Xəzərin su
bioresurslarının qorunması
və balıqçılığın
inkişafı dövlətin
prioritet fəaliyyət istiqamətidir
Azərbaycanda balıq və digər
su bioresurslarının artırılması, yetişdirilməsi,
bərpası və mühafizəsi ilə öz Əsasnaməsinə
əsasən Ekologiya və Təbii Sərvətlər
Nazirliyi məşğul olur. Ölkədə Xəzərin
bioresurslarının idarə edilməsi ETSN-nin Su Hövzələrində
Bioloji Resursların Artırılması və Mühafizəsi
Departamenti, dəniz bioresurslarının sistemli tədqiqatları
isə ETSN-nin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat
Balıqçılıq Təsərrüfatı İnstitutu
tərəfindən həyata keçirilir.
Hazırda
ETSN-nin Su Hövzələrində Bioloji
Resursların Artırılması və Mühafizəsi
Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması
ilə 12 balıqartırma müəssisəsi məşğul
olur. Bunlardan
4-ü nərə, 3-ü qızılbalıq və forel, 5-i
isə çəkikimi balıq körpələrinin
artırılması üzrə ixtisaslaşıb. Qeyd
olunan balıqartırma müəssisələrində Nazirlik
yarandığı dövrdən, yəni 2001-ci ildən 5,5 milyarddan artıq, o cümlədən 131,0
mln. ədəd nərəkimi, 1,637 mln. ədəd qızılbalıq, 5375,0 mln. ədəd çəkikimi balıq körpələri
artırılıb təbii su hövzələrinə
buraxılıb ki, bu da balıq ehtiyatlarının qorunub
saxlanılmasına və xammal bazasının
formalaşmasına yönəldilmiş tədbirlərdir. Yəni Xəzərin strateji bioloji resursu olan nərə
cinsli balıqların artırılması Azərbaycan
dövlətinin prioritetlərindəndir və ETSN-yə məxsus
müasir infrastruktur və kadr potensialı uğurla bu məqsədə
çatmağa imkan verir.
Xəzər
regionunda ən iri Nərə Balıqartırma Zavodu (illik
istehsal layihə gücü 15 milyon ədəd balıq
körpəsi) - 2003-cü ildə istismara verilmiş
Xıllı Nərə Balıqartırma zavodu da daxil olmaqla Azərbaycanın
Nərə Balıqartırma Zavodları 2008-ci ilədək hər
il Xəzər dənizinə 20 milyon ədədə qədər
nərə balığı körpəsi
buraxırdı. Lakin
son illər bütün Xəzəryanı ölkələrdə
nərəkimilərin zavod artımının miqyası
azalıb. Xəzər dənizində nərəkimilərin
müasir populyasiyası əsasən süni törəmələrdən
ibarət olduğundan bütün Xəzəryanı ölkələrdə
süni balıqartırmanın müasir miqyası Xəzər
dənizində nərəkimilərin ehtiyatlarının
tükənmə ehtimalını azaltmır. Son illərdə onların ehtiyatının
azalması ilə əlaqədar təbii mühitdən
törədicilərin tədarükü çətinləşib
və bunun nəticəsində körpələrin ümumi
buraxılışı 3-5 milyon ədəd balıq körpəsini
keçmir. Bu tendensiya da bütün Xəzəryanı
ölkələrdə müşahidə olunur. Bununla əlaqədar olaraq Azərbaycanda hələ
2004-cü ildə, müasir Xıllı Nərə
Balıqartırma Zavodunda nərə balıqlarının
törədici sürüsünün formalaşdırılmasına
başlanılıb. Hazırda bu zavodda
süni yetişdirilmiş 5000-dən artıq müxtəlif
yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət
təmir-törədici fond yaradılıb. Bununla da dənizdəki ana balıq
qıtlığından asılılıq getdikcə
azalır. 2013-cü ildə zavodda, Azərbaycanda
ilk dəfə olaraq süni yetişdirilmiş iki ədəd
ana balığı öldürmədən, cərrahi əməliyyat
vasitəsilə alınmış kürüdən balıq
körpələri yetişdirilib. 2014-cü
