Gənc nəslin milli
mənlik şüurunun
inkişafı
Vətənpərvərlik hissinin
yüksəlməsinə xidmət edir
Müasir dünyada gənclərin vətənpərvərlik,
dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə
edilməsi ən mühüm məsələlərdən
biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək
üçün gənclərimiz xalqımızın adət-ənənələrinə
hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək
vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni zamanda,
gənc nəslin nümayəndələri Vətənin
müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur,
milli dəyərlərimizə zidd təzahürlərə
qarşı qətiyyətli mübarizə aparan insanlar kimi
formalaşır. Lakin nəzərdən qaçırmaq olmaz
ki, müasir qloballaşan dünyada milli kimlik, milli
şüuar, vətənpərbərlik kimi məsələlər
ən aktual mövzulardan birinə çevrilib.
Hazırda
mədəni, humanitar sahədə inteqrasiya prosesləri o qədər
sürətlə inkişaf edir ki, millətlərin adaptasiya məsələsinə
diqqətin artırılması zərurəti yaranıb. Odur
ki, qloballaşma modernləşmə prosesi keçən
xalqlarda milli kimliklə bağlı müzakirələri
intensivləşdirmişdir. Ancaq etiraf edilməlidir ki, bu məsələyə
də yanaşma birmənalı deyil. Bəzən milli kimliklə
bağlı müzakirələrə pessimist yöndən
yanaşılır, hər hansı bir millətin "öz
milli kimliyini tanımaması" kimi qiymətləndirilir. Bu
narahatçılıqda müəyyən əsaslar olsa da vəziyyəti
tam əks etdirmir. Çünki hər dövrün
özünün milli kimlik şüurunun oyanma məqamı
vardır, Tarix sübut edir ki, milli dövlətlərdə, hətta
imperiyalarda yeni bir milli kimlik ideyasını irəli sürmək
özü uğursuzluqla nəticələnir. Konkret olaraq, SSRİ
dövründəki "sovet vətəndaşı"
kimliyininin təbliğinin uğursuzluqla nəticələndiyini
xatırlatmaq olar. Ona görə də nəzərə almaq
lazımdır ki, milli kimlik bir xalqın yüzillərdən
gələn kimliyinin üzərində boy atır,
böyüyür və dövrə uyğun olaraq yenidən
çiçəklənir. Yüzillərdən gələn
mahiyyəti, məzmunu dəyişmək arzusu isə əlavə
problemlərin ortaya çıxmasına gətirib
çıxara bilər. Məhz sadalanan fikirlər deməyə
əsas verir ki, milli kimlik məsələsi millətin
genefonduna əsaslansa da onun daim yeniləşməsinə
ehtiyac var. Məhz bu işi inkişaf etdirmək gənclərin
üzərinə düşür ki, onlar həm milli kimliklərinə
dərk edə bilsinlər, həm də milli şüurun təzələnməsini
təmin etsinlər. Sirr deyil ki, dünyanın ən
inkişaf etmiş dövlətlərində belə milli
kimlik məsələsinə dövrə uyğun yeni
yanaşmalar ortaya çıxır. Məsələn, XX əsrin
birinci yarısında iki dəfə dünya müharibəsi
törətmiş Avropa xalqları bu gün Birləşmiş
Avropanın milli kimliyini (vətəndaş kimliyini)
formalaşdırırlar. Əslində isə bu avropalı
kimliyi Avropa Birliyi ideyasını həyata keçirmək
üçün lazımdır. Siyasi, iqtisadi, sosial, regional və
s. şərtlərdən asılı olan AB-nin
mövcudluğu üçün yeni dövrə uyğun
olaraq avropalı kimliyi mühüm önəm
daşıyır. Burada alman, fransız, italyan, ispan və s.
xalqların etnik-milli kimliyinin dəyişməsindən
söhbət getmir və heç kəs buna cəhd belə
göstərmir. Bu paralel prosesdə azsaylı xalqların
assimlyasiya olması, ikidillilik və ya çoxdillilik kimi məsələlərin
ortaya çıxması isə dövrün
reallıqlarından irəli gəlir. Min illərlə əvvəl
olduğu kimi, müasir qloballaşma dövründə
azsaylı xalqların, dillərin vahidin tərkib hissəsinə
çevrilməsi qaçılmaz və normal prosesdir.
