Məşhur xanəndədən
ermənilərə:
“Onu oğurlamağa ürək lazımdır”
Təyyar Bayramov: “Ən azından onlar
bizim musiqimizi oxumağa cəhd edirlər, bunu
alqışlamaq lazımdır”
Müsahibimiz xanəndə, respublikanın əməkdar
artisti Təyyar Bayramovdur.
39 yaşında olan T.Bayramov
Ağdamda doğulub. Muğama uşaq
vaxtlarından maraq göstərib. Asəf
Zeynallı adına musiqi kollecində təhsil
alarkən peşəkar ifaçılıqla məşğul
olmağa başlayıb. 2005-ci ildə
keçirilən Televiziya Muğam
Müsabiqəsində 1-ci yeri tutub. Opera və Balet Teatrında ilk olaraq “Leyli və Məcnun”
tamaşasında İbn Sənan
obrazını canlandırıb. Teatrdakı səhnə fəaliyyətinə
həmin tamaşadan başlayıb.
Daha
sonra gənc xanəndə 2006-cı ildə Müslüm Maqomayevin “Şah
İsmayıl” operasında baş rolu oynayıb. Həmçinin
“O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə
rolunu ifa edib. Çox gənc yaşlarında əməkdar
artist adına layiq görülüb. 2009-cu il martın 24-də
Azərbaycan Dövlət Kukla Teatrında üç gün
davam edən Beynəlxalq muğam müsabiqəsində Təyyar
Bayramov münsiflər heyətinin yekdil qərarı ilə
müsabiqənin baş mükafatı – “Qran- pri”yə layiq
görülüb. Muğama həddən artıq
bağlılığının olduğunu deyən T.Bayramov
yeni nəsil ifaçıların yetişdiyinə sevindiyini
deyir. Sənətdə uğur qazanmasında iştirak etdiyi
müsabiqələrin böyük rol oynadığı qənaətindədir:
“Mən və mənim kimi bir çox sənət dostlarım
var ki, eyni müsabiqənin iştirakçıları
olmuşuq. Biz 20 nəfər idik. Həmin 20 nəfərin demək
olar ki, hazırda 5-6-sı fəaliyyətdədir. Sonrakı
müsabiqədən isə 3-4 nəfər səhnədədir.
Ustadlarımız bu nəticəni qənaətbəxş
hesab edirlər. Müsabiqələrdə iştirak edənlərdən
hamısının mükəmməl ifaçı
olmasını gözləmək mümkün deyil.
Muğamın ağırlığına dözənlər,
bacarıqlılar sənətdə qalırlar. Üzərində
işləməyənlərin özlərinə yer
tapmaması təbiidir, onlar yavaş-yavaş sıradan
çıxırlar”.
- Bəs, müsabiqə olmasaydı,
indi harada idiniz?
- Fəaliyyətimi
davam etdirərdim. Müsabiqədən əvvəl də
bu sahədə fəaliyyətim olub.
Buna qədər Bakı Humanitar Kollecində muğamdan dərs deyirdim. Sonrakı müsabiqələrdə artıq
mənim tələbələrim
də iştirak edirdilər. Təbii
ki, müsabiqələr
tanınmaq baxımından
məni 10-15 il
sonraya apardı.
- Fikrinizcə, belə müsabiqələr
muğamın inkişafına
əngəl deyil? Yəni ki, səhnəyə
çıxdıqdan sonra
müəyyən məşhurluq
qazananlar daha çox fərdi şəkildə fəaliyyətə
üstünlük verirlər.
Bu da muğamın
ifası üçün
nəzərdə tutulmuş
qaydaları pozmaq riskini yüksəldir.
- Müsabiqələrdə iştirak
edənlərin əksəriyyəti
hansısa ustadların
tələbələridir. Az hallarda
ustad görməmiş
iştirakçılar müsabiqəyə
qatılırlar. Muğamı sevmək vətəni sevməkdir. Kim olursa olsun, onu
qorumaq lazımdır.
- Pop, rok, klassik, estrada
janrlarının daha məşhur olduğu vaxt muğam ifaçısı olmaq sizi narazı salmır?
- Narazı deyiləm. Mənsum müəllim deyir ki, muğamı yetkin beyin qəbul
edir. Bu insanın
müxtəlif yaş
dövrlərində tədricən
qavranılan musiqi janrıdır. Muğam fəlsəfədir.
