Vətənpərvərlik insanda

məğlubedilməzlik hissi yaradır

 

Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində müntəzəm olaraq addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir. Paralel olaraq qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu istiqamətdə layihələrin həyata keçirilməsi gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir.

Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gənci vətənpərvərdir. Ancaq onu da etiraf etmək lazımdır ki, bu nailiyyəti əldə etmək üçün kifayət qədər zaman tələb olunur. Zamanında bu istiqamətdə işin düzgün qurulmaması bir çox hallarda gənclərimizin yad təsirlərə düşməsi, kosmopolit ruhda böyüməsinə gətirib çıxarıb. Müstəqillik illərindən sonra isə vəziyyət bir qədər fərqli istiqamətdə dəyişməyə başladı. Xüsusilə, 1993-cü ildə xalqın təkdili tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda təbiyə olunmasını başlıca prioritet hesab etdi. Qısa müddət ərzində görülən işlər, qəbul edilən sənədlər, imzalanan fərman və sərəncamlar öz nəticəsini göstərdi.

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunmasında orta ümumtəhsil müəssisələrinin rolunun danılmaz olduğu hər kəsə bəllidir. Təsadüfi deyilmir ki, hər bir gəncin vətənpərvər ruhda böyüməsində məktəb, eləcə də bağçaların rolu danılmazdır. Elə bu səbəbdəndir ki, orta məktəblərdə gələcəyin vətənpərvər gəncinin yetişdirilməsi istiqamətində lazımı tədbirlər görülür, orta məktəb şagirdlərində Vətənə, dövlətə məhəbbət hissi aşılanır. Nəticə etibarilə məktəbi bitirən gənc müstəqil həyata qədəm qoyarkən, ali təhsil alarkən, ölkə hüdudlarından kənara çıxarkən Vətən, millət təssübkeşliyindən çıxış edir, hər addımda onun müdafiəsində olur. Məktəb eyni zamanda gələcəyin vətənpərvər əsgərinin yetişdirir. Düzdür, bir çox hallarda bu istiqamətdə orta ümumtəhsil müəssislərində aparılan işin təqdirəlayiq olmadığı iddia edilsə də, lakin reallıq ondan ibarətdir ki, bu gün orta məktəblərdə gənclərin vətənpərvər ruhda təbiyə olunub böyüməsi istiqamətində müəyyən işlər görülür.

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Güllübəyim Lətifova da deyir ki, hamımızın ümumu vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkşaf etdirmək və təbliğ etməkdir. Onun sözlərinə görə,  Heydər Əliyev

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır: “Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhramanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bu mənada Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətində uşaqlrın və gənclərin tərbiyəsi xüsusi yer tutur. Sakini olduğumuz bu dünya bizdən həyati bacarıqlara yiyələnən insanın tərbiyə olunmasını tələb edir”. Natiq qeyd edir ki, təhsil alan uşaq və gənclərin dövlətçilik ruhunda tərbiyəsi prioritet məsələlərdəndir. Ənənəvi olaraq bütün tip təhsil müəssisələrində Azərbaycan Respublikasının atributları təbliğ olunur, məktəblilərdə onlara məhəbbət hissi aşılanır: “Dövlət bayrağının, gerbinin, himninin yaranması, dövlət rəmzlərimizin mənaları uşaqlara hələ məktəbəqədər təhsil müəssisələrində aşılanır.

Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Gənclərə milli ruhun aşılanması körpə yaşlarından həyata keçirilməli, bu, bağçalarda,məktəblərdə, qəzet və televiziyalarda özünü güclü şəkildə göstərməlidir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.

Müstəqil Azərbaycanımızın memarı və qurucusu ulu öndər Heydər Əliyev demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası bağçalarda qoyulur, daha sonra isə ibtidai siniflərdə davam etdirilir və o, sonrakı təlim pillələrində daha da inkşaf etdirilir: “Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət hissi ilə tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Istər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır”.

Güllübəyim Lətifova deyir ki, vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil: “Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə biz uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçiririk. İşğal günləri ərəfəsində uşaqlarla xüsusi diskusiyalar aparılır. Bu günlər xüsusi olaraq şagirdlərə aşılanır. Bundan əlavə, işğal günləri ərəfəsidə müxtəlif müsabiqələr, divar qəzetləri, şer və ya inşa yazı müsabiqələri, rəsm sərgiləri təşkil olunur. Məktəbəqədər təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin aşılanması daha bəsit formada həyata keçirilir. 3-4 yaşında uşağa nə qədər müharibədən danışsaqda, o, heç nə anlamayacaq. Sadəcə olaraq onlara düşmənlərimizi tanıda bilərik, vətənə aid şer və mahnılar öyrətməklə vətənpərvərlik mövzusunda açıq məşğələlər təşkil etmək olar. Bağçalarda körpələrə hər səhər Azərbaycan Respublikasının himni oxutdurulur, bayrağımızın, gerbimizin mənası öyrədilir. Bilirəm ki, oxucularımızın böyük əksəriyyətini ziyalılar, müəlimlər təşkil edir. Bunu nəzərə alaraq sizi bir sual ətrafında düşünməyə səsləyirəm. Uşaqlarda vətənpərvərlik hissini necə yaratmaq olar, müəllim buna necə nail ola bilər? Bəlkə biz bu tərbiyəni lazımınca uşaqlara aşılaya bilmirik, elə buna görə də hərbi məktəblərə üz tutan məzunlarımızın sayı azlıq təşkil edir. Bəlkə təhsil müəssisələrində hərbi hazırlıq dərslərinə, fiziki tərbiyə dərslərinə daha çox diqqət ayırmaq lazımdır. Düşünürəm, bu istiqamətdə hərbi hazırlıq və fiziki tərbiyə fənlərini tədris edən müəllimlərimiz bir araya gəlib bu istiqamətdə birgə iş görməlidirlər. Mənə elə gəlir ki, bu tərbiyəyə ibtidai sinifdən “Yaxşı nədir, pis nədir”, “Biz dostuq”, “ Biz hansı qaydalarla yaşayırıq? ” kimi mövzularla başlayıb, daha sonra “Mənim şəhərim”, “Mənim ailəm”, “Ölkəm, onun paytaxtı, simvollar”, “Vətənimin təbiəti”, “Vətənimin müdafiəçiləri” və s. mövzularda söhbətlər aparmaqla başlamaq lazımdır. Bütün bunları müxtəlif formada həyata keçirmək olar: tarixi və bayram günlərində gəzintilər, söhbətlər, müharibə veteranları ilə görüşlər, ekskursiyalar; qəhrəmanlıq, igidlik, dözümlülük, Vətən uğrunda döyüşə həmişə hazır olmaq Azərbaycan əsgərinin xarakterinə məxsusi xüsusiyyətlərdir. İnanıram ki, bu söhbətlər zamanı uşaqlar tez böyümək, əsgər olmaq, torpağı, vətəni qorumaq istəyəcəklər.

Ümumiyyətlə, düşünürəm ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə,millətinə layiq yetişsin. Keçirilən dərslərdə işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı tanıtmaq, Qarabağı və onun başına gətirilən faciələri uşaqlara çatdırmaq lazımdır. Bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özünə borc hesab edər”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 9 iyul.- S.15.