Elektroenegetika sektorunda
yeni mərhələ
2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və bütün təsərrüfat sahələrində olduğu kimi, elektroenergetika sektorunda da islahatların yeni mərhələsinə başlanılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin yeni iqtisadi strategiyasının ana xəttinin əsas prinsipi ondan ibarətdir ki, neftə məqsəd kimi yox, vasitə kimi baxılır. Çünki neft hasil edən, ancaq heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələr əsas götürülərək Azərbaycan iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi üçün qeyri-neft sektorunun sürətli inkişafı prioritet kimi müəyyənləşdirilmişdir. Artıq neftdən əldə edilən gəlirlər Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilir. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə elektroenergetikanın inkişafında yeni bir mərhələ olmuşdur. Proqrama əsasən, yeni generasiya güclərinin işə salınması, bir sıra istilik və su elektrik stansiyalarının tikilməsi, iqtisadiyyatın enerji təchizatının möhkəmləndirilməsi, Azərbaycanın regionda elektrik enerjisinin tranziti, sonra isə ixracatı üzrə mühüm ölkəyə çevrilməsini nəzərdə tutan layihələr həyata keçirilməkdədir. 2003-2013-cu illərdə Azərbaycanda 2100 MVt-dan artıq əlavə generasiya gücünün işə salınması nəticəsində ölkənin bütün elektrik stansiyalarının qoyuluş gücü 6450 MVt-a çatdırılmışdır. Yeni güc mərkəzlərinin inşası ilə yanaşı, bu gün elektrik şəbəkələri də ardıcıl olaraq inkişaf etdirilir və bu sahədə “Bakıelektrikşəbəkə” ASC-nin xüsusi payı vardır. Belə ki, ölkə üzrə istehlak olunan elektrik enerjisinin 51-52 faizi məhz Bakı şəhərinin payına düşür. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerji sistemin yenidən qurulmasının hərəkətverici qüvvəsi olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına çox güclü təkan vermiş, istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatına təminat vermişdir. Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə”ASC tərəfindən elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmiş və həmin tədbirlər bu gün də davam etməkdədir. İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Bakı şəhərində beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri etdiyindən yeni 110 kV-luq yarımstansiyaların tikintisinə xüsusi diqqət yetirilir. Bakı şəhərinin elektrik təchizatının fasiləsizliyinə və perspektivdə elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə təminat verən dairəvi sxemin yaradılması məqsədilə “Müşfiq”–“Bayıl”, “Xırdalan”- 203 yarımstansiyalararası hava xətləri əsaslı təmir edilmiş, 110 kV-luq “Bayıl”, 227, 203, 215 saylı yarımstansiyalar tamamilə yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli “Liman” yarımstansiyası, “İçərişəhər”, “Yeni Bayıl” yarımstansiyaları inşa edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, 31 yanvar 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin açılışını etdiyi 110/35/10kV-luq BMKZ yarımstansiyası 220kV-luq “Xırdalan” və “Müşfiq” yarımstansiyalarıarası 110kV-luq dairəvi sxemin tərkib hissəsi olmaqla bərabər 220 kV-luq “Nizami” yarımstansiyası ilə əlaqələndirilmiş və ikinci 110 kV-luq dairəvi sistemin yaradılmasında “BMKZ” yarımstansiyasının baza rolu təmin edilmişdir. Möhtərəm Prezidentin göstərişinə əsasə, şəhər daxilində olan yüksək gərginlikli hava xətləri kabel xətləri ilə əvəz edilmişdir ki, “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpa olunduğu 2006-cı il tarixədək paytaxtın elektrik şəbəkəsində 110 kV-luq kabel xətləri, ümumiyyətlə, mövcud olmamış, 35 kV-luq kabel xətləri isə çox az miqdarda olmuşdur. Yüksək gərginlikli kabel xətləri ilə bərabər, xüsusi kanallarla fiberoptik kabellər də çəkilir ki, bu da Mərkəzi Dispetçer Xidmətinə – SCADA sisteminə qoşulur. Qeyd etməliyəm ki, 2011-ci ildə “Bakıelektrikşəbəkə” ASC-də ən müasir texnoloji avadanlıqlarla təmin edilmiş yeni Dispetçer