
az-çox siyasətdən baş çıxaranlaradək
hamı yaxşı bilir ki, Qarabağ probleminin açarı
Kremlin seyfindədir. Mənə elə gəlir
ki, şəhidlərin ruhu hələ də narahatdır.
Bir məsələyə
də toxunmaya bilmərəm: bu dəfə Şəhidlər
Xiyabanında nə azan səsi eşidildi, nə ehsan
paylanıldı, nə də nəqliyyat pulsuz oldu. Bumudur şəhidlərə ehtiramımız?
Şəhid məzarı üstünə aparılacaq qərənfili
50 qəpiyə satan millətdən
gözləmək olar? Ağrılı həqiqətdir,
deyilmi?
* Dekabrın sonlarında siz
Gürcüstanda işgüzar səfərlərdə oldunuz.
Bu barədə mətbuatda təzadlı məlumatlar
getməkdədir. Bunlara
açıqlamanı öz dilnizdən eşitmək daha
yaxşı olar.
* Yenicə
yola saldığımız 2014-cü il
dekabrın 26-da “Təzadlar” qəzetində bu barədə məlumat
verilsə belə, “Elimiz.Günümüz” qəzetinə məmnuniyyətlə
bu barədə aşağıdakıları deyə bilərəm:
hamıya məlumdur ki, Gürcüstan siyasi hakimiyyətinə
Rusiya meyilli qüvvələr gəldikdən sonra həmin
respublikanın demokratik dayaqları laxlamağa başladı. Bunun ən böyük ağrısını orada
yaşayan Borçalılar çəkir. O
Borçalılar ki, Gürcüstanın müstəqilliyi
yolunda Zviad Qamsaxurdiyadan tutmuş, Mixeil Saakaşviliyə qədər
daima dövlətçiliyin qorunmasında, demokratiyanın
möhkəmlənməsində Gürcüstan siyasi hakimiyyətinin
yanında olmuşlar. Təbii ki,
yaşadığım müstəqil Azərbaycanın
qonşu Gürcüstana etdiyi mənəvi, siyasi-iqtisadi dəstəyini
unutmaq olmaz. Bu məlum həqiqətlərin
fonunda Zəlimxan Məmmədli və Salman Murğuzovun
“persona no-qrata” edilməsi nə Azərbaycana, nə də
Gürcüstana şərəf gətirəcək siyasi
addımdır. “Borçalı” İctimai Cəmiyyətinin
sədri, Milli Hərəkatın canlı qazisi Zəlimxan Məmmədliyə
bu sayaq ögey münasibət ən azından yaxın tarixi
keçmişimizə və müasir demokratikləşmə
yolunda gedən proseslərə, o cümlədən, Azərbaycan-Gürcüstan
dostluğuna və qardaşlığına vurulan zərbədən
başqa bir şey deyil. Bakı-Tiflis-Axalkalaki-Qars
kimi siyasi və iqtisadi əhəmiyyəti olan nəhəng
layihənin gerçəkləşməsi ərəfəsində
bu anlaşılmaz məsələ məncə,
keçmişin “ağ ləkə”sini xatırladır. “Borçalı” İctimai Cəmiyyətinin sədri
Zəlimxan Məmmədlinin siyasi mövqeyi, ümumbəşəri
baxışları həm Azərbaycan, həm Gürcüstan
siyasi dairələrinə yaxşı bəllidir. 6 il dalbadal keçirilən Elat Bayramı isə
onun fəaliyyətinə tutulan ləkəsiz bir
güzgüdür. Məhz bu həqiqətləri
indiki Gürcüstan hakimiyyətinə çatdırmaq
üçün mən heç kimdən, nə siyasi
sifariş, nə də maddiyyat güdən bir addım kimi qəbul
edə bilmərəm. Bu mənim
gürcü əsilli Azərbaycan vətəndaşı
olaraq, ürəyimin diqtəsi ilə həyata keçirdiyim
səfər idi.
Qürurla
vurğulaya bilərəm ki, 2014-cü il
dekabrın 23-ü səhər saat 11:20-də Gürcüstan
prezidenti Giorgi Marqvelaşvili ilə Tbilisidəki Allabari iqamətgahında
görüşümüz baş tutdu. 10 dəqiqəlik
bağlı qapı arxasında keçən
görüşdə mən ona Zəlimxan Məmmədlinin
kimliyini, hansı mərama qulluq etdiyini çatdırmaqla illər
boyu fəaliyyət göstərdiyini əks etdirən diskləri,
o cümlədən Borçalı ziyalılarının ona
ünvanlanmış məktubunu çatdırdım. Cənab
prezident bu işi şəxsi nəzarətə götürərək,
Zəlimxan Məmmədlinin mobil telefon nömrəsini aldı
və qısa müddətdə bu siyasi
anlaşılmazlığın aradan
qaldırılacağına söz verdi.
