55 ilə sığan siyasətçi,
yazıçı və jurnalist
ömrü
Nadir hallarda, tək-tək
rast gəlmək mümkündür
ki, bir insan
özündə bir çox
xüsusiyyətləri, özəllikləri cəmləşdirsin.
Adətən tarixçi sırf tarixi araşdırmalar aparır, sahibkar səmərəli biznes
qurur, siyasətçi ictimai-siyasi
proseslərdə fəal iştirak edir, yazar isə
özündən sonrakı nəsillərə gözəl əsərlər
qoyur. Ancaq bəzən istisna təşkil
edir ki, bir nəfər qeyd edilən
bütün istiqamətləri, cəhətləri
özündə cəmləşdirir. Ömrünün
55-ci baharını tamamlayan Yunus Oğuzun da məhz belə nadir
şəxsiyyətlərdən olduğunu
desək yanılmarıq. Yunus Oğuzun 55 illik
yaşamına, keçməkeşli həyatına nəzər
yetirdikdə belə qənaətə gəlmək mümkündür ki, o, bütün bunlara heç də
asanlıqla nail olmayıb. Fəhləlikdən
başlayan iş həyatı
Yunus Oğuzu Azərbaycan
Respublikası Prezidentinin müşaviri
postuna qədər yüksəldib. Onun həyat yoluna qısa
nəzər saldıqda bunu aydın şəkildə
görmək mümkündür.
Kütləvi tədbirlərin
təşkilatçısı
1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olan Yunus Oğuz 1977-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra iş həyatına qədəm qoyur. O, bir il Şirvan DRES-də fəhlə işləyir. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alan Yunus Oğuz 1979-1981-ci illərdə sovet ordusunda xidmət edir. Hələ orta məktəb illərindən təşkilatçılıq məsələlərinə ciddi diqqət yetirən, kütləvi tədbirlərdə xüsusi fəallıq göstərən Yunus Oğuz ordu sıralarından tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıqtəmizləmə zavodunda mülki müdafiə qərargahının rəisi vəzifəsində çalısır. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilir. Yunus Oğuz bu illər ərzində paralel olaraq ali təhsil almaq planları üzərində də işləyir. O, 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olur və 1988-ci ildə universitetin fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnir. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır.
Əqidə
adamı
1988-ci ildən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatı əksəriyyət gənclər kimi Yunus Oğuzu da bu proseslərə cəlb edir və o, aktiv şəkildə hərəkata qoşulur. Milli Azadlıq Hərəkatı zamanı o dövrün fəal siyasi xadimləri ilə yaxından ünsiyyət Yunus Oğuzu siyasi proseslərin aktiv iştirakçısına çevirir. Beləliklə, Yunus Oğuz 1990-ci ilin yanvarında Milli Elmlər Akademiyasının bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasını (XAP) yaradır və onun sədri seçilir. Hansı ki, həmin dövrdə Yunus Oğuz akademiyanın fəlsəfə və hüquq institutunda kiçik elmi işçi kimi çalışırdı və o dövrdə aktiv siyasətlə məşğul olmaq bir qədər riskli sayılırdı. SSRİ-nin dağılması ilə heç cür barışa bilməyən o zamankı hakimiyyət bu proseslərin fəal iştirakçılarını daim təqib edirdi. Eyni zamanda siyasi proseslərə qoşulmaq Yunus Oğuzu akademiyadakı işindən də məhrum edə bilərdi. Çünki o zamankı Azərbaycan rəhbərliyi SSRİ-nin diqtəsi ilə siyasi proseslərin aktiv iştirakçılarını istənilən vasitə və metodlarla zərərsizləşdirməyi qarşıya məqsəd qoymuşdu. Bu baxımdan Yunus Oğuz da hədəfdən kənarda deyildi. Ancaq bu təqiblərə baxmayaraq Yunus Oğuz öz əqidəsindən geri çəkilmir və bütün riskləri gözə alaraq mübarizə yolunu davam etdirir. Məhz onun mübarizliyi, əqidəsindən dönməzliyi Yunus Oğuzun siyasi karyerasının inkişafına yol açır. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə, sonra isə AXC İdarə Heyətinə uzv seçilən Yunus Oğuz 1992-ci ildə AXC sədrinin müavini təyin olunur. 1993-cü ildə isə Yunus Oğuz Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilir. 1994-cü ildə AXC –ni tərk edən Yunus Oğuz Azərbaycanın Bütövlüyü Üğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edir və onun sədri seçilir. Onun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşir və Yunus Oğuz Xalq Azadlıq Partiyasınin sədri seçilir. 1998-ci ildə isə XAP və Vəhdət Partiyası birləşir və bu dəfə Yunus Oğuz partiya sədrinin birinci müavini seçilir. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edən Yunus Oğuz qurultayda Milli Vəhdət Partiyasının sədri seçilir.
2003-cü ilin oktyabrında keçirilən prezidenti seçkilərində namizədliyini irəli sürən Yunus Oğuz seçki marafonunda öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürür.