İdaretmə Mərkəzi yaradılmışdır. Son illər beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artması fonunda bütün diqqət Azərbaycana yönəlmiş və 2012-ci ildə Bakı şəhəri “Avrovision” musiqi yarışmasına ev sahibliyi etmişdir. Bu tədbirin enerji təchizatının yüksək səviyyədə təmin olunması üçün 110 kV-luq “İçərişəhər”, “Bayıl” və xüsusi olaraq 35 kV-luq “Bayraq Meydanı” yarımstansiyaları istifadəyə verildi. Ümumiyyətlə, keçən dövr ərzində səhmdar cəmiyyəti tərəfindən 20 ədəd müasir tipli 110 kV-luq və 52 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 128 ədəd yeni transformator məntəqəsi inşa edilmiş və 400 ədəd transformator məntəqəsi əsaslı təmir olunmuş, ümumilikdə 10000 kilometrdən artıq elektrik verilişi xətləri çəkilmişdir. Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda yenidənqurma, təmir-bərpa işləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 80 faiz artaraq 5270 MVA olmuşdur. Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9 faizə endirilmiş, ifrat yüklənmə halları tamamilə aradan qaldırılmışdır. Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranmış və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici 95 faizindən yuxarıdır. İstehlakçılara xidmət sahəsində daha bir yenilik elektrik enerjisi uçotunun aparılması üçün elektron tipli SMS sayğacların tətbiqidir. SMS sayğaclardan istifadə edən abonentlərdə insan amili, demək olar ki, aradan qalxmışdır. Hazırda SMS sayğaclardan istifadə edən istehlakçıların sayı 24 mindən artıqdır. Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də əsaslı işlər görülmüş, əvvəllər yalnız iki inzibati binası olan şəbəkədə bu gün 11 inzibati rayona xidmət göstərən RETSİ(SS)-lər, o cümlədən Enerji Satış Departamenti və digər mərkəzi strukturlar üçün müasir tipli yeni inzibati binalar inşa edilmişdir. “Bakıelektrikşəbəkə” ASC-nin mərkəzi idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun inşa edilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz olunmuş yeni binaya köçürülmüşdür . Son illərdə tikilən digər yarımstansiyalarda olduğu kimi, bu qurğunun binası da konstruktiv həlli və memarlıq görünüşü ilə diqqəti çəkir, şəhərin ümumi görünüşünə əlavə çalarlar qatır. Ətrafda böyük bir ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Yarımstansiyanın girişində ulu öndər Heydər Əliyevin barelyefi qoyulmuş, burada ümummilli liderin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, həmçinin paytaxtın ötürücü və paylayıcı şəbəkəsinin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotoguşə yaradılmışdır. Yarımstansiyada dispetçer idarəetmə mərkəzi yaradılmış və fiber-optik kabel vasitəsilə “Bakıelektrikşəbəkə”nin Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulmuşdur. Bu yarımstansiyanın işə düşməsi ilə şəbəkədə 12 faiz güc artımına nail olunmuşdur. Yarımstansiya “Xırdalan” və “Müşfiq” yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib hissəsi olmaqla yanaşı, “Nizami” yarımstansiyası ilə əlaqələndirilmişdir. Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev adına neftayırma zavodunun, həmçinin bir sıra digər mühüm sənaye obyektlərinin enerji təchizatının etibarlılığını artırır. Avtomatik açılmalar və güc çatışmazlığı zamanı bu yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və digər mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir. Tədris Mərkəzinin bu yarımstansiyada yeni korpusu da yaradılmışdır. Burada Tədris Mərkəzinin zəngin təcrübəsi əsasında ən müasir tələblərə uyğun hərtərəfli şərait yaradılmışdır. Həmin bazada şəbəkənin əməkdaşları bilik səviyyələrini artıracaq, elektroenergetika sahəsində ən son elmi-texniki yeniliklərlə tanış olacaq, müasir avadanlıq və texnologiyalar üzrə peşə vərdişlərinə yiyələnəcəklər. Bütün yarımstansiyalarda olduğu kimi, burada da əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ərazidə inşa olunan yeməkxana da