Vətənpərvərlik hissi gəncləri birləşdirir

 

Vətəni sevməklə biz onun üçün canımızı və qanımızı fəda etməyə hazır olmalıyıq. Vətən bizim ən müqəddəq yerimiz, səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır. Bu, tarixən belə olub, indi də belədir. Tarixən igid oğullarımızın yadelli işğalçılara qarşı mübarizəsi vətənə məhəbbətin, yurdsevgisinin bariz nümunəsidir. İndi də Vətən oğulları Qarabağ uğrunda gedən döyüşlərdə də Azərbaycanın bütövlüyü naminə mübarizə aparırlar. Vətənin bir hissəsi olan Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar.

Vətən uğrunda neçə-neçə igid oğul və qızlarımız canlarından keçdilər. Bununla onlar sübut etdilər ki, vətən varsa, yaşamaq da var. Vətən yoxdursa, nə yaşamağın, nə də yaratmağın mənası yoxdur. Üzərində gəzdiyin, suyunu içdiyin və çörəyini yediyin vətəni sevirsənsə, deməli, torpağı sevirsən. Bir sözlə, vətənə məhəbbət xalqa, torpağa məhəbbətin təməlində durur. Canımızdan əziz olan vətənimiz şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib, öyünüb. Tariximiz sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Sirr deyil ki, Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin çiyinlərinə böyük yük düşür. Çünki gənclər dövlətin həm bu günü, həm də sabahıdır.

Vətənpərvərlik hissinin yüksəlməsi üçün gənclərin milli-mənlik şüurunun formalaşması vacib şərtlərdəndir. Nəzərə almaq lazımdır ki, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar. Bu, milliekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətlərini qorumaqs. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalqetnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlar bağlı olan buya digər hadisəyə öz münasibətini bildirir. Şübhəsiz ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, insana xas olan şüurun daxilində, özü də yüksək səviyyədə təzahür edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli rol oynadığını göstərir. Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir edir. Bu, eyni zamanda elmin, texniki tərəqqinin inkişafına yol açır. Uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlılıq vətənin, xalqın tarixini dərindən bilmək, soykökünə hörmət göstərmək kimi meyarları özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür. Ümumilikdə milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdüryaşamağa layiqdir. Millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda milli dövlətçilik və milli şüur milli varlığın zəruri ünsürü kimi müəyyən edilir.

Milli-mənəvi dəyərlərə sahib çıxmaq, onlara hörmətlə yanaşmaqöz növbəsində gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Milli-mənəvi dəyər dedikdə, hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların formalaşması nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycanda milli ideologiya təşəkkül tapana qədər Azərbaycan xalqı arasında hər hansı bir ideyanın və yaxud ideyaların olmaması anlamına gəlmir. Əksinə, həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin vahid şəklə salınması kimi başa düşülür. Milli mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İnsanın təmsil olunduğu etnik çərçivədə özünün təsdiqini tapmasıdır. Mütəxəssislərin fikrincə, milli mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini, inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində qoruyub saxlamaqdadır. Milli düşüncə tərzi milli mənəvi dəyərlərdən milli özündərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli öznəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özündərkə ehtiyac yaranır. Milli düşüncənin yüksəlməsi ilə milli özünüdərk prosesi başlayır. Lakin hər bir anlayış milli özünüdərk səviyyəsinə yüksəlib, milli düşüncəyə çevrilə bilməz. Yalnız milli oyanış, milli özündərk və bu kimi digər anlayışlar, milli mənəviyyat səviyyəsinə, daha sonra milli düşüncəyə qədər yüksələ bilər. Yetər ki, onun ciddi elmi, fəlsəfi, iqtisadi, siyasis. əsasları olsun. Çünki milli düşüncədən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik kütlənin başqalarından fərqini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir. Milli mənəvi dəyər də, milli ideya da xalqın soykökü, dili, dinibaşqa vacib əlamətlərini əks etdirir. Hər bir xalq özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, müstəqilliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini və s. milli mənəvi dəyərlər, yaxud da milli düşüncə kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub saxlansa da, onları milli ideya kimi qəbul etmək doğru olmaz. Məsələn, yaşlı insanlara, ağsaqqallara hörmət, qadına - anaya münasibət, vicdanlılıq, toyyas mərasimləri xalqımız milli mentaliteti ilə sıx bağlıdır. Bütün bunlara hörmət vətənpərvərlik hissinin yüksəlməsinə təkan verir.

Sadalanan faktlar deməyə əsas verir ki, vətənə sevgi vətənpərvərlikdən qaynaqlanır. Vətənpərvərlik isə təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq. Ona görə də bacardığımız qədər Vətənin adını uca tutmalı, öz naliyyətlərimizlə başqa dövlətləri də buna vadar etməliyik. Sirr deyil ki, son illərdə Azərbaycan gəncliyi sürətlə inkişaf edir. Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Elə ölkəmizin paytaxtı Bakıda keçirilən Birinci Avropa Oyunlarında gənclərimiz vətənpərvərlik hisslərinin nə qədər yüksək olduğunu bir daha sübut etdilər. Gənclərimiz idman yarışlarında əldə etdikləri qələbələrlə Azərbaycanımızın şöhrətini daha da artırmış oldular, dəfələrlə dövlət bayrağının qaldırılması, dövlət himninin səsləndirilməsi əsil vətənpərfərliyin nümunəsi idi. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Hazırda cəmiyyətdə çoxlu sayda gənclər var ki, vətənpərvər işlərlə məşgul olur, vətəni üçün əllərindən gələni əsirgəmirlər. Bunlar ürəyi vətən eşqi ilə çırpınanlardır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, vətəni sevir və müstəqil dövlətin nə demək olduğunu sözün əsil mənasında dərk edirlər. Hazırda Azərbaycan müstəqil, suveren dövlətdir. Vətəni sevən hər bir vətən övladı müstəqilliyin nə olduğunu dərk etməlidir. Hamı bilməlidir ki, dövlət müstəqilliyimiz elə də asan qazanılmayıb. Bu yolda minlərlə insanlarımız həyatını qurban verib, şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda mübarizəyə hazır olmalıdır. Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq hər birimizin müqəddəs borcudur. Hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 10 iyul.- S.15.