Gənclərdə vətənpərvərlik

ruhunun formalaşması

 

Heydər Əliyevin ideoloji fəaliyyətinin tərkib hissəsi idi

 

Gənclərin vətənpərvərlik şüurunun formalaşması daim dövlətlərin diqqət mərkəzində olub. Ancaq siyasi baxımdan geniş təfəkkürə malik liderlər gənclərin vətənpərvərlik ruhunun formalaşmasının vacibliyini dərk edərək öz ideyaları ilə bunu bir az da qabağa apara biliblər.

Ümumillli lider Heydər Əliyev də bu məsələni fəaliyyətinin əsas istiqamətlərinin biri kimi qəbul edərək ölkədə vətənpərvər gənclərin yetişməsinə stimul yaradıb. Heydər Əliyevin milli şüurun formalaşdırılmasını özünün ideoloji fəaliyyətinin başlıca istiqaməti sayırdı. Ümumiyyətlə Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün illər ərzində gənclərin vətənpərvərlik tərbiyəsinə böyük önəm vermişdir. Ümumilli lider hesab edirdi ki, milli şüur vətənə məhəbbətdən qaynaqlanır. O, çıxşlarının birində müstəqillik uğrunda mübarizə günlərini xatırlayarkən demişdi: "O vaxt Azərbaycan gəncləri, elmi vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var". Sirr deyil ki, Heydər Əliyevin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tuturdu. Ümummilli liderin fikrincə: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!". Ulu öndər öyrədirdi ki, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından - onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə - vətənpərvərlik ruhudur. Ulu öndər demişdir: "Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır". Heydər Əliyev gənclərin milli vətənpərvərlik, hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edən ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: "Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır". Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqil dövlət kimi ayaq tutaraq yaşamasında vətənpərvər gənclərin də öz payı var. Qeyd edək ki, 1918-ci ildə əldə etdiyimiz müstəqillik dövrü türk-müsəlman dünyasında böyük bir tarixi hadisə idi. Lakin o vaxt müstəqilliyimizi qoruya builməməyimizin səbəblərindən birio dövrdə ölkədə gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik duyğularının yetərincə olmaması, eləcə də bu sahəyə diqqətin ayrılmaması idi. Həmin vaxtlar dövlət siyasətimizdə milli ruh, milli-mənəvi dəyərlər aparıcı mövqedə durmurdu. SSRİ qurulandan sonra da çar rusiyasının imperiya siyasəti davam etdirildi. Sovet ideologiyası müstəmləkə xalqlarının milli özünüdərk ruhunu öldürməyə hədəfləndi. Lakin 1969-cu ildə ulu öndər Respublikaya rəhbər təyin olunandan sonra Moskvanın milli siyasətinin təsiri get-gedə zərərsizləşdirildi. Milli ruhda gənclər yetişdirmək prosesinə start verildi. Gələcəyin peşəkar Azərbaycançılıq ruhunda tərbiyə alan hərbçilərini yetişdirmək məqsədi ilə 1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıldı. İl ərzində 8-9 azərbaycanlı gənc SSRİ-nin ali hərbi məktəblərinə göndərilirdi. Ondan sonrakı dövrlərdə çox sayda Azərbaycan gənci xaricdə, SSRİ məkanında ali məktəblərə təhsil almaq üçün göndərildi.

H.Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra da gəncliyin vətənpərvərlik tərbiyəsinə önəm verdi. O, Ali Sovetin sədri seçiləndən sonra ilk görüşünü -1993-cü il sentyabrın 22-də məhz gənclərlə keçirdi. Gənclərə vətənpərvərlik ruhunun aşılanması yönündə öz konsepsiyasını irəli sürdü. Bir daha xatırladaq ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gənclərinin milli şüurunun formalaşması, onların sağlam intelektual böyüməsi, ən əsası isə vətənpərvərlik ruhunnu yüksək olması kimi məsələləri diqqət mərkəzində saxlayıb. Onların dünya sivilizasiyasının tərkib hissəsinə çevrilməsi üçün çox işlər görmüşdür. Düzdür, ümumilli lider müasirliyin tərəfdarı idi, lakin, onun əqidəsinə görə, müasirləşmə milli soy-kökünə əsaslanmalıdır. Elə bu səbədən gənclər siyasətinin geniş miqyasda həyata keçirilməsi üçün qanunvericilik bazası yaratmış, bir sıra strukturlar təsis etmişdi. Təsadüfi deyil ki, həmin ideyaların reallaşdırılması məqsədilə ölkədə Gənclər İdman Nazirliyi yaradılmışdı. Mütəmadi olaraq gənclər forumları keçirilirdi. Fevralın 2-si Gənclər Günü elan olunmuşdu. Həmin illərdə gənclərin təşkilatlanması, vətənpərvərlik hisslərinin gücləndirilməsi həyati əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müharibəyə cəlb olunmuşdu.