müasir tələblərə cavab verir. “Bakıelektrikşəbəkə” son illərdə enerji satışı sistemində müştərilərə xidmətin səviyyəsini yüksəltməyi və bu sahədə ən müasir standartların tətbiqini də xüsusi diqqətdə saxlayır. Nərimanov rayonundakı yeni yarımstansiyanın ərazisində inşa olunan Enerji Satışı Departamenti bunun daha bir əyani nümunəsidir. Bu ofis əlavə torpaq sahəsi alınmadan yarımstansiyanın ərazisindən səmərəli istifadə edilməklə tikilmişdir. Həmin inzibati binanın metronun “Bakmil” stansiyası yaxınlığında yerləşməsi abonentlərin, eləcə də işçilərin rahatlığı üçün olduqca əlverişlidir. Üçmərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Prezident İlham Əliyevin ölkənin energetika sisteminin inkişafı üçün reallaşdırdıqları tədbirlərdən bəhs edən fotoguşə yaradılmışdır. Binanın ümumi sahəsi 2700 kvadratmetrə yaxındır. Burada abonentlərin qəbulu və müvafiq xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılmışdır. Ofis sürətli internet və rabitə şəbəkəsi ilə təmin olunmuşdur. Enerji Satışı Departamentinin daxili tərtibatı özünəməxsusluğu ilə seçilir. İldən-ilə respublikamızın iqtisadi imkanları artdıqca bu cür yenidənqurma tədbirləri də gücləndirilir, əhaliyə xidmətin səviyyəsi ən müasir standartlara uyğunlaşdırılır, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər daha da gücləndirilir. 1973-cü ildən istismarda olan 110/35/10 kV-luq 2x40 MVA gücündə "Dağlıq" yarımstansiyası Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir. Şəhərin mərkəzi hissəsində, 1-5-ci mikrorayonlarda yerləşən istehlakçıların elektrik təchizatı bu yarımstansiyanın 10 kV-luq şəbəkəsi vasitəsilə yerinə yetirilir. Yarımstansiyanın 35 kV-luq şəbəkəsi vasitəsilə 35 kV-luq 88,99,111 saylı yarımstansiyalar qidalandırılır. Şəhərdə yeni obyektlərin və yüksək mərtəbəli yaşayış evlərinin tikintisi ilə əlaqədar yarımstansiya elektrik enerjisinə olan tələbatı ödəmir. Bu səbəbdən "Bakıelektrikşəbəkə" ASC tərəfindən İnvestisiya Proqramı əsasında "Dağlıq" yarımstansiyası tamamilə yenidən qurulmuşdur. Belə ki, yeni 35 kV-luq qapalı paylayıcı qurğusu inşa edilmiş, 110 və 10 kV-luq qapalı paylayıcı qarğularında rekonstruksiya işləri aparılmışdır. Yarımstansiyada müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları, 110 kV-luq reaktorlar quraşdırılmışdır, yeni kabel kanalları tikilmişdir. Yarımstansiyada yeni rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri quraşdırılmışdır. Yarımstansiyanın ərazisində Nəsimi RETSİ-nin inzibati binası inşa edilib istismara verilmişdir. Türkan qəsəbəsinin elektrik təchizatını yaxşılışdırılması üçün 35/6 kV-luq 2x16 MVA gücündə müasir avadanlıqlarla təchiz edilmiş yeni "Türkan" y/st inşa edilmişdir. Şəhərin Yasamal və Nəsimi rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 111 saylı yarımstansiyada yenidənqurma işləri aparılmışdır. Yarımstansiya binası əsaslı təmir olunmuş, yeni 35 və 6 kV-luq elektrik avadanlıqları, 35/6 kv-luq 25 və 20 MVA gücündə, 35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar quraşdırılmışdır.Yarımstansiyanın ərazisində 1 km-ə yaxın 35 kV-luq. 5,8 km 6 kV-luq kabel xətləri quraşdırılmışdır. 111 saylı yarımstansiyada şəhərinin elektrik şəbəkələrinin məsafədən idarə olunması üçün SCADA tipli Dispetçer İdarəetmə Sistemi yaradılmışdır. Bu mərkəzin yaradılmasında dünyanın qabaqcıl texnologiyalarının istehsalçısı "Siemens" şirkətinin avadanlıqlarından istifadə olunub. "Dağlıq" və 111 saylı yarımstansiyalar arasında 35 kV-luq iki dövrəli kabel xətləri quraşdırılmaqdadır. 35/6-10 kv 111 saylı yarımstansiya, 110/35/10 kV "Dağlıq" və 35/10 kV-luq 99 saylı yarımstansiyanın yükünün azaldılmasına digər yarımstansiyaların qidalandırılmasının etibarlığının artırılmasına və dairəvi elektrik təchizatı sisteminin yaradılmasına şərait yaratmışdır.Nizami rayonu ərazisində tikilməkdə olan 217 saylı yarımstansiyada son tamamlama işləri gedir.
