Tamaşaçını
riqqətə
gətirən “Nadir şah”
Fevralın 21-da
Akademik Milli Dram Teatrında yazıçı-publisist Yunus
Oğuzun eyniadlı əsəri əsasında
hazırlanmış “Nadir şah” pyesinin növbəti
tamaşası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Nadir şah obrazını xalq artisti Ramiz Novruz ifa edib. Tamaşa haqda ilk əvvəl qeyd etməliyik ki, “Nadir şah”ın son nümayişində özünə bəlli bir tamaşaçı kütləsi qazandığı məlum oldu. Nümayişin qarlı və əlverişsiz hava şəraitinə baxmayaraq, insanların axın-axın teatra gəlməsi, zalda hökm sürən ajiotaj tamaşaya olan marağın təzhürüydü. Bu dəfəki seans da əvvəlkilərdən fərqli olmadı: Bütün pərdələr açıq və maraqlıydı. Hiss olunurdu ki, rejissor tamaşanı hazırlamaq üçün romanı diqqətlə oxuyub. Ssenarini romana əsaslandırmaq üçün kitabı incəliklə tort dilimləri kimi kəsib hadisələri ümumi nəticəyə kökləyib. Tamaşa hazırda yaşadığımız dövrlə Nadir şahın hakimiyyətdə olduğu dönəmi, oyunçuların diliylə, qısa cümlələr, məcaz və işarələri özündə birləşdirən replika-dialoqlarla bağlayıb. Bədii hissələrlə yanaşı rejissorun yazmaq texnikası, səhnə quruluşu, dekorlar, oyunçular üçün seçilmiş rekvizitlər, səhnənin çalışma rejimi, bütövlükdə isə teatra lazım olan bütün elementlər lazımi şəkildə dəyərləndirilib. Beləliklə, “Nadir şah” tamaşaçı auditoriyasının diqqətini səhnəyə cəlb edə bildi.
Tamaşanı izləyəcək yaş qrupu
da əhəmiyyətlidir. Rejissor bu nüansı da diqqətə alıb. “Nadir
şah” bu baxımdan hədəf kütləni bütün
yaş qrupları ilə sinifləndirir. Bununla yanaşı
izləyici kütlənin iqtisadi, psixoloji, sosial, fiziki, və mədəni
bucaqları da qiymətləndirilib. Paralel olaraq, roman səhnədə
onu əhatə edəcək qədər məhdudlaşdırılıb.
Açıq şəkildə isə tamaşa çərçivəsiz
güclü təsir yaratmaq xüsusiyyətinə malikdir. Yəni
ki, ilk baxışda dramatik tamaşa kimi görünən
“Nadir şah” incə yumor, bədii və tarixi
çalarlarıyla da zəngindir. Səhnələr
arasında qoyulmuş keçidlər baş verən hadisələri
düzgün şəkildə əlaqələndirir. Yekun
hissəsində bunun açıq şəkildə şahidi
oluruq. Hadisəni əmələ gətirən əhvalatlar
seriyalar şəklində biri-birinə peşəkarlıqla
bağlanıb. Müxtəlif əhvalatların baş
obrazları üçün tarixi mənbələrdə təsvir
edilmiş xüsusiyyətlər yüklənib.
Tamaşaçı
üçün ən maraqlı nüans tamaşada baş
obrazın qarşısına zidd xarakterin çıxarmaqla
qarşıdurma yaratmaqdır. İzləyici Nadir şah və
ona tərs olan oğlu Rzaqulu ilə qarşılaşması
səhnəsində bunu gördü. Nadir şahın hədəf
yoluna maneə kimi çıxarılan Rzaqulu saray daxilində
baş verən gizli çevriliş planının mərkəzində
dayanır. Nadir şah bundan xəbər tutandan sonra onu cəzalandırır.
Lakin hadisələr nə Nadir şahın, nə də
tamaşaçıların gözlədiyi sonluqla bitmir.
Avşar dövlətinin yaradıcısı və sonuncu
hökmdarı ona qarşı hazırlanmış sui-qəsdin
qurbanına çevrilir. Tamaşanın gözlənilməyən
başlıqla başlayıb, sürpriz nəticə ilə
başa çatması novella təsiri
bağışlayır. Rejissor bu səhnədə hadisə
yarada bilib və bununla ümumi baxışa həyəcan
qatmağı bacarıb.
Tamaşa
başlayanda sonu bəlli deyildi, lakin hadisələrin müəyyən
bir sonluğa doğru axdığı açıq hiss edilir.
Bu, ssenaridə diqqət edilməli əsas faktordur.
Tamaşaçının diqqət etdiyi amil də, əsərin
sonun mütləq formada qətiləşdirilməsi və
baş verənlərin nəticəyə doğru zəncirvari
şəkildə inkişaf etməsidir.
Nadir şahın fiziki görünüşü, fiziki bacarıqları, psixoloji xüsusiyyəti, əxlaq anlayışı, inancı, zehni bacarıqları, xasiyyəti, patoloji meylləri, kompleksləri, fobiyası, ictimai baxışı, milliyyəti, şah olmamışdan əvvəlki sinfi mənsubiyyəti, idealları Hindistanı fəth etdikdən sonrakı çıxışında net şəkildə verilir. Nadirin Hindistanı fəthinin üzərində xüsusilə dayanılması azərbaycanlı hökmdarın tarixdə hansı rolu oynadığını göstərən ekrandır. Bu məsələ Nadir şahın rus elçisi və Əmir Teymurun ruhu ilə dialoqunda iki dəfə təkrar olunur. Makedoniyalı İskəndər və Əmir Teymurla müqayisədə Nadir şah Hindistanı fəth edərək özündən əvvəlki böyük hökmdarların edə bilmədiklərini bacarır. Həmin səhnələrdən ortaya çıxan nəticə budur ki, Nadir bütün dövrlərin ən böyük hökmdarıdır. Əmir Teymur və Rusiya elçisinin imperatriça Yekaterinanın diliylə Nadiri “Böyük fateh” adlandırmasında da bunu açıq şəkildə görürük. Tamaşa Az. TV tərəfindən lentə alınıb.
Mənsur
Olaylar.- 2015.- 24 fevral.- S.8.