Azərbaycan gənci vətənpərvər
ruhda böyüyür
Müstəqil
dövlət quruculuğu yolunda
gənclərin üzərinə böyük
və məsuliyyətli vəzifələr düşür.
Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun
tərəqqisinə çalışan və
azadlığı uğrunda canını
qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.
Respublikanın əksər gəncləri vətən
qarşısında öz vətəndaşlıq
borclarını layiqincə başa düşür, onun
qorunmasında və milli dövlətçilik
quruculuğunda fəal iştirak
edirlər. Bununla belə, son
dövrlərdə bəzi gənclərdə vətənpərvərlik
hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin taleyinin
təhlükə altında olduğu, onun bütövlüyü
uğrunda ölüm-dirim
mübarizəsinin getdiyi bir
zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük
ehtiyacı var. Buna
görə də gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin daha
da gücləndirilməsi sahəsində
məqsədəuyğun və sistemli iş aparılmalıdır.
Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə iqtidarında olmaq lazımdı. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji problemdir. Milli-mənəvi dəyərlərə bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik hisslərini gücləndirir və sonrakı mərhələlərdə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məqlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib.. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik səbəblər üzündən verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Heç şübhəsiz ki, uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Məhz bütün bunları nəzərə alaraq ibtidai siniflərdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir vermək istər dərslərdə, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı bu istiqamətdə müntəzəm iş aparmaq lazımdır. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Bu məqsədlə istər dərslərdə, ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi zamanı, istərsə də müxtəlif mövzularda tez-tez keçirilən dərsdənkənar tədbirlərdə Vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri haqqında geniş məlumat vermək lazımdır.
Ümummilli lider Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin". Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda 20 ildir ki, irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var". Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 11 fevral.- S.15.