Üzeyir Hacıbəyli
yaradıcılığında Peyğəmbər
Milli
operamızın banisi hesab edirdi ki, peyğəmbərə
olan sevgimizi onun mövludunda nümayiş etdirməliyik.
Çünki həmin gün yalnız ərəblər
üçün deyil, bütün bəşəriyyət
üçün bir nur doğmuş və dünyanı
işıqlandırmışdır.
Miladi tarixi ilə 7-8-ci əsrlərdən başlayaraq islama tapınan Azərbaycan xalqının, o cümlədən onun mütəfəkkirlərinin bu dini zahirən deyil, mənəvi baxımdan qəbul etmələrinin nəticəsidir ki, Quranla bağlı yüzlərlə təfsirlər yazmış, eyni zamanda Məhəmməd peyğəmbər (s.) və onun əhli-beyti haqqında dəyərli mülahizələr irəli sürmüşlər. Şübhəsiz, bu baxımdan Azərbaycan mütəfəkkirlərinin Allahın sonuncu rəsulu Məhəmməd peyğəmbərə (s.) olan sevgiləri ayrıca bir yer tutur. Biz, bu sevgini Azərbaycan türklərinin müdrik oğlu, filosofu Dədə Qorquddan tutmuş bütün mütəfəkkirlərimizdə – Məhəmməd Bakuvi, Xaqani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Nəsimi, Füzuli, Yəhya Bakuvi, Yusif Qarabaği, A.Bakıxanov, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu. M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ü.Hacıbəyli və başqalarının yaradıcılıqlarında görürük.
Qeyd edək ki, orta əsr Azərbaycan-türk filosoflarının böyük əksəriyyəti əsərlərinin girişində peyğəmbərə olan sevgilərini ifadə etdikləri halda, yeni dövr mütəfəkkirlərimiz isə Allahın rəsulu ilə bağlı ayrıca şeirlər və məqalələr həsr etmişlər. Xüsusilə, son əsrlərdə (19-20-ci əsrlər) Azərbaycan mütəfəkkirləri diqqəti peyğəmbərin həyat yolunun öyrənilməsinə, onun əqidəsinin mahiyyətinin dərk olunmasına və bu mənada mövludunun bəşəriyyət üçün əhəmiyyətinə yönəltmişlər.
Azərbaycan mütəfəkkiri, milli operamızın banisi Üzeyir Hacıbəyli əsərlərində Məhəmməd peyğəmbərdən (s.) və onun əqidə yolundan nümunələr gətirməklə yanaşı, bir neçə məqaləsini onun mövluduna həsr etmişdir. Maraqlıdır ki, Ü. Hacıbəyli peyğəmbərimizin doğum gününü böyük bayram kimi qələmə vermiş və müsəlmanları bu bayramın mahiyyətini dərk etməyə çağırmışdır. O, təəssüf edirdi ki, bu günə qədər müsəlmanlar peyğəmbərin mövludunu istənilən səviyyədə qeyd etməmişlər.
Bu baxımdan milli operamızın banisi 1916-cı ildə «Yeni İqbal» qəzetində nəşr olunan «Mövlidi-Nəbi bayramı» məqaləsində yazırdı ki, mövlidi-Nəbi bayramı təzə dəbə düşən bayramlardandır: «Qurban bayramı, Orucluq bayramı, Novruz bayramı – bu bayramlar hər kəsə müəyyən və aşkar bir surətdə tanınan olduğu halda, mövlud bayramı hələ bir o qədər məşhur olmayıbdır. Zatən mövlidi-Nəbi bayramının dəbə düşməsi aramızda qəzetələr çıxan günlərdən biridir». Bu isə o demək idi ki, peyğəmbərin mövludunun istənilən səviyyədə qeyd olunmamasının günahkarı yalançı din xadimləri olmuşlar. Belə ki, onlar buna bir o qədər cəhd göstərməyərək yalnız öz mənafelərini düşünmüşlər. Bununla da, ötən əsrlərdə peyğəmbərin mövludundan müsəlmanların əksəriyyəti xəbərsiz qalmışlardır.
Ancaq mətbuatın yaranması ilə yenilikçi ruhlu mütəfəkirlərimiz buna diqqət yetirmiş və bu barədə fikirlərini qəzetlər vasitəsilə ifadə etmişlər. Bu isə o deməkdir ki, islama və onun peyğəmbərinə yalançı din xadimləri deyil, əsl islam və elm alimləri sahib çıxmışlar. Bu baxımdan Üzeyir Hacıbəyli haqlı olaraq təəccüb edirdi ki, bu günə qədər müsəlmanlar onları cəhalət və nadanlıqdan qurtaran peyğəmbərlərinin bayramını niyə lazımınca qeyd etməmişlər: «Mürsəli-xuda olan zəlalət qaranlığını hidayət nuri ilə işıqlandıran bu gün «islam» adında üç yüz milyon nəfər nüfuslu böyük bir aləm vücudinin səbəbi olan zişan bir peyğəmbərin mövlid günü nə üçün eydi-əzha, eydi-fətr və eydi-novruz kimi rəsmi bir surətdə bayram edilmiyormuş, deyə sual olunduqda cavabı nə olursa-olsun heyrət və təəccübə səbəb olacaqdır. Uşaq, böyük, kişi, arvad, fəqir, dövlətli, cahil, alim – hər kəscə izzü ehtirami fərz bilinən və ismi həmişə səlavat ilə yad olunan peyğəmbərimiz səlavətullahın vücudi-pakına qarşı hörmət və ehtiramımızı inkar etmək olmaz».
