Böyük Səlcuqların
Alp Arslan zirvəsi
Yunus Oğuz türklərin
tarixinə həsr olunmuş bir sıra tarixi romanlarından
sonra müəllifin yaradıcılıq texnologiyasına
yaxşı bələd olan oxuculara özünün «Sultan
Alp Arslan»ını təqdim edir. Hər şeydən əvvəl, romanın bədii
strukturu və ya kompozisiyasının özünəməxsusluğu
barədə danışmaq lazımdır. Belə ki, əsər
türk tarixinin, yaxud türklərin xüsusilə orta əsrlərdə
dünyanın geniş bir coğrafiyasında
yayılmasının çox böyük (həlledici!) hadisələrindən
olan «axın» (axınçıların gəlişi) xəbərilə
başlayır. Dəmirçi Murad bu xəbəri Savalan
dağlarında, gizli bir məkanda məskunlaşmış Dədələrə
çatdırır.
«…Bu yerlərdə
İslamın bərqərar olmasından üç yüz əlli
il keçməsinə baxmayaraq əski inancların bir qismi hələ
də hakimlik edirdi. Ən başlıcası təktanrıçılıq
idi. Yəqin ki, İslamda birallahlıq
olmasaydı, oğuzlar bu dini qəbul etməzdilər. Burada yalnız oğuzların başa
düşdüyü dildə dualar, alqışlar,
qarğışlar oxunurdu. Oğuz dədələri
hələ Sasanilərin dövründə təqibdən
qaçaraq bu dağlara çəkilmişdilər. Onlar üçün Sultan sözü, Sultan əmri
Tanrı əmrindən sonra ikinci sayılardı. Sultan
oğuzlar üçün elə “yerdəki Tanrı” demək
idi»…
Dədələr yüzillərlə gözlədikləri
bu xəbərdən çox şad olurlar. Və Baş Dədə
axınçıların gəlməsi münasibətilə
Dədələri bir yerə toplayır…
«- Dədələr, - Baş Dədə oturanlara
müraciət etdi, - İndicə mən alov içindən
çıxdım. Alovun içində olanda gələcəyə
baxdım. Həqiqət Zərdüşt
peyğəmbərin dediyi kimidir. Bu dəfə
oğuzlar gün çıxandan gün batana qədər olan
yerlərdə on dəfə yüz ildən çox hakimiyyətdə
olacaqlar. Bir oğuz ulusu o biri oğuz
ulusunun hakimiyyətini dəyişəcək. Düz on dəfə yüz ildən artıq buralar
onun hökmü altında olacaq. Amma biz də
buna hazır olmalıyıq. Hücrələrdə
öyrətdiyimiz elmimiz, həm də fitrimiz bizə kömək
edəcək. Bundan sonra da biz bu işləri
davam etdirib, nəsildən nəsilə ötürməliyik.
– Sual dolu nəzərlərlə Dədələrə
baxdı, - Fikrim aydındırmı, Dədələr? Bu min ildə oğuzları çətin
sınaqlar gözləyir. Mən
bunların hamısını gördüm; qardaş
qardaşı öldürəcək, əqidə, məzhəb
uğrunda savaş gedəcək. Ərazilərimiz
gah böyüyəcək, gah kiçiləcək.
Ortada daha qüdrətli düşmən qalmayacağı
üçün oğuzlar bir-biri ilə savaşacaqlar, ancaq
yenə hakimiyyətdə qalacaqlar.»
Azərbaycanda
axınçıların yolunu gözləyən xeyirxah Dədələrlə
yanaşı onların (yalnız onların yox, ümumən
dünyada harmoniya yaradacaq hər cür qüvvənin, hakimiyyətin!)
düşməni olan bədxah xaşxaşilər də var
ki, Ələmut dağında gizlənib Həsən
Sabbahın başçılığı altında quldur dəstələri
toplayıb böyük xadimləri öldürür, hərcmərclik
yaradırlar.
