“İqdırdan Azərbaycan

türklərinin köçü dayanmalıdır”

 

Sərdar Ünsal: “Gələcəkdə İqdır kürdlərin və ermənilərin daha

sıx yaşadığı, türklərin isə çox az qaldığı bir şəhər ola bilər”

 

Qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşdıqca erməni yalanlarını ifşa etmək istiqamətindəki fəaliyyətlər də sürətlənir. Xüsusilə bu istiqamətdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan təşkilatları daha çox aktivlik göstərirlər. Belə təşkilatlardan biri də Türkiyənin İqdır vilayətində fəaliyyət göstərən İqdır Azərbaycan Evi Dərnəyidir. Dərnəyin sədri Sərdar Ünsalla söhbətimizdə  rəhbərlik etdiyi qurumun qondarma erməni soyqırımı iddialarının ifşa edilməsi istiqamətindəki fəaliyyətlərdən danışdıq. “OLAYLAR”-a verdiyi müsahibədə Sərdar Ünsal Azərbaycan Türkiyə münasibətlərinin mövcud durumundan da söz açıb.

-Sərdar bəy, İqdırda əsas fəaliyyətiniz nədən ibarətdir?

-Əvvəla onu qeyd edim ki, mən İqdırda Türk dili və ədəbiyyatı müəllimi işləyirəm. Bu vilayətdəki Sağlamlıq Peşə Liseyində müdir köməkçisiyəm. Bununla bərabər 38 ildir ki, mətbuat sahəsində də çalışıram və www.igdirim76.com internet saytım var. Eyni zamanda Iqdır Azərbaycan Evi Dərnəyinin sədri və Türkiyə Azərbaycan Dərnəyinin Iqdır şöbəsinin sədr müaviniyəm.

-İqdır Azərbaycan Evi Dərnəyi olaraq 2015-ci il üçün əsas fəaliyyət istiqamətləri kimi nələri əsas götürmüsünüz?

-İqdır Azərbaycan Evi Dərnəyi olaraq 2015-ci ilə aktiv fəaliyyətlə başladıq. İlk olaraq 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı mətbuata açıqlama verdik, bu faciənin miqyası, rus ordusunun 1990-cu ilin yanvarında Bakıda törətdikləri vəhşiliklər barədə kütləvi informasiya vasitələrini məlumatlandırdıq. Bundan sonra ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşları ilə bağlı imzatoplama kampaniyasına başladıq. Hazırda da imzatoplama kampaniyası davam edir. Sonda toplanan imzalar Türkiyə Baş Nazirliyi və Prezidentə göndəriləcək. 26 fevral tarixində isə Xocalı faciəsinin qurbanlarını anacağıq. Bu məqsədlə  bir toplantı keçirməyi nəzərdə tuturuq. Anım mərasimi zamanı Xocalı soyqırımı qurbanlarının ruhuna Quran-ı Kərim oxudulacaq, foto-sərgi təşkil ediləcək. Mart ayında isə Novruz bayramını qeyd etməyi  düşünürük. Məlumat üçün qeyd edim ki, erməni zülmündən bəhs edən bir roman yazmışam. "Ürəyim İrəvandan qaldı" adlı romanın mart ayında işıq üzü görməsi nəzərdə tutulub. Bu romanda 1920-ci ildə İrəvandan, Göğ məsciddən başlayan bir qaçışın tarixindən bəhs edilir. Bu roman xüsusilə qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində böyük səs salacaq.

Eyni zamanda umummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünü, 28 May Azərbaycanın müstəqillik gününü qeyd edəcəyik. Əgər maddi imkanlar əldə edə bilsək nəzərdə tutduğumuz tədbirləri həyata keçirəcəyik.

-Qondarma erməni soyqırımı iddialarının yalanlanması üçün İqdır Azərbaycan Evi Dərnəyi olaraq hansı tədbirlər keçirməyi düşünürsünüz?