ildə isə artıq 6 nərə dişisindən
kürü alınıb. Son illərdə Azərbaycanda
Xəzər dənizinin unikal bioresurslarının
qorunması üzrə müəyyən işlər həyata
keçirilib və proses davam etdirilir. ETSN-nin Su
Hövzələrində Bioloji Resursların
Artırılması və Mühafizəsi Departamenti balıq
ehtiyatlarının mühafizəsi üzrə
ixtisaslaşmış xidmətə malikdir. Brakonyerliklə
mübarizə üzrə ETSN-nin aidiyyəti təşkilatları
hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi,
Dövlət Sərhəd Xidməti və Fövqəladə
Hallar Nazirliyinin müvafiq qurumlarının iştirakı ilə
birgə kompleks tədbirlər görür. Belə ki, son 10
il (2004-2014) ərzində su bioresurslarının mühafizəsi
və balıq ovu qaydalarına riayət edilməsi ilə
bağlı ETSN-nin Su Hövzələrində Bioloji
Resursların Artırılması və Mühafizəsi
Departamenti tərəfindən Azərbaycan
Respublikasının Qanunvericiliyinə uyğun olaraq ümumilikdə
1404 qanun pozuntusu aşkar edilərək 1203 nəfər məsuliyyətə
cəlb edilib. Həmin müddətdə qanun pozucularından
203 su nəqliyyat vasitəsi, 15057 ədəd müxtəlif
adda ov aləti və 7150 ədəd müxtəlif növ
qanunsuz ovlanmış balıq götürülüb. Cinayət
xarakterli olduğuna görə 200 iş hüquq mühafizə
orqanlarına, 872 iş inzibati qaydada baxılması
üçün aidiyyəti üzrə rayon məhkəmələrinə
göndərilib və ya Su Hövzələrində Bioloji
Resursların Artırılması və Mühafizəsi
Departamentində baxılaraq müvafiq qərar qəbul edilib. Qanunsuz balıq ovladığına və ya balıq
ovu qaydalarını pozduğuna görə məsuliyyətə
cəlb edilmiş qanun pozucuları barəsində balıq
ehtiyatlarına vurduğu ziyana görə 418666 manat məbləğində
iddia qaldırılıb və onlara qarşı 157763 manat məbləğində
cərimə tətbiq edilib.
Lakin Xəzər
dənizinin bioresurslarının qorunub saxlanılması,
artırılması və mühafizəsi üzrə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun
tabeli qurumları tərəfindən həyata keçirilən
davamlı tədbirlərə baxmayaraq balıq
ehtiyatlarının qanunsuz ovlanmasının,
satışının qarşısının alınması
tamamilə mümkün olmamış və hələ də
belə anoloji hallara yol verilir. Bu halların
baş verməsinin səbəbləri isə bir sıra amillərlə
bağlıdır. Belə ki, aparılan reyd və
araşdırmalar göstərir ki, əsasən qanunsuz
balıq ovu ilə məşğul olan brakonyerlərə kənardan
ayrı-ayrı imkanlı və nüfuzlu şəxslər tərəfindən
“himayədarlıq” olunur, onlar iri tutumlu, sürətli və
güclü motorlara malik qayıqlarla təmin edilirlər. Belə vasitələrlə təchiz olunan qanun
pozucuları Xəzər dənizinin sahilindən 10 kilometrlərlə
uzağa getmək və orada qanunsuz balıq tutmaq
imkanlarına malik olurlar. Texniki təchizatın tələb olunan səviyyədə
olmaması səbəbindən həmin sürətli
qayıqların saxlanılması Nazirliyin əməkdaşlarının
imkanları xaricindədir və bu səbəbdən həmin
qanun pozucularını məsuliyyətə cəlb etmək
bir sıra hallarda mümkün olmur. Lakin buna baxmayaraq
Nazirlik tərəfindən digər nəzarət orqanları
ilə, o, cümlədən Dövlət Sərhəd Xidmətinin
və Daxili İşlər Nazirliyinin müvafiq idarələri
ilə birgə mütəmadi olaraq ciddi tədbirlər həyata
keçirilir.
