“Yurdum-yuvam məskənimsən

Azərbaycanım…”

 

Bu il görkəmli müğənni Rəşid Behbudovun 100 illik yubiley olacaq

 

Tanıdığımız elə incəsənət xadimləri  var ki, onların sənəti ən yüksək tərifə layiqdir. Amma onların  barəsində dolğun fikir demək, yazmaq, bitkin rəy bildirmək çox çətin olur. Bəlkə də ona görə ki, bu sənətkarlar söz ilə qiymət səviyyəsindən fərqli məkanın nümayəndələridir. Eləsi haqda rəssam öz tablosu, heykəltaraş ona həsr etdiyi heykəli, toxucu xalçası, bəstəkar  bəstələdiyi musiqisi, müğənni isə daha məlahətli səsi ilə daha mükəmməl fikir ifadə edə bilər.

Müğənni Rəşid Behbudov da məhz elə sənətkarlardandır. Buyur onun haqda bitgin bir fikir söylə - bacarmayacaqsan. Ona hələ 31 yaşında (1946-cı il) öz dövrünün ən yüksək fəxri adı olan Stalin mükafatı, Azərbaycanın xalq artisti,  44 yaşında SSRİ xalq artisti, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu Ordeni, Azərbaycan SSR Dövlət Mükafatını, hətta 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adını da verdilər. Amma bütün bunlar Rəşid Behbudov istedadının, dühasının, zirvəsinin əsil qiyməti olmadı. Əgər köhnə SSRİ Dövlətində daha bir ali mükafat yaranardısa, onu da Rəşid Behbudova verəcəkdilər. Çünki onun daha yüksək qiymətə layiq olduğunu hamı bilirdi. Rəşid Behbudov  müğənnilik sənətinin ən uca zirvəsi idi. O zirvəyə rus opera sənətinin patriarxı Fyodor Şalyapin çatmışdı, İtaliya opera sənətinin korifeyləri Enriko Karuzo, Luçano Pavarotti, ispan opera müğənnisi Monserrat Kabalye  və çox az sayda daha bir neçə tenor çatmışdı. Bu siyahını bir azca uzatmaq da mümkündür. Amma dünyada heç bir lirik tenor səsə malik vokalçı folklor xalq nəğmələrini də eyni məharətlə, boğaz  xırdalıqları, hətta daha artıq şirinliklə ifa edə və muğam oxuya bilməzdi. Rəşid Behbudovun ifasında təkcə bir “Küçələrə su səpmişəm” xalq mahnısı minillikləri  rahatca aşıb keçə biləcək və milyonlarca  sevən, nisgilli, kövrək qəlbi sızladacaq həzinliyə qadirdir. Ona qədər və ondan sonra bu mahnını, eləcə də “Ala göz”, “Qızıl üzük”, “Gözəlim sənsən”, “Lalələr”, “Ağacda alma”, “Sənə də qalmaz”,”Ana” mahnılarını ifa edən onlarca müğənni çalışdı. Ancaq kimsə Rəşidin səviyyəsinə yaxınlaşa bilmədi, nə etdisə, yalnız onu təqlid etmiş oldu. Rəşid Behbudov hansı mahnını oxudusa, sanki o mahnıya öz möhürünü vurdu. O öz səsi ilə mahnıya video-süjet, klip çəkə bilirdi.  Onu dinlədikcə xəyala dalmamaq və mahnının ifadə etdiyi məna və hadisələri görməmək mümkün deyildi.

Təkəbbürsüz bəstəkarlar onu öz mahnılarının ikinci bəstəçisi hesab edirdilər.