-Bildiyimiz kimi bu ilin aprel ayında ermənilər qondarma soyqırım yalanlarının 100-cü ilini qeyd edəcəklər. Bizonlara cavab olaraq ermənilərin türklərə qarşı həyata keçirdikləri zülmləri anlatan "Ürəyim İrəvandan qaldı" romanını yayınlayacağıq. Bununla yanaşı İqdırda ermənilər tərəfindən şəhid edilən 3 Türk əsgərinin abidəsini, məzarlarını ziyarət edib bu barədə mətbuata açıqlama verəcəyik. Həmçinin Iqdırdakı məktəbləri gəzərək ermənilərin türklərə qarşı həyata keçirdikləri zülmü izah edən konfranslar təşkil edəcək, sənədli filmlər nümayiş etdirəcəyik. Eyni zamanda erməni zülmündən bəhs edən srəgilər təşkil olunacaq.

-Zaman-zaman İqdıra gedən soydaşlarımız oradan qayıdandan sonra belə bir iddia edirlər ki, bu vilayət zaman keçdikcə kürdlər və ermənilərin kütləvi məskunlaşdığı bölgəyə çevrilir. Bu gün İqdırda belə bir təhlükə doğurdanmı yaşanır?

-İqdır bildiyiniz kimi üç ölkə ilə həmsərhəd bir vilayətdir. Hələ 1992-ci ildə PKK terror təşkilatının lideri Abdullah Öcalan qəzetlərdən birinə verdiyi müsahibədə irəlidə qurulacaq olan Kürdüstanda limanlara açılan qapı olan Mersinlə, Orta Asiyaya, Türk dünyasına açılan qapı sayılan Iqdırın əhəmiyyətinə toxunaraq kürdlərin bu vilayətlərdə daha çox məskunlaşmalı olduğunu demişdi. O, gündən sonra kürdlər bu iki şəhərdə çoxaldılar. Son iki bələdiyyə seçkiləridir ki, kürdlər İqdırda bələdiyyə sədrliyini qazanırlar. Niyə? Çünki sayları çoxdur. Bundan başqa İqdır türkləri bir-iki partiyaya bölünürlər ki, bu səbəbdən seçkilərdə məğlub olurlar. Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkidə də kürdlər bir namizədlə seçkiyə gedəcəklər.  Türklər isə 3 ayrı partiya ilə seçkiyə gedəcək. Təbii ki, bu zaman səslər parçalanacaq. Nəticədə parlament seçkilərində də İqdırdan kürdlər qazanacaqlar. Təsəvvür edin ki, bu gün İqdırın bələdiyyə sədri Türklərin erməniləri öldürdüyünü iddia edir. Deməli vəziyyət kifayət qədər ağırdır. Ümumiyyətlə, Iqdırda Azərbaycan Türkləri həmişə köç edir. Onlar arasında birlik olmur, bölünmə baş verir. Bir qədər də konkretləşdirsək deyərdim ki, Iqdırda Azərbaycan Türkləri sahibsizdir. Gələcəkdə Iqdır kürdlərin və ermənilərin daha sıx yaşadığı, Türklərin isə çox az qaldığı bir şəhər ola bilər. Əgər Ermənistanla qapılar açılsa, bu zaman ermənilər daha asanlıqla gəlib İqdırda yaşayacaqlar. Bu zaman İqdırda əsas problem isə Azərbaycan türkləri üçün yaranacaq. Ümid edirəm ki, inşallah hər kəs bu təhlükəni dərk edərək birlik nümayiş etdirər. Bu gün İqdırdan Azərbaycan türklərinin köçü dayanmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi də bu məqamı diqqətdə saxlamalıdır. Bu gün mən sərhəddən keçəndə bir çox çətinliklərlə üzləşirəm və bu vəziyyətdən üzülürəm. Amma yenə də Azərbaycanı qarşılıqsız sevməyə davam edirəm. Bu bir sevdadır. Könül istər ki, bizə də sahib çıxan olsun.  Mən gedib Şimali İraqda heç bir görə bilmərəm. Heç buna imkan da verməzlər. Amma  təəssüflər olsun ki, mənim doğma yurdumda mən qəribəm. başqaları isə ağadır.