Eyni
zamanda, qanunsuz ovlanmış balıqların ayrı-ayrı
şəxslər tərəfindən müxtəlif yerlərdə,
xüsusilə də yol kənarlarında
satılmasının qarşısının
alınmasında ciddi çətinliklər var. Bu kimi
halların qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən digər aidiyyəti orqanların
nümayəndələri cəlb edilməklə qanunsuz
ovlanmış balıqların yol kənarlarında,
xüsusilə də Bakı-Quba yolunun Siyəzən və
Şabran rayonlarının ərazisindən keçən hissəsində
satılmasının qarşısını almaq
üçün bir sıra tədbirlər görülür.
Keçirilmiş tədbirlər zamanı bu ərazidə
müxtəlif cinsli balıqların ayrı-ayrı şəxslər
tərəfindən əldə olunmasına və keyfiyyətinə
dair rəsmi təsdiqedici sənədlər olmadan
satıldığı müəyyən edilib.
Lakin qanunsuz olaraq balıq satışının
qarşısını almaq üçün keçirilən
tədbirlər zamanı Nazirliyin əməkdaşları
qanun pozucularının müqaviməti, təhqirləri və
müxtəlif təhdidləri ilə üzləşirlər. Bunun nəticəsidir
ki, həmin qanun pozucuları tərəfindən bu əməkdaşlar
barəsində qərəzli və reallığı əks
etdirməyən məlumatlarla bağlı çoxsaylı
şikayət ərizələri hazırda da müxtəlif
instansiyalara, o cümlədən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasına daxil olmaqda davam edir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları”nın 22.1-1-ci bəndinə
əsasən “Ticarət dövriyyəsinə daxil edilmiş
balıq məhsullarının satışı kənd təsərrüfatı
məhsullarının satışı yerlərində, o
cümlədən müvafiq avadanlıqlarla təchiz
edilmiş baza, yarmarka, mağaza və xüsusi
ayrılmış digər yerlərdə həyata keçirilməlidir”. Balıq və balıq məhsullarının
mövcud qanunvericiliyə uyğun olaraq müəyyən
olunmuş yerlərdə satılması, əldə
olunması qanuniliyinə və onun keyfiyyətinə aidiyyəti
dövlət orqanları tərəfindən mütəmadi
olaraq nəzarət edilməsi ilə qanunsuz ovlanmış
balıqların yol kənarlarında satılması və
balıqların qanunsuz ovlanması faktlarının
qarşısı alınardı. Ümumilikdə
bu məsələnin həllində yalnız Ekologiya və Təbii
Sərvətlər Nazirliyi deyil, eyni zamanda rayon icra hakimiyyətləri,
güc strukturları, ictimaiyyət nümayəndələri,
ictimai birliklər də fəal iştirak etməlidirlər.
ETSN-nin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı
İnstitutu (AzərETBTİ) nərə cinsli və digər vətəgə
əhəmiyyətli balıqların ehtiyatının qiymətləndirilməsi
və ovlanmasının tənzimlənməsi
üçün hər il dəniz elmi-tədqiqat
ekspedisiyaları (bioloji monitorinq) keçirir, nərə cinsli
və digər vətəgə əhəmiyyətli balıq
növlərinin vətəgə ovlanmasının analizini,
yayılmasını, miqdarını, populyasiyaların keyfiyyət
tərkibinin təhlilini aparır. Ümumiyyətlə,
aparılmış təhlillər göstərir ki, dənizin
ekosisteminə antropogen təsirləri azaltmaq üçün
təkcə brakonyerliklə mübarizə kifayət etmir.
Xəzər regionunda akvakulturanın inkişaf etdirilməsi və
əhalinin yeni fəaliyyət növü olan akvakulturaya cəlb
olunması qanunsuz balıq ovunun azalmasına, Xəzər dənizində
ekoloji vəziyyətin yaxşılaşmasına, eyni zamanda
brakonyerliyin azalmasına səbəb ola bilər.
Bir sözlə, Azərbaycan üçün
balıqçılıq sektorunun əsas prioriteti daxili sularda
kiçik miqyaslı akvakultura təsərrüfatlarının
inkişafıdır ki, bu da balıqların (xüsusən
də nərəkimilərin) təbii populyasiyalarına
antropogen təzyiqlərin azalmasına şərait yaradaraq ətraf
mühitin mühafizəsinə və bioloji müxtəlifliyin
qorunub saxlanılmasına kömək göstərmiş olar.
