İnsanların mənəviyyatı,
əxlaqi normaları
və
baxışları ilə bağlı olan milli-mənəvi
dəyərlərin
yaradıcısı xalqdır
(əvvəli ötən
sayımızda)
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Təbii ki, qloballaşma dövrünün də öz tələbləri, diktəsi var. Amma bu prosesdə ölkəmizin ən mühüm istinadgahı ilk növbədə tarixi keçmişimiz, dövlətçilik ənənələrimiz, mənəviyyatımız və milli mentalitetimizdir. İndiyə qədər qloballaşma dövrünün tələbləri, bu prosesin cəmiyyətimizə təsiri ilə bağlı aparılan elmi-nəzəri araşdırmalar arasında Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin tədqiqatları öz mükəmməlliyi, fundamentallığı, əhatəliyi ilə seçilir.
Görkəmli alimin Azərbaycanın müasir sosial-iqtisadi və siyasi inkişafının təhlilinə əsaslanmış “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsərində qlobal transformasiyalar fonunda Azərbaycan dövlətinin və cəmiyyətinin reallıqları fikir süzgəcindən keçirilir. Akademik Ramiz Mehdiyev həm də digər konseptual məzmunlu əsərlərində də ölkəmizin keçdiyi inkişaf yolunu şərh edərək, sanballı təhlillər aparmışdır. Müəllifin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Demokratiya yolunda: irs haqqında düşünərkən” əsərlərində də ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən hadisələr, dəyişikliklər, həyata keçirilmiş demokratik hüquqiislahatlar konseptual şəkildə şərh edilmişdir. Akademik Ramiz Mehdiyevin son dövrlərdə “Azərbaycan” qəzetində dərc olunmuş “Qloballaşma dövründə dövlət və cəmiyyət”, “Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və inkişaf etdi”, “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” məqalələrində isə müasir dövrdə Azərbaycan dövlətinin və cəmiyyətin qarşısında dayanan aktual məsələlərin geniş şərhi verilmiş, dərin təhlillər aparılaraq problemlərin həlli yolları göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan” qəzeti elmi ictimaiyyətin geniş marağını nəzərə alaraq bu mövzuda “dəyirmi masa” təşkil edib.
Milli-mənəvi dəyərlər sırasında ulu öndər ana dilinə daha böyük önəm verirdi. Heydər Əliyev iqtisadiyyat və siyasətlə yanaşı, elmə, mədəniyyətə, maarifə və sənətə də qayğı göstərir, ziyalılarla daim dostluq edir, onların əməyini vaxtaşırı yüksək qiymətləndirirdi. Onun təşəbbüsü sayəsində “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət mükafatına layiq görülməsi təkcə elmə yox, həm də ana dilinin inkişafına dövlət qayğısının təzahürü idi. Sonralar – 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən Əsas Qanunda Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən xüsusi maddənin salınması həmin dövr üçün çox böyük cəsarət sayılırdı. Ulu öndər Heydər Əliyevin müstəqillik dövrünün ilk Konstitusiyasının qəbulu zamanı dilimizin adı ilə bağlı apardığı elmi və prinsipial müzakirələr təkcə alimlərimizin yox, bütün xalqın xatirində silinməz izlər buraxmışdır. Azərbaycançılıq ideologiyasında dinin özünəməxsus, digər ölkələrdəkindən fərqli yeri vardır. Sovet hakimiyyətinin yetmiş illik mövcudluğu dövründə aparılan geniş və ardıcıl ateizm tərbiyəsinə baxmayaraq, “Allahsız nəsil” yetişdirilməsi mümkün olmadı. İnsanlar Allahını və dinini ürəyində, qəlbinin dərinliklərində qoruyub saxladı. Bu gün isə ölkəmizdə yaşayan hər bir vətəndaş istədiyi dinə azad və sərbəst şəkildə sitayiş edir. Dinlə dövlət arasında heç bir ziddiyyət yoxdur. Daha doğrusu, hər şey aydındır və qanun çərçivəsindədir. Konstitusiyamızda demokratik, hüquqi, dünyəvi və unitar respublika qurulduğu bəyan edilir. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın milli-mənəvi dəyərlərinə, o cümlədən dininə böyük hörmət və ehtiramla yanaşmışdır. Dindarlar onu sevir, daim qayğısını hiss edirdilər. Ulu öndər sovet dövründə vəhşicəsinə sökülərək ləğv edilmiş Bibiheybət məscidini yenidən bərpa etdirərək tikdirmiş, bu işə böyük zəhmət və vaxt sərf etmişdir. Heydər Əliyev siyasətini layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev bu sahədəki varisliyə də sadiqdir. Dindarlara hörmətlə yanaşan Prezident İlham Əliyev müxtəlif mərasimlərdə şəxsən iştirak edir, müqəddəs bayramların keçirilməsinə daim lazımi şərait yaradır.