Və bu
cür qurbanlardan biri də Alp Arslan olur…
Baş vəzir
Nizam- ül- Mülkün etirazına baxmayaraq namazı məsciddə
xalqla bir yerdə qılmağa gedən Sultanı ağlı
başından alınmış xaşxaşi «fədai»lərindən
biri ağır yaralayır…
… «Atlılar məscidə yaxınlaşıb
dayandı. Mühafizlərdən biri
qaçaraq Sultanın atının yüyənindən tutdu.
Məscid meydanı namaza gələnlərlə
dolu idi.
Sultan meydana daxil olduqda qatil onun dəstəsinə
qoşuldu. Meydan camaatı Sultanı görcək sağ əlini
sinəsinə qoyub baş əyir, ehtiramla yol verirdi. Sultan məscidə daxil olduqdan sonra namaza gələnlərin
böyük hissəsi onun arxasınca içəri girdi.
Sultan ön sırada, qatil isə ikinci sırada
səf tutub yerləşdi və namaz qılmağa
başladılar. Sübh namazının
ikinci rükətində, səcdə zamanı hər kəs
özünü Allaha təslim edib, dua edəndə birdən
Alp Arslanın üstünə sanki qırğı
şığıdı. Kürən
xadimin əbası yellənib geniş açıldı.
Heç kəs nə baş verdiyini anlamağa
macal tapmamış, kimsə canamazdan başını
qaldırmamış qatilin xəncəri Sultanın kürəyinə
saplandı. Bu zaman ətrafdakılar bir
vıjıltı səsi də eşitdilər. Yuxarıdan atılan xəncər sürətlə
uçaraq, qatilin kürəyini deşdi. Onun
geniş əbası Sultanı görünməz etdi.
Qatil Sultanın üstünə sərilmişdi»…
Və
bundan sonrakı hadisələr ölüm yatağında olan,
ağrıdan qıvrılan Alp Arslanın xatirələri,
daha doğrusu, xatırlamaları kimi təqdim olunur… Hər xatırlamadan sonra hökmdarın sağalmaz
yaradan çəkdiyi əzablara qayıdılır. Və bu ədəbi priyom- texnologiya əsərin
struktur bütövlüyünü, bədii ritm və
intonasiyasını müəyyənləşdirir.
…Türküstandakı
rəqiblərini yenən səlcuqlar türk tarixində yeni
güclü bir sülalə hakimiyyətinin – dövlətin
(Səlcuqluların! ) əsasını
qoyurlar.
…«Dandanakan döyüşündən sonrakı on il
müddətində səlcuqlar Xarəzm torpaqlarını ələ
keçirtdilər, qəznəliləri özlərinə
tabe etdilər.
Bu on il ərzində türkmənləri və
Kirmanşahdakı qəbilələri, Diyarbəkr, Axlat və
Malazgirddəki Məvrani dövlətini, İraq, Əl-Cəzirə
və Şimali Suriyadakı Hamdaniləri, Təbəristanda
ziyariləri, Deyləmanda kakuiləri, Gilanda Səffariləri,
Azərbaycanda Rəvvadiləri, Şirvanda
Şirvanşahları, Dərbənddə Haşimiləri,
Divin və Aranın bir hissəsində Şəddadiləri,
Farsda Buveyhiləri, Sistanda Səffariləri özlərinin
vassallarına çevirdilər. Səlcuq hakimiyyətinin on beş illiyində isə Bağdad və
bütün İslam şərqi artıq tam olaraq onların əlində
idi.
Axınçılar
indi də batının hər yerində görünür, hər
kəsi özlərinə tabe etdirməyə
çalışır və bunu bacarırdılar”...