Qeyd edək ki,
2010-cu ilin noyabr ayında Bakı şəhərində
keçirilən Xəzəryanı ölkələrin
dövlət başçılarının üçüncü
Zirvə görüşündə nərə
balığı növlərinin kommersiya ovuna beştərəfli
moratorium tətbiq edilməsi mexanizminin işlənib
hazırlanması barədə qərar qəbul edilib. Bununla bağlı isə 2011-2012-ci illərdə Azərbaycanın
sədrliyi ilə Bakıda keçirilmiş Xəzər dənizinin
Su Bioloji Resursları Komissiyanın iclaslarında əsas məsələlərdən
biri Xəzər dənizində nərə
balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi
haqqında Sazişin razılaşdırılması olub.
Eyni zamanda, beştərəfli Sazişin qəbuluna
qədər Azərbaycan 2010-cu ildən nərə
balıqlarının kommersiya ovunu həyata keçirmir.
Nərə balığının ovu ancaq
balıqartırma zavodlarında süni çoxaltma və elmi
tədqiqatlar üçün həyata keçirilir. Hesablamalara görə
son bir neçə on ildə dünyada balıq ovu həcmi
azalaraq 90-95 mln ton səviyyəsində stabilləşib.
FAO-nun proqnozlarına görə bu azalma
tendensiyası davam edəcək. Bundan fərqli
olaraq, son illərdə dünyada əmtəə
akvakulturasının məhsul həcmi artmaqdadır. Hazırda ümumi balıq ovu və
istehsalının 70 faizdən çoxunu özündə birləşdirən
akvakultura balıqçılığı sürətlə
inkişaf edir. Lakin Azərbaycanın
balıqçılıq təsərrüfatı kompleksində
akvakulturanın payı azdır. Bu təcrübənin
tətbiqi, balıqçılıq təsərrüfatı
və akvakulturanın inkişafı məqsədi ilə
2009-cu ildən başlayaraq ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) və regionun bir sıra ölkələri
ilə uğurlu əməkdaşlıq edir. 2010-cu ildə ETSN tərəfindən FAO-Türkiyə
Əməkdaşlıq Proqramı çərçivəsində
fəaliyyət göstərən “FİSHDEV–CA” (Mərkəzi
Asiyada Balıqçılıq Təsərrüfatı və
Akvakulturanın İnkişafı) Regional Proqramı
imzalanıb. CACFish Komissiyasına dair Saziş Milli Məclisin
2012-ci il 2 noyabr tarixli Qanunu əsasında
təsdiq edilib və bununla da 2014-cü ildə Azərbaycan
FAO nəzdində regional “Mərkəzi Asiya və Qafqazda
balıqçılıq təsərrüfatı və
akvakultura sahəsində regional Komissiya”nın (CACFish)
üzvü olub. ETSN tərəfindən FAO-nun
texniki dəstəyi ilə hazırlanan təkmilləşdirilmiş
“Balıqçılıq haqqında” Azərbaycan
Respublikasının Qanunu Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən qəbul edilib (2014-cü
ilin 27 iyun tarixli Qanunu əsasında). 2014-cü il 9-13
iyun tarixində İtaliyanın Roma şəhərində
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) Baş Qərargahında Balıqçılıq Təsərrüfatı
Komitəsinin (COFİ) 31-ci sessiyasında FAO-nun baş direktoru
Joze Qrasianu da Silva Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin
başçılıq etdiyi Azərbaycan nümayəndə
heyətini qəbul edib. Görüşdə
FAO-nun baş direktoru son illər ərzində Azərbaycan və
FAO arasında əməkdaşlığın genişlənməsində
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolunu
yüksək qiymətləndirib.
Məlumat üçün bildiririk ki, BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Proqramının (FAO) statistik
məlumatlarına əsasən dünya üzrə
adambaşına düşən balıq istehlakının
orta illik göstəricisi 18 kq-dır. Ən yüksək orta göstəricilər
Cənub-Şərqi Asiya regionunda
60 kq-dan çox (Yaponiya, Çin, Vyetnam və Tailandda
100 kq-dan artıq) qeydə alınıb. Qonşu
Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda isə adambaşına düşən
orta illik balıq istehlakı 2009-cu ilədək 2 kq-a yaxın
olub, son illərdə isə bu göstərici artaraq
2014-cü ildə təxminən 7 kq-a çatıb.
Olaylar.- 2015.- 19 fevral.- S.11.