Hər bir gənc vətənpərvər
olmalıdır
Bu, müstəqil Azərbaycan
üçün vacib əhəmiyyət
kəsb edir
Müstəqillik əldə etdikdən
sonra Azərbaycanda yetişən gənc nəsil öz bilik və bacarığı
ilə fərqlənir. Bunun üzərinə sağlam ruh və
intellekti də əlavə etsək Vətəni qorumağa
qadir nəslin formalaşdığı qənaətinə gələ
bilərik. Bütün sadalananlar heç şübhəsi
ki, gənclərin milli adət-ənənəyə sadiq, vətənpərvər ruhda
böyüməsinə zəmin yaradır. Hazırkı gəncliyin
intellektual səviyyəsi geniş olduğundan vətənpərvərlik
anlayışı da genişdir. Təsadüfi deyil ki, bu
anlayış bir sıra dəyərlərə
söykənir. Gənclər üçün vətənpərvərlik
anlayışı təkcə torpağa, Vətənə
bağlılıqla məhdudlaşmır, odur ki, müasir gəncliyin
timsalında vətənpərvərlik hisslərini
özündə təcəssüm etdirən bir sıra xüsusiyyətlər
əxz olunub.
Hüquqşünas
Rövşən Qasımov deyir ki, bu gün gənc nəslin
düzgün yetişdirilməsi, onlarda vətənpərvərlik
ruhunun inkişaf etdirilməsi, milli kimliyin aşılanması
kimi məsələlər ölkə siyasətində önəmli
yer tutur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, bu gün Azərbaycan gəncləri
bütün sahələrdə özlərini doğruldurlar.
Heç şübhəsiz ki, gənclərin beynəlxalq aləmdə
əldə etdikləri uğurlar Azərbaycan dövlətinin
nüfuzunun artmasına səbəb olur”. Onun sözlərinə
görə, gənclərin həyatında baş verən bu
kimi yeniliklər dövlət tərəfindən onlara
göstərilən diqqət və qayğının nəticəsidir:
“Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində
daima gənclərə qayğı göstərmiş,
onların bir fərd kimi yetişməsinə xüsusi önəm
vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi
ilk dövrlərdən gənclərin himayədarı kimi
çıxış edərək sağlam düşüncəli
yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər
görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən
başlayaraq gənclər siyasəti ilə bağlı bir
çox fərman və sərəncamlar imzalayan ulu öndər
gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə
həmişə önəm vermişdir. Heydər Əliyev
nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz
milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Gənclərimiz
bizim tariximizə yaxşı bələd olmalı, dilimizi
yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük məfhumdur.
Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə
sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik". Onun sözlərinə
görə, hazırda gənclərin milli şüurun
inkişafı və vətənpərvərlik ruhunun yüksəldilməsi
istiqamətində təşəbbüsləri kifayət qədərdir.
Məhz həmin təşəbbüslərin nəzərə
alınması gənclərdə özünə inamı
artırır, Vətənə və dövlətə sadiq vətəndaş
kimi formalaşır: “Ümumiyyətlə gənclərin vətənpərvər
ruhda böyüməsi istiqamətində iş elə təşkil
edilməlidir ki, milli şüur və vətənpərvərlik
ideyaları nəinki ölkənin iri şəhərlərində,
hətta regionlarda yaşayan gənclərə
çatdırılsın. Bunun üçün çoxlu
sayda gənclər təşkilatının
yaradılmasına ehtiyac var. Xüsusən elm və təhsil müəssisələri
ilə əlaqəli şəkildə çalışan vətəndaş
cəmiyyətlərinin fəaliyyəti stimullaşdırılmalıdır.
Gəncliyin potensial qüvvəsi olan tələbə-gənclərə
dəstək omalıdır ki, onlar həmyaşıdları
arasında vətənpərvərlik ruhunun
artırılmasında fəal iştirak etsinlər”. Hüquqşünasın qənaətincə,
ölkəmizdə məqsədyönlü şəkildə
həyata keçirilən işlərin nəticəsi olaraq
bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə
qədəm qoyub. Ölkə rəhbəri tərəfindən
uğurla davam etdirilən dövlət gənclər siyasətinin
düzgünlüyünü bu sahədə
qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Prezident İlham Əliyevin gənclərin potensialından
ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı məşğulluğunun,
dövlət idarəçiliyi sistemində
iştirakının təmin edilməsi məqsədilə
2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi
Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq
edilməsi haqqında" Sərəncamı da gənclərə
dövlət qayğısının davamı idi.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə
uğurla həyata keçirilən dövlət gənclər
siyasəti gələcək nəslin vətənpərvər
ruhunun və intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.
Onun sözlərinə görə, respublikada təhsil sahəsində
aparılan islahatlar da gənclər siyasətinin ən vacib
istiqamətlərindən biridir. Çünki bu halda gənclərin
milli kimliyinin dərk edilməsi məsələsi önəmə
çıxır. Gənclərin maariflənməsinə,
savadlanmasına, elmi inkişafına göstərilən
xüsusi diqqət və qayğının davamı olaraq,
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
tələbələrin dünyanın məşhur
universitetlərində təhsil almaq üçün göndərilməsi
xüsusi diqqətə layiqdir. "Gənc istedadlar
üçün xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Azərbaycanın gənc istedadlarına
dövlət qayğısı haqqında" Prezident fərmanları
bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.
