Gənclərin vətənpərvər ruhda böyüməsi

üçün diqqət edilməli olan məqamlar

 

Gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması tarixin bütün dövrlərində ən ümdə və vacib məsələrdən biri hesab edilib. Zaman-zaman bu istiqamətdə müəyyən addımlar atılıb, tədbirlər həyata keçirilib. Məhz həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir ki, bu gün ölkədə vətənpərvər gənc formalaşıb.

Gənclərin vətənpərvər olması yalnız əlinə silah alıb düşmənlə döyüşməklə ölçülmür. Gənclik Vətənini, dövlətini sevmək, dövlət atributlarına, dilinə hörmət etmək, onu uca tutmaqla da vətənpərvər olduğunu sübut edə bilər. Ona görə də bu gün Azərbaycan gəncini döyüşə hazırlamaqla yanaşı, ona dövlətini, millətini, dövlət atributlarını sevdirmək lazımdır.

İlk növbədə isə Azərbaycan Respublikasının vətəndaşlığının əhəmiyyəti və üstünlükləri təlqin edilməlidir. Bu istiqamətdə gənclərə vətəndaşlıq institutunun mahiyyəti başa salınmalı, vətəndaşın malik olduğu hüquqlar, dövlətin vətəndaşlar qarşısında öhdəlikləri ilə yanaşı, vətəndaşın dövlət qarşısında vəzifələri də təlqin olunmalıdır. Bu isə gənclərə həm öz hüquqlarını bilərək onları tələb etmək vərdişləri aşılayacaq, həm də onlarda vətənə sədaqət, dövlət rəmzlərinə, digər vətəndaşların hüquqlarına hörmət, sağlam ətraf mühiti qorumaqs. bu kimi müsbət davranışların formalaşmasına kömək edəcək.

Məlumdur ki, dövlət dili milli birlik istiqamətində ən başlıca faktorlardan biri olmalıdır. Müstəqilliyimizin bərpasından xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyətdə, hətta dövlət orqanlarında Azərbaycan Respublikasının dövlət dilini bilməyən, yaxud ondan istifadə etməyi bacarmayan gənclər vardır. Bu sahədə təbliğat aparılmaqla yanaşı, dilimizin təbii xüsusiyyətləri qorunmalı, yad ünsürlərdən təmizlənməsi prosesi davam etdirilməlidir. Gənclərdə məişət nitqində digər dillərdən olan sözlərdən və ifadələrdən istifadə etmək alışqanlığı tərgidilməli, bunun əvəzinə dilimizin daxili imkanlarından daha geniş şəkildə istifadə edilməsi təbliğ edilməlidir. Bu məqsədlə görkəmli dilşünasların iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi, dilimizdən necə istifadə edilməsinə dair yazılı materialların yayılması zəruridir. Haqlı olaraq deyirlər ki, öz dilini bilməyən gənc vətənpərvər ola bilməz.

Gənclərin şüurunda ailə dəyərlərinin təbliği və möhkəmləndirilməsi də başlıca amildir. Əgər bir gənc ailə dəyərlərinə hörmətlə yanaşmırsa, həmin gənci biz vətənpərvər kimi təbliğ edə bilmərik. Sirr deyil ki, müasir qloballaşma, dünya birliyinə inteqrasiya prosesində ailə dəyərləri güclü təsirə məruz qalır. Bir sıra hallarda ifrat müasirləşmə meyarları cəmiyyətdə ailə dəyərlərinin zəifləməsinə, ailədaxili münaqişələrin artmasına və son nəticədə cəmiyyətin, dövlətin ilkin rüşeymi olan ailələrin parçalanmasına gətirib çıxarır. Bu isə Azərbaycan Respublikasının gələcəyi üçün təhlükə yarada biləcək amil hesab edilə bilər. Son illər cəmiyyətdə boşanma hallarını artması bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir. Bu baxımdan hazırda ailələrin möhkəmləndirilməsi üçün bir sıra tədbirlərin görülməsi, gələcəyin ata və analarına möhkəm ailə prinsiplərinin aşılanması zəruridir. Çünki ailə dəyəri möhkəm olmayan bir mühitdə vətənpərvər gəncin yetişdidirilməsi qeyri-mümkündür. Bu məqsədlə hazırda ailədaxili münasibətlər, onların möhkəmliyinə və dağılmasına zəmin yaradan amillər tədqiq edilərək üzə çıxarılmalıdır. Təhsil müəssisələrində gələcəyin valideynlərinə ailə dəyərləri təbliğ edilməli, qeyri-etik davranışdan çəkindirilməlidir. Ailə tərbiyəsi üzrə gənclər arasında mütəmadi treninqlərin keçirilməsi də zəruridir. Nümayiş etdirilən televiziya verilişləri, filmlər, kütləvi informasiya vasitələrinin məhsulları, kitablar Azərbaycan xalqının ailə dəyərləri aspektindən ekspertizadan keçirilməli və müvafiq nəzarət həyata keçirilməlidir.