Artıq ölkəmizdə dini bayramlar da digər bayramlar səviyyəsində qeyd olunur. Dövlətimizin bu sahədəki uğurlu siyasəti müstəqil Azərbaycanı dünyanın ən tolerant ölkələrindən biri kimi tanıtmışdır. Əlbəttə, tolerantlıq bir hissdir ki, onu insanlara zorla aşılamaq mümkün deyil. Başqa sözlə, qərar vermək, icbari tədbirlər görməklə insanlar tolerant olmur. Azərbaycan xalqı dözümlülük xarakterini neçə əsrlər boyu, müxtəlif insanlarla birgə yaşayıb, birlikdə mübarizə aparmaqla qazanıb. Bu, həm də xalqımızın qonaqpərvərliyindən, həyat gerçəkliklərini daha dərindən anlamasından, alicənablığından irəli gələn duyğudur. Öz dininə bütün varlığı ilə bağlı olan və sonsuz hörmət bəsləyən xalqımız başqa dinlərə də hörmət və ehtiramla yanaşır. “Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir” – söyləyən akademik Ramiz Mehdiyev öz fikirlərində tamamilə haqlıdır. Ulu öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə ərsəyə gətirdiyi azərbaycançılıq ideologiyası xalqı, cəmiyyəti öz dövləti ətrafında səfərbər edən, birləşdirən saf və sağlam bir ideyadır. Bu ideya dövrün, müstəqilliyin ən çətin və ağır sınaqlarından mətanətlə çıxdı, məkrli hücumlara sinə gərərək, əksinə, daha da möhkəmləndi, mətinləşdi, həm də əbədiləşdi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – ulu öndərin böyük fəxarətlə dediyi bu sözləri indi hər bir Azərbaycan vətəndaşı iftixarla söyləyir.
Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmiz öz müstəqilliyini qazandıqdan sonra çox ciddi diskussiya mövzusu olmuşdur. Dövlət müstəqilliyini qazanmaq müəyyən tarixi proseslər nəticəsində mümkün ola bilər. Heydər Əliyev çıxışlarının birində bu barədə çox doğru olaraq qeyd edirdi ki, milli müstəqillik əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək ondan da məsuliyyətlidir. Bu tarixi missiyanı ulu öndər Heydər Əliyev çox şərəflə yerinə yetirdi. O, nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda, millətimizin və dövlətimizin söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Bu məqamlar akademik Ramiz Mehdiyevin çoxillik elmi-nəzəri araşdırmalarının ana xəttini təşkil edir. Möhtərəm alimimiz öz dəyərli əsərlərində, fundamental araşdırmalarında bu gün dünyada sürətlə gedən və özünü iqtisadiyyatda, siyasətdə, mənəviyyatda, ideologiyada aydın göstərən qloballaşma proseslərinin təzahürləri, onun Azərbaycana təsiri, həmçinin dövlətimizin gələcəyini müəyyənləşdirən strategiya ilə uyğunluğunu dəqiqliklə şərh edir, bu barədə çox obyektiv, əsaslanmış rəyini irəli sürür. Qeyd etməliyik ki, qloballaşma prosesində böyük ziddiyyətlər də özünü büruzə verməkdədir. Qloballaşma pərdəsi altında müəyyən aparıcı dövlətlərin digər ölkələri öz təsiri altına salmaq iddiaları aydın hiss olunmaqdadır. Azərbaycan dövləti öz siyasəti ilə qloballaşmanın əleyhinə deyil. Ölkəmiz qloballaşma ilə paralel surətdə gələcəyə doğru inamla addımlayır. Amma qloballaşmanın dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə hansısa formada xələl gətirməsinə imkan vermək olmaz. Dünya dövlətlərinin təsnifatına baxsaq, sənaye, demokratik və sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bərabər, geridə qalan ölkələri də görəcəyik. Niyə dövlətlər arasında belə ciddi fərqlər yaranmışdır? Bunu araşdırdıqda biz yüksək inkişaf etmiş dövlətlərin təməl prinsiplərinə söykəndiyini görürük. Bu təməl həm siyasətdə, həm iqtisadiyyatda, həm də mənəviyyatdadır. İstənilən Qərb dövlətini götürsək, onun müəyyən təmələ söykəndiyinin şahidi olarıq. ABŞ-ın amerikan ideologiyasına söykənməsi bu dövləti indiki inkişaf səviyyəsinə çatdırıb. Böyük Britaniya dövləti Britaniya ənənələrinə söykənərək dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Osmanlı imperiyası dövründə türk millətinin söykəndiyi ana prinsip Qurani-Şərifdən irəli gələn dini təməl prinsipləri idi. Müasir Türkiyə dövlətinin meydana gəlməsi isə atatürkçülüyün yaranması ilə özünü büruzə verdi. Atatürk Türkiyə dövlətinin əsasını qoyarkən onun təməl prinsiplərini də müəyyən etdi. Bu təməl prinsipləri Türkiyəni parçalanmaqdan, dağılmaqdan qorudu və onu inkişaf yoluna çıxardı. İndi Türkiyədə hakimiyyətə istər sağlar, istər sollar gəlsin, heç bir siyasi qüvvə Atatürkün müəyyən etdiyi təməl prinsiplərindən kənara çıxa bilməz.
(Ardı var)
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 13 fevral.- S.15.