Tamamilə yeni inşa olunan 35/6 kv-luq yarımstansiya 2x25 MVA gücündədir. Qapalı tipli bu yarımstansiya xarici görünüşü ilə şəhərin arxitekturasına uyğun şəkildə tikilmişdir. Yarımstansiyada paylayıcı qurğular, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizə sistemi, təhlükəsizlik avadanlıqları üçün ayrıca bölmələr, həmçinin işçilər üçün yardmçı otaqlar var. 35 kv-luq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulacaqdır. Yarımstansiyanın qidalandırılması məqsədilə 35 kv-luq kabel xətti çəkilmişdir. Hal-hazırda yarımstansiyanın binası tikilmiş, avadanlıqlar quraşdırılmış, rele və avotmatika mühafizə sxemləri yığılır. Yarımstansiyada tamamilə yerli istehsal olan avadanlıqlardan istifadə olunur. Xətai rayonu ərazisində tikilməkdə olan 201 saylı yarımstansiyada işlər davam etdirlir.
1970-ci illərdə inşa olunan yarımstansiyada avadanlıqlar istismar müddətini başa vurmuşdu. 10+6,3 MVA gücündə olan yarımstansiya yenidən inşa edilərək 2x25 MVA gücündə olacaqdır. 35/6 kv-luq yarımstansiyanın binası yenidən tikilmişdir. Yarımstansiyada yenidənqurma işləri aparılaraq müasir standartlara cavab verən inzibati bina inşa edilmişdir 1300 kv.m Yeni Tədris Mərkəzində təsdiq olunmuş Tədris proqramları əsasında müasir tipli yeni texnologiyalardan, avadanlıqlardan istifadə etməklə əməkdaşların, müdavimlərin aşağıda göstərilən ixtisasartırma kursları təşkil olunacaqdır: 1. “Rele mühafizəsi, avtomatika və elektrik avadanlıqlarının istismarı ” 2. “Elektrik verilişi hava və kabel xətlərinin istismarı, təmiri və sınağı”; 3. “Elektrik şəbəkələrinin istismarı” 4. “SMS sayğacları və onların istismarı”; 5. “Elektrik avadanlıqlarının texniki sınaqları”. Mərkəzdə göstərilən kursların keçirilməsi üçün praktik məşğələlərin aparılmasına imkan verən tədris otaqlarında . Məsələn, elektrik avadanlıqlarının istismarının öyrənilməsi üçün tədris kompleksinin böyük zalında elektroenergetika sahəsində dünya miqyasında tanınmış şirkətlər olan Siemens, ABB, TYCO, Şneyder və s. kimi iri korporasiyaların 110,35,10,6 kV-luq şəbəkədə istifadə olunan elektrik avadanlıqları, bu qurğuların xüsusi olaraq əyani dərs vəsaiti kimi hazırlanmış en kəsikləri, texniki xarakteristikaları nümayiş olundu. Hər bir tədris materialı üzrə dərslərin keçirilməsi kompüterlərin köməyi ilə ekranda əks olunur. Praktiki məşğələlər yüksək ixtisaslı müəllimlərin, təcrübəli mütəxəssislərin cəlb olunması ilə həyata keçirilir.Səhmdar cəmiyyətin rəhbərliyi tərəfindən "199 Qəza Xidməti" nin və paytaxtın 11 şəbəkə rayonunda, həmçinin 5 şəbəkə sahəsində çalışan telefonçu operatorların işinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.Bu tədbirlər həmin sahədə texniki imkanların genişləndirilməsi,yeni rabitə texnikası və texnologiyalarının tətbiqi nəticəsində şəbəkənin texniki təchizatının gücləndirilməsi və bu müasir avadanlıqları idarə edəcək kadr potensialının səviyyəsinin artırılması istiqamətində qurulur. Belə ki, rabitə sisteminin yaxşılaşdırılması üçün Bakı şəhərinin 9-cu mikrorayonunda "İnterkom"MMC-nin stansiyalar bazasında 25 vatt-lıq ötürücü (retranslyator) quraşdırılmış, "199 Qəza Xidməti" ilə Yasamal və Nərimanov rayonlarında elektrik montyorlarının işində operativliyi təmin etmək üçün köhnə "Mayak" tipli radiostansiyalar 3 ədəd "Motorola" tipli sabit radiostansiyalarla əvəz edilmiş, Qaradağ və Yasamal rayonlarında əlavə olaraq 2 ədəd "Qəza Xidməti" avtomobillərində "Mayak" tipli radiostansiyalar quraşdırılmış, Sabunçu, Nərimanov, Suraxanı, Əzizbəyov rayonlarında "Qəza Xidməti" briqadaları 7 ədəd əl radiostansiyaları ilə təchiz edilmişdir."Bakıelekrtikşəbəkə" ASC-də qaynat xətt məhz abunəçilərin satış və istismar sahələri üzrə yaranmış sualları cavablandırmaq üçün qaynar xətt xidməti fəaliyyət göstərməkdədir.(012) 440 44 04
“Bakıelektrikşəbəkə” son illərdə enerji satışı sistemində müştərilərə xidmətin səviyyəsini yüksəltməyi və bu sahədə ən müasir standartların tətbiqini də xüsusi diqqətdə saxlayır. Nərimanov rayonundakı yeni yarımstansiyanın ərazisində inşa olunan Enerji Satışı Departamenti bunun daha bir əyani nümunəsidir. Burada abonentlərin qəbulu və müvafiq xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Müştəri Xidmətləri bölməsi həftənin 7 günü saat 8.30-20.00 arasında fasiləsiz xidmət göstərir. Elektron şəkildə xidmət göstərəcək MXM-də suallarınıza dərhal cavab tapmaq, Hesab və Bildiriş problemlərinizi həll etmək, Arayış sənədini dərhal əldə etmək, Elektrik enerjisi borcunu ödəmək mümkündür. Burada Abonent Etirazları üzrə Komissiyalara daxil olan etirazlara baxılması da mövcudur.