Mühitdən də çox
şey asılıdır.
Məsələn, Qarabağ,
Şirvan bölgələrində
uşaq gözünü
açıb muğam
eşidir. Qazax, Tovuzda uşaq
tarın səsiylə
böyüyür. Yəni insanlar
düşdükləri mühitə
uyğun formalaşırlar.
- Lakin etiraf etmək lazımdır ki, digər musiqi janrları ilə müqayisədə muğamda
yenilik yoxdur.
- Muğamın özü yenilikdir. Digərlərində hansı yeniliklər
var? Hansısa bir mahnını
başqa-başqa ifaçılar
öz tərzlərində
oxuyurlar. Muğam isə,
əsrlərdən gəlib
bizə çatmış
dəyərdir. Onun
yenisini yaratmaq asan iş deyil.
Muğamı fərqli səslərlə
təqdim edən ifaçılarımız da
kifayət qədər
çoxdur. Özüm də
tez-tez itib-batmış
mahnılara müraciət
edirəm. Yaxud muğamı
mahnıların müəyyən
məqamlarında istifadə
edirəm. Muğamın öz ağırlığı
var. Popu, roku muğamla eyni tərəzidə çəkmək
olmaz. Lakin muğamı hər
janrla sintez etmək olar. Amma bu savadlı olmalıdır.
- Siz belə deyirsiz, amma Alim Qasımovun
muğamı David Vendettanın
bəstəsiylə sintez
etməsi narazılıqla
qarşılanmışdı.
- Bu fikirlə razı deyiləm. Alim Qasımov bizim
böyük sənətkarımızdır.
Həmişə onun sintezləri
maraqlı olub. Hər şey düşünülmüş,
savadlı şəkildə
olanda müsbət qarşılanır. Xalq artisti
Səyavuş Kərimlinin
“Salam-Hola” adlı layihəsi Amerika və Azərbaycan musiqiçiləriylə birgə
keçirildi. Çox maraqla
qarşılandı. Bu
çərçivədə bizim çoxlu konsertlərimiz oldu, möhtəşəm idi.
- Sevda Ələkbərzadə nümunəsi
də var. “Sarı gəlin”i fərqli boğazda ifa etdi və qəbul
edilmədi.
- Bu onun yaradıcılığıdır.
Lakin xalq “Sarı gəli”nin
necə oxunmasını
bilir. Belə mahnıların ifasında
yad nəfəslər
olanda normal qarşılanmır.
Amma Sevda Ələkbərzadə
istedadlı xanımdır.
Onun ifasında “Sarı gəlin”i eşitməmişəm.
Bu haqda bir
söz deyə bilmərəm. Yəqin, ürəyindən
elə gəlib elə də ifa edib.
- Estrada və digər janr ifaçıları ara-sıra
muğam oxuyurlar. Çoxlarının səsi isə
buna imkan vermir.
- Muğam bizimdi, niyə də ifa etməsin? Qoy, ifa etsinlər.
- Bacarmırlar axı!
- Bacarmırlar, çünki
onlar dəstgah şəklində ifa etmirlər. Estrada mahnıları ilə sintez etsinlər, qoy onlar öz
tərəfdarlarına muğamı
sevdirsinlər. Əgər onlar
muğam oxumaq istəyirlərsə, peşəkarlara
müraciət etsinlər.
Kiçik beyt olsa da mütləq peşəkar məsləhəti
lazımdır.
- Muğamı sevdirsinlər
deyirsiz. Amma bundan əvvəl
muğamın milli sərvətimiz olduğunu
qeyd etmişdiz. Məsələn, Sevda Ələkbərzadə
xoş olmayan ifasıyla bu dəyərlərin üzərindən
xətt çəkir
axı.
- Muğam bizimdir, o da oxuya bilər.
Oxumaq ürəyindən gəlir.
Ən azından onlar bizim musiqimizi oxumağa cəhd edirlər, bunu alqışlamaq lazımdır.
Yaxşı ifa etdi, pis oxudu, bu
sonranın müzakirə
məsələsidir. Əgər ifanı davamlı edəcəksə, peşəkarlara
müraciət etməlidir.
- Tələbələrinizdən
razısınız?
- Bəzilərindən hə,
bəzilərindən yox.