Çoxları həm də onu bu məlahətli səsi ilə bir qarabağlı hesab edirdi. Ancaq o heç də Qarabağda anadan olmamışdı. Dahi sənətkar 1915-ci ilin 14  dekabr tarixində, Tiflis şəhərində, məşhur müğənni Məcid Behbudalı oğlunun ailəsində  doğulmuşdu. Ancaq hər bir heyranı onu öz yerlisi hesab edirdi. Və ya onun haralı olması kimsəni maraqlandırmırdı. Ruslar, ermənilər, gürcülər, bütün Qafqaz xalqları üçün Rəşid “svoy” sayılırdı. O bütün dillərdə məharətlə mahnı oxuya bilən ilk sovet müğənnisi idi. Mahnısını ifa etdiyi xalqların ən mahir müğənnisi də, Azərbaycan xalqının ən sadə mahnısını Rəşidin ifa etdiyinin yarısı qədər məharətlə və dolğun ifa edə bilməzdi. Bir dəfə ona verilən uyğun suala o nəhayət səhnədən cavab verdi.  Xatırlayıram, Rəşid ansamblın bütün ifaçılarını, o cümlədən Mahnı Teatrının gənc müğənnilərini doğulduqları yeri təxəllüs edərək  təqdim elədi. Sonda isə özünü “Mən - Rəşid Behbudov – a-zər-bay-can-lı!” deyə təqdim etdi. Həqiqətən də o hamı üçün sadəcə, azərbaycanlı idi. Harada qastrolda olmasından asılı olmayaraq konsertlərinə Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə başlayırdı. Şair Ənvər Əlibəylinin sözləri yalnız Rəşidin ifasında bu qədər şirin səslənir, Azərbaycanı bütün dünyada tanıdırdı. Dünyanın 56 ölkəsində qastrolda olmuşdu. Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. Rəşid nədənsə təkcə Şimali Amerikaya qastrola getmirdi. Bunun bir ideoloji səbəbi vardı, yoxsa tale oxunun bu qitədə yerləşən hansısa güc mərkəzlərindən atılacağına bir duyğu idi – bilmirdi. Rəşid Behbudov dünyanın 50 dilində mahnılar oxuyurdu. Eləcə də Azərbaycan xalqlarının, hətta etnik qruplarının xalq mahnılarını da məharətlə ifa edirdi. Bir ara “Şərəbanu” talış mahnısına görə onu  talış da hesab etmişdilər. İngilis, fransız, ispan, portuqal, ərəb, fars, hind, çin dillərində mahnı oxumaqdan həzz alırdı. Azərbaycan dilindən sonra ən çox mahnı oxuduğu isə rus dili idi. Ruslar da onu çox sevirdilər. O rus dilində elə gözəl danışır, elə gözəl oxuyurdu ki, ruslar da heyran qalırdılar. Rusiyanın hər yerində o “Arşın mal alan” kimi tanınırdı. Hətta bizim azərbaycanlı olduğumuzu bilən kimi gülümsəyib, “Arşın mal alan?” deyir və gülümsəyirdilər. Dahi Üzeyir Hacıbəylinin eyni adlı operettasının əsasında 1943-cü ildə bədii, tammetrajlı film çəkilməyə başlananda rejissor Rza Təhmasib tacir Əsgər roluna artıq Ermənistan, Gürcüstan və Azərbaycan səhnəsini fəth etmiş gənc Rəşid Behbudovu dəvət etdi. Çəkiliş 2 il davam elədi və 1945-ci ildən etibarən bu film bütün dünyanı fəth etməyə başladı. Filmi büsbütün dahilər filmi adlandırmaq olardı. Üzeyir bəyin musiqisi Rəşidin səsi ilə dünyanı fəth edirdi. Onun parlaq aktyorluq məharəti də rejissorları valeh etmişdi. Lakin uzun müddət “Arşın mal alan” səviyyəli ikinci bir ssenari olmadı. 1953-cü ildə Fikrət Əmirovun “Sevil” operası tamaşaya hazırlanarkən baş qəhrəman Balaş rolu Rəşid Behbudova  həvalə olundu. “Gör nə günlərə qaldın, Balaş” ariyası günümüzə qədər öz populyarlığını saxlamaqda və aforizm kimi işlədilməkdədir. Nəhayət, üstündən 10 il ötdükdən sonra onu “Bəxtiyar” filmində baş rolun çəkilişinə dəvət etdilər. Bu film  bəstəkar Tofiq Quliyevin benefisi də hesab oluna bilərdi. Gözəl romanslar, ariyalar, simfonik mahnılar  ifaçısı olan Rəşid Behbudov bəstəkarın “Zibeydə”, “Neftçi”, “Ağacda alma”, “Sənə də qalmaz”,”Qızıl üzük”  və “Bakı” mahnılarını elə məharətlə ifa edirdi ki, sanki bunlar heç mahnı deyil, bulaq şırıltısı, yarpaqların pıçıltısı, dəniz sularının ləpələnməsi, ya da insanın səsi ilə mahnı çalması  idi. Mahnıları çığırmadan, bağırmadan elə rahat oxuyurdu ki, sanki o mahnı oxumur, gündəlik həyatını yaşayırdı və onun həyatı büsbütün musiqi idi, mahnı idi. Azərbaycan vokal sənətinə yeni nəfəs, yeni ruh gətirdiyi kimi Rəşid Behbudov Tofiq Quliyevin mahnıları ilə Azərbaycan estradasını da xeyli canlandırdı. Onun ən mahir müşahiyyətçiləri iki virtuoz pianoçu idi: Çingiz Sadıxov və Rafiq Babayev. Rafiq Babayev sonralar onun estrada ansablının musiqi rəhbəri oldu. Rəşid Behbudov təkcə  yeni nəsil bəstəkar, şair, ifaçı yetişdirmədi, o, Azərbaycan estradasında böyük bir müğənni nəslinin bünövrəsini qoydu. Hələ də səsi ilə, manera, jest və ifa tərzi ilə ona oxşamağa çalışan onlarca müğənni var. Onları qınamaq da olmur – Rəşid Behbudov bir məktəbdir, səmtdir, istiqamətdir – bundan yayınmaq çox çətindir.

