Gənclərdə milli şüurun tərbiyəsi

vətənpərvər hissi yaradır

 

Bəşər övladı özünü dərk edəndən bəri torpağa, yurda sevginin əsası insanda vətənpərvərlik hissinin formalaşmasından keçir. Vətənpərvərlik ruhunun əsası isə ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb, ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər yurdun tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir.

Ölkə, Vətən sevgisi gənclərə möhkəm aşılanmalıdır. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Bu baxımdan, gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyası fövqündə milli adət-ənənələrin qorunub saxlanması təhlükəsilə üz-üzə dayanmışıq. Belə bir şəraitdə milli mənlik şüurunun inkişaf etdirilməsi vacib məsələyə çevrilir. Qeyri-rəsmi statistikaya görə, bəşəri insanların 32,3 faizini gənclər təşkil edir. Hazırda gənclər yaşlı nəslin əvəzediciləri, bəşəriyyətin dayağı hesab olunurlar. Odur ki, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Etiraf edilməlidir ki, hazırda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin səsi eşidilməsin, fədakar zəhməti, hərarətli nəfəsi hiss olunmasın. Məmləkətimizin 70 illik imperiya əsarətindən qurtulub azadlığa qovuşmasında, müstəqil dövlətimizin və dövlətçilyimizin sarsılmazlığının, əbədiyaşarlığının təminatında, ölkəmizin müdafiə qüdrətinin və iqtisadi potensialının artırılmasında bu günümüzündaha xoşbəxt gələcəyimizin qarantı olan Azərbaycan gəncliyinin misilsiz zəhməti, hünər və rəşadəti ölçüyəgəlməzdir. Lakin bütün sadalananlara baxmayaraq dünyada baş verən ictimai-siyasi proseslər gənclərin şüuruna təsirsiz ötüşmür. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsi məsələsi önə keşmiş olur. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Məsələ ondadır ki, gənclərin lazım olandan artıq dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. O cümlədən, milli dəyərlərə bağlılıq da heçarzuolunan deyil. Çünki bu, gəncləri dünyəvi dəyərlərdən uzaq saxlayır ki, bu da nəticə etibarilə dövləti, cəmiyyəti müasir inkişafdan kənar saxlayır. Çağdaş dünya reallıqları elədir ki, bəşəri, dünyəvi dəyərlərə yiyələnmədən inkişafa nail olmaq mümkün deyil. Amma təbii ki, bunların qarşılığında gənclik də öz potensialından istifadə edib doğulduğu torpaq, yaşadığı ölkə, Vətəni üçün əlindən gələni əsirgəməməlidir. Gənclərdə Milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğaldadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.

Millət vəkili Zahid Oruc gənclərin vətənpərvərlik hissindən danışarkən deyir ki, Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır: "Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclümüasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Çünki dövlətin gənclər siyasəti var. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir".

 

***

 

  Etiraf edilməlidir ki, Azərbaycan gənclərinin mütləq əksəriyyəti dərk edir ki, Vətəni sevmədən, torpağa bağlı olmadan millətin genetik kodunu qoruyub saxlamaq qeyri-mümkündür. Onlar eyni zamanda dövlətin gənclər siyasətini dəstəklədiklərini və bu siyasətin gənclərdə vətənpərvərlik hisslərini daha da çoxaltmasına xidmət etdiyi qənaətindədirlər. Sirr deyil ki, dünyanın əksər yerlərində bir sıra dövlətlər gəncliyin elmi, hərbi və intellektual potensialı hesabına bərqərar olub. Dünyada bir çox dəyişikliklər gəncliyin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir. Məhz bu kimi amıllər nəzərə alınaraq Azərbaycan dövləti gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. İndi gənclər qarşısında bir sual ortaya çıxır ki, qloballaşan dünyada bəşəri və milli dəyər kimi iki faktoru necə bir arada tutmağı bacarasan. Yəni gənclər haradasa biri-birini təkzib edən bu iki dəyəri necə uzlaşdıra bilsin ki, milli kimliyinə xələl gəlməsin. Ona görə də sözügedən məsələdə dövrün tələblərinə uyğun bir mexanizm, yanaşma tərzi ortaya qoyulmalıdır. Araşdırmalar deməyə əsas verir ki, Avropa cəmiyyəti bu sahədə uğurlu vəhdətin tapılmasına sahib ola bilib. Bunun nəticəsidir ki, Avropa gəncləri keçmişlə müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan görmür. İş ondadır ki, bu gün Avropa ölkələrinin inkişaf etməsinə baxmayaraq, bütün bunlar onun mədəniyyətini, keçmişini, adət-ənənələrini silib atmır. Hər bir avropalı keçmişinə hörmətlə yanaşmaqla, həm də milliliyinə hörmət edir, onu yaşadır. O üzdən, Azərbaycan gəncliyi də sözügedən uğurlu inkişaf modelindən düzgün nəticə çıxarmalı, öz əməli fəaliyyətində faydalanmalıyıq. Bir daha xatırladaq ki, dünyada gedən qloballaşma prosesinin sürətlənməsinin bu məsələyə də mühüm təsiri var. Son vaxtlar müşahidə olunan faktor ondan ibarətfir ki, gənclərimizin əksəriyyəti Avropa dəyərlərini mənimsəməyə çalışır. Düzdür, Avropa dövlətləri böyük inkişaf mərhələsi keçib və hazırda bu coğrafiyada olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Bu baxımdan da gənclərimizin Avropadan öyrənməli olduğu çox zəruri məsələlər var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz elə təbliğatın təsirinə düşür ki, bu həm bizim milli, mental, həm də dini dəyərlərimizlə kəskin ziddiyyət təşkil edir. Gənclərimizlə bağlı təbliğatın aparılmasında bir az mühafizəkar olmaq lazımdır. Milli şüuru deqradasiyaya uğradan, vətənpərvərlik hisslərini öldürən, adət-ənənəmizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı kəskin şəkildə alınmalıdır. Baxmayaraq ki, Avropa dəyərləri adı altında gənclərimizə təbliğ olunması nəzərdə tutulan dəyərləri bütün vasitələrlə yaymağa çalışırlar. Bütün maddipsixoloji təsir və təzyiqlərə baxmayaraq gənclərimiz birmənalı şəkild dərk etməlidirlər ki, bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, idealarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, toprağını, millətini, vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. İnkişaf etmiş ölkələrlə, inkişaf etməmiş ölkələr arasında çox az bir qram fərqi vardır. O da yetişmiş bir gənclikdir. Gələcəyinə qiymət verən millətlər, gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgidinamizim dolu, qayğısız, təmiz qəlbli, səbirli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aşmağa qadirdir. Təbii ki, ölkələr gənclərindən bəhrələnmək üçün onların sosial rifahının yaxşılaşdırılması yolunda addımlar atırlar. Eləcə də Azərbaycanımızda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 4-6 iyul.- S.15.