Azərbaycanda dinlərin tarixi

 

Azərbaycan tarixən tolerant bir dövlət olduğunu dəfələrlə sübuta yetirib. Elə Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların təşəkkül tarixi dediklərimizi bir daha sübut edir. Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib. Bəs, Azərbaycanda dinlərin tarixi necə səciyyələndirilir?

Bütpərəstlik-Səmavi dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik hökm sürmüşdür. Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cismlərinə inam daha güclü olmuşdur. Min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında qalmış və bu gün də onların həyat tərzində özünü büruzə verir. Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm (ruh mənasını daşıyan latın sözü “anima”dan əmələ gəlmişdir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurbanı kəsilirdi. Musa Kalankaytuklu Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat vermişdir.

Zərdüştilik-Zərdüştilik tarixən Azərbaycan ərazilərində yaranaraq digər ərazilərə yayılmışdır. Adətən, atəşpərəstliyi zərdüştilik dini ilə eyniləşdirirlər. Əslində zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. Halbuki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır. Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub, amma onların hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin özəlliyi ondadır ki, onun yaradıcısı sayılan Zərdüşt özünə qədər mövcud olan ilahların hamısını rədd edərək yeganə Allah - Hörmüzü kainatın və bütün canlı varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərəstlikdən fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir. Yəhudilik-Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində ondan faydalanan xalqlardan biri də yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç bir fakt yoxdur. Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər. Azərbaycanda üç yəhudi icması - dağ, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı təxminən 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə digər şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Onların ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə təsadüf edir.

Xristianlıq-Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Alban-udi xristian kilsəsi-Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir. Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir.

Pravoslavlıq -Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin inşasında Azərbaycanlılar da fəal iştirak etmişlər. Katoliklik-Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyyət göstərib. Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində - neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. İslam-Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-ci il) başlanmışdır.Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan və Arranı fəth edir, Xəzər sahili boyunca Dərbəndə kimi irəliləyirlər. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.İslam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlərə toxunulmurdu. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular.İslamı qəbul etməkdən imtina edənlər müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənara köçürülürdü. Azərbaycanda islamlaşma prosesini bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini itirməsi ilə bitir. İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətə gəlməsinəqədərki dövrü əhatə edir. Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıl tapır. Dördüncü mərhələ Səlcuqlular dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəbə çevrilir,sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahları islamı xristianlığın təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik güclənir. Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. Azərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılmışdır. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən qəbul edilir.

 

Alim

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İslam dinində parçalanma yaratmağa çalışan dini təqiqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində çap edilir

 

Olaylar.- 2015.- 8 iyul.- S.10.