Beləliklə, Məhəmməd peyğəmbərin (s.) mövlid, yəni doğum gününün indiyə qədər istənilən səviyyədə qeyd olunmamasına təəssüfünü bildirən Ü. Hacıbəyli yazırdı ki, bütün hallarda peyğəmbər haqqında qəlbimizdə bəslədiyimiz böyük bir məhəbbət, başqa dinlərdə olanların qibtə edə biləcəyi dərəcədə səmimi və həqiqidir. Hacıbəylinin fikrinə görə, məhz bu səmimiliyin və həqiqiliyin nəticəsidir ki, milli ictimai və siyasi bir əqidə yoxdursa da, heç olmasa dini əqidəmiz mətin və möhkəmdir: «Avropa elm və fənlərinin aramızda intişarından dini etiqad süstlüyü əmələ gələr, deyə qorxan bəzi ruhani və müridlərinin zənni əksi olaraq, tazə elm və fənlər sayəsində dini etiqadımız daha da bərkiyib dini-islamın bir həqq olduğu daha aydın və müsbət bir surətdə həm başımızda və həm qəlbimizdə yer tutur. Və bu dini gətirmiş olan zatın əzəmət və ehtiramı daha layiqli bir surətdə tutulmaq lüzumi meydana çıxır. Böylə olan halda biz öz peyğəmbərimizə olan hörmət, əzəmət və məhəbbəti qəlbimizdə saxlamaqla bərabər, bir də hamılıqla bərabərdə izhar və ibraz etməliyik».
Milli operamızın banisi hesab edirdi ki, peyğəmbərə olan sevgimizi isə, xüsusilə onun mövludunda nümayiş etdirməliyik. Çünki həmin gün yalnız ərəblər üçün deyil, bütün bəşəriyyət üçün bir nur doğmuş və dünyanı işıqlandırmışdır. Ü. Hacıbəyli yazırdı: «Bu nümayiş isə günlərimizin ən əzizi olan mövlud günündə icra edilməlidir ki, o gün peyğəmbəri-zişanımız anadan olubdur. Və bu gün bu yövmi-məsudun günü olduğuna görə, ən böyük bayramımız münasibətilə oxucularımızı təbşir və təbrik ilə bu əziz gündə şad olmaqla bərabər məxsusi məclislərdə öz ehsan və ianələri ilə fəqir-füqəraları da şad etmələrini ümid və arzu edirik».
Qeyd edək ki, başqa məqalələrində də Ü. Hacıbəyli yeri gəldikcə, peyğəmbərin müsəlman dünyasında oynadığı tarixi rola toxunmuş, onun həyatını və əxlaqını bir nümunə kimi müsəlmanlara örnək göstərmişdir: «Peyğəmbərimiz dini mübinin islami yer üzünün bir çox nöqtələrinə yaydı. İslam əhlini artırdı, islamiyyətin çoxalması yolunda mucadilələrdə bulundu». Eyni zamanda, peyğəmbərimiz dini bayramlarda müsəlmanların bir-birlərilə paylaşmağı vacib buyurdu. Hacıbəyli buna nümunə olaraq yazırdı: «Məhəmməd peyğəmbər (s.) deyibdir ki:
- Allah yolunda qurban kəsin, amma o qurbanı fəqir-füqarəyə, yetim-yesirlərə, tamarzılara ehsan edin!
Çox əcəb! Borcumuz itaət etməkdir!
Lakin – qurbanın yağlı və qəşəng yerlərindən dövlətli qonşulara göndərin! – Bunu hansı peyğəmbər deyibdir – bilmirəm. Hər halda onu əmr edən «peyğəmbər» görünür çox vacib əlamətdir ki, əmrinə bu cürə sədaqət ilə itaət edirik!». Şübhəsiz, Allahın sonuncu peyğəmbərinin dediklərini deyil, qondarma «peyğəmbərlər»in sözlərinə əməl edənlər yalançı ruhanilər və din xadimləri idilər. Bu mənada peyğəmbərimizin yolunu davam etdirmək əvəzinə, «küfr və irtidad»a üstünlük verən riyakar ruhanilərin əməllərinə görə Allahın rəsulu günahkar hesab oluna bilməzdi.
Göründüyü kimi, milli operamızın banisi peyğəmbərin mövlud gününə böyük dəyər vermiş, onun dünyaya gəlməsi ilə bəşəriyyət tarixində yeni bir dövrün başlandığına inanmışdır. Azərbaycan xalqının böyük bəstəkarının fikrincə, bu mənada peyğəmbərin həyat və əqidə yolunun öyrənilməsi üçün, onun mövludunun bayram kimi qeyd edilməsi zəruridir. Çünki peyğəmbərin mövlud bayramı islamın digər bayramları (orucluq, qurbanlıq və s.) kimi müsəlmanları ittifaqa və ittihada dəvət edir.
Faiq Ələkbərov
Yazı “Ortaq Dəyərlər”
İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata
keçirdiyi layihə çərçivəsində
çap olunur
Olaylar.- 2015.- 16 iyul.- S.11.