Hamımızın ümumi vəzifəsi:

Vətənpərvər olmaq

 

Heydər Əliyev: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür

 

Vətənpərvərliyin mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən üçün çalışmaqdan ibarətdir. Bu anlayış hər bir vətəndaş üçün əhəmiyyətlidir. Çünki hər bir vətəndaş öz Vətəni yolunda canından keçməyə, öz torpağını qorumağa borcludur. Qədim dövrlərdən Azərbaycan işğalçı qüvvələrin hücumuna məruz qalıb. Ayrı-ayrı dövrlər ərzində həmin işğalçılara qarşı döyüşən igidlərimiz, sərkərdələrimiz olub. Onlar öz Vətəninə, xalqına olan sədaqəti, məhəbbəti, ehtiramı göstərmək üçün canlarından belə keçməyə hazır olduqlarını göstərmişlər. Babək, Cavanşir, Qaçaq Nəbi kimi igidlər öz Vətənlərini qorumaq üçün əlindən gələni etmişlər. Digər vətənpərvər igidlərimiz olub ki, öz Vətən torpaqlarını göz bəbəyi kimi qoruyublar. Ulu öndər Heydər Əliyev gənclərə xüsusi diqqət göstərib.

Ulu öndərin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanı bunun əyani təzahürüdür. O, müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratmış, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadihüquqi baza yaradıb. Gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək edib. Ümummilli liderimiz təhsilin məzmununu yeniləşdirərək müstəqil Azərbaycanın tələblərinə, xalqın mənəviyyatına uyğun qurulmasının vacibliyindən danışarkən deyirdi: “Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq  öz xalqıının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız da var. Biz dilimizlə fəxr etməliyik. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsinbu dildən istifadə etsin”. Ulu öndərimiz Heydər Əliyev həmişə elmin, təhsilin inkişafına dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşmış, xüsusilə gənc nəslin intellektual səviyyəsinin artmasını ən vacib məsələlərdən biri kimi daim önə çəkmişdir. Ümummilli lider Azərbaycandan kənarda oxumağa gedən gənclərə hər zaman xüsusi diqqətlə yanaşır, onlarla görüşür və tövsiyələrini bildirirdi. Uzaqgörənliklə əsası qoyulan bu ənənə milli elmi potensialımızın inkişafında böyük rol oynadı. Müstəqillik dövründə ümummilli lider vaxtilə əsasını qoyduğu ənənələri davam etdirirdi. Vətəndaşların hərtərəfli təhsil ala bilmələri üçün yaradılan inkişaf həm də demokratik cəmiyyət quruculuğunun əsas elementlərindən biridir. “Təhsil millətin gələcəyidir” deyən ulu öndərin respublikamızda milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri olan təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin müxtəlif ölkələrin qabaqcıl universitetlərə oxumağa göndərilməsi ənənəsi bu gündavam etdirilir. Bu məqsədlə Prezident İlham Əliyev 2007-ci ilin aprelində təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı” Heydər Əliyev tərəfindən 70-80-ci illərdə təməli qoyulmuş mütərəqqi ənənənin bu gün də yaşamasının əyani sübutudur. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Azərbaycanın hərtərəfli inkişafında böyük rol oynayan mütəxəssislər çoxalır.

 

Budur vətənpərvərlik”

 

Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəb onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Ulu öndər deyirdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Xalqımız qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Bu xalq Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl Xətai, Cavad xan, Hüseynəli xan kimi qəhrəmanların, Tomris, Nüşabə, Burlaxatun kimi kişi qeyrətli xanımların varisidir. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət alır. Bu gün Azərbaycan bayrağını müxtəlif beynəlxalq turnirlərdə dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq salnaməsini davam etdirənlərdir. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və Vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın rolu böyükdür. Gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və möhtəşəm işlər aparılır. Milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə göstərir ki, milli mənlik şüuru və vətənpərvərlik hissləri bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli rol oynayır. Öz kökünə bağlı olan meyarlar Vətəninin, xalqının tarixini dərindən bilməyi, öz soykökünə bağlılığı özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür. Uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması əsas götürülür.

 

“...vətən torpağına, millətə sədaqət,

vətən uğrunda şəhidliyə hazır olmaq...”

 

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə də Azərbaycan dövləti gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsini daim diqqət mərkəzində saxlayır. Orta məktəblərdən başlayaraq bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığına xidmət edir. Gənclərin Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Bu məsələdə ümumtəhsil məktəblərinin  orta məktəblərdə tədris olunan çağrışaqədər hərbi hazırlıq proqramları da vacibdir. Keçirilən proqramlar şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fizikipsixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Vətənpərvərlik anlayışının mahiyyəti haqqında Ulu öndər Heydər Əliyev deyirdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Konseptual səciyyə daşıyan bu müdrik fikir gənclər arasında vətənpərvərlik tərbiyəsinin aşılanmasının metodologiyasıdır. Demək, vətənpərvərlik tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti olmalıdır. Məktəbdə, ailədə, ictimaiyyətdə cəmiyyətin hər bir üzvü bu nəcib işdə əməli ilə şəxsi nümunə göstərməlidir.

 

Gənclər bilməlidir ki...

 

İnsanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin  təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 28 fevral- 2 mart.- S.15.