Vətəpərvərlik hissinin formalaşması milli

–mənəvi özünüdərkdən keçir

 

Ümummilli lider Heydər Əliyev deyib: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlar və inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır”.

Etiraf edilməlidir ki, ümummilli liderin bu tövsiyyələri gənclərdə firavan gələcəyə böyük ümidlər vermiş, onların hərtərəfli fəaliyyət göstərmələri üçün zəmin yaratmışdır. Ardınca, 7 iyul 2011-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu proqramın təsdiq edilməsi ölkəmizdə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Çünki proqram çərçivəsində dövlət və qeyri-dövlət təşkilatları gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində ən müxtəlif layihələrin icrasına start veriblər. Cəmiyyət bütövlükdə dərk etməlidir ki, gənclərin milli şüurunun inkişafı, vətənpərvərlik ruhunda yetişməsi dövlət və cəmiyyət üçün də vacib ehtiyaclardandır. Ona görə ki, gənclik bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən edən, cəmiyyətin ictimai-siyasi həyatında ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərimizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, ictimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz də bu meyarı dəyərləndirərək gənclərimizdən diqqət və qayğısını əsirgəməyib, hər zaman onların yanında olaraq qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib. Məhz bunun nəticəsidir ki, qeyri-hökumət təşkilatları gənclərin sağlam ruhda böyüməsi, onlarda milli şüur, vətənpərvərlik hissinin formalaşması üçün üzərlərinə düşən vəzifələri fədakarlıqla icra etməkdədilər. Nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyətlərinin əsas vəzifələrindən biri də gənclərdə elmə və təhsilə olan marağın və eləcə də vətənpərvərlik ruhunun artırılmasına kömək etmək, gənclər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, sağlam həyat tərzinin formalaşdırılmasına kömək etməkdən ibarətdir. Dövlət qurumları da gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Gənclər və İdman Nazirliyi keçən ildən etibarən, “Azərbaycan doğma diyarımdır” adlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri təşkil edir. Bu düşərgələrin əsas məqsədi, azərbaycançılıq məfkurəsinin təbliği və diyarşünaslığın inkişaf etdirilməsindən ibarətdir. Düşərgələrin keçirilməsində əsas məqsədlərdən biri də yeniyetmələri, gəncləri həqiqi hərbi xidmətə qismən də olsa hazırlamaqdır. Düşərgələrdə gənclərin sağlam inkişafı məqsədilə idman yarışları, hərbi oyunlar keçirilir ki, bu da onların milli şüurunun inkişafında əsas rol oynayır.

Ekspertlər hesab edir ki, gənclərin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərlə kifayətlənmək olmaz. Bu istiqamətdə işlər ardıcıl və hətta düşünülmüş şəkildə həyata keçirilməlidir. Gənclərin bu ruhda böyüməsi üçün heç şübhəsiz ki, məktəblər müstəsna əhəmiyyətə malikdir. Sirr deyil ki, gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində region məktəblərində də lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunlarının, “Azərbaycan doğma diyarımdır” vətənpərvərlik yay istirahət düşərgələrinin keçirilməsinə diqqət yönəldilir. Təbii ki, uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Danılmaz faktdır ki, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğinə böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidi. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidi. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdı ki, gənc təkcə təbliğatla yox, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Hər bir sənətkar, ziyalı öz növbəsində cəmiyyətdə daşıdığı funksiyanı düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir.

     Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridi. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdi. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədi. Fərqi yoxdu, həmin gənc hərbçidi, yoxsa başqa peşə sahibi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdı. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidi ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Milli mənlik şüuru, milli özünüdərkin mahiyyəti ondan ibarətdir ki, insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Xüsusən nəzərə almaq lazımdı ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir, ərazilərimizin 20 faizi işğal altındadı. Belə şəraitdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmlidir və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişafı üçün bir sıra parametrlərin nəzərə alınması əhəmiyyət daşıyır. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclər var. Avropa və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik gənclər mövcuddur ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, iş fəaliyyətində yaşadan gənclərimizin sayı kifayət qədərdir.

   Ekspertlər hesab edirlər ki, təhsillə paralel olaraq gənclərin hərbi hazırlığı da vacib məsələlərdəndir. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə olan gənc fiziki, mənəvi-psixoloji cəhətdən formalaşır, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənir. Görünən odu ki, gənclərin hərbi xidmətə marağı hər keçən gün artır. Təsadüfi deyil ki, son illər Azərbaycan ordusunda fərarilik halları əhəmiyyətli şəkildə azalıb, demək olar ki, yox səviyyəsinə enib. Halbuki 10-15 il əvvəl bu kimi problemlər daha qabarıq formada özünü göstərirdi. Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsi ilə bağlıdır. Məlumata görə, hazırda gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir. Arzuolunmaz halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Gənc əsgərlərin səhhəti hər gün yoxlanılır, problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda gənclərin hərbi xidmət keçməyə marağı artacaq. Hərbidə xidmətdən yayınma hallarının azalmasının əsasında dayanan başlıca mənəvi amillərdən biri gənclərdə vətənpərvərlik hissinin yüksək səviyyədə olmasıdı. Vətənpərvərlik hisslərinin gənclərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Eyni zamanda, onlarda vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına kömək edir. Məsələ ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist və praqmatik prizmadan yanaşır. Gənclik anlayır ki, hansısa dövlətin vətəndaşı gəlib onların yerində Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik hallarının heçə enməsinə gətirib çıxarır. Onu da nəzərə almalıyıq ki, dövlətimiz 20 il əvvəlki respublika deyil. Bəzi çatışmazlıqlara rəğmən, ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Görünən odur ki, hər keçən gün gənclər üçün hərbi xidmətin önəmi artır. Bütövlükdə hərbi xidmətin gənclərdə vətənpərvərlik hissinin, milli mənlik şüurunun formalaşmasında özünəməxsus rolu və əhəmiyyəti var.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2015.- 27 fevral.- S.15.