Dahi sənətkar 16 bədii və ya sənədli filmdə oxudu, sevgili Azərbaycanın əksər rayonlarında dəfə-dəfə konsertlər verdi, rəsmi dövlət tədbirlərinə, el şənliklərinə musiqi bəzəyini vurdu. Məşhur hind aktyoru və rejissoru Rac Kapur o, Hindistanda olarkən sənətkarın şərəfinə xüsusi ziyafət verdi.

O, müğənni ailəsində doğulsa da, uşaqlıq dövrü kasıblıq və məşəqqətlər içində keçmişdi. Balaca Rəşid hələ 12 yaşından işləməli, ailəyə kömək etməli olmuşdu. İxtisas üzrə ilk təhsilini Dəmiryolu Texnikumunda aldı. İlk dəfə Tiflisin bədii özfəaliyyət ansambllarında oxudu. Burada “Teocaz” ansamblı yaradıb, cəbhədə konsertlər verdi. Bakını ilk dəfə qastrol səfərində ikən gördü və ona elə vuruldu ki, özünü daha Bakısız təsəvvür etmədi. Onun Bakı haqda mahnılarında yanar ürək, eşq  hərarəti və vətənpərvərlik duyulmaqda idi. Rəşidin sevgisi çoxlarına sirayət etmişdi və gənclər arasında Bakı, Azərbaycan, Vətən mahnıları ifa etmək dəb və həyat tərzi halını almışdı. Dəmiryolçu və ya neftçi olmasa da, dəmiryolçular və neftçilər “Bəxtiyar” filminə istinad edərək onun öz sıralarından çıxdığını zənn edirdilər. Bir dəfə Rəşidin qatarda olduğunu bilən dəmiryolçular qatarı yerindən tərpətmək istəmədilər. Yekdil tələbləri vardı: “Rəşid bizim aramızdan çıxıb, niyə   bizim üçün oxumasın!?” Və Rəşid bu qeyri-rəsmi piketin xəbərini eşidən kimi kupedən çıxdı, qatarın pillələri üstündə Cahangir Cahangirovun “Ana” mahnısını ifa etdi. Daha bir dəfə Mahnı Teatrı ilə Lənkəranda qastrolda idi. Qapalı salon   Rəşid sənətinin heyranlara çox dar gəldi və dahi sənətkar  açıq meydanda konsert vermək məcburiyyətində qaldı. Mərkəzi tribunanın üstünü tutdular və Rəşid Behbudov paradlarda hamının həsədlə baxdığı tribunada lovğa təkəbbürlə nümayiş iştirakçılarına əl yellədən hakim kommunist partiya funksionerlərindən daha yüksəkdə göründü və mənim heç vaxt unuda bilməyəcəyim böyük coşqu ilə konsert  verdi. O oxumur, sanki səsi ilə ney, piano, akkardion, fleyta çalırdı. Toplaşan on minlərcə insan bu möcüzəyə heyran qalmışdı. Əllər sinələrdə cütlənmişdi, adamların kiprikləri də qırpılmır, kimsənin ağzı yumulmurdu. Rəşid Behbudov sanki öz səsi ilə hamını kütləvi hipnoza salmışdı.

Onun məharəti sayəsində uşaqdan-böyüyə hamı “Azərbaycan” mahnısını ifa edə bilirdi: “Yurdum-yuvam məskənimsən Azərbaycanım, anam-doğma Vətənimsən Azərbaycanım!”