Yunus Oğuzun
“Dövlət, millət, əxlaq” prinsipi
Qeyd etdiyimiz kimi, Yunus Oğuz nadir şəxsiyyətlərdəndir ki, bir neçə müsbət məqamı özündə cəmləşdirib. Hələ gənc yaşlarından yaradıcılığa, yazı-pozu işlərinə böyük maraq göstərən Yunus Oğuzun bu gün media rəhbəri kimi tanınmasında onun gənclik illərində bu sahədə də özünü sınaması böyük rol oynayıb. Siyasi fəaliyyəti kimi mətbu fəaliyyətində də riskləri gözə alan Yunus Oğuz Sovet senzurasının mövcud olduğu dövrdə, 1989-1991-ci illərdə “Azad söz” qəzeti, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. Bu həmin dövr idi ki, azad sözə qarşı ciddi basqılar var idi. Hətta bu missiyanı həyata keçirənlərin yolu bir çox hallarda zindanlardan keçirdi. Lakin Yunus Oğuz xalqın maarifləndirilməsi, cəmiyyətin ictimai-siyasi proseslər barədə bilgiləndirilməsini rahat həyat tərzi, şəxsi maraqlardan üstün tuturdu. 1991-1992-cı illərdə isə Yunus Oğuz “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışırdı. 1995-ci ildən Yunus Oğuz "Olaylar" İnformasiya Agentliyini təsis edir və eyni adlı qəzeti buraxır. Hər zaman olduğu kimi “OLAYLAR”-a rəhbərlik etdiyi dövrdə də Yunus Oğuz “Dövlət, millət, əxlaq” prinsiplərini əsas tutur. 20 illik fəaliyyəti dövrünün ən çətin məqamlarında belə bu prinsiplərdən yan keçməyən Yunus Oğuz və rəhbəri olduğu “OLAYLAR” qəzeti öz prinsipial mövqeyinə sadiq qalır, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət edir, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərir. Bəlkə də talenin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul-Milli Mətbuatın yaranma günündə dünyaya gəlib.
Türk tarixinin
araşdırmaçısı
Yunus Oğuzun 55 illik ömür yolunun böyük bir hissəsini elmi yaradıcılıq əhatə edir desək yanılmarıq. Günümüzdə yazıçı-publisist, tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz da əksəriyyət yazarlar kimi bədii və elmi yaradıcılığa şer yazmaqla start verib. Gənclik illərinin ovqatına uyğun olaraq sevgi, məhəbbət şerləri ilə qələmini sınaqdan çıxaran Yunus Oğuz çox keçmədən hekayələr yazmağa başlayır. Bir çoxlarında bu yaradıcılıq ötəri xarakter daşıdığından sonradan onu davam etdirməsə də, Yunus Oğuz hər bir başladığı işin sonuna çatmaq prinsipini əldə bayraq tutaraq illər keçdikcə daha dərin məzmunlu əsərlər ortaya qoyur. Son illər isə Yunus Oğuz təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda türk tarixinin araşdırmaçısı, tarixi romanlar müəllifi kimi tanınır. Yunus Oğuzun yaradıcılığında türk tarixinin araşdırılması, əsl tarixi gerçəkliklərin üzə çıxarılması əsas istiqamət təşkil edir. Yazıçının qələmə aldığı tarixi romanları mütaliə edərkən bir şeyin şahidi oluruq. Belə ki, Yunus Oğuzun tarixi əsərlərinin qəhrəmanlarını ayıran cəhətlər çox olsa da, onları birləşdirən ən önəmli cəhət hamısının türk olmasıdır. Attila, Nadir şah, Təhmasib şah, Əmir Teymur, Alp Arslan və qarşıdakı zaman kəsimində sırada yer alacaq digər hökmdar və sərkərdələr. Bu gün mübaliğəsiz demək olar ki, məhz Yunus Oğuz yaradıcılığı adıkeçən tarixi şəxsiyyətləri daha da sevdirib. İstər “Nadir şah” tarixi romanını oxuyarkən, istər “Əmir Teymur”u mütaliə edərkən oxucu qarşısında sanki yeni bir sima canlanır. Əgər Sovetlər dönəmində həm Nadir şah, həm Əmir Teymur, həm də digər türk sərkərdələri o zamankı ideologiyaya uyğun olaraq qaniçən, zalım kimi qələmə verilirdisə, Yunus Oğuz bu tarixi yalnışlığı aşkar edərək əsl gerçəklikləri üzə çıxardı. Yazıçı “Nadir şah”la uzun illər bu dahi sərkərdə barədə beynimizə yeridilmiş stereotipləri dağıtdı. Ən əsası Yunus Oğuz öz oxucusuna çatdırdı ki, Avşar qəbiləsinə mənsub Nadir şah yalnız bir məqsəd uğrunda mübarizə aparırdı ki, o da vahid Azərbaycan dövləti yaratmaq idi.
Yunus Oğuz qələmə aldığı əsərləri, tarixi romanları ilə həm cəmiyyətə, həm də dünyaya onu sübuta yetirir ki, türklər tarix yaradan, onu şana-şöhrətə çatdıran bir xalqdır. Ümumiyyətlə, Yunus Oğuzun bütün əsərlərində, tarixi romanlarında türk dünyası, onun mədəniyyəti, tarixi, böyük şəxsiyyətləri, hökmdarları haqqında ümumiləşdirmələr qırmızı bir xətt kimi özünü büruzə verir. Yunus Oğuzun əsərlərini oxuyarkən türklərin necə böyük bir xalqa, zəngin mədəniyyətə sahib olduğunu bir daha dərk edirsən. Elə bu səbəbdəndir ki, bu gün Yunus Oğuzun tarixi romanları Türk dünyasında geniş yayılır, türkdilli ölkələrdə çap edilir.
Yazıçının geniş oxucu kütləsinə malik olan “Attila”, “Nadir şah”, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Təhmasib şah”, 2 cildlik “Əmir Teymur” əsərləri oxucular tərəfindən sevilir, maraqla oxunur. Çünki Yunus Oğuz əsərlərinin dili olduqca sadə, anlaşıqlı və oxunaqlıdır.
S. İsmayılbəyli
P.S. Bu gün 55
yaşını qeyd etdiyimiz
baş redaktorumuzu biz də ürəkdən təbrik edirik! Yolumuza bir yerdə davam, Yunuz bəy!
Olaylar.- 2015.- 22 iyul.- S.8.