Vəliəhd
Alp Arslan özünü Sultan elan etdikdən sonra səlcuqların
Qərbə axını daha böyük vüsət alır…
… «Alp
Arslanın qarşısında çox böyük işlər
dururdu: Şərqdə bütünlüklə
Türküstanı özünə tabe etdirmək, Çindən,
Hindistandan qərbə gedən ipək yoluna tam nəzarət
etmək, qərbdə isə Bizans torpaqlarının
hesabına Egey dənizinə qədər torpaqları ələ
keçirmək. Toğrul bəyin siyasətini
davam etdirən yeni sultan əsas hərəkət qüvvələrini
sərhəd ərazilərində yerləşdirməklə,
axınçıların əsas istiqamətini mərkəzdən
yayındırır, bununla da paytaxtın işini
yüngülləşdirir, ölkənin və dövlətin
idarə olunmasını asanlaşdırırdı. Bu isə təkcə paytaxtı deyil, ölkənin
bərabər qaydada hər yerini qüvvətləndirir və
yeni fəthlərə yol açırdı.
Axınçılar yeni fəthləri hər gün, hər
ay, hər il görmək, onu əldə
etmək istəyirdilər. Haranınsa fəth
edilməsi xalqın həyat tərzinə çevrilirdi.
Bu, səlcuqların ruhunu da qüvvətləndirirdi.
Onlar hara gedirdilərsə, oralara özləri
ilə dövlət quruculuğunu aparır, yerli xalqlarla qohum
olur, onlardan qız alır, çoxlu övlad dünyaya gətirirdilər.
Dünya və xalqlar sanki böyük türk fəthinə
hamilə imiş kimi onun yolunu gözləyirdi. Hakim zümrələr
axınçıların gəlişini eşitdikdə daha
ciddi müqavimət barədə düşünə bilmirdilər.
Çoxları bu yürüşdən
faydalanmaq istəyirdi. Öz ölkəsinin
hakim zümrəsindən narazı olan xalqlar
axıncıların gəlişinə daha artıq sevinirdi.
Səlcuqlar hər yerdə ədalətli hakimiyyət qurur,
xalqı daha çox razı salmaq barədə qərarlar qəbul
edirdilər»…
Səlcuqların
qarşısında ciddi müqavimət göstərən əsas
şəhər Bizansın Ani şəhər- qalası olur…
«…Ani
şəhərinin alınmasına az qalırdı.
Bütün gecəni əsgərlər sal
daşları daşıyıb, çaya tökdülər. Çay
getdikcə axarını dəyişməyə hazır vəziyyətə
gətirildi. Sonuncu sal daşı yerinə
qoymaq qalırdı.
Hər tərəfdən hücum başlandı.
Usta Muradın atdığı dəmir kürələr
şəhərdə yenidən çaşqınlıq yaratdı. Eyni zamanda
sonuncu sal daşı çayın qarşısına qoyduqda
çay axarını dəyişdi, sel şəhər
qapılarına doğru axdı. Sel o qədər
güclü idi ki, şəhər mühafizəçiləri
gözlərini açmağa macal tapmadılar. Su öz qarşısına nə
çıxırdısa yuyub aparırdı. Birdən darvaza layları yerindən qopub selin
altına düşdü. Şəhər
girəcəyi darvazasız qaldı. Selin
arxasınca səlcuq əsgərləri də özlərini
şəhərə sel kimi vurdular. Gizli
yolu aşkar edən səlcuq əsgərləri xəlvəti
yoldan keçərək, düz şəhər meydanına
çıxdılar. Burada onlar
hamını oxa tutmağa başladılar. Şəhər camaatı nə edəcəyini
bilmirdi. Həyəcan və təşviş
içində olan əhali şəhərdən çölə
də qaça bilməyəcəkdi. Şəhərdən
kənarda hər şey daha betər idi. Səlcuqlar
daha heç kimi əsir götürmür, hamını
qılıncdan keçirirdilər. Onlar
yalnız Sultan Alp Arslanın əmrinə tabe idilər. Sultan isə “Kim ki İslamı qəbul edib «La ilahə
illallah, Mühəmmədün rəsulullah» deyəcəksə
onlara toxunmasınlar” demişdi. Selin yuyub
apara bilmədiklərini səlcuqlar yerlə-yeksan etdilər.
