“Milli mənlik şüuru

özünüdərk deməkdir”

 

 “Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan ibarətdir”

 

Gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət, həm də gənc oğlan və qızların sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürür.

Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Uşaqlar və gənclər milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəsilə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir. Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkirlər. Vətən onu sevənlərin, onu qoruya bilənlərin məskənidir, simsarıdır. Vətən babaların əmanəti, müasir gəncliyin isə səltənətidir. Gənclik Vətəni sevməlidir ki, Vətən daha da çiçəklənsin, daha da yenilməz olsun. Bu gün vətənpərvərlikdən çox danışırıq. Xüsusən də gəncliyin vətənpərvərlik meylləri, onların Vətən sevgisi geniş təhlil edilir. Bəzən belə bir sual yaranır ki, gənclik özü vətənpərvərliyin nə olduğunu anlaya bilirmi, bu hissi necə yaşayırlar, yaxud hansı formada büruzə verməlidirlər? Ümumiyyətlə, gənclik üçün vətənpərvərlik anlayışı nədir? Bilirik ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin gəncliyin həyatı, rifahı və gələcəyi ilə sıx bağlılığı var. Azərbaycanda baş verən iqtisadi inkişaf nəticəsində bir sıra yaddaqalan işlər görülüb. Bura əhalinin artımı, əməkhaqqının qaldırılması, gənclərin dövlət hesabına ölkədə və xaricdə yüksək səviyyədə təhsil alması, habelə gənc alimlərin elmi işlərinin, tədqiqatlarının dövlət tərəfindən maliyyələşdirilməsi və s. daxildir. Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır. Azərbaycanda həm paytaxt, həm də bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb və görülməkdə də davam edir. Məsələ ətrafında yaranmış sualları jurnalistlər cavablandırdılar.

 

“Bu, milli-mənəvi dəyərlərin deqradasiyaya

məruz qalmasının qarşısını alır”

 

Məhəmmədəli Qəribli: “Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan ibarətdir. Bu bağlılıq həm də mənsub olduğu millətin etik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi hallanır. Burada Vətənin xarakteri, mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə aiddir. Bu hissin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dininə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələdir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranılması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır”.

 

“Gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir”

 

Coşqun İsmayılov: “Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunlar ümumilikdə dövlətin milli ideologiyasını təşkil edir. Bütövlükdə dövlətin malik olduğu ideologiyanın vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, ötürə biləsən. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır. Milli mənlik şüurunu mənimsəmək üçün nə lazımdır? Sözügedən məfhum uşağın tərbiyəsində, xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü biruzə verən məsələdir. O üzdən, sözügedən ideya gəncliyə aşılanmalıdır. Bu da təhsil müəssisələrindən tutmuş, KİV-lər vasitəsilə həyata keçirilməlidir. Çünki Azərbaycan əhalisinin böyük hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə fəallığı daha çox diqqəti cəlb edir. Yaş intervalına baxanda məlum olur ki, gənclər həm üstün, həm də dinamik bir təbəqə hesab olunur. Müasir dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Hər bir gənc mənsub olduğu kökə, millətə, vətənə yaxından bağlanmalıdır. Bunun üçün də malik olduğu dəyərləri dərindən bilməlidir. Məsələn, uşaq ailədə tərbiyə alır. Verilən tərbiyənin gəncliyin formalaşmaqda olan dünyagörüşündə rolu olur. Ancaq milli mənlik şüuru yeniyetməlik və gənclik dövründə xüsusilə formalaşan bir məfhumdur. Ona görə də bu gəncliyə aşılanmalı və gənclik bu ideologiya ilə yüklənməlidir. Xüsusən də müasir informasiya və kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Xüsusən də müstəqil Azərbaycan üçün bu məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət

Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 19 fevral.- S.15.