-İqdırda fəaliyyətdə olan Azərbaycan təşkilatları ilə əlaqələriniz hansı səviyyədədir?

-Bu gün İqdırda Azərbaycan üçün mübarizə aparan bir neçə dərnək vardır. Onların hamısı ilə münasibətlərimiz yaxşıdır. İqdır Azərbaycan Evi Dərnəyi olaraq həmin təşkilatlarla ortaq yığıncaqlar edirik. Həmçinin bir birimizə dəstək veririk. Bundan sonra da dəstəyimiz davam edəcək. Çünki bizim birlik və həmrəyliyə ehtiyacımız çoxdur.

-İqdır Azərbaycan Evi Dərnəyi olaraq Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyətini necə dəyərləndirirsiniz?

-Hazırda Türkiyə -Azərbaycan əlaqələri pis deyil. Ancaq bu əlaqələr çox da irəli səviyyədə deyil. Hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibətləri  dünyaya nümunə olacaq səviyyədə olmalıdır. Bu gün iki ölkə arasındakı əlaqələrdə bəzi əksikliklər var. Əslində Azərbaycan və Türkiyə daha güclü əlaqə içində ola bilər. Xüsusilə enerji, iqtisadiyyatsiyasi sahədə daha çox birlik mesajı verilə bilər. Amma hələlik bunu zəif görürəm. Bəlkə də hər iki dövlət həqiqətən yaxşı əlaqələr içindədir. Ancaq hazırda görünən odur ki, əlaqələr ən üst səviyyədə deyil.

Türkiyə həmişə Azərbaycanın yanında olub. Bu gün Azərbaycan hərbi sahədə güclü bir vəziyyətə gəlibsə bu Türkiyənin sayəsində olub. Daha dəqiq desək bu sahədə Türkiyənin köməyi çox olub. Bütün halda daha güclü əməkdaşlıq diləyirəm. Bizim kimi qeyri-hökumət təşkilatları ilə könül körpüsü daha çox inkişaf edə bilər. Bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı hər keçən gün artır. Təbii ki, bu da sevindirici bir hadisədir. Düşünürəm ki, iki ölkə arasında viza rejimi aradan qaldırılmalıdır. Xüsusilə Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlara Kiprə tətbiq edilən şəxsiyyət vəsiqəsilə qarşılıqlı gediş gəliş tətbiq olunmalıdır. 6 ay qalıb 6 ay qalmamaq kimi prinsiplər Azərbaycan türkünə tətbiq olunmamalıdır. Eyni zamanda Azərbaycan da İqdırda yaşayan qardaşlarını unutmasın. Hərdən də olsa yadına salsın. Bizim kimi Azərbaycanı qarşılıqsız sevən dərnəkləri unutmasın.

-Bu gün Azərbaycanın inkişafını necə xarakterizə edərdiniz?

-Bu gün Azərbaycan dövlətinin güclü, Azərbaycan türkünün isə xoşbəxt olması məni sevindirir. Bu  yavaş-yavaş reallaşır. Düşünürəm ki, gələcəkdə Azərbaycan bölgənin ən güclü dövləti olacaq. Azərbaycan erməni işğalı altında olan torpaqlarını nəyin bahasına olursa-olsun geri alacaq. Çünki Azərbaycan öz torpaqlarını geri alacaq gücdə və qudrətdədir. Əgər 1990-ci ildə Azərbaycan türkünün damarlarında gəzən zadəgan türk qanı coşub Sovetləri Azərbaycandan söküb atdısa, türk qanına sahib olan Azərbaycan Türkü eyni ruhla erməniləri işğal edilən torpaqlardan atacaqdır.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2015.- 12 fevral.- S.4.