Şəhərdə nə qədər kilsə
vardısa, hamısı dağıdıldı. İnsanlar qılıncdan keçirildi. Yalnız çayın axarını döndərmək
üçün qoyulan sal daşlar götürüldükdən
sonra Araz öz məcrasına qayıtdı. Axşama yaxın sel suları şəhərdən
çəkilməyə başladıqda əvvəlki Anidən
əsər-əlamət qalmamışdı. Şəhər xarabalığa çevrilmiş,
darmadağın edilmişdi. Küçələrdə
bir meyit də gözə dəymirdi. Geri
axan sel suyu bütün meyidləri ağuşuna alıb
çox uzaqlara aparmışdı. Elçinin
başının kəsilməsini Sultan anililərə
bağışlamadı.
Aninin alınması ilə axınçıların Bizans
torpaqlarına girməsi və dərinliyinə doğru irəliləməsi
üçün şərait yarandı. Amma, Sultan yenə
də tələsmirdi. Onun
Türküstanı tam olaraq özünə tabe etdirmək
arzusu gerçəkləşmək üzrə idi.
16 avqust
1064-cü ildə Bizans imperiyasının şərq sərhədində
ən güclü şəhəri olan Ani fəth olundu və
xarabalığa çevrildi»…
Alp Arslan geriyə- Türküstana yürüş edib
ona tabe olmayanları, Səlcuqlular dövlətinə
qarışıqlıq salmaq istəyənləri cəzalandırır,
qurultay keçirir, dövlətdaxili idarəçilik
münasibətlərini tənzimləyir.
Və bu zaman Konstantinopolda Roman IV Diogen kral seçilir.
Səlcuqlularla
Bizanslılar 1071- ci ildə Malazgirddə üz- üzə gəlməli
olurlar ki, bu döyüş türklərin yunanlar üzərində
yalnız tarixi qələbəsi olaraq qalmadı, onları
(türkləri) Konstantinopola- İstanbula qədər
aparıb çıxaran çoxlu qələbələrinin
möhkəm bünövrəsinə çevrildi.
Ancaq gələcək
qələbələrin müəllifi Alp Arslan yox, onun xələfləri
olacaqdı…
«…Sultan
Alp Arslan daha keçmişdən və xatirələrdən
qayıtmaq istəmirdi. Saray həkimi onun
otağına girəndə xəstədən səs-səmir
gəlmirdi. Həkim əvvəlcə
Sultanın yuxuya getdiyini zənn elədi. Nəbzini
yoxladı. Böyük Cahangir yuxudaca haqq
dünyasına qovuşmuş, özünün fatehlik səlnaməsində
əbədiyyətə çevrilmişdi.
Bəlkə də Sultan öz yuxu və ya xəyallarında
dolaşır, qılıncını siyirib, at belində
hücuma keçirdi. O özünün fatehlik salnaməsində əbədiyyətə
qovuşmuşdu.
Sultan Alp Arslan 23 noyabr 1072-ci ildə 43 yaşında vəfat
etdi.
Onu Mərvdə atası Çağrı bəyin
yanında dəfn etdilər.
… Alp Arslandan sonra vəliəhd olan Məlikşah onun
taxtında oturdu (1072-1092).
Məlikşahın iyirmi illik hakimiyyəti
dövründə Səlcuqların və türklərin
intibahı başlandı. Bu dövrdə elm, mədəniyyət,
tədris çox inkişaf etdi. Nizam
ül-Mülk seçilmiş gənclərin dövlət
idarəçiliyinə hazırlanması üçün
yeni kitablar yazdı. Baş vəzir
türklərin xarakterinə tam uyğunlaşmışdı
və onların nə istədiyini yaxşı bilirdi. Onun siyasətlə bağlı əsərləri təkcə
maraqlara deyil, həm də kişilik əlamətlərinə,
meyarına uyğunlaşdırılırdı.
Baş vəzir
Nizam ül-Mülkü və Məlikşahı
xaşxaşilər sui-qəsd yolu ilə aradan
götürdülər»…
Bir tərəfdə
nəfsinə (şeytan) uyub türk irəli gedənlərini
aradan götürən xaşxaşilər, digər tərəfdə
haqdan gələn ideoloji- mənəvi (ruhani!) enerjilərilə
onları müdafiə edən, gücləndirən Dədələr!..