Bakıelektrikşəbəkə"də işçilərin əmək və sağlamlığının mühafizəsi sahəsində aparılan işlərdən qarşıda duran vəzifələrdən ətraflı danışıldı. Seminar-müşavirədə ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının göstəriş və tövsiyyəsi ilə "Bakıelektrikşəbəkə"sində əsaslı yenidənqurma işlərinin müasir avadanlıq və texnologiya ilə qurulması, həmçinin onun istismarı zamanı təhlükəsiz əmək şəraitinin yaradılması xüsusi vurğulandı. “Bakıelektrikşəbəkə” ASC ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv müqavilənin və Səhmdar Cəmiyyət üzrə verilmiş müvafiq sərəncamın icrasının təminatı ilə bağlı işçilərin sosial müdafiəsinin ASC -nin əməkdaşlarına müxtəlif təyinatlı yardımlar göstərilmişdir . Həmkarlar İttifaqı Komitəsi ilə Səhmdar Cəmiyyət arasında 2013-2015-ci illər üçün bağlanılmış Kollektiv müqaviləyə və müəssisə rəhbərliyinin əmr və sərəncamlarına müvafiq olaraq, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu əsasən, əməkdaşların yubileyləri (60,70 yaş), toy və yas mərasimləri ilə əlaqədar, həmçinin onların müalicə xərclərinin qarşılanması ilə bağlı göstərilən maddi yardımlarla, iş vaxtı nahar yeməyi ilə əlaqədar ödənişlərdə müəssisə tərəfindən tətbiq olunan 50% imtiyazla, istehsalat zədəsi nəticəsində xəsarət almış işçilərə müavinətlərin ödənilməsi, Qarabağ uğrunda döyüşlərdə əlil və ya həlak olmuşların ailə üzvlərinə texniki şərtlərin verilməsi zamanı imtiyazların tətbiqi və daha bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakı şəhərində həyata keçirilən quruculuq işləri, xüsusən də “Ağ şəhər”, “Yaşıl şəhər” və digər meqalayihələrin icrasına başlanılması, Qaradağ rayonunda “Sənaye parkı”nın yaradılması, o cümlədən , 2015 – ci ildə keçiriləcək I Avropa idman oyunlarına hazırlıqla əlaqədar olaraq “Bakıelektrikşəbəkə” tərəfindən geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanmışdır. Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti getdikcə artır. Memarı ulu öndərimiz Heydər Əliyev olan Azərbaycan onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurlu addımlarla parlaq gələcəyə doğru inamla addımlayır. Hər birimiz, o cümlədən ölkə energetikləri həmişə olduğu kimi, dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ümummilli lider Heydər Əliyev ideyalarının gerçəkləşməsi üçün bundan sonra da var qüvvə ilə çalışacaq, ölkə Prezidentinin qarşımıza qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində səylərimizi əsirgəməyəcəyik. Dahi Heydər Əliyev zəkasının nuru hələ neçə-neçə əsrlər boyu Azərbaycan xalqının yolunu işıqlandıracaq və daha böyük qələbələrə ruhlandıracaqdır.
Nicat Müslümov
Bakıelektrikşəbəkə”
ASC-nin YAP Gənclər təşkilatının
sədri
Olaylar.- 2015.- 7-9 fevral.- S.13.