Gənclərə rəsmi sənədlərinin təntənəli şəkildə təqdim edilməsi də onların Vətən qarşısında xidmətlərini artırır, gənc nəsildə məsuliyyət hissi yaradır. Bu tendensiya öz-özlüyündə gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edir. Gənclərə şəxsiyyət vəsiqələrinin, ortaorta ixtisas təhsili haqqında şəhadətnamələrinin, ali məktəb diplomlarının, sürücülük vəsiqələrinin və s. bu kimi sənədlərin rəsmi atmosferdə təqdim edilməsi onların şüurunda Azərbaycan Respublikasının vətəndaşı olmağın əhəmiyyətini yüksəldəcək, onun dövlətin həyatında aktiv iştirak etməyə, özünü «vətənin bir parçası» kimi hiss etməyə sövq edəcək.

Bu gün Azərbaycan Respublikası demokratik dövlətdir və hakimiyyətin yeganə mənbəyini Azərbaycan xalqı təşkil edir. Bu prinsiplərə uyğun olaraq dövlət hakimiyyəti mexanizmi ilkin olaraq seçki yolu ilə formalaşdırılır. Gənclərdə  demokratik şüurun inkişafı üçün onlar dövlət hakimiyyəti orqanlarına keçirilən seçkilərdə fəal iştirak etməyə sövq edilməli, təhsil müəssisələrində ayrı-ayrı qurumlar seçkili əsaslarla formalaşdırılmalıdır. Bundan başqa gənclərin dövlət hakimiyyətinin strukturu ilə tanış olmaları üçün müxtəlif dövlət hakimiyyəti və yerli özünüidarə orqanların aparatlarına ekskursiyalar təşkil edilməli, yüksək rütbəli dövlət məmurları (nazirlər, hakimlər və s.) ilə müntəzəm şəkildə görüşləri keçirilməlidir. Gənclərin dövlətin həyatında rolunun artırılması da onların dövlətə, Vətənə bağlılığını artırır. Dövlətin hər bir vətəndaşı kimi gənclərin də dövlətin həyatında mühüm yer tutan məsələlərdə rəyləri öyrənilməlidir. Tale yüklü problemlərin həllində gənclərin göstərdikləri təşəbbüslər, irəli sürdüyü təkliflər laqeydliklə qarşılanmamalı, onların müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərinə birbaşa çıxışının təmin edilməsi üçün mexanizmlər hazırlanmalıdır. Mütəmadi olaraq aliorta təhsil müəssisələri vasitəsilə yüksək rütbəli dövlət məmurları ilə gənclərin görüşləri təşkil edilməli, bu görüşlərdə onların problemləri, rəy və təklifləri dinlənilməlidir. Dövlət hakimiyyətinin gənclərlə üzrə müvafiq qurumlarının fəaliyyətinin səmərəliliyi gücləndirilməli, Azərbaycan gəncliyi dövlət   proqramının icrası mexanizmləri təkmilləşdirilməlidir.

Günümüzdə kütləvi informasiya vasitələrinin cəmiyyətin məlumatıandırılması, onların istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq deyə bilərik ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində Kütləvi İnformasiya Vasitələrinin üzərinə də bir çox vəzifələr düşür. Bunun üçün kütləvi informasiya vasitələri tərəfindən vətənpərvərlik yönümlü mədəni tədbirlərin həyata keçirilməsi zəruridir. Eyni zamanda televiziyalarda və mətbuatda vətənpərvərlik mövzusunda proqramların həcminin artırılması, jurnalistlərin vətənpərvərlik sahəsində yaradıcı potensiallarının genişləndirilməsinə diqqət yetirilməlidir. KİV-lərdə milli-mənəvi dəyərlərin məhvinə və unudulmasına gətirib çıxara bilən layihələrin, verilişlərin və informasiyaların üzə çıxarılıb qarşısının alınması, sahibkarların könüllü ianələri hesabına da maliyyələşə bilən layihələrin həyata keçirilməsi də vacib nüanslardandır.  Sosial proqramların dəstəklənməsi cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı dövlət və yeri özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dərinləşməsinə də gətirib çıxara bilər. Özəl maliyyə sektoru gənclərin vətənpərvərlik və vətəndaşlıq mövzularına həsr edilmiş kütləvi tədbirlərin həyata keçirilməsini dəstəkləməsi diqqət ayıra bilər.

Yuxarıda qeyd edilən istiqamətlər üzrə nəzərdə tutulan addımlar atılacağı halda gənclərdə milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması və gücləndirilməsinin xüsusiyyətlərini üzə çıxarmaq, gənclərdə vətəndaşlıq öhdəliklərini aşılanmaq, vətəndaşlıq məsuliyyəti hisslərinin, Azərbaycanın tarixinə, mədəniyyətinə milli-mənəvi dəyərlərimizə marağın artırılmasına nail olmaq mümkündür. Bundan başqa gənclərin, orta nəslin mübarizə ruhunda tərbiyə edilməsi, onlarda dövlətin və cəmiyyətin problemlərinə marağın artırılması, vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarımı fəda etmiş qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi, nəsillər arasında əlaqələrin gücləndirilməsi, gənclərin xalqımızın şanlı keçmişi ruhunda tərbiyə edilməsi, milli-mədəni dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin təmin edilməsinə gənclərin marağının daha da yüksəldilməsi, hərbi-tətbiqi idman növlərinə gənclərin axınının artırılması, onların fiziki və iradəvi keyfiyyətlərinin, vətənin müdafiəsinə, hərbi xidmətə hazırlığının təmin edilməsi diqqət edilməli məsələlər sırasındadır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 17-21 iyul.- S.15.