Ümidverici tələbələr də var. Bir də görürsən, deyirlər ki, filankəsin uşağının
çox gözəl səsi var. Əsas səs deyil, məsuliyyətdir, üzərində
işləyib o səsi
qorumaqdır. Bu yolda getmək istəyən digər tələbələrimizin üzərində
işləyirik. Yaxın gələcəkdə
xalqımız, muğam
sevərlər onları
yaxından tanıyacaqlar.
- Bu sahədə
gənc sayılırsız.
Köhnə sənətkarların sizə münasibəti necədir?
- Münasibətləri çox
yaxşıdır, problemimiz
yoxdur. Yaxşı ifamız olanda
ustadlarımızdan xoş
sözlər eşidirik.
Onlardan məsləhət almağı
xoşlayıram. Hansısa bir
mahının oxunması
zamanı ustadlarımıza
zəng edirəm.
Arif Babayevin mahnısını
ifa etmək istəyəndə ona yaxınlaşıram, həmçinin
Əlibaba müəllimə.
Ustadım Mənsum müəllim
məsləhət verir,
özüm də alıram. Onlar bizə dayaqdır.
Hansısa bir peşəkar mənə göstəriş versə,
qəbulumdur.
- Xanəndəlik
məktəbi hansı
vəziyyətdədir?
- Yaxşıdır. Üzeyir Hacıbəyovun
tərtib etdiyi proqram əsasında hazırlanan peşəkar
xanəndələrimiz yetişir.
Fəaliyyətimizi həmin tədris
proqramına uyğun qurmuşuq. İstər
Asəf Zeynallı adına Musiqi
Kolleci, istər Milli Konservatoriyada bu proqram uğurla
tətbiq olunur. Yetişən yeni nəsil
xanəndələr biz tam qaneə
edir. Hesab edirəm ki,
tələbələrimiz də
onlara keçirilən
dərslərdən məmnundurlar.
- Maraqlıdır
ki, ermənilər bu günədək bir çox xalq mahnılarımızı
özününküləşdirməyə
cəhd etsələr
də muğama toxunmurlar.
- Onu oğurlmağa ürək lazımdır.
Muğamı oxumaq ruhda olmalıdır, ermənilərdə
belə bur incə ruh yoxdur.
- Gələcək planlarınız
barədə nə deyərdiz?
- Yeni mahnılar, dəstgahlar lentə alınır. Yaxınlarda qiraət ustası,
Əməkdar artist Azad Şükürovla
yeni diskimiz çıxacaq. Bu, sayca beşinci diskimdir. Tələbələrimi hazırlaşdırıram.
Qarşıdan muğam müsabiqəsi
gəlir, iki tələbəm orada iştirak edəcək.
- Son olaraq, Mənsum İbrahimov Təyyar Bayramovun sənətində hansı
yeri tutur?
- Qısaca, onu deyə bilərəm ki, bu sənətə
gəlməyim birbaşa
Mənsum İbrahimovun
adıyla bağlıdır.
Təyyar Bayramov haqda onun müəllimi, Xalq artisti Mənsum
İbrahimovun fikirlərini
də öyrəndik. T.Bayramovun
gənc yaşlarında
böyük uğurlara
imza atdığını
deyən M.İbrahimovun
sözlərinə görə,
həmin illərdə
o, əməkdar artist adına layiq görülüb, iki dəfə iştirak etdiyi muğam müsabiqlərinin qalibi olub və “Şah
İsmayıl” opera-tamaşasında
baş rolu ifa edib: “Dünyanın
bir sıra ölkələrində Azərbaycan
muğamını uğurla
təmsil edir. Peşəkar xanəndə kimi
səhnədə öz
sözünü deyir.
Təyyar Bayramov əxlaqlı,
zəhmətsevər, çalışqandır.
Müəllimi kimi ondan çox razıyam. Bu günədək verdiyim tapşırıqların
hamısını artıqlaması
ilə yerinə yetirib. Bu gün
də kənardan izləyəndə görürəm
ki, o, insanlara göstəriləcək ən
yaxşı nümunədir.
Tələbələrimə Təyyar Bayramovu
həmişə ən
yaxşı nümunə
kimi göstərirəm.
Əsl azərbaycanlı ifaçısıdır”.
Mənsur Rəğbətoğlu
Olaylar.- 2015.- 11 fevral.-
S.13.