Məhz bu kimi amillər nəzərə alınaraq ölkəmizdə
gənc nəslin problemlərinin həlli, onların cəmiyyət
həyatında layiqli iştirakının təmin
olunması, milli-mənəvi dəyərlərə
bağlılığının möhkəmləndirilməsi
üçün də dövlət səviyyəsində
bütün zəruri tədbirlər həyata keçirilir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qeyd edir ki, hazırda ölkədə gəncləruin vətənpərvərlik ilə bağlı həm ali, həm də orta məktəblərdə müxtəlif dövlət qurumları tərəfindən işlər görülür. Məhz görülən işlərin nəticəsidir ki, gənclərin vətənpərvərlik ruhu göz qabağındadır: “Ancaq etiraf edilməlifir ki, bu istiqamətdə görülən işləri yetərli hesab etmək olmaz. Bunun üçün ilk növbədə dərsliklərdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Xüsusən, Azərbaycan tarixinin müasir dövrünə aid hissəsində yeniliklər edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın tarixində gəncləri vətənpərvər ruhda tərbiyə etmək üçün kifayət qədər faktlar, nümunələr və örnəklər var. Təəssüf ki, bu faktlar dərsliklərdə lazımi səviyyədə təbliğ olunmur. Məsələn, Qarabağ müharibəsinin müxtəlif dönəmləri var ki, onlar Azərbaycan ordusunun müvəffəqiyyətləri dövrüdür. Lakin bunlar dərsliklərdə öz əksini tapmır. Dərsliklərdə yalnız 20 Yanvar faciəsi zamanı Sovet ordusunun qırğın törətməsi, Qarabağ müharibəsində məğlubiyyətlərimiz əksini tapır ki, bu da vətənpərvərlik məsələsinə mənfi təsir edir. Odur ki, yaxşı olardı ki, gələcəkdə Azərbaycan milli ordisunun qəhrəmanlıq tarixi, müvəffəqiyyətləri, Qarabağda göstərdiyi qəhrəmanlıqlar daha çox təbliğ olunsun”. M.Zülfüqarlı əlavə edib ki, Azərbaycan tarixinin digər dövrləri də lazımi şəkildə dərsliklərdə əksini tapsa, gənclərin vətənpərvərlik ruhunun inkişafına müsbət təsir göstərə bilər: “Məsələn, 1-ci Rus-İran müharibəsini götürsək, o dövrdə Vətən torpağını qorumaq üçün böyük işlər görülüb, lakin zaman keçdikcə bu işlər unudulub. Fransız yazıçısı və tarixçisi Jean-Jironun “Unudulmuş qəhrəmanlar” kitabı var. O kitabda çoxlu sayda faktlar var ki, azərbaycanlıların qəhrəmanlığından danışır. Ancaq biz özümüz bunları unutmuşuq, yalnız fransızın kitabından öz qəhrəmanlarımız haqda oxuyuruq. Təəssüf ki, belə faktların heç biri Azərbaycan tarixi dərsliklərində yoxdur. Həmçinin Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində Salyan hakiminin qəhrəmanlığı haqqında kiçik bir epizod var. Halbuku qadın olan bu şəxs rus zabitini qətlə yetirb və rus qoşunlarının oradan qaçmasına səbəb olan fəaliyyət göstərib. İndi bu barədə məlumat heç bir kitabda yoxdur. Amma Abbasqulu ağa Bakıxanov rus ordusunda xidmət etməsinə baxmayaraq bu faktı yazaraq bizlərə çatdırıb. Demək istəyirəm ki, tariximizin bəzi məqamları yenidən yazılmalıdır. Azərbaycanın qəhrəman övladları tanınmalıdır. Bu kimi faktlar gənclərə aşılandıqda təbii ki, daha çox vətənpərvər olarlar. Məlum olduğu kimi Azərbaycan xalqı böyük və zəngin tarixə malik xalqdır. Amma nədənsə xalqın şərəfli tarixi lazımi səviyyədə gənclərə çatdırılmır”.
Yeri gəmişkən qeyd edək ki, ölkə əhalisinin tərkibində gənclərin sayının əhəmiyyətli şəkildə artmasıdır. Bu isə dövlətin inkişafı, strateji hədəflər baxımından olduqca müsbət tendensiyadır. Çünki elə ölkələr var ki, orada əhalinin azalması ilə yanaşı, həm də qocalması prosesi gedir. Azərbaycan əhalisinin sosial tərkibinə baxsaq görərik ki, gənclər böyük çəkiyə malikdir. Məhz bu halda bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Xüsusən də müstəqil Azərbaycan üçün bu olduqca vacib əhəmiyyət kəsb edir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Nəzərə almaq lazımdır ki, gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Azərbaycan Respublikası
Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 17 fevral.- S.15.