Bir gün yağı əllər onun doğma Azərbaycanına sarı uzandı.

Rəşidin gənclik illəri İrəvanda keçmişdi. Milli ayrı-seçkiliyin və erməni şovinizminin nə demək olduğunu o çox yaxşı bilirdi. Hindistanda qastrolda olarkən ona  məşhur “26-lar”ın və Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın əslində 1918-ci ildə Türkmənistanın Ağcaqum çölündə öldürülmədiyini,  çox güman ki, hamını satdığına və ömürlük təminat aldığına görə Bombeyə köçdüyünü və burada da çox-çox sonralar öldüyünü bildirdilər. Rəşid Sovet ideoloqları tərəfindən aldadılan xalqının halına hiddət göstərdi. O, Stepan Şaumyan barədə əsil həqiqətləri, məzarının şəklini də lentə çəkdirib, Bakıya döndü və bu həqiqətləri Mərkəz Komitə qarşısında qaldırdı. Ölkədə gedən sürətli dağılma prosesi onun qaldırdığı məsələyə zamanında və kəskin reaksiya verilməsini yubatdı. Amma “26-lar” mifinin dağılmasında Rəşid Behbudovun böyük rolu oldu. Bakıda, “Dağüstü” parkın ən uca nöqtəsində yəhudi kökənli, rus bolşevik lideri S. M. Kirovun   təkəbbürlə əli bütün Bakıya- Azərbaycana doğru uzanmış heykəlinə qarşılıq verməkdən çəkinmədi və elə oradaca sürahinin üzərinə qalxıb, qollarını şövqlə  yana açaraq Bakının dağüstü parkdan fonunda öz məşhur fotosunu çəkdirdi. Bu şəkilin  sanki dili vardı və o da “Yurdum, yuvam məskənimsən Azərbaycanım!..” deyə oxuyurdu. O bu şəklini afişalarına köçürtmüşdü və bununla hamıya sətiraltı mənalar aşılayırdı. 1988-ci ildə ermənilərin Azərbaycan torpaqlarına qarşı açıq mübarizəsi onu hiddətləndirdi və bu işin arxasında duranları hədəf seçdi. İlk hədəf aydın idi: Sov.İKP MK-nın Baş Katibi Mixail Qorbaçov! 1989-cu ildə Moskvada Qorbaçovla görüşdü və ona dişinin dibindən çıxan çox kəskin sözlər dedi. Qorbaçova itin sözünü deyənlər olmuşdu, amma heç kəsi təcili olaraq SSRİ Ali Sovetinin deputatı mandatından məhrum etməmişdilər. Özünə qarşı gizli və təhlükəli mübarizənin başlandığını Rəşid aydınca hiss edirdi. İnsan öz ölümünü 40 gün əvvəldən hiss etməyə başlayır. Həyat yoldaşı Ceyran xanıma “Deyəsən məni öldürəcəklər!” dedi. Okeanın o tərəfindəki həmin o Şimali Amerikadan idarə olunan və “demokrat” maskasına bürünmüş boz qüvvələr nəhəng dövləti və cəmiyyəti içərisindən yeyir, qarşılarındakı hədəfə məhz uzaqdan xəstəliklər yeritmək yolu ilə aradan götürürdülər. Dünyanın ən məşhur uroloqları məhz Bakıda olduğu halda onu müalicə üçün Moskvaya göndərdilər. Dahi sənətkar elə Moskvada da müəmmalı şəkildə dünyasını dəyişdi. Azərbaycanda doğulmadı, Azərbaycanda da ölmədi, amma buranı “Yurdum, yuvam məskənimsən!” deyə hayqıraraq ən çox sevənlərdən biri  oldu.

Fəxri xiyabanındakı abidəsi üzərində qoyulmuş heykəli də indi o məşhur şəkli əks etdirir. Abidə buraya daxil olan kimi hamının diqqəti cəlb edir. Çünki bu heykəl böyük sənətkar barədə bir başqa sənətkarın ən yaxşı rəyi, fikri, ifadəsidir. Onu tanıyanların dodağında, ürəyində məhz bu abidə və burada uyuyanların ruhu ilə həmahəngləşən bir səs var: “Yurdum, yuvam məskənimsən Azərbaycanım...”

 

Hafiz Mirzə           

 

Olaylar.- 2015.- 7 iyul.- S.10.