İkinci görüşümüz
Gürcüstandakı Azərbaycan səfirliyində baş
tutdu. Lakin təəssüf edirəm ki, səfirlə
görüşümüz yalnız Zəlimxan Məmmədlinin
ona telefon zəngi açmasından sonra baş tutdu. Məni qəbul edən səlahiyyətli səfir Azər
Hüseynlə söhbətimiz də işgüzar şəraitdə
keçdi. Cənab səfir bildirdi ki, o, Azərbaycan
Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun
ona ünvanladığı məktubu rəhbər tutaraq,
Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib
və söz verdi ki, bu məsələ
çözülüncə onun nəzarətində olacaq.
Eyni mövzuda üçüncü söhbətimiz
Gürcüstan Daxili İşlər Nazırliyində oldu. Orada da
bildirdilər ki, bəzi mətbuata açıqlaya bilməyəcəyimiz
nüanslar dəqiqləşdiriləndən sonra məsələyə
aydınlıq gətiriləcək.
Ümidvaram ki, Gürcüstanın indiki siyasi hakimiyyəti
bu siyasi anlaşılmazlığa son qoyaraq ədaləti bərpa
edəcəklər.
Yeri gəlmişkən, bundan bir gün öncə -
dekabrın 22-də Gürcüstanın tanınmış
şairi Rafiq Hümmət və publisist Cambul Məmmədovla
(?) görüşdük. Söhbətimiz
müasir gürcü ədəbi prosesindən getdi və
Cambul müəllim “101 Gürcü şəxsiyyəti”
adlı kitabını mənə hədiyyə etdi.
Sonra Tbilisi şəhəri, Qorqasali küçəsindəki
təzə təmirdən çıxmış və
müasir tələblərə cavab verən Mirzə Fətəli
Axundov adına muzeyi ziyarət etdim. Muzeyin
direktoru Leyla Əliyeva Qiymət Məhərrəmlinin şəxsində
bütün Azərbaycan ziyalılarına salamlarını
yetirməyimi rica etdi və çox arzuladı ki, Tbilisidəki
M.F.Axundov adına muzeylə Şəki
şəhərindəki eyniadlı muzey arasında dostluq əlaqəsi
yaradılsın. Leyla xanım söz verdi
ki, məhz bu məqsədlə Şəkiyə qonaq gələcək.
* Givi, yeni ilə
başlamışıq. 2015-dən gözlədikləriniz,
umacağınız, eləcə də verəcəyiniz
töhfələr nə olacaq?
* Mən
verəcəyim töhfələrdən başlamaq istərdim:
bu il mənə Borçalını sevdirən,
eyni zamanda Azərbaycan ədəbiyyatına və mənəviyyatına
gətirən mərhum Fikrət Mursaqulovun iyulun 10-da 60 ili
tamam olur. Onun ruhunu sevindirmək
üçün rus dilində şeirlər kitabını nəşr
elətdirmək niyyətindəyəm. Bu il
həm də Vəli Xramçaylının 60 yaşı
tamam olur. Ona da bu səpkidə bir hədiyyə
etmək istərdim. Yaxşı olardı
ki, 20-dən artıq müəllifdən etdiyim disklərdə
yatan tərcümələrim sponsorların köməyi ilə
işıq üzü görəydi. Axı,
yuxarıda qeyd etdiyim kimi, məni yaşadan dostlarım və ədəbiyyatdır.
Bu ildən başqa umacağım yoxdur!
* Bəs ev?
* Qiymət
xanım, gəlin bu suala öz şeirimdən bir bəndlə
cavab verim:
Evsizlik
evimi yıxdı,
Kasıb könlüm hey darıxdı.
Ay
karıxdı, il duruxdu,
Bəxtim
öldü, dirçəlmədi...
P.S. Müsahibim daha sözü
uzatmadı. Heç buna ehtiyac da yox idi.
İllər boyu aramızda yaşatdığımız səmimi
dost münasibətimizdən mənə yaxşı tanış olan Bizim
Givi elə bu cür də
danışmalıydı.
Düzü-düz, əyrini-əyri... Riyadan uzaq, rəngdən,
boyadan tamamilə azad bir ruhun təcəssümü kimi
alındı bu səmimi söhbətimiz.
Çox insaflı adamdı Givi. Allah onun
insafını almasın, umacaqsız olduğundandır ki,
başına hər cür qəziyyə gəlir, evli olmaqdan
savayı. Arzu edirəm ki, 2015-ci ildə səlahiyyətlilərimiz
səlahiyyətlərindən istifadə edib, ona halal
haqqını verələr. Givimiz evli ola!
Allaha təvəkkül!
***
Qiymət Məhərrəmli
Olaylar.- 2015.- 5 fevral.- S.12.