Roman müəllifi hadisələri təsvir edərkən
həm elmi- publisistik bir dəqiqlik (və salnaməçi təmkini)
ilə onların (tarixi hadisələrin) xronologiyasını
verir, həm də həmin hadisələrə mistik
müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi
qənaətinə gələrək bu təsirlərin
metafizik semiotikasını müəyyənləşdirməyə
çalışır. Və fikrimizcə, Dədələrlə
xaşxaşilərin türk tarixindəki siyasi- ruhani
missiyalarının obrazlı təqdimi romanın ən
maraqlı səhifələrini təşkil etməklə əsəri
yalnız bədii- estetik baxımdan deyil, ideya- fəlsəfi məzmunca
da zənginləşdirir.
Yunus Oğuz indiyə qədərki tarixi romanlarında
olduğu kimi «Alp Arslan»da da türklərin möhtəşəm
tarixlərilə, hər şeydən əvvəl, bir
övlad (xələf!) duyğusallığıyla qürur
duyur. Və
romanın elə səhifələri vardır ki, müəllif
özünü təsvir olunan hadisələrin –
döyüşlərin, rəsmi danışıqların,
qurultayların sanki iştirakçısı kimi hiss edir. Məsələn,
Alp Arslanla Nizam- ül- Mülkün aşağıdakı
dialoqu müəllif hisslərinin mətnə müdaxiləsi
baxımından maraq doğurmaya bilməz:
… «Sakit səslə, -Daha bir məsələ
qaldımı, hörmətli vəzir? – deyə
soruşdu.
-Bəli,
qaldı, sultan həzrətləri. – Ələmut
qalasından xəbər aldım ki, Sultan həzrətlərinə
Həsən Sabbah tərəfindən sui-qəsd fətvası
verilib. Nəzarəti daha da gücləndirmək
lazımdır. Mənim tərəfimdən
bir sıra tədbirlər görülüb, ancaq yaxşı
olardı ki, siz də ehtiyatlı olasınız. Alp Arslan bu xəbərdən bir anlıq duruxub
qaldı. Sanki bu xəbərin gerçək
olacağına inandı. Hətta dərindən
köks ötürdü. Sonra gülümsədi və:
- İşimi-gücümü atıb Ələmut
qalasına vaxt ayırsam, o sarsaq Həsən Sabbaha baş
qoşsam, tarix mənə gülər. – dedi.- Mən
o şərəfsizə layiq olmadığı şərəfi
vermək fikrində deyiləm! Onsuz da
böyüklər çox vaxt rəzillərin əli ilə
öz ölümünə qovuşur. Makedoniyalı
İsgəndər Zülqərneyn bir ağcaqanadın
dişləməsilə ölmədimi? Taleh
yazısına pozu olmaz! Mənim ömrüm bitən
anda Həsən Sabbahı qarşıma cənab
Əzrayılın özü gətirib çıxardacaq.
Amma… Bax, bu işi elə sizə
tapşırıram, vəzir həzrətləri. Bir vaxtlar səhv etmirəmsə Həsən Sabbah sənin
yanında olub. – Sultan güldü. – Onun bütün
işlərindən sənin başın daha yaxşı
çıxar.
Baş vəzir Sultanın hara işarə vurduğunu
başa düşdü. Amma indi özünü başa düşməyən
kimi göstərməsi daha münasib idi»…
Yazıçının
qanında olan türk təəssübkeşliyi ona səlahiyyət
verir ki, yeri gələndə türklərin
çatışmayan cəhətlərindən də
açıq bir şəkildə (və cəsarətlə!)
bəhs etsin…
… «Nizam ül-Mülk Sultanın sözü hansı dərəyə
atdığını yaxşı başa düşdü,
amma özünü o yerə qoymadı.
- Sultan
sağ olsun, hər kəs və hər şey yerindədir. Sizin sağlıq vəziyyətinizi nəzərə
almasaq, hər şey çox yaxşıdır. Oğlunuz Məlik şah sizin qoyduğunuz qaydalarla
dövləti yaxşı idarə edir.
