Azərbaycan mülki aviasiyası:

keçmişi, bugünü və gələcəyi"

 

İnsan dünyaya gəldiyi gündən hər zaman göylərə uçmaq arzu və xəyalı ilə yaşayır. Səmaya qalxıb onun sirlərini öyrənmək hər bir kəsin əbədi arzusu olub desək yanılmarıq. İnsanın uçmaq arzusu barədə ilk mənbə qədim Şumer rəvayətlərindən qaynaqlanır. Bununla yanaşı, “Keykavus”, “Mahabharata”, “Min bir gecə” nağıllarında da insanın xəyali uçuşları öz əksini tapıb.Azərbaycanın şifahi xalq ədəbiyyatı nümunələrində də xəyali uçuşların elementlərinə- “uçan xalçalara”, insanı qanadları arasına alıb, zülmətdən işıqlı dünyaya çıxaran Simurq quşuna rast gəlmək mümkündür. Min illər əvvəl insanların xəyal etdikləri uçmaq arzusu günümüzdə reallığa çevrilib. Zamanında əfsanələrdə adı keçən uçan xalça, Simurq quşunu bu gün təyyarələr əvəz edir. Əgər bir vaxtlar insanlar uçan  xalçalar, Simurq quşu ilə xəyallarda göylərə uçurdularsa, bu gün insan oğlu dünyanın bir nöqtəsindən digər bir nöqtəsinə təyyarə ilə hərəkət etmək iqtidarındadır.

 

Azərbaycan cəmiyyətinin aviasiya ilə tanışlığı

 

Azərbaycan cəmiyyətinin aviasiya ilə ilk tanışlığı XX əsrin əvvəllərinə təsadüf edir.  Belə ki, Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda baş tutub. Rus aviatoru UtoçkinFarmantipli aeroplanla Balaxanı şossesində 4 gün ardıcıl uçuş həyata keçirib. Bu, Azərbaycanda aerodrom məkanında ilk təyyarə uçuşu kimi tarixə düşüb. Həmin hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artıb və dövri xarakter almağa başlayıb. 1910-cu ildən başlayaraq isə paytaxt Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycan Xalq Cümhuriyyəti illərində də ölkədə aviasiyanın inkişaf etdirilməsi diqqət mərkəzində olub. Lakin 1920-ci ilin aprel hadisələrindən sonra Azərbaycan mülki aviasiyası SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərməyə başladı. Həmin illərdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşdı. Buna baxmayaraq Azərbaycan aviasiyası müəyyən uğurlara da nail oldu, inkişaf dövrünə qədəm qoydu. Belə ki, 1923-cü ildə “ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı ki, həmin qurumun  təsisçiləri də “Muğan Meliorasiya Tikintisi”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneftidi. “ZAKAVİA” – nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulurdu. 1923-cü ilin aprel ayında isə “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirildi. Bundan iki il sonra isə Keşlədə aerodrom tikildimülkiHava stansiyası” yaradıldı. 1926-cı ildə Mineralnıye Vodı – Qroznı – Mahaçqala – Bakı – YevlaxTiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlandı. Beləliklə, Bakıda, Yevlaxda və Şəkidə “Dornye-Kometa-3” və “Dornye-Merkurtipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşdü. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət idi və hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların ustalığından asılı idi.  Çünki həmin dövrdə heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək istiqamət alırdılar. Təyyarəçilərin ixtiyarında olan hava gəmilərinin mükəmməl olmamasına baxmayaraq, 1929-cu ildə Xarkov – Bakı – Pəhləvi beynəlxalq xətti açıldı. 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirildi. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli “ÕÀİ-1” və “Stal-3” (Ñòàëü-3) təyyarələrinin xidmət göstərdiyi Bakı – Moskva istiqamətində müntəzəm marşrut açıldı. Növbəti ildə Bakı – Xarkov, Bakı – Qroznı, Bakı – Rostov, Bakı – Həştərxan, Bakı -Tiflis reysləri işə salındı, Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edildi. 1938-ci il, iyun ayının 2-də  Azərbaycanda ilk aviasiya qrupu yaradıldı.

Azərbaycan aviasiyası 1941-ci ildən 1945-ci ilədək “Hər şey cəbhə üçündevizi altında çalışırdı. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başladılar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni “Li-2”, “İl-14”, “İL-18”, “An-24”, xüsusi təyinatlı “An-2”, “Mi-1” və “Mi-4” helikopterləri görünməyə başladı.