Etiraf edilməlidir ki, ümumilli liderin gənclərə qayğısı bu gün hiss olunmaqdadır hələ ideyaları bizlərlə yaşayır o ideyaların təsiri altında gənclər siyasətimizi, vətənpərvər siyasətimizi qururuq icra edirirk. Hazırda da bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Xüsusən müstəqil Azərbaycan üçün bu olduqca vacib əhəmiyyət kəsb edir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Çünki gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir. Heydər Əliyev məktəbi keçmiş cənab İlham Əliyev prezidentlik dövründə həmin kursu davam etdirir. Məhz onun üərəncamı ilə "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" Dövlət Proqramı, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hazırlanıb tətbiq edildi. Bu proqramların özəyində gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi kimi məsələlər durur. Ölkə başçısı tərəfindən rayon şəhərlərimizdə 20-yə yaxın gənclər mərkəzi açılıb. Həmin mərkəzlərdə vətənpərvərliklə bağlı xüsusi klublar guşələr yaradılıb. 2011-ci ildə Azərbaycanda Gənclər Fondunun yaradılması, 2012-ci ildə isə həmin fondun statusunun artırılaraq Prezident yanında Gənclər Fondu kimi fəaliyyət göstərməsi heç təsadüfi deyil. Artıq neçə ildir ki, Gənclər Fondu tərəfindən dəstək verilən layihələr günbəgün artmaqdadır. Bu kim tədbirlərin nəticəsidir ki, indi Azərbaycan gəncləri vətənpərvər ruhda yetişiblər. Əvvəllər bu işi yalnız dövlət görürdüsə, artıq Azərbaycan gəncləri özləri vətənpərvərliklə bağlı layihələri könüllü şəkildə həyata keçirirlər. Azərbaycan gəncləri bu gün ulu öndərin ideyalarını birbaşa həyata keçirən cənab İlham Əliyevin ətrafındadır. Bu gün Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da ölkəmizin təbliğini aparır. Gənclərimizin səsi bir çox tanınmış ali məktəblərdən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Ölkə hüdudlarından kənarda olsalar da, onların ürəyi yenə Azərbaycanla döyünür. Məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi üçün güclü ordu ilə yanaşı, həm milli ruhlu gənclərə ehtiyac var. Azərbaycanın ordusu bu gün ona görə regionun ən güclü ordusudur ki, həm ordumuzda güclü nizam-intizam, həm əsgərlərimizin milli ruhu yüksək səviyyədədir. Buna baxmayaraq, gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində fəaliyyət, təbliğat güclü ardıcıl aparılmalıdır. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Başlıca olaraq bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması ona uyğun olaraq işin qurulması önəmli məsələdir. Çünki dünyanın sürətlə qloballaşması vətənpərvərliklə bağlı bir sıra dəyərlərin sıradan çıxması ilə nəticələnib. Xüsusən gənclər qloballaşmanın təsirinə daha çox məruz qalır. Bu da nəticə etibarilə yad ünsürlərin gənclərin təfəkkür tərzinə hakim kəsilməsinə şərait yaradır. Nəticədə gənclərdə vətənpərvərlik hissləri arzuolunan səviyyədə olmur. Bu da bir sıra təhlükələrdən xəbər verir. Gənclərin milli mənlik şüuru vətənpərvərlik hisslərinin fövqündə dayanan başlıca faktordur. Gənclərdə milli mənlik şüuru inkişaf edibsə, hansı peşə üzrə çalışmasından asılı olmayaraq, mütləq bu onun həyat fəaliyyətində özünü büruzə verəcək.

 

Olaylar.- 2015.- 22 iyul.- S.15.