Bir-birinin daxili məsələlərinə müdaxilləri,
siyasi təzyiq üsullrını nəzərə almasaq,
azsaylı xalqların, dillərin müqavimət
gücünün artması da normal haldır.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli
inkişafı azsaylı xalqların mövcudiyyət
imkanlarını, bir-biri ilə ünsiyyət
formalarını, mədəniyyətlərini qoruyub-saxlamaq
imkanlarını artırmış, bunun da nəticəsində
ikidillilik, çoxdillilik ortaya çıxmışdır.
Daha dəqiq desək, əvvəlki dövrlərlə
müqayisədə ikidillilik və çoxdillilik imkanları
yeni forma və məzmun almışdır. Məsələn,
hər hansı dialektlə və şivə ilə
danışan Azərbaycan türkü kimi,
xınalıqlı, çek, haput, ləzgi, talış Azərbaycan
ədəbi dilində danışır, təhsil alır,
ünsiyyət, biznes əlaqəsi qurur və s.. Ola bilsin ki,
dil öyrənmək məsələsində kimsə o birinə
nisbətən daha çox çalışır, amma son nəticədə
hamının Azərbaycan dövlət dilində
danışması, dövlətin tələbini yerinə
yetirməsi vacib olur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan
milli kimliyi dedikdə ilk növbədə Azərbaycan
Respublikasınının vətəndaşlarının, azərbaycan
xalqının özünüidentifikasiyası başa
düşülür. Bunun söykəndiyi Azərbaycan
Respublikasınının milli dövlətçilik ideologiyası
özündə Azərbaycan xalqının milli birliyini, azərbaycan
(türk) dilinin, milli adət və ənənələrinin
(dəyərlərinin) qorunub saxlanması, mənəvi (islam)
dəyərlərinin kənar təsirlərdən qorunaraq azərbaycan
xalqının qəbul etdiyi şəkildə saxlanması və
təbliği, bunların əsasında müasir tipli dövlət
quruculuğu və sürətli inkişafı özündə
ehtiva edir.
Ancaq etiraf edilməlidir ki, milli
kimliyin qorunub saxlanması, üstəlik milli şüurun
inkişaf etdirilməsi bir o qədər də asan məsələ
deyil. Bunun üçün milli ideoloqlar yetişməli, gənclərin
milli şüuru inkişaf etdirlməli və ən nəhayət
vətənpərvər ruhda böyüyən gənc nəsil
formalaşdırlmalıdır. Fəlsəfə üzrə
fəlsəfə doktoru Faiq Ələkbərov hesab edir ki, gənclər
arasında milli şüurun
forçalaşdırılması üçün bir
sıra işlərin görülməsinə egtiyac var: “Gənc
nəsil arasında milli şüurun formalaşması
heç də asan bir proses deyildir. Əksinə, bu sahədə
ciddi addımlar atılmadan milli şüurun yox yerdən
formalaşmasını gözləmək doğru olmazdı.
Fikrimizcə, milli şüurun formalaşmasında iki
mühüm amil var: təhsil bazası; müəllim-ziyalı
kontingenti. Bizə elə gəlir ki, milli şürun
formalaşması üçün ilk addımlar məhz bu sahələrdə
atılmalıdır. Özü də, bu təxirəsalınmaz
şəkildə həyata keçirilməlidir”. Nəzərə
almaq lazımdır ki, milli dövlətlərdə
bölücülüyü həyata keçirmək
üçün bu antiazərbaycan, antitütürk dairələr
bir tərəfdən «beynləmiləl» ideyalardan , digər tərəfdən
isə qeyri-türk etnoslardan istifadə etməyə
çalışırlar: “ Birinci halda, onlar guya Azərbaycan
xalqının hamısını düşünərək hansısa
mülahizələr irləi sürür, bununla da azərbaycanlıların
gələcəyinin ya Rusiya, ya da İranla bağlı
olmasına inandırmağa çalışırlar.
Xüsusilə, rus ideoloqları «avrasiyasılıq» adı
altında keçmiş SSRİ xalqlarını, o cümlədən
Azərbaycan türklərini yeni bir oyuna gətirməyə
çalışırlar. İki əsrdə Azərbaycanı
iki dəfə, özü də hərbi güclə
işğal edən Rusiya üçüncü dəfə, hərbi
gücdən istifadə etmədən imperiya maraqlarını
həyata keçirməyə çalışır. Bu zaman
rus ideoloqları sovet dövrünün nostalgiyası ilə
yaşayan sovet nəslindən maksimum faydalanmağa, onların
vasitəsilə gənclərə təsir göstərməyə
çalışırlar”.
