Ölkədə yüksək vətənpərvərlik

hisslərinə malik gənclər yetişir

 

Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılıb, bu sahədə hüquqi baza təkmilləşdirilib. Gənclər arasında vətənpərvərlik hissinin hələ erkən yaşda formalaşdırılmasının vacibliyini dərk edən dövlət bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurub, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli görüb. Hal-hazırda Azərbaycanda uşaq və gənclərlə işləyən və onları öz ətrafında birləşdirən qeyri-hökumət təşkilatlarının (QHT) sayı 120-dən artıqdır.

Bu təşkilatlar uşaqlarda vətənpərvərlik hissinin formalaşmasında müstəsna rol oynayırlar. Bu isə o deməkdir ki, dövlət vətndaş cəmiyyətləri ilə birgə bütün vasitələrdən istifadə edir ki, gənclərin vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə nail olunsun. Ölkədə gənclərin vətənpərvər hissinin yüksəldilməsi məqsədilə onların çağırışaqədərki hazırlıq işlərinə də ciddi önəm verilir. Belə ki, Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bununla paralel olaraq ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlıq işi həyata keçirilir. Belə ki, ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilirkeçirilir. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.

Göründüyü kimi, dövlət hər cür imkan yaradıb ki, inkişafda olan gənclərimiz sağlam və vətənpərvər ruhda böyüsün. Bunun üçün həm inzibati, həm də maarifləndirmə metodlarından istifadə edilir. Lakin əminliklə söyləmək mümkündür ki, son illər gənclər arasında həqiqi hərbi xidmətdən yayınma halları minimuma enib. Əksinə, gənclərimiz özləri maraqlıdır ki, hələ erkən yaşlarında müvafiq hərbi sirlərə yiyələnsinlər ki, hərbi xidmət zamanı hər hansı problemlə üzləşməsinlər. O da sirr deyil ki, bu işdə vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilən maarifləndirmə xarakterli tədbirlər öz sözünü deyə bilib. Artıq gənclərimiz aydın şəkildə dərk edirlər ki, dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq kimi məsuliyyətli vəzifələrlə hər bir vətəndaş məsuldur. Bu vəzifələrin böyük bir hissəsinin gəncliyin üzərinə düşdüyünü nəzərə alaraq dövlətin yürütdüyü gənclər siyasətinin tərkib hissəsi kimi gənclər təşkilatlarının qarşısında dövlətə, dövlətçiliyə dəstək olan vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində gənclərin maarifləndirilməsi kimi mühüm vəzifə durur.

Hüquqşünas İntiqam Mehdiyev deyir ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi, onlarda vətənpərvərlik ruhuhnun inkişaf etdirilməsi, milli kimliyin aşılanması kimi məsələlər ölkə siyasətində önəmli yer tutur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Heç şübhəsiz ki, gənclərin beynəlxalq aləmdə əldə etdikləri uğurlar Azərbaycan dövltinin nüfuzunun artmasına səbəb olur”. Onun sözlərinə görə, gənclərin həyatında baş verən bu kimi yeniliklər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının nəticəsidir: “Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Pedaqoq Rahil Şəmiyevin sözlərinə görə, hazırda gənclərin milli şüurun inkişafı və vətənpərvərlik ruhunun yüksıldilməsi istiqamətində təşəbbüsləri kifayət qədərdir. Məhz həmin təşəbbüslərin nəzərə alınması gənclərdə özünə inamı artırır, Vətənə və dövlətə sadiq vətəndaş kimi formalaşır: “Ümumiyyətlə gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində elə təşkil edilməlidir ki, milli şüur və vətənpərvərlik ideyaları nəinki ölkənin iri şəhərlərində, hətta regionlarda yaşayan gənclərə çatdırılsın. Bunun üçün çoxlu sayda gənclər təşkilatının yaradılmasına ehtiyac var. Xüsusən elm və təhsil müəssisələri ilə əlaqəli şəkildə çalışan vətəndaş cəmiyyətlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Gəncliyin potensial qüvvəsi olan tələbə-gənclərə dəstək omalıdır ki, onlar həmyaşıdları arasında vətənpərvərlik ruhunun artırılmasında fəal iştirak etsinlər”. Onun qənaətincə, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin vətənpərvər ruhununintellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Onun sözlərinə görə, respublikada təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Çünki bu halda gənclərin milli kimliyinin dərk edilməsi məsələsi önəmə çıxır. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident fərmanları bu istiqamətdə görülən mühüm tədbirlərdəndir. Məhz bu kimi amillər nəzərə alınaraq ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Yəni, gənclərimizi daha da vətənpərvər böyütmək üçün Azərbaycan cəmiyyətində həmrəyliyin, birliyin daha da möhkəmlənməsi vacib amildir. Həmçinin ölkəyə layiqli vətəndaş, sağlam nəslin, xüsusilə gəncliyin yetişdirilməsi üçün dövlətin düzgün gənclər siyasəti olmalı, gənclərə göstərilən diqqət və qayğı daim dövlətin diqqət mərkəzində olmalıdır. Bu siyasətin tərkib hissəsi kimi gənclərin ən müxtəlif sahələrdə öz potensiallarından yararlanmasına şərait yaradılmasına, maarifləndirilməsinə, həmçinin bilik və bacarıqlarının müasir dünya tələbləri ilə uzlaşmasına, yüksək mənəvi dəyərlərə, o cümlədən yüksək vətənpərvərlik hisslərinə malik bir gəncliyin formalamasına xüsusi diqqət yetirməkdir. Yeri gəmişkən qeyd edək ki, ölkə əhalisinin tərkibində gənclərin sayının əhəmiyyətli şəkildə artması onların ideoloji işə cəlb edilməsini vacib edir. Bu, dövlətin inkişafı, strateji hədəflər baxımından olduqca müsbət tendensiyadır. Çünki elə ölkələr var ki, orada əhalinin azalması ilə yanaşı, həm də qocalması prosesi gedir. Azərbaycan əhalisinin sosial tərkibinə baxsaq görərik ki, gənclər böyük çəkiyə malikdir. Məhz bu halda bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Xüsusən də müstəqil Azərbaycan üçün bu olduqca vacib əhəmiyyət kəsb edir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Nəzərə almaq lazımdır ki, gənclər də dövlət qayğısını daim öz üzərilərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Xatırladaq ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

 

Olaylar.- 2015.- 15 iyul.- S.15.