 

Mülki aviasiyanın yeni dövrü

 

Azərbaycanın mülki hava donanmasının tarixində yeni səmərəli dövr 1970-80-cı illərə təsadüf edir. Hansı ki, bu illər ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dövrü əhatə edir.   Bu illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar əldə edildi. 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın inkişaf proqramı hazırlandı, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün qalxma-enmə zolağı salındı, hava limanları müasir radio və işıq texnikası vasitəsi ilə təchiz edildi. Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəkidə mövcud olan süni örtüklü uçuş-enmə zolaqları artıq “Yak-40” reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşdü. Kooperasiya əlaqələri pozuldu, texniki təchizat kəsildi. Lakin 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində kəskin dönüşə, daha  doğrusu, misli görünməmiş sıçrayışa səbəb oldu.  Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər həyata keçirildi. Onun uzaqgörən siyasəti nəticəsində görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycanın bir sıra taleyüklü məsələlərini həll etdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünyaya çıxışını asanlaşdırdı. Ümummilli liderin diqqət və qayğısı nəticəsində “1998-2003-cü illər  üçün Respublika Mülki Aviasiyasının İnkişaf Proqramı” hazırlanıb həyata keçirildi. Bu proqram çərçivəsində əldə olunan nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksinin tikintisi oldu. 1999-cu il oktyabrın 2-də Heydər Əliyevin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılışı oldu. Bir il sonra isə bu limana dünya aviasiyasında xüsusi yeri olan ilkBoeinq” təyyarəsi endi.  Ümumiyyətlə, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın avialayner parkı Sovet İttifaqının ərazisində ilk “Tu-134” və “Tu-154” reaktiv təyyarələrini, “Mi-2” və “Mi-8” helikopterləri alanlardan biri olmuşdu.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev də 2003-cü ildə prezident seçildikdən sonra hər sahədə olduğu kimi, aviasiya sahəsində də ulu öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə “Respublika Mülki Aviasiyasının II (2004-2010-cu illər) İnkişaf Proqramı” qəbul olundu. Yeni proqramda xarici şirkətlərdən müasir sərnişin və yük təyyarələrinin alınması, “Gəncə” və “Lənkəran” hava limanlarının yenidən qurulması, Heydər Əliyev Beynəlxalq  Hava Limanında beş ulduzlu mehmanxananın və yeni anqarların tikintisibir sıra vacib məqamlar öz əksini tapırdı.  2008-ci ildə “Lənkəran” və “Zaqatala” beynəlxalq hava limanları açıldı. Tezliklə mülki hava donanmasının tərkibinə “Aerobus-319”, “Aerobus-320”, “ATR-72” və “ATR-42” avialaynerləri əlavə olundu.

Hazırda ölkənin bir nömrəli aviaşirkəti olan “Azərbaycan Hava  Yolları” Qapalı Səhmdar Cəmiyyəti respublika daxili reyslərlə yanaşı, dünyanın bir çox ölkəsinə beynəlxalq uçuşlar həyata keçirir. Belə reyslər təkcə Bakıdan deyil, eyni zamanda Gəncə, Lənkəran və Naxçıvan hava limanlarından reallaşır. Çox fərəhli haldır ki, indi Azərbaycan Respublikası dünyanın nəhəng aeroportları ilə yarışa biləcək beynəlxalq hava limanlarına malikdir. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala hava limanları məhz belələrindəndir. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. İndi "Azərbaycan Hava Yolları" Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur. "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.

 

"Azərbaycan Hava Yolları”nın

təhlükəsizlik standartı

 

Günümüzdə "Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır, Belə ki, aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Təsadüfi deyil ki, dünyada  nüfuzlu qurum kimi tanınan "İCAO " (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının 2010-cu ilin fevral ayında təqdim etdiyi audit nəticələri "Azərbaycan Hava Yolları" aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edir. "Azərbaycan Hava Yolları" 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın əsas məsələsi olan təhlükəsizlik auditini uğurla keçib. Beləliklə, İOSA-nın (İATA təhlükəsizlik auditi) uçuşların keyfiyyət təhlükəsizlik auditini keçməklə, "Azərbaycan Hava Yolları" aviaşirkəti İOSA Operatorları reyestrinə daxil edilib dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tam hüquqlu üzvü olub.

Bu gün aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. 2004-cü ildə Bakı hava limanıHeydər Əliyev Beynəlxalq Hava Limanıadı ilə aviasiya tarixinə düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanı hesab edilir.

 

Süleyman İsmayılbəyli

 

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Olaylar.- 2015.- 8 iyul.- S.7.