Belə
bir halda gənc nəslin milli şüurunun
formalaşdırılması, onların vətpərvər
ruhda yetişdirilməsi aktual məsələ kimi meydana
çıxır. Gənclər dərk etməlidir ki, bir millətin
gələcəyi onun gəncliyinin təfəkkürünün
mükəmməlliyinə, ümidinə, ideallarına
bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş,
bayrağını, torpağını, millətini, Vətənini
sevən bir gəncliyə sahib bir ölkə ən
böyük sərvətə və xəzinəyə
sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi
çox parlaqdır. Gələcəyinə qiymət verən
millətlər gənclərin yetişməsinə
böyük diqqət göstərməli və bunun
üçün əlindən gələni əsirgəməməlidir.
Odur ki, gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə
formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin
yetişməsində bədən-ruh, maddi-mənəvi,
dünya-axirət tarazlığının qorunması
çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm
dolu, qayğısız, təmiz qəlbli, səbrli,
özü ilə və yaşadığı cəmiyyətlə
təmkinli olmalıdır. Ekspertlər hesab edir ki, bu gün gənclərin
qarşısında sözügedən məsələ ilə
bağlı bir sıra maneələr və problemlər durur.
Bunların bir çoxu da müasir dünyanın və
qloballaşmanın doğurduğu problemlərdən
qaynaqlanır. Ancaq reallıq onu göstərir ki, Azərbaycan
gəncliyi bu problemləri aşmağa qadirdir. Çünki
ölkə gəncliyi dinamizmi, kreativliyi və hadisələrə
adekvat yanaşması ilə seçilir. Azərbaycanda gənclərin
inkişafı, onların gələcəyi baxımından məqsədyönlü
siyasət həyata keçirilir. Aydın məsələdir
ki, bütün bunların qarşılığında gənclik
də öz potensialından istifadə edərək
doğulduğu torpaq, yaşadığı ölkə, Vətəni
üçün əlindən gələni əsirgəməməlidir.
Gənclərdə milli vətənpərvərlik hissləri
güclü olmalıdır. Xüsusən də Azərbaycan
gəncinin vətənpərvər olması vacibdir. Hər
bir Azərbaycan gənci bilməlidir ki,
torpaqlarımızın 20 faizi işğal altındadır, məcburi
köçkünlərimiz var. Belə olan halda, heç
şübhəsiz ki, torpaqlarımızın işğaldan
azad edilməsi üçün gənclərimizdə vətənpərvərlik
ruhu günü-gündən yüksələcək.
Bugünkü gənclik Azərbaycanın potensial hərbi
gücüdür. Ona görə də ailə
başçılarından tutmuş, müəllimə qədər
hamı bunun fərqində olmalı, uşaqları bu ruhda tərbiyə
etməlidirlər. Bu istiqamətdə görülən
işlər sistemli xarakter almalıdır. Təsadüfi deyil
ki, torpağa, Vətənə sevginin əsası ailədə
və məktəbdə qoyulur. Buna görə də hər
bir məktəb ilk növbədə şagirdlərinin
yüksək vətənpərvər kimi böyüməsi
üçün bütün imkanlardan istifadə etməlidir.
Bunun üçün məktəblilər Vətənin
tarixilə yanaşı, onun hər bir bölgəsini
yaxşı öyrənməlidir. Çünki Vətəni
yaxşı tanımadan onu sevmək, ona dərindən məhəbbət
bəsləmək çətindir. Ölkə, Vətən
sevgisi uşaqlara davamlı və əsaslı şəkildə
aşılanmalıdır. Gənclərdə vətənpərvərlik
hissinin aşılanması, formalaşdırılması məhz
məktəblərin üzərinə düşən vəzifələrdəndir.
Vətənpərvərlik hissi uşaqlarda körpə
yaşlarından formalaşdırılmalıdır.
Torpaqlarımızın işğal altında olduğu bir
şəraitdə uşaqlarda Vətənə, torpağa, elə-obaya
sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə
müxtəlif tədbirlər həyata keçirilir. Hər
bir cəmiyyətin gələcəyi onun yetişməkdə
olan gənc nəslidir. Gənc nəslə qayğı isə
hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən
biridir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 24 fevral.- S.15.