Baş vəzir deməsə də əslində Sultan
ölkənin necə idarə olunduğunu yaxşı
bilirdi. Məhz o özü təşəbbüs göstərmişdi
və oğuz türkləri oturaq həyat tərzinə
keçmişdilər. Çox vaxt
oğuzlar döyüşür, fəth edir, dövlət
qurur, amma sarayın idarə edilməsilə başqaları məşğul
olurdu. Türklər saraya çəkilməyi
özlərinə yaraşdırmırdılar. Onlar fəthlər üçün
yaranmışdı. Bu zaman saray işləri
digər millətlərdən olanlara həvalə olunurdu.
Onlar da bu sahədə formalaşır, püxtələşirdilər.
Hətta yazışmalar da Samani-tacik dilində
idi. Sultan bunu gözəl başa
düşürdü. Tarix yaradan bir xalq
tarix yaza bilmirdi. Bu qaydanı, bu cür tərzi-hərəkəti
nə zamansa dəyişmək lazım idi. Tarix yazmağı başqalarının ixtiyarına
vermək olmazdı. O halda tarix təhrif oluna bilərdi.
Əli ilə
vəziri bir az daha yaxına
çağırdı və astadan:
-Düzdürmü
ki, sən əslən müsəlmanlığı qəbul
etmiş yəhudisən?-deyə soruşdu»
Qədim
türklərdə dövlət qurmaq, ictimai- siyasi qayda- qanun
yaratmaq marağının az qala bir
instinkt, refleks olduğu məlumdur. Və romanda bu məsələyə,
tamamilə doğru olaraq, tez- tez qayıdılır… Məsələn,
Alp Arslanın atası Çağrı bəyə
qardaşı Toğrul bəyin də fikrini ifadə edərək
əmisi Musa yabquya deyir:
… «Başqa çıxış yolumuz yoxdur, əmi.
Dünyaya yenidən hakim olmalıyıq.
Biz olmasaq, onlar bizə hakim olacaqlar! Onlar bizim
insanlar kimi mərd deyillər. Onlar bizi
tamam məhv edəcəklər. Biz onlara
hakim olmaq üçün isə öz dövlətimizi elan
etməliyik. Oğuz türkləri
dünyaya dövlət qurmağı öyrətdilər.
Heç olarmı ki, indi özümüz
dövlətsiz qalaq?! Köhnə şöhrətimizi
geri qaytarmalıyıq, əmi! Yoxsa biz
oğuzlar tamam məhv olacağıq. Ya qazi, ya şəhid
olmalıyıq!»
Bu sözlər Çinə tabe olmuş Göy türklərin
irəli çıxanlarının xalqa müraciətini
xatırladır ki, VII əsrə məxsus qədim türk
(run) yazılı abidələrində də əks
olunmuşdur.
Ümumiyyətlə,
türklərin tarixini bilavasitə mənbələr əsasında
dərindən öyrənmiş, gizlin qatlarına zaman- zaman
yaxşı bələd olmuş ( və
bu tarixi ruhuyla mənimsəmiş!) Yunus Oğuz
onu (türkün tarixini) bütöv görməyi, ayrı-
ayrı hadisələri həmin bütövlük
üzvü tərkib hissəsi kimi təsəvvür (və təqdim)
eləməyi ustalıqla bacarır. Müəllif
şüurundakı məlumat bolluğunun nəticəsidir
ki, bəzən hətta «mətn»dən (və «zaman»dan) kənara
çıxaraq bir- iki cümlə ilə ya sələfləri,
ya da xələfləri xatırladıb
bütövlüyün miqyasını genişləndirməkdən
də çəkinmir.
