Milli vətənpərvərlik Vətənin göz

bəbəyi kimi qorunmasında təzahür edir

 

Gülnar Əmiraslanova: “Bunu gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər”

 

Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdəndir. Sevindirici haldır ki, bu istiqamətdə dövlət və onun müvafiq qurumları ilə yanaşı gənclər təşkilatlar da fəallıq nümayiş etdirirlər. Bəs görəsən gənclər təşkilatlarının bu istiqamətdəki fəaliyyətini qaneedici saymaq olarmı? Ümumiyyətlə, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir? Bu və ya digər suallarla bağlı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Gülnar Əmiraslanova ilə söhbətləşdik.

-Gülnar xanım, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir və öz Vətənini, millətini nə dərəcədə sevir?

-Azərbaycan xalqının əsrlər boyu qəhramanlıq nümunəsi göstərərək, xalq olaraq formalaşmağımızda müstəsna xidmətləri olmuş vətənpərvər və mütərəqqi şəxsləri olmuşdur. Gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Ümummilli lider gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirərək deyirdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Yaxud bir başqa müdrik kəlamında Heydər Əliyev vurğulayırdı: “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”

Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik dedikdə ilk öncə Vətən üçün canından keçmək başa düşülür. Amma vətənpərvərlik yalnız vətən üçün canından keçmək deyil. Vətənpərvərlik millətin, torpağın üçün ölümə hazır olmaq yox, öldürməyə hazır olmaq deməkdir. Çünki vətən oğulları ölsə vətəni kim qoruyar!?.Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir.Azərbaycanın milli qəhramanı Mübariz İbrahimov həm vətənpərvərlik, həm də qeyri bərabər döyüşdə yüksək qəhramanlıq şücaəti göstərərək onlarla kriminal rejimin əsgərlərini məhv edərək öz torpaqlarımızda şəhid olmuşdur. Azərbaycanın dəyərli oğlu Ramil Səfərov da milli təəssübkeşlik nümünəsi göstərərək erməni zabitini haqq etdiyi şəkildə cəzalandırmışdı. Vətənə olan sevginin olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən ucaali formasıdır. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu günaktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.

-Etiraf etmək lazımdır ki, bəzi gənclərimiz xarici təsirlərə düşərək Vətən, millət anlayışından uzaq düşürlər. Bu cür gənclərdə vətənpərvərlik hisslərinin artırılması üçün hansı addımların atılmasını vacib sayırsınız?

-Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edirbunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməklə, alim maraqlı elmi kəşfləri ilə izah edirsə, müasir gənclərimiz doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görürlər. Milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir. Azərbaycanda bu gün hər bir vətəndaşı bir çox sahələrdə vətənpərvərlik nümunəsi göstərirlər bu da təbii olaraq xalq olaraq, dövlət olaraq əbədi mövcud olacağımıza dəlalət edir. Ulu öndər Heydər Əliyevin isteyi, arzusu, amalı, ana məhəbbəti qədər müqəddəs olan vətən sevgisini gənclərə aşılamaq, onların mənəviyyatlarına hopdurmaqdır. Ondan ötrü ki, insan hansı məqama, mərtəbəyə yüksəlsə də, hansı ucalığı, zirvəni fəth etsə də, ilk və əbədi istinadgah vətənin müqəddəs sayılan torpağıdır. Hər bir insanın ilk təsəvvürləri, dünyagörüşü doğma torpaqla formalaşır, doğma torpaqdan vüsət alır. Xalqını sevən Heydər Əliyev əbədi səadəti, xoşbəxtliyi, vətən torpağına bağlılıqla gördüyündən daim gənc nəslə tövsiyyə edir ki, vətəni bir oğul, vətəni layiqli övlad kimi sevsin, harda olursa-olsun torpağa daim bağlı olsun vətənini əzizləsin. Elə bu amalla, bu arzu ilə üzünü gənclərə turaraq, Heydər Əliyev yol göstərir, nəsihət verir: “Vətən bizim ata ocağımızdır. Hara getsək də, harda olsaq da, bizim fikirlərimiz, xəyallarımız daim bu ana müqəddəs torpaqdadir. Dünya da nə qədər ideyalar, məqamlar varsa bunların hamısının kökü insanın torpağa bağlılığından inkişaf edir. İnsanları yüksək amallara səsləyir, insanlar birgə yaşayışa, humanizmə, mədəniyyətə, ilk əvvəl doğma vətəni ilə bağlıdır. Eyni zamanda, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, doğma vətəninin adını və başını uca edir”.

-Bu gün ölkədə fəaliyyət göstərən gənclər təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olub böyüməsində nə dərəcədə səmərəli fəaliyyət göstərirlər?

-Əlbəttə, bu gün ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarıı gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna xidmət göstərirlər. Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın. Fikirləşməlidir ki, onun bugünkü fəaliyyətindən millətin gələcəyi asılıdır. Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir. Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qüruriftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 3 iyul.- S.15.