Romanda
ümumən türk dünyasına məhəbbətlə
yanaşı həmin kontekstdən kənara çıxmayan
bir Azərbaycan vətənpərvərliyi də var ki, bu,
müəllifin təkcə bilavasitə mənsub olduğu
etnosiyasi coğrafiyaya bağlılığından, onu daha
yaxşı tanımasından irəli gəlmir, həm də
(və daha çox!) onunla bağlıdır ki, odlar yurdu Azərbaycan
ən qədim zamanlardan bəri türk dünyasının
etnomədəni mərkəzlərindən biri (bəlkə də,
birincisi) olaraq etiraf edilməkdədir…
… “Sultanın yürüş əmri bir andaca saray
divarlarını yalayıb dəhlizləri dolaşdı,
eyvana, oradan da qalaya, küçələrə, evlərə,
dükanlara, bazarlara, yollara yayıldı.
Müqəddəs Azərbaycan torpaqlarından
ayrılmaq heç bir oğuz türkünün heç zaman
ürəyincə olmayıb. Bu torpağın Vətən
cazibəsi adlı qüvvəsinin mövcud olduğunu və
digər yerlərə məxsus Vətən hissindən daha
qüvvətli olmasını Oğuz dədələr də
təsdiq edirdi. Buranı özünə Vətən
hesab edən şəxs milliyətindən və dinindən
asılı olmadan, bir müddət burada yaşadıqdan sonra
zahirən də yerli sakinlərə oxşamağa
başlayırdı. Sultan Alp Arslan
artıq özünü təkcə oğuz-səlcuq
türkü deyil, həm də əsil oğuz -azərbaycanlı
hesab etməyə başlamışdı.
Ona görə də yazıçı qələmi
heç bir şübhə yeri qoymadan Alp Arslanı Bakıya
(«Baku şəhəri»nə) gətirir. Və hökmdar – sərkərdə
Kaspi sahilindəki Ağ qalanı (Qız qalasını) ziyarət
edir, buradan ruhi- mənəvi güc alır…
Yunus
Oğuz yeni romanında türk etnoqrafiyasını, adət- ənənələrini,
vərdişlər sistemini, ayinlərini, əvvəlki
romanlarda olduğu kimi, təfsilatı ilə təsvir etməklə
əsərə tarixi kolorit gətirir…
… «Qədim oğuz-şaman sirlərinə vaqif olan sərkərdə
üçün bir anda şamana çevrilmək çətinlik
törətmədi. Özü oğuz olmayan kəs
Oğuz elminə vaqif ola bilməzdi. Oğuz elminin isə gerçəkləşdirməyə
qadir olmadığı istək yox idi. Yazda buludlar
yağışa çevrilmədən axıb keçməsin
deyə kahinlər üzü göylərə sarı nələr
etməzdilər!
Alp Arslan astadan yağış nəğməsini
oxumağa başladı. Dualar, ahəstə rəqs, mimika və
jestlər işə düşdü. Sonra
tonqal başına hərlənərək kösövlərin
üstünə xüsusi otlar, metallar
qırıntıları səpdi. Sərkərdələr
ağac başına keçirdilmiş ayı və pələng
başının sümüklərini tonqala sarı tutdular.
Bir azdan bütün düşərgə oyandı,
oxuyub, rəqs etdilər.
Alp Arslan sonda yalın əlini uzadıb, tonqalın
içərisindən bir yanar kösöv götürdü,
üzünü göylərə tutub boz qurd kimi uladı.
Sanki bura canavar düşərgəsi idi;
işıldayan baxışlar göylərə doğru
dikilmişdi.
Elə bil eyni anda minlərcə boz qurd ulayırdı»…
Heç
şübhə etmirik ki, Yunus Oğuzun «Alp Arslan» romanı da
görkəmli yazıçının bundan əvvəlki
romanları kimi türk etnosunun möhtəşəm tarixinin
yeni nəsil tərəfindən daha yaxşı öyrənilməsi,
mənimsənilməsi kimi mühüm (və müqəddəs!)
işə uğurla xidmət edəcək, Böyük Səlcuqların
Alp Arslan zirvəsi barədə daha geniş təsəvvür
yaradacaqdır.
Nizami Cəfərov,
filologiya elmləri doktoru,
professor, millət vəkili
Olaylar.- 2015.- 3 iyul.- S.9-10.